Category: Kriminal

  • Həbsdə olan Hüseyn Abdullayev vəkilinin verdiyi kassasiya şikayətini geri götürdü

    Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə verilmiş kassasiya şikayəti geri götürülüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda məhkumun məhkəməyə təqdim etdiyi ərizə elan olunub.

    H.Abdullayev müraciətində məhkəmədən vəkili Günay İsmayılovanın Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinin geri götürülməsinin təmin olunmasını xahiş edib. Məhkəmə onun istəyini təmin edib.

    Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə həbs olunmuşdu.

    O, 2024-cü ildə cəza müddətinin başa çatmasına az qalmış yeni müəyyən edilmiş faktlara əsasən təkrar cinayət məsuliyyətinə cəlb edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2025-ci il tarixdə çıxardığı hökmlə H.Abdullayev cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda təqsirli bilinərək, yenidən 9 il müddətinə azadlıqdan məhrum olunub.

    Hökmdən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi onun müraciətini təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

    İttihama görə, H.Abdullayev bilərəkdən cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adlarına ölkədə fəaliyyət göstərən banklarda açılmış yeddi sayda hesab vasitəsilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürüb.

    O, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmaqda təqsirləndirilib.

    H.Abdullayevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

  • Rasim Həsənov barəsində həbs qətimkan tədbiri seçildi

    Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov saxlanılıb. Onun barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Rasim Həsənov barəsində 2 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

    Rasim Həsənov Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə), 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə), 313-cü( Vəzifə saxtakarlığı), 341.2.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

    Qeyd edək ki, Rasim Həsənovun saxlanılması barədə məlumatı ilk olaraq “Qafqazinfo” yayıb.

  • Yol pulu olmadığı üçün velosiped oğurladı, həbs edildi

    Bakıda yol pulu olmadığı üçün velosiped oğurlayaraq evinə aparan şəxs həbs olunub.

    Qaynarinfo-nun məlumatına görə, hadisə Nizami rayonu, Kamil Balakişiyev küçəsi 36 ünvanında baş verib.

    1973-cü il təvəllüdlü Bakı sakini F.G. həmin ünvanda “VİSTA” markalı, dəyəri 1000 manat olan velosipedi oğurlayıb. O, oğurluğu törətdiyi gün havanın yağışlı olduğunu və evə getmək üçün pulu olmadığını bildirib. F.G. əməlindən peşman olduğunu bildirib, üzr istəyib və velosipedi geri gətirmək üçün icazə verilməsini xahiş edib.

    Məhkəmənin hökmü ilə F.G. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 25 gün müddətinə həbs olunub.

  • “Ölümündən 40 gün sonra xəbərim oldu” – Qətlə yetirilən şəxsin qardaşı məhkəmədə ifadə verdi

    Bakıda anasının qeyri-rəsmi nikahda yaşadığı şəxsi qətlə yetirməkdə təqsirləndirilən 16 yaşlı Y.Q hakim qarşısına çıxarılıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı təqsirləndirilən şəxsə ittiham aktını elan edib. Y.Q özünü ittihamla təqsirli bildiyini deyib.

    Daha sonra təqsirləndirilən Y.Q. hadisənin necə baş verməsindən danışıb:

    “Anam işdən gəlib yemək bişirirdi. Emil də oturub içki içirdi, arada da anama pis söyüşlər söyməyə başladı. Hədələyirdi ki, onu polisə versək, başımıza oyun açacaq. Sonra ayağa durub dedi ki, atasıgilə getmək istəyir. Anam qoymadı ki, içkilisən, bu halda çölə çıxma. Emil başladı anama əl-qol atıb söyməyə. Mən qorxub özümü itirdim. Digər otağa keçib xalama zəng etdim ki, “Bunlar yenə dava edir, mən neyləyim?” Xalam dedi ki, qarışmayım. Qayıdıb gördüm ki, Emil qışqıra-qışqıra anamı vurmağa, söyməyə davam edir. Qorxudan özümü itirmişdim, mətbəxə keçib bıçağı götürdüm ki, bununla Emili qorxudum, anamı döyməkdən əl çəksin. Onun anamı buraxmaq fikri yox idi, anamı necə gəldi vururdu. Bıçağı nə zaman, necə Emilə vurduğumu xatırlamıram, sonradan bildim ki, ona dörd zərbə vurmuşam. Emil səndələyə-səndələyə qapı tərəfə qaçdı. Xalama zəng eləyib atalığımı vurduğumu dedim. Xalam telefonda anama qışqırdı ki, “uşağı niyə işə saldın”. Anama dedim ki, tez “təcili yardım”a, polisə zəng etsin. Özüm çıxıb polisləri qarşılayıb evə gətirdim”.

    Zərərcəkənin hüquqi varisi, yəni qətlə yetirilən Emil Əliyevin qardaşı ifadəsi zamanı vurğulayib ki, o qardaşının ölümündən 40 gün sonra xəbər tutub. O, qardaşının ölümünü ona telefonla xəbər verdiklərini bildirib:

    “40 gündən sonra mənə zəng etdilər ki, gəl qardaşının meyitini apar. Meyit bu müddətə kimi morqda qalmışdı”.

    Məhkəmənin növbəti iclası fevralın 17-nə təyin olunub.

    Qeyd edək ki, hadisə 2025-ci ilin sentyabrında Bakının Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini Emil Əliyevin qətlə yetirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

    Araşdırmalarla məlum olub ki, Emil Əliyev qeyri-rəsmi nikahda yaşadığı qadının 16 yaşlı oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Yetkinlik yaşına çatmamış Y.Q. barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • Avropada iş vədi ilə 160 mindən çox pul mənimsəyən şirkət rəhbərlərinin MƏHKƏMƏSİ

    Bu gün Bakı Ağır Cinayətkər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Bakıda fəaliyyət göstərən “Recent Group” MMC və “Area Alfa Group” MMC-nin rəhbərləri Sevinc Aslanova və Kamil Curayevin cinayət işi üzrə növbəti məhkəmə baxış iclası keçirilib.

    Məhkəmə iclasında zərərçəkənlərin ifadələri dinlənilib.
    Təqsirləndirilən Sevinc Aslanova tərəfindən aldadıldığını deyən zərərçəkənlər ifadələrində bildiriblər ki, “Avropada iş” elanını sosial şəbəkələrdə görüblər. Daha sonra sövdələşmə imzalamaqla yanaşı müxtəlif məbləğlərdə pul ödəyiblər.Bundan sonra onlara şengen dövlətlərindən iş dəvətlərinin gələcəyinə söz verilsə də buna əməl edilməyib və ödənilən məbləğlər də geri qaytarılmayıb.

    Məhkəmə tərkibi prosesi qeyri- müəyyən vaxta təxirə salındığını bildirib.
    İstintaqla müəyyən edilib ki, “Recent Group” MMC-nin direktoru Sevinc Aslanova və “Area Alfa Group” MMC-nin direktoru Kamil Curayev ayrı-ayrı şəxslərdən müxtəlif Avropa ölkələrində işə düzəlmələrinə, həmçinin iş vizasının alınmasına kömək edəcəklərini vəd edərək dələduzluq yolu ilə aldıqları pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etmələri və etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını təkrarən ələ keçirməsi ilə bağlı kifayət qədər dəlillər toplanılıb.

    2024-cü il mayın 15-də Kamil Curayev Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsə də, o, istintaq orqanlarından yayınmaqla çağırışlara gəlməkdən boyun qaçırdığına görə barəsində axtarış elan edilib. Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılaraq istintaqa təhvil verilib.

    Digər təqsirləndirilən Sevinc Aslanova barəsində isə Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Araşdırmalarla müəyyən edilib ki, “Recent Group” MMC-nin direktoru Sevinc Aslanova yaxın münasibətdə olduğu “Area Alfa Group” MMC-nin direktoru Kamil Curayev ilə əlbir olaraq paytaxtla yanaşı bir çox bölgələrdən olan müxtəlif vətəndaşları, onları Avropa ilə yanaşı dünyanın bir çox digər ölkələrində yüksək maaş vədi ilə aldadaraq bunun müqabilində onların külli miqdarda pulunu mənimsəyiblər. Onların vətəndaşlara vəd etdikləri mövsümi xarakterli işlərlə yanaşı müxtəlif peşə əsaslı işlərin isə əslində heç bir hüquqi əsası olmayaraq saxta müqavilələr əsasında tərtib olunubmuş.

    Aldadılan vətəndaşlara işləmək üçün vəd edilən ölkələr isə əsasən Hollandiya, Slovakiya, İngiltərə, Polşa, Rumıniya və digər Şengen ərazilərinə daxil olan ölkələr olub. Sevinc Aslanova Kamil Curayev ilə qabaqcadan əlbir olaraq qrup halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə 130 nəfərin 161550 manatını mənimsəyiblər. Hər iki şəxslə bağlı toplanmış materiallar üzrə ittiham elan edilmiş, barələrində həbs və polisin nəzarəti altında qətimkan tədbiri seçilib.
    //lent.az

  • Bakıda sevgilisinin evindən 7400 manat oğurlayan qadın həbs olundu

    Bakıda qadın sevgilisinin evini qarət edib.

    Hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib.

    2002-ci il təvəllüdlü Aysel Ağacanova (ad və soyad şərtidir) Bakıda Şakir adlı şəxslə tanış olub. Bir müddətdən sonra Şakirlə Aysel arasında sevgi münasibəti yaranıb və onlar mütəmadi olaraq Şakirin evində görüşüblər.

    Növbəti dəfə Aysel Şakirin evində onunla görüşərkən, ev sahibinin pulu saxladığı yeri müəyyən edib. Daha sonra Aysel evi qarət etmək qərarına gəlib. O, bu məqsədlə Şakirin evdən çıxarkən açarı gizlətdiyi yeri də müəyyən edib.

    Bir gün Şakir evdən çıxıb işə gedəndən sonra Aysel onun yaşadığı evə gələrək mənzilə daxil olub. O, mənzildən 7 400 manat, samovar və digər usta alətlərini götürərək qapını açarla bağlayıb və hadisə yerindən uzaqlaşıb.

    Şakirin şikayəti əsasında Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyatla hadisədə şübhəli bilinən Aysel saxlanılıb. O, hadisəni törətdiyini etiraf edib.

    Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Aysel Ağacanova 2 il azadlıqdan məhrum edilib.
    //oxu.az

  • İşə düzəltmək adı ilə qohumlarını aldatdı – 20 min manatlıq dələduzluq

    İşlə təmin edəcəyinə dair vəd verməklə qohumlarına qarşı dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə mühakimə olunan Ü.Ə.-yə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun ev dustaqlığında saxlanıldığı 2 ay 4 gün müddət təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 9 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

    İş materiallarından məlum olur ki, Ü.Ə. qohumlarından birinə onu “Euro Klima” şirkətində işlə təmin edəcəyinə söz verib. Daha sonra bankdan onun adına 3500 manat kredit müqaviləsi rəsmiləşdirib. Həmçinin zərərçəkmişin adına “Kontakt Home” mağazasından isə 4899 manat dəyərində noutbuk kreditə götürüb.

    Ü.Ə. qohumunu inandırıb ki, kreditlər işə düzələcəyi şirkət tərəfindən ödəniləcək. O, digər qohumunu da oxşar üsulla aldadaraq onun adına 12 000 manat kredit rəsmiləşdirib.

    Qohumlar aldadıldıqlarını anladıqdan sonra hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmə zamanı Ü.Ə. özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib.

  • DİN-in keçmiş rəis müavini Rasim İldırımzadə və digərlərinin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb

    Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə sənədlər tədqiq edilib.

    Sonra çıxışlar mərhələsi başlayıb, dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmə prokurora çıxışa hazırlaşmaq üçün vaxt verib.

    Növbəti iclas fevralın 10-a təyin olunub.

    İstintaq məlumatlarına görə, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub.

    Tutulduqdan sonra isə məhkəmənin qərarı ilə Rasim İldırımzadə, ondan başqa Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmənin qərarı ilə həbs ediliblər. İstintaqın gedişində onlar ev dustaqlığına buraxılıb.

    İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevi Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Cinayətin əsas təşkilatçısı isə Rasim İldırımzadədir. O, qurduğu planla zərərçəkmiş şəxsi inandıra bilib. Rasim İldırımzadə qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksək vəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib. Zaur Mirzəzadəni isə sözügedən yerdə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.

    İşi düzüb-qoşanların nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımzadənin adamlarına bir neçə dəfəyə 510 min manat pul, 34 min manatlıq qızıl-zinət əşyaları verib.

    Sonradan aldanıldığını bilən zərərçəkmiş polisə şikayət edib. İlkin istintaq dövründə ona dəymiş 544 min manat ziyanın 85 min manatı Rasim İldırımzadə, 20 min manatı isə Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən geri qaytarılıb.

    Qeyd edək ki, Rasim İldırımzadənin qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir.

    Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də “bakutime.az”, “xalq.az” adlı saytların rəhbəridir.

  • Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb

    Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi, tibb xidməti mayoru Rasim Həsənov saxlanılıb.

    Oxu.Az-ın məlumata görə, R.Həsənov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.

    Məlumata görə, Rasim Həsənova qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvətalma) maddələri ilə ittiham irəli sürülüb.

  • Böyük fişinq şəbəkəsi çökdürüldü: 400 min manatlıq kiberdələduzluq

    Bank və bank olmayan kredit təşkilatlarının fişinq səhifələrini yaradan haker şəbəkəsi ifşa edilib

    Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KBMİ) bank və bank olmayan bir neçə kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq sosial mediada elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən haker şəbəkəsinə qarşı əməliyyat keçirib.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Bildirilib ki, əməliyyat-texniki tədbirlər zamanı bir qrup zərərçəkənin kart məlumatlarının ələ keçirilməsinin üsul və vasitələrində oxşar elementlər aşkar edilib. Tədbirlərin davamı olaraq 500-ə yaxın şəxsə qarşı qabaqcadan əlbir olaraq kiberdələduzluqlar edən 23 yaşlı Kənan Qasımov və 30 yaşlı İmam İşməmmədov saxlanılıblar.

    Müəyyən edilib ki, bu şəxslərin yaratdıqları fişinq səhifələrinin həqiqi elektron ünvanlarla vizual bənzərliyinə aldanan zərərçəkənlər qarşılarına çıxan saxta elanların real olduğuna inanıb və aşağı faizli kredit təkliflərinə aldanaraq müraciət ediblər. Bundan sonra isə vətəndaşlar onlardan tələb olunan kart məlumatları, yəni CVV və OTP təhlükəsizlik kodlarını K.Qasımovla İ.İşməmmədova göndəriblər. Vətəndaşların kart məlumatlarını ələ keçirən K.Qasımov və İ.İşməmmədov asanlıqla onların hesabına daxil olub və maddi vəsaitləri talayıblar. Onlar “izi” itirmək məqsədi ilə həmin pulları qanunsuz onlayn kazino oyunlarına və müxtəlif hesablara köçürərək nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində indiyə qədər bu yolla 400 min manata yaxın maddi vəsaiti ələ keçirdiklərini bildiriblər. Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, K.Qasımov və İ.İşməmmədov cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və ya bu kimi sorğularla bağlı yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına müraciət edilməlidir. Həmçinin şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, risk ehtimalı olan hallarla qarşılaşdıqda isə dərhal bu barədə polisə məlumat verilməlidir.