Category: Maraqlı

  • Telefonla ayaqyoluna girənlərə XƏBƏRDARLIQ

    İngilis həkimlər ayaqyoluna telefonla girənlərə xəbərdarlıq edib.

    Araşdırmalara görə, uzun müddət ayaqyolunda oturmaq babasil yarada bilər.

    Məlumatda bildirirlir ki, telefonla ayaqyoluna girən zaman insan tualetdə normadan artıq vaxt keçirdiyinə görə müxtəlif xəstəliklər, o cümlədən hemoroid yarana bilər. Bu bağırsaqlarda şişliklərin yaranması ilə əlaqədardır.

    Qeyd edək ki, İngiltərədə aparılan araşdırmalara görə insanların 57 faizi ayaqyoluna mobil telefonla girir.

  • Poliklinikalarda pulsuz tibbi xidmət ləğv edilir – Az qaldı

    İcbari tibbi sığortanın tətbiqindən sonra dövlət xəstəxanaları publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək

    Son zamanlar cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri, gələn ildən ölkədə icbari tibbi sığorta (İTS) sisteminin tətbiqinə başlanacağıdır. Bu sistemin hansı formada tətbiq olunacağı, kimlərə şamil olunacağı və digər ayrıntılar barədə daha əvvəl məlumat vermişik.

    Bu dəfə isə başqa suallara cavab tapmağa çalışdıq. Belə ki, Azərbaycanın dövlət xəstəxanalarında ödənişsiz tibbi xidmət mövcud olduğu halda, icbari tibbi xidmətə nə ehtiyac var? Dövlət xəstəxanalarında icbari tibbi sığorta sisteminə keçid olsa, proses necə təşkil olunacaq?

    Median.Az xəbər verir ki, AYNA-nın bu yöndə sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, İTS-in tətbiqindən sonra dövlət xəstəxanaları publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək:

    “Çünki indiki halda onlara əhaliyə göstərdiyi tibbi xidmətlərin müqabilində ödəniş etmək olmur. Azərbaycanda publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, həmin qanuna əsasən, publik hüquqi şəxs dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır”.

    Agentlikdən verilən məlumata görə, 2017 və 2018-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyinin müvafiq əmri ilə icbari tibbi sığortanın pilot layihə olaraq tətbiq edildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş Rayon Mərkəzi xəstəxanaları publik hüquqi şəxs statusu qazanıb:

    “2020-ci ildən, yəni ölkə üzrə icbari tibbi sığortanın tətbiqindən sonra, digər dövlət tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması məsələsi Səhiyyə Nazirliyi tərəfindən tənzimlənəcək”.

  • Gülərüz kirpi internetin ulduzuna çevrildi – FOTO

    “Herbi” ləqəbli kirpinin gülər üzü onu “Instagram”da məşhur edib.

    “Daily Mail” xəbər verir ki, kirpinin şəkillərini sosial şəbəkəyə onun sahibi almaniyalı Talita Girnus yerləşdirib.

    “Instaqram” səhifəsi əvvəl başqa bir kirpi “Mister Poki”yə məxsus olub, vəfatından sonra isə ailənin yeni üzvü “Herbi”yə keçib.

    Sahibi onunla dünyanın müxtəlif guşələrinə sayahət edib və şəkillər çəkib. Şəkillərin əksəriyyətində kirpi gülümsəyir.

    “Herbi”nin “Instagram” səhifəsinə artıq 1,5 milyon insan abunə olub.




  • D vitamini çatışmazlığı bu ağrılara səbəb olur – AÇIQLAMA

    Türkiyə həkimlərinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, D vitamini çatışmazlığı ilə əzələ və oynaq ağrıları arasında yaxın əlaqə var.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, doktor Məhərrəm Çidəm aparılan araşdırmalar nəticəsində oynaq və əzələ ağrılarından əziyyət çəkən insanların 74 faizində D vitamini çatışmazlığının görüldüyünü açıqlayıb.

    Bu vitaminin ən önəmli mənbəyinin Günəş olduğunu deyən doktor insanların qapalı yerlərdə-ticarət mərkəzləri, əyləncə məkanları və evdə çox zaman keçirmələri səbəbindən günəşdən gələn D vitaminini qəbul edə bilmədiklərini deyib: “Bağlı məkanlarda olan, işləyən insanlar D vitamini şatışmazlığına görə risk daşıyır”.

    Bundan başqa, vitaminin çatışmazlığının halsızlıq, yorğunluq, depressiyaya meyillik, təzyiq, ürək, şəkər və başqa bir çox xəstəliklərin yaranmasında da rolu var.

    Həkim bildirib ki, Günəş işığından baqşa bir sıra qidalar – yağlı balıq, yumurtanın sarısı, dana qara ciyəri, kərə yağı da D vitaminini yaradır.

  • Siqaret çəkən sərnişinlər üçün maraqlı xəbər

    Rusiyanın “Utair” aviaişirkəti uçuşlar zamanı sərnişinlərə tütün məmulatları paylayacaq.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu qərar siqaret çəkən sərnişinlər üçün uçuşun daha rahat keçməsi üçün qəbul edilib.

    Qeyd olunur ki, təyyarədə tütün məhsulu həddi-buluğa çatmış şəxslərə, reklam sessiyasında iştirak etmək şərti ilə təklif olunacaq.

    Qərar sentyabrın 15-dən qüvvəyə minib və hazırda aviaşirkətin 10-dan çox reysində tətbiq olunur.

  • Sürücülər üçün təhlükəli sayılan mahnılar hansılardır?

    Çinli mütəxxəsislər hansı mahnıların sürücülərə daha pis təsir etdiyini araşdırıblar.

    REN.TV xəbər verir ki, onlar təhlükəli davranışa səbəb olan musiqi parçalarını müəyyənləşdiriblər.

    Məlum olub ki, rok və bu kimi ağır musiqilər sürəti artırmağa (saatda adi halda olduğundan 8 kilometr çox) sövq qedir.

    Ən məşhur təhlükəli mahnılar siyahısına isə “Green Day” pank-qrupunun “American Idiot”, Mayli Sayrusun “Party In The USA” və Brüs Sprinqstinin “Born to Run” kompozisiyaları liderlik edir.

    Alimlərin fikrincə, sürücülər üçün ən zərərsiz mahnı isə “Led Zeppelin” qrupunun “Stairway to Heaven” əsəridir.

  • Həftədə iki dəfə günorta mürgüsü – İnfarkt və insult riskini iki dəfə azaldır

    Günorta yuxusunun faydalarına çoxumuz inanırıq, amma əvvəllər bəzi araşdırmalarda bildirilirdi ki, günorta mürgüləmək vərdişiylə ciddi ürək-damar xəstəlikləri və hətta ikinci tip şəkər xəstəliyi arasında əlaqə ola bilər.

    İsveçrənin Lozanna şəhərindəki universitet hospitalının alimləri bu məsələyə aydınlıq gətirmək məqsədilə günorta yuxusunun sağlamlığa təsirini öyrənmək qərarına gəliblər.

    Median.Az medicina.az-a istinadən bildirir ki, beş ildən çox davam edən araşdırmaya daha əvvəl ürək-damar sistemində heç bir ciddi problemi olmayan 3,5 min isveçrəli cəlb edilib.

    Onlardan bəzilərində həftədə iki dəfədən az olmayaraq günortalar yatmaq vərdişi olub, bəziləri bütün həftə boyu günortalar yatıb, digərləri isə bunu heç vaxt etməyib.

    Araşdırma zamanı iştirakçıların ürək və damarlarının fəaliyyətində müxtəlif dərəcəli 155 nasazlıq faktı qeydə alınıb, həftə ərzində cəmi bir-iki dəfə günorta yatanlar qrupunda ağırlaşma riskinin ən az olduğu üzə çıxıb: hətta siqaret çəkmək kimi zərərli vərdişlər nəzərə alınmaqla da bu riskin 48% azaldığı məlum olub.

    Maraqlıdır ki, mütəmadi olaraq həftədə 5-6 gün günorta yatanlar qrupunda risk göstəricilərində kəskin fərq olmayıb, bəzi hallarda isə, əksinə, artıb.

    Araşdırma müəllifləri hesab edirlər ki, öz-özlüyündə yüksək yuxu göstəricisi orqanizmin işindəki qəza hallarının nəticəsi ola bilər, ona görə də bu qrupun müəyyən hissəsi daha əvvəl də yüksək risk zonasında olub, hərçənd insanlar özləri bunu bilməyiblər.

    Araşdırma daha bir qayda pozuntusunu aşkara çıxarıb: günorta yuxusu rejimi 65 yaşdan yuxarı şəxslərin səhhətinə təsir etmir. Alimlər bunu həmin yaş qrupundakı şəxslərin ümumi sağlamlıq səviyyəsiylə, o cümlədən, daha gənc respondentlərlə müqayisədə onlarda daha çox xəstəlik olmasıyla izah edirlər.

    Günorta yuxusunun tezliyinə fokuslanan İsveçrə alimləri bu faktın eksperiment iştirakçılarının səhhətinə uzunmüddətli təsirini öyrənmək məqsədi güdməyiblər. Onlar bunu sonrakı araşdırmalarda aydınlaşdıracaqlarını bildiriblər.

    Sözügedən eksperiment çərçivəsində iştirakçılar günortalar 5-60 dəqiqə arası yatıblar. Onların bir çoxu etiraf edir ki, 20 dəqiqəlik günorta yuxusu enerji yenilənməsinə kifayət edir.

    Araşdırmanın nəticələri daha əvvəl dərc edilmiş işlərlə ziddiyyət təşkil edir. O işlərin müəllifləri yuxudan ayılma anında arterial təzyiqin artması faktına diqqət çəkərək, bunun ürək fəaliyyətində ciddi problemlər yarada biləcəyini vurğulayıblar. Amma İsveçrə alimləri belə bir qanunauyğunluq aşkar etməyiblər.

    Hələ ki alimlər günorta yuxusunun orqanizmə müsbət təsir mexanizmini detallı olaraq izah edə bilmirlər. Böyük ehtimal, günortalar yatmaq stress yükünü atmağa, işə ara verilməsi sayəsində emosional fonu yaxşılaşdırmağa və norması dolmamış gecə yuxusu saatlarının kompensasiyasına kömək edir.

  • Kardioloq təhlükəli yuxu formalarından danışdı

    Krım Səhiyyə Nazirliyinin baş kardioloqu Valeriya Sadovoy “Sputnik Krım” radiosuna açıqlamasında yan üstdə yatmağın onurğa üçün zərərli olduğunu və qarındaxili təzyiqi artırdığını deyib.

    Mütəxəssisin sözlərinə görə, ən əlverişli variant beli üstdə, düz yatmaqdır. O əlavə edib ki, yuxu üçün ən təhlükəli duruş isə oturaraq yatmaqdır:

    “Oturaraq yatmaq ürəyə pis təsir edir, qarındaxili təzyiqi artırır və bədəndə şişkinlik yaradır. Bu, damarların genişlənməsi və tromboz yaranmasına gətirib çıxarır”.

    Bundan əlavə, kardioloq gün ərzində yatmağın faydalarından danışıb. Həkim belə bir istirahətin ürək-damar xəstəliklərini azaltdığını və canlılıq hissini artırdığını vurğulayıb.

    Sadovoy günlük yuxu rejiminin alınmasının mütləqliyini bildirib:

    “Səkkiz saatlıq yuxu istirahəti – bizə lazım olan və məsləhət görülən tam olaraq budur”.

  • Dünyanın ən varlı qadınları – SİYAHI + FOTO

    Dünyada milyonlara sahib olan tək kişilər deyil.

    Onlar arasında sərvəti milyonları aşan zərif cinsin nümayəndələri də var.

    Bu siyahıdan olan qadınların demək olar ki, hamısı öz zəhmətləri və istedadları sayəsində sərvət qazanıblar və heç kim onlara miras qoymayıb. Bəziləri televiziya və kitablardan, digərləri qadınlara uyğun bilinməyən bir işlə – içki və mebel istehsalı, habelə daşınmaz əmlakla məşğul olub milyonlar qazanıblar. Lakin bu siyahıda həyat yoldaşı ilə şansı gətirən qadınlar da var.

    Larisa Belobrova, 260 milyon dollar


    Larisa Belobrova Rusiyadakı ən varlı aktrisadır, Primorski dram teatrında çalışır. Amma cibinə milyonlar teatrdakı rolları ilə deyil, Larisanın yarıdan çoxuna sahib olduğu Primorye Bankının səhmləri hesabına gəlib.

    O, balıqçılıq bazasına da sahibdir. Xoşbəxtlik quşu əri Sergey Darkinin dövlət qulluğuna təyin olunandan sonra qadının başına qonub. O, hazırda Regional inkişaf nazirinin müavinidir.

    Coan Rouling, 1 milyard dollar


    Coan Roulingin həyatını dəyişdirən əsas məqam Londonun Kings Kross stansiyasında, Mançesterə gedən qatarı gözlədiyi vaxt Harri Potteri beynində canlandırması olub. İndi həmin stansiyada kitabda bəhs olunan gənc sehrbazın abidəsi var. Harri Potter seriyasi tarixin ən çox satılan kitabı olub və müəllifinə 1 milyard dollar qazandırıb.

    Olqa Belyavtseva, 550 milyon dollar


    90-cı illərin əvvəllərində Olqa Belyavtseva konserv zavodunda qablaşdırmaçı kimi işə başlayıb və tezliklə karyera pilləllərində uğur zirvəsinə qalxıb. 2000-ci illərin əvvəllərində fabrik özəlləşdirildikdə Olqa bu fabrikin məhsullarını yaymaq üçün şirkət yaradıb.

    Onun şirkətinin istehsal etdiyi şirələr Rusiya bazarının 30%-ni tutur və hazırkı sərvəti 550 milyon dollar qiymətləndirilir.

    Keti İrlandiya, 360 milyon dollar


    Keti İrlandiya “Sport İllustratet” səhifələrində yer alan model kimi dünyada məşhurdur və hazırda ABŞ-ın ən varlı qadınlarından biri sayılır. Digərlərindən fərqli olaraq Keti modellik biznesinə başlamazdan öncə artıq iş xanımı kimi tanınıb və bu sahədə uğurlu nəticələr əldə edib. Uşaq ikən daşlar boyayıb və suvenir kimi onları satan Keti həm də müəyyən yerlərə qəzet paylayıb. Onun bir çox biznes layihəsi var: pivə, corab, idman geyimləri istehsalı və mebel biznesi. Şirkətinin dövriyyəsi 2,5 milyard dollar, şəxsi sərvəti isə 360 milyon dollar təşkil edir.

    Vu Yajun, 10.4 milyard dollar


    Maşın Mühəndisliyi fakültəsini bitirən Vu Yajun elektronika fabrikində işə düzəlir, lakin dörd il sonra jurnalistika sahəsinə keçid edir. Yeni iş yerində ilk mənzili üçün pul yığmağı bacarır. Beləliklə, Vu Çində daşınmaz əmlak problemləri ilə qarşılaşır və öz şirkətini açmaq qərarına gəlir. 2012-ci ildə o, Çinin ən varlı qadını olur. Amma ərindən boşanması onu 3 milyard dollardan məhrum edib. İndi Vu Yajunun var-dövləti 10.4 milyard dollar dəyərində qiymətləndirilir.

    Sara Blakeli, 1 milyard dollar


    Vəkil olmaq üçün bir neçə uğursuz cəhddən sonra Sara Disneylendə gələn müştərilərə oyun, əyləncə məkanının xidmətindən yararlanmağı tövsiyə edən satış məsləhətçisi kimi çalışmağa başlayıb, sonra faksları satmaqla məşğul olub. Bir gün ziyafətə gedərkən Sara əynindəki uzanan corabların onun daha yaxşı görünməsinə kömək etdiyini, lakin sandaletlərlə dəhşətli göründüyünü aşkar edib. Bir az düşündükdən sonra o, corabın ayaq hissəsini kəsib və ertəsi gün patentin necə qeydiyyata alınması barədə məlumat axtarıb. Sara ideyaya 5 min dollar sərmayə qoyub. Birinci il üçün gəlir 4 milyon dollar, bir neçə ildən sonra isə bu məbləğ qat-qat artaraq, 250 milyon dollar səviyyəsinə çatıb. Beləcə, Sara Blakin adı qadın milyonçularının sırasına daxil oldu.

    Opra Uinfrey, 2,8 milyard dollar


    Opra yeganə milyarder afroamerikalıdır. O, kasıb qulluqçu və mədənçi ailəsində anadan olub. 17 yaşında Uinfrey karyerasına başlayıb, əyalətində ilk qara dərili reportyor olub. Opranın sərvətindəki aslan payı (2 milyard dollar) 25 illik şousundakı fəaliyyətindən əldə edilən gəlirdir.

    Martа Stüart, 300 milyon dollar


    Marta ilk pulunu vasitəçilik yolu ilə qazanıb, amma ailəsi və ev işləri vaxtının çoxunu almağa başlayıb. Bu səbəbdən o, birjanı tərk etmək məcburiyyətində qalıb. O, bu vaxtının boş keçməməsi üçün bir neçə aşpaz kitabı yazaraq, bu janrın ən populyar yazıçılarından birinə çevrilib. Stüartın sərvəti 90-cı illərin sonlarında televiziyada əmtəə (mal) satan şirkət sayəsində 1 milyard dollara çatıb. Lakin 2001-ci ildə Stüart kiçik əczaçılıq şirkətində səhmləri satmaq üçün insayder məlumatlardan istifadə etdiyinə görə məhkum olunub. Qalmaqal səbəbindən Stüartın qurduğu bir neçə biznes iflasa uğrayıb.

  • Uzun dırnaqların əksəriyyətində göbələk xəstəliyi olur – XANIMLARIN DİQQƏTİNƏ

    Belə bir deyim var-baxımlı xanım əllərindən bilinər. Qadının əlləri onun yaşının, xarakterinin, özünə necə qulluq etdiyinin bir göstəricisidir. Etiraf edək ki, son illər manikürsüz xanımları az görmək olar. Küçədə, metroda, işdə uzun və müxtəlif rəngli, naxışlı dırnaqları olan xanımlarla tez-tez rastlaşırıq. Bu tendensiyanın artmasının əsas səbəbi dırnaq qaynaqları və şellaklardır. Bir dəfə qaynaq və ya şellak etdirməklə xanım 3-4 həftə ərzində daimi boyalı dırnaqla gəzir. İşgüzar və vaxtı az olan xanımlar üçünsə bu, ən optimal variantdır. Bəs dırnaq qaynağının dəriyə və dırnaqlara hansı zərərləri var? Belə dırnaqlardan hər kəs istifadə edə bilərmi və hansı hallarda bu cür dırnaqların qoyulması məsləhət görülmür?

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, həkim-dermatoloq, kosmetoloq Günay Mikayılovanın dediyinə görə, qaynaq və şellak dırnaqlarda sınmalara, travmalara səbəb olur və ən pis halda göbələk xəstəliyi yaradır: “Həm qaynaq, həm də şellak – fərq etmir gel, ya akril zamanı dırnaqlar travma alır. Sadəcə, şellak zamanı travma nisbətən az olur.

    Əsas səbəb dırnağın parıldadılması, “polirovka” olunmasıdır, yəni üst qatının qaşınması, soyulmasıdır. Travma isə onixomikoz xəstəliyinə zəmin yaradır. Onixomikoz – dırnağın göbələklə zədələnməsi çox yayılmış xəstəlikdir. Şəkərli diabetdən tutmuş qan dövranının pozulmasına qədər bir çox səbəbi var. Ən yayılmış səbəblərdən biri isə travmadır.

    Bildiyimiz kimi, dırnaq qaynağı zamanı dırnaq bilərəkdən zədələnir, yəni travma alır, sonra üstü örtülür və protez dırnağın altında anaerob (havasız) mühit yaranır. Bu iki faktor onixomikozun inkişafına münbit şərait yaradır. Uzun dırnaq saxlayan xanımların əksəriyyətində göbələk xəstəliyi olur. Bir çox halda göbələkli dırnağın üstündən qaynaq edirlər.Həmin göbələk dırnağın yatağına qədər dırnağı çürüdür. Belə olan halda müalicə də uzun zaman tələb edir”.

    Həkim-dermatoloqun sözlərinə görə, çox vaxt dırnaq ustaları qaynaq və ya şellak üçün müraciət edən xanımın allergiyalı olub-olmamasını yoxlamırlar: “Halbuki bunu əvvəldən bilməlidirlər. Çünki pasiyentdə allergik reaksiya ola bilər. Dırnaq qaynağı zamanı istifadə edilən gel və boyalar dəri vasitəsilə qana sovrulur və orqanizmə zərər verir. Kimin immuniteti güclüdürsə, qaraciyəri onu zərərsizləşdirir. Amma orqanizmi zəif, allergik reaksiyalara həssas olanlarda bu hallar böyük fəsada çevrilir. Bununla yanaşı, kontakt dermatit olma ehtimalı da var. Kontakt dermatitin yaranma səbəbi göbələk deyil, insanın hiperhəssaslığıdı. Kontakt dermatitin əlamətləri – qaşınma, sulu qabarcıqlar, şişkinlik aşkar olunanda mütləq dırnaqlar həmin maddədən təmizlənməli və xəstə adekvat müalicə almalıdır. Allergik reaksiyanın sırf nəyə olduğunu aşkar eləmək üçün həmin şəxsə sonradan allergopanel verilsə, yaxşı olar. Allergik reaksiyaların arasında kontakt dermatit müalicəyə ən asan tabe olandı. Yəni səbəb aşkarlanıb aradan götürülərsə, problem də qalmaz”.

    Mütəxəssis vurğulayıb ki, dırnaq qaynağı və şellak peşəkar kosmetoloqlar tərəfindən həyata keçirilməli, gigiyenik normalara mütləq riayət edilməlidir. Bir də prosedurlar arasında dırnağa bərpa olunmaq üçün vaxt vermək lazımdır: “Xanımların çoxu ucuz olsun deyə, peşəkarlığına əmin olmadıqları şəxslərə qaynaq etdirirlər. Alətlərin sterilizə olunub-olunmadığını bilmirlər. Dırnaq qaynağı edənlərin əksəriyyəti pul qazanmaq məqsədi ilə qeyri-professional şəkildə bu işlə məşğul olur, keyfiyyətsiz, ucuz vasitələrdən istifadə edirlər. Ən yaxşısı hər xanımın şəxsi manikür alətləri olsun. Yoxdursa, salondakı alətlərin sterilizə olunduğuna tam əmin olmadan istifadə etməsinlər. Qiymətə deyil, peşəkarlığa və keyfiyyətə üstünlük versinlər. Belə olduqda hər hansı problemlə də rastlaşmazlar. Mən demirəm ki, gözəllik pisdir, amma gözəllik üçün sağlamlıq qurban verilməməlidir”.