Category: Kriminal

  • Bakıda kişi narkotik almaq üçün pul verməyən anasını döyüb

    Bakının Xətai rayonunda 54 yaşlı kişi ona narkotik almaq üçün pul verməyən anasına şiddət göstərib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə 2024-cü il iyulun 27-də Zirə qəsəbəsində baş verib.

    1972-ci il təvəllüdlü Sahib yaşadığı evdə anası Fatimə ilə (adlar şərti verilib) ona pul verməkdən imtina etməsi səbəbi ilə mübahisə edib. Mübahisə zamanı 54 yaşlı oğul anasını döyüb. Yaşlı qadını divanın üstünə atıb, başını divara çırpıb. Boğazından yapışaraq əli ilə baş və sifət nahiyələrinə zərbələr vurub.

    Sahib Xəzər Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Ondan külli miqdarda narkotik vasitə aşkar olunub.

    İstintaq orqanı tərəfindən Sahibin barəsində Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa zərərvurma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

    İş üzrə ifadə verən Sahib ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, heç kəslə ədavəti, düşmənçiliyi yoxdur:

    “Heç bir ruhi-əsəb dispanserində qeydiyyatda deyiləm. Psixoloji durumum normaldır. Uzun müddətdir narkotik vasitələrdən istifadə edirəm, aludəçiyəm. Yaşadığım ünvandan aşkar olunmuş narkotik vasitə mənə məxsus deyil. Baxışda iştirak edən anam da yalandan bildirib ki, guya evdən aşkar olunmuş narkotik vasitə mənə məxsusdur”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 27-də saat 22:30-da yaşadığı evdə olub:

    “Anamla aramızda mübahisə baş verdi. Əsəbiləşərək anamın qollarından tutaraq onu qonaq otağında olan divanın üzərinə atdım. Anam qonşuluqda yaşayan dayımgilə getdi. Mən də arxasınca getdim ki, barışıb onu yaşadığımız evə gətirim.

    Tüfeyli həyat tərzi keçirdiyim üçün anamın məndən zəhləsi gedir. Hadisə günü anamdan pul tələb etməmişəm. Həmin zaman çox əsəbi olmuşam, baş verənləri xatırlamıram”.

    İş üzrə zərərçəkmiş Fatimənin sözlərinə görə, oğlu Sahib dəfələrə məhkum olunub:

    “Narkotik vasitələrin istifadəçisidir. Hadisə günü saat 22:30-da Sahiblə evdəydik, məndən pul istədi, pulumun olmadığını dedim. O, israrla pul istəyirdi. Mən də pulumun olmadığını söyləyirdim. Sonra məni öldürəcəyi ilə hədələdi. Aramızda mübahisə baş verdi. Əli ilə sinəmdən itələdi, yerə yıxıldım. Sonra əli ilə yaxamdan tutaraq qaldırdı, divanın üstünə atdı. Başım divara dəydi. Boğazımdan tutaraq boğmağa başladı. Gözümə, qulağıma şillə vurdu. Ondan məni buraxmasını istədim. Halım pisləşdi. Özümdə güc toplayaraq onun aşağı nahiyəsinə təpiklə vurdum və əlindən çıxaraq qardaşımgilə getdim”.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

    Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, təyin edilmiş cəzadan narazı olduğunu bildirib və ona köməklik göstərilməsini xahiş edib.

    Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət istəyib. Qeyd edib ki, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bilir. O, anası ilə barışmadığını, ancaq bu maddə ilə ona aşağı həddə cəza təyin olunmasını xahiş edib.

    Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.

  • Daha yeddi Ermənistan vətəndaşına hökm oxundu

    Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hökmə əsasən Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyean 16 il, Levon Balayan 16 il, Vasili Beqlaryan 15 il, Qurgen Stepanyan 15 il, Erik Qazaryan 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Xatırladaq ki, bu gün Arayik Arutyunyana, Levon Mnatsakanyana, David Manukyana, Davit İşxanyana, David Babayana, Arkadi Qukasyana, Bako Saakyana və Madat Babayana hökm oxunub.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsində yekun qərar elan olunub.

  • Bako Saakyana hökm oxundu

    Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təqsirləndirilən Bako Saakyanın ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmasına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxs 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz.

    Hökmə əsasən təqsirləndirilən Bako Saakyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

    Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxs B.Saakyanın 20 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.

  • Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib

    Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təqsirləndirilən Arkadi Qukasyanın ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmasına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxs 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz.

    Hökmə əsasən təqsirləndirilən Arkadi Qukasyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

    Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.

  • Ağcabədidə yeddi yaşlı oğlan bıçaqlandı: Saxlanılan var

    Ağcabədi rayonunda azyaşlı bıçaqlanıb.

    Hadisə fevralın 4-də axşam saatlarında baş verib.

    2019-cu il təvəllüdlü oğlan bıçaq xəsarəti ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Azyaşlı dərhal əməliyyat olunub.

    Məlumata görə, azyaşlını bıçaqlayan şəxsin kimliyi müəyyən edilərək saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Levon Mnatsakanyan ömürlük azadlıqdan məhrum edildi

    Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hökmə əsasən təqsirləndirilən Levon Mnatsakanyan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

    Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.

  • Arayik Arutyunyan və digərlərinə hökm oxunur

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

    İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edirlər.

    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Robert Sedraki Koçaryan, Serj Azati Sarqsyan, Vazgen Mikaeli Manukyan, Vazgen Zaveni Sarkisyan, Samvel Andraniki Babayan, Vitali Mikaeli Balasanyan, Zori Hayki Balayan, Seyran Muşeqi Ohanyan, Arşavir Surenoviç Qaramyan, Monte Çarlz Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

    Həmin şəxslər, yəni Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Ucarda arvadını öldürən şəxslə bağlı qərar ləğv edildi

    Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Kamil Qarayevin barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Məhkəmə aşağı instansiya məhkəməsinin qərarını tamamilə ləğv edib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

    İttihama görə, 2024-cü il iyulun 28-də saat 15 radələrində Ucar rayonu ərazisində 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 1979-cu il təvəllüdlü Kamil Qarayevin arvadı Rəvanə İsmayılovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

    Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamil Qarayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs həmin hökmdən apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə vəsatət ilə birinci instansiya məhkəməsinə müraciət edib. Şəki Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2025-ci il tarixli qərarı ilə Kamil Qarayevin həmin məhkəmənin 4 dekabr 2024-cü il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatəti təmin olunmayıb. Sözügedən qərarından məhkum apellyasiya şikayəti verərək apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş edib. Şəki Apellyasiya Məhkəməsində qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

  • Qardaşı oğlunu öldürməkdə təqsirləndirilən şəxs: “Üstünə cumanda qadın kimi səslər çıxararaq qışqırdı”

    Bakıda qardaşı oğlunu öldürməkdə ittiham olunan Babək İbadovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

    Median.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Babək İbadov sualları cavablandırıb.

    Təqsirləndirilənin ifadəsinə görə, mərhum qardaşı oğlu əvvəllər Türkiyədə yaşayıb:

    “Seymur Türkiyədə olanda onun sosial şəbəkələrdəki profil şəkillərindən görürdüm ki, dodaqlarını boyayıb, saç düzümünü dəyişib. Onun hansı vəziyyətdə olması barədə məndə təsəvvür yarandı. Seymur əvvəllər Bakıda mənimlə bir yerdə işləyib, həmin vaxt onun davranışlarında qeyri-adi hərəkətlər görməmişdim. Qardaşım Turabla bir dəfə Türkiyəyə də gedib onu axtarmışdıq, lakin tapa bilməmişdik”.

    İfadədən məlum olub ki, Babək İbadov qardaşı oğlunun artıq Azərbaycanda olduğunu və burada da sosial şəbəkələrdə oxşar fotolar paylaşdığını öyrənib. O, Yasin İbadovun yerini müəyyən etdikdən sonra onu Bakıda Fəvvarələr bağının yaxınlığında tutaraq ona xəsarətlər yetirməyə başlayıb.

    “Məni görən kimi gödəkçəsinin papağını başına çəkdi. Ona yaxınlaşanda qışqıraraq qadın kimi səslər çıxardı və ətrafdakıları köməyə çağırdı. Mən də həmin səsləri eşidəndə daha da hiddətləndim və zərbələr endirməyə başladım. Necə zərbə vurduğumu xatırlamıram”, – deyə təqsirləndirilən bildirib.

    Hadisə yerinə gələn polis əməkdaşı şahid qismində ifadəsində qeyd edib ki, səs-küy eşidərək hadisə yerinə yaxınlaşıb:

    “Qışqırıq səsi eşidildi, dərhal ora qaçdıq. Çatanda insanların yığıldığını və bir nəfərin yerdə uzandığını gördüm. Həmin şəxsin kürəyinə bıçaq sancılmışdı. Yanında duran şəxsin isə hər iki əli qan içində idi. Soruşanda dedi ki, ölən qardaşı oğludur”.

    Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin edilib.

    Qeyd edək ki, hadisə 2025-ci il noyabrın 5-də, gecə saat 1 radələrində Bəşir Səfəroğlu küçəsində baş verib.

    Belə ki, 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi, 1987-ci il təvəllüdlü Babək İbadov saxlanılıb. Onun əvvəllər məhkum edildiyi və qətli əvvəlcədən planlaşdırdığı bildirilib.

    Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

    Həmçinin qeyd edilib ki, Yasin İbadov qətlə yetirilən zaman atası Seymur İbadov həbsdə olub.//oxu.az

  • Qardaşı uşaqlarını baltalayan əminin ÖLÜM SƏBƏBİ açıqlandı – RƏSMİ

    Xəbər verildiyi kimi Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayan əmi vəfat edib. Ə.Nağıyev dünən gecə saatlarında dünyasını dəyişib.
     
    Median.Az bildirir ki, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq Əli Nağıyevin ölüm səbəbi açıqlanıb.
     
    Respublika Neyrocərrahiyyə Xəstəxanasının məlumatına görə 1977-ci il təvəllüdlü şəxs (kişi) 03.02.2026-cı il tarixində saat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən pasiyentə açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol gicgah payının beyindaxili hematoması, soltərəfli kəskin subdural hematoma, dislokasion sindrom, sol təpə sümüyünün gicgah sümüyünə dəvam edən xətti sınığı, sol təpə gicgah nahiyəsinin dərialtı hematoması, sol periorbital hematoması diaqnozları təyin edilib.
     
    Sol alın təpə gicgah nahiyədə dekompressiv trepanasiya, sol alın gicgah epidural, sol alın təpə gicgah subdural, sol gicgah payının beyindaxili hematomasının xaric edilməsi, sərt qişanın plastikası üzrə cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun 04.02.2026-cı il tarixində 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.
     
    Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.
     
    Hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev şübhəli şəxs qismində saxlanılmışdı. Onun Dağıstandan yenicə qayıtdığı və əvvəllər məhkum olunduğu deyilirdi.//sfera.az