Category: Kriminal

  • Atasını bıçaqlamaqda şübhəli bilinən qız saxlanıldı

    Nizami rayonu ərazisində bir nəfərin kəsici alətlə xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

    Hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Xatırladaq ki, hadisə ailə məişət zəminində baş verib. 16 yaşlı yeniyetmə qız anasını döyən atasını bıçaqlayaraq ona ağır xəsarət yetirib.

    Faktla bağlı araşdırma aparılır.

  • DTX-dən əməliyyat: Rusiya-Ukrayna müharibəsində iştirak etmiş Azərbaycan vətəndaşları həbs olundular

    Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları məsuliyyətə cəlb olunublar.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunmaları istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir:

    “Əldə olunmuş məlumatlara əsasən, ötən müddət ərzində Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda xeyli sayda Azərbaycan Respublikası vətəndaşı iştirak edərək həlak olub, itkin düşmüş və ya yaralanıb bəzilərinin isə əsirlikdə saxlanıldıqları təsbit edilib.

    Aparılmış araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşları – 1991-ci il təvəllüdlü Real Eldəniz oğlu Nəbiyev, 1993-cü il təvəllüdlü Faris Famil oğlu Hüseynov, 1994-cü il təvəllüdlü Ali Elnur oğlu Məmmədov və Murov Həsən oğlu Mirhəşimlinin Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etmələri sübuta yetirildiyindən, həmin şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, belə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan Respublikasında cinayət məsuliyyəti yaradır və bundan sonra da xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərin məsuliyyət məsələsi qanunauyğun şəkildə təmin ediləcək”.

  • Yeniyetmələri baltalamaqda şübhəli bilinən əminin qonşuları danışdılar – VİDEO

    Fevralın 1-də Cəlilabadda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.

    Median.Az Baku TV-yə istinadən xəbər verir ki, qonşular qardaşı uşaqlarını baltalamaqda şübhəli bilinən əminin hadisəni törətdikdən sonra qaçmağa çalışdığını söyləyiblər.

    “Əlini başına qoyaraq yalvarıb ki, əmisi başına vurmasın. O da əllərini kəsib. Bu vəhşilikdir. Qaçanda Beyləqandan tutub gətiriblər”, – deyə qonşulardan biri deyib.

    Faciəli şəkildə həyatını itirən 15 yaşlı Həqiqət Nağıyeva anasının doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dəfn edilib.

    Daha ətraflı videomaterialda:

  • Bibisi oğlunu 27 bıçaq zərbəsi ilə öldürdü

    2024-cü il dekabrın 1-də Bakının Qaradağ rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları əraziyə yollanır. Məlum olur ki, hadisə Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 12-də baş verib.         

    Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 1980-ci il təvəllüdlü Xanlar Əmirovun bədən səthində 27 ədəd bıçaq yarası aşkar edilib. Qanında 2,8% qatılığında etil spirti aşkar edilib ki, bu da ağır dərəcəli sərxoşluq kimi qiymətləndirilib.
    Median.Az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
    İstintaqla müəyyən edilib ki, hadisədən 5-6 il əvvəl Xanlar Əmirov Qulu Abasovun arvadı Xədicə Abasova hamam otağında olan zaman, qapını açıb içəri daxil olmaq istəyib. Bununla bağlı aralarında sözlü mübahisə yaranıb. Qulu Abasov dekabrın 1-i saat 17 radələrində Həzi Aslanov küçəsi, 12 ünvanında yerləşən evdə bir ədəd qatlanmayan və bir ədəd tiyəsi dəstəkdən ayrılmış bıçaqlardan istifadə etməklə Xanlar Əmirovu cəzalandırmaq qərarına gəlib. O, həmin bıçaqlarla Xanlara çoxsaylı zərbələr vuraraq öldürüb.
    1-ci qrup gözdən əlil olan 1982-ci il təvəllüdlü Qulu Abasov iş üzrə dindirilərkən bildirib ki, Xanlar Əmirov onun bibisiqızının yoldaşı olub. Xanlar əvvələr qəsdən adam öldürmə maddəsi ilə məhkum olunub:
    “Görmə məhdudiyyətli olmağımdan sui-istifadə edərək 5 il əvvəl ailəmə qarşı qeyri-etik hərəkət edib, arvadım hamamda olarkən otağın qapısını açıb içəri girmək istəyib. Mübahisə zamanı əmim oğlu bizi ayırmışdı. Dekabrın 1-də Taleh adlı qonşumun evinə getdim. Talehin də görmə və eşitməsində problem var. Masa arrxasında əyləşib spirtli içki içdik. Bir müddətdən sonra Xanlar ora gələrək, yanımda oturdu. Talehə və mənə söz atmağa başladı. Qutuda daim bıçaqların olmasını bilirdim. Ayağa qalxan zaman Xanlar keçmək üçün mənə yol verdi, bu vaxt aramızda mübahisə yarandı. Bıçaqlarla zərbələri vurarkən Xanların bədəninin hansı nahiyələrinə dəydiyini bilmədim. Sonra 102 xidmətinə zəng edərək əməkdaşa hadisə barədə məlumat verdim”.
    Qulu Abasov əlavə edib ki, əvvəllərdə aralarında mübahisələr baş verib, bununla əlaqədar qardaşı və yeniyetmə oğlu zərərçəkmişi döyüblər.

    Məhkəmə iclasında Qulu Abasov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, hadisə Xanlar Əmirovun ona sataşmasından sonra baş verib. Xanlarda bıçaq olduğunu güman edib və özünü müdafiə etmək üçün ona zərbələr vurub.
    Zərərçəkmiş şəxsin hüquqi varisi Zaur Əmirov ifadəsində göstərib ki, qardaşı oğlu ona zəng edib Xanların bıçaqlandığını deyib:

    “Qaradağ rayon Polis İdarəsinə gedəndə, mənə meyitin Respublika Xəstəxanasının morqunda olduğunu bildirdilər. Xanlarla Qulunun arasındakı ədavətin səbəbini bilmirdim. Qardaşım içki içdiyim üçün mənə evinə getməyimə icazə vermirdi, həyat tərzindən məlumatım yox idi. Qulu Abbasovla barışmışıq, heç bir şikayətim yoxdur. Ona qanuna uyğun cəza təyin edilməsini xahiş edirəm”.

    Şahid Xədicə Abasova ifadəsində göstərib ki, Qulu Abasovla 5 il əvvəl ayrılıb, uşaqları ilə birlikdə başqa ünvanda yaşayır:

    “Hadisənin səbəbini bilmirəm. Xanlar Əmirov mənə sataşmayıb. Əgər Xanlar Əmirov mənə 5-6 il əvvəl sataşmışdısa, Qulu niyə onu o vaxt tapıb öldürməyib. Qulu ilə evli olduğum müddətdə evimizə çoxlu sayda içki içən tanışları gəlirdi. Evdə qız uşaqları olduğundan, qaynanamla birlikdə həmin adamların əksəriyyətini həyətdən qovurduq”.

    Şahid Şahin Abbasov bildirib ki, hamam otağı qardaşıgilin evinin pəncərəsinə yaxın olub:
    “Xədicə hamamdan çıxanda Xanlar qapını tutub saxladı. Buna görə Xədicə oğlunu köməyə çağırdı. Xanlar Xədicəyə sataşanda Qulu evdə yox idi. Etdiyi hərəkətə görə o zaman özüm Xanları döydüm. Dekabrın 1-də həyətə gələndə Qulu Xanları öldürdüyü söylədi. Ona bildirdim ki, dərhal zəng edib polisə məlumat versin”.
    Dövlət iithamçısı Qulu Abasova 17 il cəza təyin olunmasını istəyib.

    Vəkil müdafiə etdiyi şəxsin əməlini CM-nin 120.1-ci maddəsinə tövsif edilməsini, gözdən əlil olmasını nəzərə alaraq, ona ən aşağı həddə cəza verilməsini xahiş edib.

    Məhkəmə qənaətə gəlib ki, Qulu Abasovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilib. O, həmin maddənin samksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qulu Abasov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum olunub. //Lent.az

  • Bakıda cinayət: Yeniyetmə qız atasını bıçaqladı

    Bakının Nizami rayonunda ailə məişət zəmnində bıçaqlanma hadisəsi baş verib.
     
    Median.Az  Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun İsmayıl Məmmədov küçəsində yerləşən mənzildə qeydə alınıb.
     
    1977-ci il təvəllüdlü Haşımov Rüfət Arif oğlu mübahisə zamanı həyat yoldaşını döyüb. Bunu görən onların 15 yaşlı qızı bıçaqla R.Haşımova xəsarəti yetirib.
     
    Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. R.Haşımov cərrahi əməliyyat edilib.
     
    Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır

  • Mərhum Xalq artistinin oğlunu döyməkdə şübhəli bilinənlər saxlanıldılar

    Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın 45 yaşlı oğlu Artur Balıyev yanvarın 30-da axşam saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində döyülüb.

    Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.

    Cinayət işinin icraatı DİN-in nəzarətindədir.

    Hadisəni törətməkdə şübhəli bilinən üç nəfər – Turxan Zeynalov, Ramil Zeynalov və Asəf Rəhimov saxlanılaraq istintaqa təhvil veriliblər.

    Zərərçəkmişin yaşadığı ünvana naməlum şəxs və ya şəxslərin gəlməsi ilə bağlı polisə hər hansı məlumat daxil olmayıb.

    Hadisə yerində mövcud olan kamera görüntüləri və digər sübutlar istintaq predmetidir, xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

  • Tiktoker “Velizar” HƏBS EDİLDİ

    Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

    “TikTok” platformasında qeyd edilən qanunsuz əməllərə yol verən “Velizarofficial” adlı səhifəni idarə edən Salman Məmmədov saxlanılıb.

    Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.

    Müvafiq qərarla Salman Məmmədov inzibati qaydada həbs edilib.

  • Ağsuda şüşə ilə xəsarət yetirilən kişinin vəziyyəti açıqlandı

    Ağsudakı insidentdə ağır xəsarət alan 33 yaşlı kişinin vəziyyəti stabildir.

    Bu barədə Oxu.Az-a Ağsu Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

    Bildirilib ki, fevralın 2-də gecə saat 03:00-da 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Qarnının ön divarının boşluğuna nüfuz edən kəsilmiş, deşilmiş yarası, sol əlinin və sol budunun kəsilmiş yaraları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

    Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

  • Xanım sərnişinə əxlaqsız təklif edən sürücü həbs olundu

    Saatlı rayonunda xanım sərnişinə əxlaqsız təkliflər edən taksi sürücüsü həbs olunub.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Saatlı rayonu ərazisində baş verib.

    Saatlı Rayon Polis Şöbəsinə müraciət edən şikayətçi evə getmək üçün əyləşdiyi taksi sürücüsünün yol boyu ona əxlaqsız təkliflər etdiyini deyib.

    Şikayətlə bağlı araşdırmalar aparılıb və sürücü, 23 yaşlı Oqtay Məhərrəmov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə O.Məhərrəmov 8 sutka inzibati qaydada həbs edilib.

  • Azərbaycana gələn özbək qadın hava limanında həbs edildi

    Azərbaycana gələn Özbəkistan vətəndaşı həbs edilib.

    Hadisə Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verib.

    Özbəkistan vətəndaşı, 1985-ci il təvəllüdlü Şaxlo Uktamovna işləmək üçün Türkiyəyə gedib. O, Türkiyədə iş tapa bilmədiyi üçün Çexiyaya üz tutub. Ancaq Türkiyədən bu ölkəyə birbaşa getmək mümkün olmayıb. Türkiyədə saxta Çexiya pasportu alan özbək qadın Azərbaycana gəlib. Bakı aeroportunda qadının pasportunun saxta olduğu aşkarlanıb və o saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, qadının barəsində həbs qətimkan tədbiri seçilib.

    Xəzər Rayon Məhkəməsinin hökmü ilə Şaxlo Uktamovna yeddi ay müddətinə azadlıqdan məhrum edilib.
    //oxu.az