Category: Kriminal

  • Bakıda 2 nəfər kafedən oğurluq etdi – Video

    Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən kafelərin birindən oğurluq hadisəsi qeydə alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Belə ki, naməlum şəxslər kafenin arxa hissəsində yerləşən pəncərədən içəri daxil olaraq 160 manat pul və 400 manat dəyərində 2 mobil telefon oğurlayıblar.

    Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Fərzəliyev və E.Qasımov müəyyən edilərək saxlanılıblar. Onların taladıqları telefonları satdıqları məlum olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Arayik və digərlərinin məhkəməsi fevralın 5-də davam etdiriləcək

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi fevralın 5-də davam etdiriləcək.

    Bu barədə Bakı Hərbi Məhkəməsindən məlumat verilib.

    Xatırladaq ki, məhkəmə prosesi 2025-ci il yanvarın 17-də başlayıb. Dekabrın 26-da məhkəmə kollegiyası müşavirəyə gedib.

    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

    Həmin şəxslər, yəni Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Bakıda evdən oğurladığı qızılları zərgərlik mağazasında satdı: Anbaan görüntüləndi

    Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, naməlum şəxs evlərdən birinin pəncərəsindən içəri daxil olaraq 2300 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.

    Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Murad Elyasov saxlanılıb.

    Araşdırmalarla məlum olub ki, o, hadisənin baş verdiyi ərazidə bir müddət müşahidə aparıb və evlərdən birində sakinlərin olmadığını görərək pəncərədən içəri daxil olub. Oğurluğu törətdikdən sonra isə qızıl-zinət əşyalarını zərgərlik mağazalarının birinə apararaq satıb. Onun taladığı evə giriş-çıxış anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Şəhidlər xiyabanında nalayiq hərəkət edən ərəblərin işi icraata verildi

    Şəhidlər xiyabanında nalayiq hərəkətlər edərək video çəkən, sosial şəbəkələrdə yayan və polis tərəfindən saxlanılan Səudiyyə Ərəbistanının üç vətəndaşı – Alzaman Mahdi Ali, Alğabr Mohammad Hussain və Alğabr Mahdi Mohammadın barəsində hökmdən apellyasiya şikayəti hakim icraatına verilib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, iş materialı bu gün Bakı Apellyasiya Məhkəməsinə daxil olub.

    Şikayət araşdırılması üçün hakim Əfqan Ələkbərovun icraatına verilib.

    Yaxın günlərdə məhkəmənin ilkin baxış iclasının vaxtı məlum olacaq.

    Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxslərin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, sözügedən şəxslər bu il avqustun 16-da saat 17:00-da Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər. Şəhid məzarlarının üzərindəki gülləri təpikləyiblər.

    Qeyd edək ki, bu ilin avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmasından sonra Səbail Rayon Polis İdarəsində araşdırma aparılıb.

    Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi beş günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

    Təqsirli bilinən şəxslərin barəsində Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

  • Narkotiklərin PUA vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb

    Ötən ay 2 halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

    Bildirilib ki, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ötən ay 120 kiloqram 645 qram narkоtik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.

  • “Roşka”nın məhkəməsi təxirə salındı – Video

    Tiktokda daha çox “Roşka” ləqəbi ilə tanına Rövşən Süleymanzadənin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən proses qeyri müəyyən vaxtadək təxirə salınıb.

    Tiktokerin ötən proses məhkəmə istintaqı yekunlaşmışdı.

    Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə ötən ilin yanvar ayında həbs edilib.

    Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, Rövşən Süleymanzadə daha öncə də 45 günlük inzibati həbs edilib.
    //unikal.az

  • Bakıda metro stansiyasının qarşısında qan töküldü

    Bakıda 51 yaşlı kişi küçədə bıçaqlanıb.

    Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

    Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Elvin Nuru oğlu Məmmədli metronun “Xətai” stansiyasının qarşısında bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Oxu.Az-a bildirib ki, paytaxtın Xətai rayonunda iki şəxs arasındakı insidentlə bağlı polisə məlumat daxil olub. Hazırda hadisə ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

  • Ağstafada piyadanı vuraraq hadisə yerindən qaçan şəxsə hökm oxundu

    Gəncə Ağır Cinayətlər Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürüb, hadisə yerindən qaçmaqda təqsirləndirilən Elvin Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə E.Əliyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 9 ay 8 gün müddətə azadlıqdan məhrum edilib.

    İttiham aktına əsasən, ağır yol-nəqliyyat hadisəsi 2025-ci il avqustun 1-də, saat 1 radələrində Bakı-Qazax magistral avtomobil yolunun Ağstafa rayonu ərazisindən keçən 463-cü kilometrliyində baş verib.

    Belə ki, Elvin Əliyev sərxoş vəziyyətdə, etibarnamə olmadan və sürücülük vəsiqəsi ilə atasına məxsus “Mercedes-Benz E-220” markalı avtomobili idarə edib. O, Bakı istiqamətində hərəkətdə olarkən sürət həddini aşıb. Nəticədə Elvin maşınla həmin vaxt yolu keçən piyada – 2004-cü il təvəllüdlü Elgün Valeh oğlu Fəziyevi vurub.

    Hadisə zamanı piyada başın ağır küt travması, qapalı kəllə-beyin travması, sağ ənsə-gicgah nahiyəsinə qansızma, sağ ənsə nahiyəsinin əzilmiş yarası, həmçinin bədənin müxtəlif səthi sıyrılmış yaraları kimi dərəcəsinə görə həyat üçün təhlükəli sayılan ağır bədən xəsarətləri alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsin ölümü alınmış xəsarətlər nəticəsində beyinə qansızma və ödem fonunda yaranmış mərkəzi tipli ağciyər-ürək çatışmazlığından baş verib.

    Bundan başqa, ittihamda göstərilir ki, təqsirləndirilən E.Əliyev yol-nəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxsə hər hansı yardım göstərməyib, aidiyyəti dövlət orqanlarına məlumat vermədən hadisə yerindən qəsdən qaçıb.

    Hadisədən sonra Elvin Əliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

  • Bakıda yaşayış kompleksində dava: Cəmiyyət sədri mülkiyyətçini döydü

    Bakıda yaşayış kompleksində dava baş verib.

    Hadisə Binəqədi rayonunun 7-ci mikrorayonunda, S.S.Axundov küçəsində yerləşən “Union Park” yaşayış kompleksində qeydə alınıb.

    Yaşayış kompleksində Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMÇ) yaradılıb və Vasif Məmmədov (soyadı şərtidir – red.) cəmiyyətin sədri seçilib. Binanın saxlanma xərclərinin ödənilməsi məqsədilə mənzil sahiblərindən vəsait toplanmağa başlanılıb. Bu məqsədlə Vasif Məmmədov “WhatsApp”da qrup yaradaraq bina sakinlərini ora əlavə edib.

    Mülkiyyətçilərin əksəriyyəti tələb olunan məbləği ödəsələr də, sakinlərdən Anar Mirzəmmədov vəsaiti ödəməkdən imtina edib və qrupda təhqiramiz mesajlar yazıb. Digər sakinlərin təkidi ilə Vasif Məmmədov qrupdan çıxarılıb.

    Axşam saatlarında Anar Mirzəmmədov binanın həyətində Vasif Məmmədovu yanına çağıraraq onu yenidən təhqir etməyə başlayıb. Nəticədə tərəflər arasında mübahisə yaranıb və dava düşüb. Hadisə zamanı Anar Mirzəmmədov döyülüb.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunublar və Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb və materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Vasif Məmmədova “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar imzalanmış amnistiya aktı tətbiq edilib və o, cinayət məsuliyyətindən azad olunub.
    //oxu.az

  • Gəncədə 25 yaşlı şəxs qətlə yetirilib – Saxlanılan var

    Gəncədə 25 yaşlı gənc bıçaqlanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

    Belə ki, 2001-ci il təvəllüdlü R. Məmmədov bədənin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yeləşdirilib. Həkimlərin bütün tibbi yardımlarına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Murad Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.