Category: Kriminal

  • Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin vəziyyəti açıqlandı

    Bakıda “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsinin durumu bəlli olub.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən və Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

    Məlumatda qeyd olunub ki, bu gün saat 09:10-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu “İdrak” liseyindən çağırış qeydə alınıb:

    “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

    Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.

    Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır”.

  • Bakıda liseydə dəhşət: Şagird müəllimi güllələdi (Video)

    Bakıda liseydə silahlı insident baş verib.

    Median.Az Unikal-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki liseydə qeydə alınıb.

    Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.

    Müəllim dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

  • Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı – VİDEO

    “Hadisə saat 5-dən sonra olub. Ancaq necə baş verdiyini və düşmənimin kim olduğunu bilmirəm”.
     
    Bunu Ağcabədi rayonunun Aşağı Avşar kəndində bıçaqlanan 7 yaşlı uşağın atası Rəşad Bəşirov deyib.
     
    O bildirib ki, bıçaqlanma evlərinin yaxınlığında olub:
     
    “Oğlum deyir ki, darvazanın yaxınlığında oynayırmış. Onu bıçaqlayan uşaq gəlib və oğlumu çağırıb aparıb. O, bir az uzaqlaşandan sonra övladıma 19 bıçaq zərbəsi vurub. Yarası dərindir”.
     
    Rəşad Bəşirov 4 övladının olduğunu bildirib.
     
    Xatırladaq ki, Ağcabədi rayonunda azyaşlı şəxs çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
     
    DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.
     
    Faktla bağlı araşdırmalar davam etdirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin 12 yaşı olduğu bildirilir.
     
    Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkimi Azad Hüseynov bildirib ki, ötən gün axşam saat 6 radələrində azyaşlı xəstəxanaya çatdırılıb və onun bədənində 20-yə yaxın kəsilmiş-deşilmiş yaralar müəyyən olunub:
     
    “Xəstədə kəskin qanitirmə müşahidə olunurdu.Təcili əməliyyat blokuna götürüldü, bütün yaralar işləndi və əməliyyat olundu. Xəstə ağır vəziyyətdə reanimasiya şöbəsinə verildi. Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir”.

  • Məhkəmədən “Qurtuluş”un rəhbəri barədə qərar

    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
     
    Sumqayıt Apellyasiya Məhkəməsində şikayətə baxılıb və qərar qəbul edilib.
     
    Qərara əsasən, şikayət təmin edilməyib.
     
    Qeyd edək ki, “Qurtuluş” Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.
     
    Faktla bağlı “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov, mərkəzin əməkdaşları – Natiq Əliyev və Elşad Məhərrəmov saxlanılıb. Məhkəmənin qərarı ilə onların hər biri barəsində 2 ay 10 gün müddətə həbs qətimkan tədbiri seçilib.
     
    Onlar Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə ittiham edilir.

  • Ömürlük azadlıqdan məhrum edilən ermənilər cəzalarını harada çəkəcəklər?

    Xəbər verdiyimiz kimi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası fevralın 5-də davam etdirilib. Ötən il yanvar ayının 17-də başlamış və bir ildən çoxdur davam edən məhkəmə prosesində təqsirləndirilən şəxslərin barəsində yekun məhkəmə qərarı (hökm) elan edilib.

    Ömürlük azadlıqdan məhrum edilən ermənilər cəzalarını həbsxanada çəkəcəklər.

     Arkadi Qukasyan, Bako Sahakyan və Madat Babayan cəzalarının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

    Melikset Paşayan və Qarik Martirosyan cəzalarının ilk 8 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

    Davit Allahverdiyan cəzasının ilk 6 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Levon Balayan, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan cəzalarının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
    //unikal

  • Bakıda 15 yaşlı qız anasına görə atasını öldürdü

    Bakıda atasını öldürməkdə şübhəli bilinən yeniyetmə qız ev dustaqlığına buraxılıb.

    Bu barədə Nizami rayon məhkəməsində qərar verilib.

    Dövlət ittihamçısı təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmadığını əsas gətirərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsini təklif edib. Məhkəmə təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.

    Qeyd edək ki, Bakının Nizami rayonunda mənzildə ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib. 1977-ci il təvəllüdlü Haşımov Rüfət Arif oğlu mübahisə zamanı həyat yoldaşını döyüb. Bunu görən onların 15 yaşlı qızı bıçaqla Rüfət Haşımova xəsarəti yetirib. Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib və orada ölüb.

    Prokurorluğun yaydığı məlumata görə, fevralın 2-i 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində bir gün sonra müalicə aldığı xəstəxanada ölüb. Onun 15 yaşlı qızı cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb.

    Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb.

  • Bakıda altı yaşlı uşağa işgəncə verən şəxs “general”ın oğlu imiş

    Bakıda sevgilisi ilə birgə azyaşlıya işgəncə verməkdə ittiham olunan Ayxan Ələkbərli əvvəllər özünü “general-mayor” kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilmiş Firdovsi Ələkbərovun oğludur.

    Median.Az bu barədə News24.az-a istinadən xəbər verir.

    Qeyd edək ki, Ayxan Ələkbərli Bakıda sevgilisi ilə birgə altı yaşlı uşağa işgəncə verməkdə təqsirləndirilir. Faktla bağlı aparılan araşdırmalar nəticəsində o, saxlanılaraq məsuliyyətə cəlb edilib.

    Yasamal Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

  • Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə hökm oxunub

    Tərtərdə mübahisə zəminində gənc oğlanı öldürməkdə təqsirləndirilən yeniyetmə F.Q.-nin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, F.Q. 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəza yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir.

    Qeyd edək ki, hadisə 2024-cü ilin yanvarın 1-də Tərtər şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında baş verib. 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Aparılan araşdırma zamanı 2009-cu il təvəllüdlü F.Q.-nin aralarında yaranmış mübahisə zamanı Canpolad Tağıyevə kəsici-deşici alətlə bir neçə dəfə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb. F.Q-yə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə yekun ittiham elan olunub.

  • Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu – Video

    Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmini məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.

    Sonuncu tədbir zamanı rayon ərazisində “Chevrolet” markalı nəqliyyat vasitəsini idarə edən sürücü Ceyhun Qurbanov ictimai asayişi pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratdığına və polisin qanuni tələbinə əməl etmədiyinə görə saxlanılıb.

    Yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı C.Qurbanovun narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilib. Sürücü barəsində inzibati protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə C.Qurbanov nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətinə inzibati qaydada həbs olunub.

  • Boynuna asdığı patrona görə cəzalandırıldı: “Məni qoruyacağını düşünmüşdüm”

    Naxçıvanda boyunbağına tapança patronu taxıb boynundan asan qadın cəzalandırılıb. 

    Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü G.T.-nin Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

    Məlum olub ki, G.T. Naxçıvan Hava Limanından Türkiyənin İstanbul şəhərinə getmək istəyərkən çantasında boyunbağına taxılmış tapança patronu aşkarlanıb. Qadın ifadəsində bildirib ki, patronu hamilə olduğu vaxt qorxduğu üçün “kurşun kolye” kimi götürüb. Onun sözlərinə görə, bu cür əşyalar Türkiyədə açıq satışda olduğundan, hər hansı hüquqi problem yarada biləcəyini düşünməyib.

    G.T. patronu 2 il əvvəl İstanbulda 30 lirəyə aldığını, boynundan asdığını, lakin sonradan ağırlıq etdiyi üçün çantasına qoyduğunu deyib:

    “Belə hadisə olacağını bilsəydim, atardım. Azyaşlı övladım var və ona özüm baxıram. Sadəcə məni qoruyacağına inandığım üçün saxlamışdım”.

    Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib.

    Məhkəmənin hökmü ilə G.T. Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib və 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza müddətində elektron nəzarət qolbağı daşıyacaq.