Category: Kriminal

  • Sabunçuda 1260 metr rabitə kabeli oğurlanıb

    Sabunçu rayonunda 1260 metr rabitə kabelini oğurlayan şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı H.Quliyev saxlanılıb.

    Zabrat qəsəbəsində isə vətəndaşlardan birinin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 63 yaşlı A.Abaşov saxlanılıb. Onun gecə saatlarında həmin evə daxil olmağa cəhd göstərdiyi, lakin qapını aça bilmədiyi üçün elə həyətdə olan məişət əşyalarını oğurlamaqla kifayətləndiyi müəyyən olunub.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Göygöldə 40 yaşlı kişi qətlə yetirilib

    Göygöldə 40 yaşlı kişi qətlə yetirilib, meyiti dərəyə atılıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Cəlilli kəndində qeydə alınıb.

    1986-cı il təvəllüdlü Sabiq Quliyevin üzərində xəsarət izləri olan meyiti dərədən aşkarlanıb.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan Prezidenti Trampa təşəkkür etdi

    Vaşinqtonda Sammitdən sonra, ABŞ Prezidenti Donald Tramp tərəfindən təşkil olunmuş görüşdən etibarən biz (Azərbaycan və Ermənistan – red.) artıq əməkdaşlığı qururuq və uzunmüddətli münaqişəyə son qoyuruq.

    Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirib.

    “Mən, həmçinin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa Azərbaycanla Ermənistan arasında sülhə verdiyi töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • Şəmsi Səmədzadə həbs olundu

    Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) saxlanılıb.

    Median.Az Demokrat.az-a istinadən xəbər verir ki, o, Gürcüstan ərazisində tutulub.

    Azərbaycanlı iş adamı Gürcüstan dövləti tərəfindən mal-qara oğurluğunda ittiham olunur. Yaxın günlərdə onunla bağlı məhkəmə prosesi başlayacaq.

    Məlumatı Şəmsi Səmədzadənin ailəsi də təsdiqləyib.

    Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib.

    Şəmsi Səmədzadə əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.

  • Bulvardakı bəzi restoranlara vergi hesablanmayıb – Məhkəmə

    Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin məhkəməsində Dənizkənarı Bulvar İdarəsində vergi yoxlamaları aparmış İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Niyaməddin Tanrıverdiyev, ötən prosesdə olduğu kimi, sualları cavablandırıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində prosesə sədrlik edən hakim Leyla Əsgərova-Məmmədova və təqsirləndirilən İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli nümayəndəyə suallar ünvanlayıblar.

    Vəkil İsmayıl Kəngərli Niyaməddin Tanrıverdiyevdən onun və ekspertin bulvarda olan obyektlərə vergi hesabladıqları zaman qiymətlər arasındakı fərqlər barədə yenidən suallar verib.

    Niyaməddin Tanrıverdiyev deyib ki, bulvarda olan bəzi obyektlər Dənizkənarı Bulvar İdarəsinin balansında deyil, bəzilərinin isə idarənin balansında olub-olmaması ilə bağlı məlumat olmayıb. Nümayəndə bildirib ki, ekspert həmin obyektlərə qiymət qoysa da, o, özəl əmlaklara vergi ilə bağlı qiymət hesablamayıb.

    Vəkil İsmayıl Kəngərli deyib ki, vergi yoxlamaları zamanı ikili yanaşmalara yol verilib. Onun sözlərinə görə, bəzi restoranlara vergi hesablanmayıb.

    Həmçinin vəkil İsmayıl Kəngərli Dənizkənarı Bulvar İdarəsinə aid olan 16 obyektə, ekspert qiymət hesablamadığı halda, vergi yoxlayıcısının qiymət müəyyən etdiyini söyləyib.

    Nümayəndə bu məsələni ekspertdən soruşmağı təklif edib.

    Proses zamanı digər mübahisəli məsələ isə vergi yoxlamaları zamanı obyektlərə mövsümi aylarda daha az, adi aylarda isə daha çox qiymət hesablanması olub.

    Vəkil İsmayıl Kəngərli deyib ki, vergi yoxlamaları zamanı bulvarda səyahət qatarına qış aylarında daha çox, lakin yay aylarında, yəni insanların bulvara daha çox üz tutduqları vaxtlar daha az pul hesablanıb.

    Nümayəndə Niyaməddin Tanrıverdiyev bunu icarədarların fərqli olması ilə əsaslandırıb.

    Bu obyektlərin fəaliyyətdə olduğu ayları müəyyən etmək üçün hakim Leyla Əsgərova-Məmmədova da təqsirləndirilən İlqar Mustafayevdən sözügedən obyektlərlə bağlanan müqavilələrin mövsümi və ya daimi olduğunu soruşub.

    İlqar Mustafayev deyib ki, Dənizkənarı Bulvar İdarəsində əksər müqavilələr mövsümi olur, çünki bir çox obyekt mövsümünə uyğun fəaliyyət göstərir.

    Prosesə ayrılan vaxt başa çatdığı üçün iclas fevralın 18-nə kimi təxirə salınıb.

    Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

    İttihama görə, İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulu mənimsəyiblər.

    Bundan başqa, İlqar Mustafayev 1 milyon 800 min manatdan artıq məbləğdə vergini dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

    İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

    İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.

  • Tanışına oyun qurub 25 min tələb etdilər – Video

    Xətai rayonunda 42 yaşlı kişiyə hədə-qorxu gələrək 25 000 manat tələb edən şəxslər saxlanılıb.

    Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Xətai rayonunda Bakı şəhər sakini olan 42 yaşlı kişi Neapol küçəsində yerləşən kafelərin birində 2 nəfərin onun sağlamlığına zərər vurmaqla nəticələnən zorakılıq hərəkətləri etmələri barədə polisə məlumat verib. Zərərçəkən daha sonra həmin şəxslər tərəfindən naməlum ünvana aparılaraq ondan 25000 manat tələb edildiyini, verməyəcəyi təqdirdə isə həyat və sağlamlığına təhlükə yaradacaq zor tətbiq edəcəkləri ilə hədələndiyini bildirib.

    Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Aqşin Əsgərov, 36 yaşlı Səxavət Məmmədov və dəstənin 24 yaşlı qadın üzvü saxlanılıblar.

    Araşdırmalarla müəyyən edilib ki, zərərçəkən şəxs dəstə üzvü olan qadının tanışı olub və digərləri onun təklifi əsasında qeyd edilən cinayət əməlini törədiblər.

    Saxlanılan şəxslərin hadisəni törətmə anları təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

    Faktla əlaqədar Xətai RPİ-də cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara cəlb edən şəxsə hökm oxundu

    Şəki Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Vüsalə Əsədovanın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Vüsalə Əsədova 8 il müddətinə azadlıqdan məhrum edilib.

    İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs qadınları aldatma yolu ilə onların zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin zor tətbiqetmə hədəsi, hədə-qorxu və məcburetmə vasitələrindən istifadə olunmaqla cinsi istismar məqsədilə cəlb edib. O, təkrarən, tamah niyyəti ilə iki və daha çox şəxs barəsində insan alveri, eləcə də insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər etmə cinayət əməllərini törətməkdə ittiham olunur.

    İttihama görə, Vüsalə Əsədova 2021-ci il oktyabrın 10-da Azərbaycan Respublikasının dövlət sərhədini buraxılış məntəqəsindən keçərək Türkiyə Respublikasının İğdır şəhərinə gedib. Həmin şəhərdə yerləşən restoranların birində tanış olduğu zərərçəkmiş S.S. ilə birlikdə yaşadıqları evdə olarkən onu İğdır şəhərində restoranda işə düzəldəcəyini vəd etməklə aldadıb. Bundan sonra təsir imkanlarından və zərərçəkmiş şəxsin zəiflik vəziyyətindən sui-istifadə edərək onu cinsi istismar etmək qərarına gəlib.

    Bu məqsədlə təqsirləndirilən şəxs əlaqələrindən istifadə edərək, S.S.-ni məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, məcburetmə yolu ilə onun ümumvətəndaş pasportunu götürərək saxlayıb. 2021-ci ilin oktyabrından 2021-ci il dekabrın 30-dək olan müddət ərzində İğdır şəhərində yerləşən müxtəlif hotellərdə kişi müştərilərlə görüşdürməklə, pul ödənişi müqabilində cinsi əlaqədə olmasını təşkil edərək zərərçəkmiş şəxsi cinsi istismara məruz qoyub və bununla da insan alveri cinayətini törədib.

    İstintaqla müəyyən edilib ki, Vüsalə Əsədova analoji cinayət əməllərini sonrakı dövrlərdə də davam etdirib. Belə ki, o, 2023-cü il dekabrın 19-da Bakı hava limanından Türkiyəyə gedən zərərçəkmiş M.M. ilə 2024-cü ilin mayın əvvəlində İğdır şəhərində tanış olub. Onu restoranda işə düzəldəcəyini vəd etməklə aldadaraq, zəiflik vəziyyətindən və təsir imkanlarından sui-istifadə edib, hədə-qorxu və məcburetmə yolu ilə pasportunu götürərək saxlayıb. 2024-cü ilin mayından 2024-cü il iyulun 23-dək İğdır şəhərində yaşadıqları evdə kişi müştəriləri ilə görüşdürərək pul qarşılığında cinsi əlaqədə olmasını təşkil etməklə, iki şəxs barəsində təkrarən insan alveri cinayəti törədib.

    Bundan başqa, təqsirləndirilən şəxs 2024-cü il aprelin 7-də Bakı hava limanından Türkiyənin İstanbul şəhərinə gedib və istintaqa məlum olmayan ünvanda yaşayan zərərçəkmiş F.F. ilə 2024-cü ilin iyulunda mobil telefon vasitəsilə əlaqə saxlayıb. Onu İğdır şəhərində restoranda işlə təmin edəcəyini vəd etməklə aldadıb, cinsi istismar məqsədilə cəlb edib. Zərərçəkmiş şəxs razılıq verdikdən sonra onu İğdır şəhərində kirayə tutduğu mənzilə yerləşdirib, pasportunu götürərək saxlayıb və 2024-cü ilin iyulundan avqustunadək müxtəlif hotellərdə kişi müştərilərlə görüşdürüb, pul müqabilində cinsi əlaqədə olmasını təşkil edib.

    İttihama görə, Vüsalə Əsədova 2024-cü il avqustun 6-da Türkiyəyə gedən zərərçəkmiş D.D. ilə də analoji üsullarla hərəkət edib. 2024-cü il avqustun 8-də İğdır şəhərində yerləşən restoranların birində tanış olduğu zərərçəkmiş şəxsi işə düzəldəcəyini vəd edərək aldadıb, zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismara cəlb edib. Onu kirayə tutduğu mənzilə yerləşdirərək, hədə-qorxu və məcburetmə yolu ilə pasportunu götürüb saxlayıb və 2024-cü il avqustun 8-dən 2024-cü il sentyabrın 9-dək müxtəlif hotellərdə kişi müştərilərlə görüşdürərək cinsi istismar edib.

    Məhkəmə istintaqı zamanı Vüsalə Əsədova ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib. O, ifadəsində deyib ki, 2021-ci ilin iyul və ya avqust aylarında Türkiyəyə gedərək orada ofisiant kimi işləyib. Onun sözlərinə görə, ittihamda adı çəkilən qadınları tanımır, onlarla heç bir münasibəti olmayıb, həmin şəxsləri görməyib və yaşadığı yerə aparmayıb. Təqsirləndirilən şəxs qeyd edib ki, saxlanıldıqdan dörd ay sonra zərərçəkmiş şəxslər ifadə veriblər və pasportlarının onun tərəfindən götürülməsi ilə bağlı iddialar əsassızdır. Vüsalə Əsədovanın fikrincə, pasportu əlində olmayan şəxslərin müxtəlif hotellərə göndərilməsi mümkün deyil.

  • “Dakar Pub”da 5000 manatlıq oğurluq

    Bakının Nizami rayonunda fəaliyyət göstərən “Dakar Pub” adlı iaşə obyektində oğurluq hadisəsi baş verib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, obyektdən 5 ədəd “Play Station 3” oyun aparatı, 1 ədəd soyuducu, 5 ədəd televizor, 6 ədəd qəlyan, 16 ədəd qəlyan tütünü və 8 cüt coystik oğurlanıb. Zərərçəkmişə ümumilikdə 5590 manat ziyan dəyib.

    Məlum olub ki, hadisəni törədən obyekti icarəyə götürən şəxsin tanışıdır. Hüquq-mühafizə orqanlarına müraciətdən sonra həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

    Cinayət işinə Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, əməlini pula ehtiyacı olması ilə izah edib. Həmçinin məlum olub ki, dəyəmiş zərər ödənilib və tərəflər arasında barışıq əldə olunub.

    Məhkəmənin hökmü ilə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun ibtidai istintaq zamanı tutulduğu və saxlanıldığı 3 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

  • Bakıda arvadını döydüyü üçün qızı tərəfindən bıçaqlanan kişi öldü

    Paytaxtın Nizami rayonu ərazisində xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işinin istintaqı davam etdirilir.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, fevralın 2-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.

    Xatırladaq ki, Rüfət Haşımov mübahisə zamanı həyat yoldaşını döyüb. Bunu görən onların 15 yaşlı qızı bıçaqla R.Haşımova xəsarət yetirib.

  • “TikTok”da insanları təhqir edənə işgəncə verən şəxslərə cəza istənildi

    “TikTok” sosial platformasında talışları təhqir edən Nəzirxan Ağaxanovu oğurlayaraq işgəncə verməkdə ittiham olunan Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edildikdən sonra dövlət ittihamçısı təqsirləndirilənlərə cəza istəyib.

    Prokuror çıxış edərək təqsirləndirilənlər – Şücayət Rzayevin 12 il, Səlim Əliyevin 11 il, Murad Rzayevin 9 il, Samir Hüseynovun 11 il, Əhməd Əzizovun 8 il 6 ay, Müştəba Əliyevin 11 il, Təbriz Əliyevin 11 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.

    Növbəti proses fevralın 25-nə təyin edilib.

    Xatırladaq ki, Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevə Cinayət Məcəlləsinin 144.2.4-cü (adam oğurluğu – zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə), 144.2.5 ( silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə) 144.2.6 (tamah məqsədi ilə və ya sifarişlə törədildikdə) 133.2.1 (Əzab vermə – iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə) 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) 133.2.6 (işgəncə verməklə törədildikdə) 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə – Bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) maddələri ilə ittiham elan edilib.

    İstintaqla müəyyən edilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov “TikTok” sosial şəbəkəsində açdığı hesab vasitəsilə talışlara qarşı xoşagəlməyən ifadələr paylaşıb. Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.

    İttihamda deyilir ki, təqsirləndirilənlər Nəzirxan Ağaxanovun mobil telefonunu əldə edib, onu iş görmək adı ilə Zabrat qəsəbəsindəki 118 saylı marşrut avtobusunun sonuncu dayanacağına çağırıblar. Onlar Nəzirxan Ağaxanovu orada qarşıladıqdan sonra söhbətə tutaraq bir qədər aralıya aparıb, öncədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə yerləşdirərək əl-qolunu və gözlərini yapışqan lentlə bağlayıb, yaşadığı Zabrat qəsəbəsindəki evinə aparıblar.

    İstintaq materiallarında daha sonra qeyd olunub ki, Təbriz Əliyev, Elnur Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək müxtəlif işgəncələr verməklə onu yaşadığı evin həyətindəki toyuq hininə salıblar.

    Bundan sonra həmin şəxslər öncədən gətirdikləri qırmızı rəngli gəlinlik paltarını onun əyninə geyindirərək paylaşımlarına görə üzr istəməsi tələb edib, üzr videosunu sosial şəbəkələrdə paylaşıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli şəxslər müəyyən olunaraq saxlanılıblar.

    Onu da qeyd edək ki, təqsirləndirlilən şəxslərdən ikisi yetkinlik yaşına çatmayanlardır.
    //oxu.az