Category: Maraqlı

  • Alimlər: həftədə iki dəfə günorta mürgüsü infarkt və insult riskini iki dəfə azaldır

    Günorta yuxusunun faydalarına çoxumuz inanırıq, amma əvvəllər bəzi araşdırmalarda bildirilirdi ki, günorta mürgüləmək vərdişiylə ciddi ürək-damar xəstəlikləri və hətta ikinci tip şəkər xəstəliyi arasında əlaqə ola bilər.

    Median.Az virtualaz.org-a istinadən bildirir ki, İsveçrənin Lozanna şəhərindəki universitet hospitalının alimləri bu məsələyə aydınlıq gətirmək məqsədilə günorta yuxusunun sağlamlığa təsirini öyrənmək qərarına gəliblər.

    Beş ildən çox davam edən araşdırmaya daha əvvəl ürək-damar sistemində heç bir ciddi problemi olmayan 3,5 min isveçrəli cəlb edilib.

    Onlardan bəzilərində həftədə iki dəfədən az olmayaraq günortalar yatmaq vərdişi olub, bəziləri bütün həftə boyu günortalar yatıb, digərləri isə bunu heç vaxt etməyib.

    Araşdırma zamanı iştirakçıların ürək və damarlarının fəaliyyətində müxtəlif dərəcəli 155 nasazlıq faktı qeydə alınıb, həftə ərzində cəmi bir-iki dəfə günorta yatanlar qrupunda ağırlaşma riskinin ən az olduğu üzə çıxıb: hətta siqaret çəkmək kimi zərərli vərdişlər nəzərə alınmaqla da bu riskin 48% azaldığı məlum olub.

    Maraqlıdır ki, mütəmadi olaraq həftədə 5-6 gün günorta yatanlar qrupunda risk göstəricilərində kəskin fərq olmayıb, bəzi hallarda isə, əksinə, artıb.

    Araşdırma müəllifləri hesab edirlər ki, öz-özlüyündə yüksək yuxu göstəricisi orqanizmin işindəki qəza hallarının nəticəsi ola bilər, ona görə də bu qrupun müəyyən hissəsi daha əvvəl də yüksək risk zonasında olub, hərçənd insanlar özləri bunu bilməyiblər.

    Araşdırma daha bir qayda pozuntusunu aşkara çıxarıb: günorta yuxusu rejimi 65 yaşdan yuxarı şəxslərin səhhətinə təsir etmir. Alimlər bunu həmin yaş qrupundakı şəxslərin ümumi sağlamlıq səviyyəsiylə, o cümlədən, daha gənc respondentlərlə müqayisədə onlarda daha çox xəstəlik olmasıyla izah edirlər.

    Günorta yuxusunun tezliyinə fokuslanan İsveçrə alimləri bu faktın eksperiment iştirakçılarının səhhətinə uzunmüddətli təsirini öyrənmək məqsədi güdməyiblər. Onlar bunu sonrakı araşdırmalarda aydınlaşdıracaqlarını bildiriblər.

    Sözügedən eksperiment çərçivəsində iştirakçılar günortalar 5-60 dəqiqə arası yatıblar. Onların bir çoxu etiraf edir ki, 20 dəqiqəlik günorta yuxusu enerji yenilənməsinə kifayət edir.

    Araşdırmanın nəticələri daha əvvəl dərc edilmiş işlərlə ziddiyyət təşkil edir. O işlərin müəllifləri yuxudan ayılma anında arterial təzyiqin artması faktına diqqət çəkərək bunun ürək fəaliyyətində ciddi problemlər yarada biləcəyini vurğulayıblar. Amma İsveçrə alimləri belə bir qanunauyğunluq aşkar etməyiblər.

    Hələ ki alimlər günorta yuxusunun orqanizmə müsbət təsir mexanizmini detallı olaraq izah edə bilmirlər. Böyük ehtimal, günortalar yatmaq stres yükünü atmağa, işə ara verilməsi sayəsində emosional fonu yaxşılaşdırmağa və norması dolmamış gecə yuxusu saatlarının kompensasiyasına kömək edir.

  • Bu qidalar xərçəng xəstəliyindən xilas edir – SİYAHI

    Düzgün qidalanma xərçəng xəstəliyindən xilas edə bilər.

    Bu barədə avstraliyalı alimlər bəyanatla çıxış ediblər.

    Alimlərin fikrincə, bəzi qidaları hər gün qəbul etmək xərçəngə qalib gəlməyə kömək edir.

    Bu siyahıya süd və süd məhsulları, yağlı balıq və qəhvə daxildir.

    Məlum olub ki, hər gün iki fincandan çox qəhvə qəbul edən onkoloji xəstələr digərlərinə nisbətən daha uzun müddət yaşayıblar.

    Ekspertlər məsləhət görürlər ki, gündəlik qida rasionunda yağlı əti 100 qrama qədər azaltmaq, gün ərzində ən azı 30 qram sellüloz qəbul etmək lazımdır.

    Qeyd edək ki, bir müddət əvvəl aparılmış təcrübənin nəticələrinə əsasən, siqaret çəkən və pis qidalanan insanlarda bağırsaq xərçəngi riski 35 faiz artır.

  • Hər gün yediyimiz bu qidalar qida borusu və mədə xərçəngi yaradır – ŞOK ARAŞDIRMA

    Təndir tüstüsü və kəskin duzlu qidalar xərçəng riskini artırır.

    Median.Az xəbər verir ki, bunu SBÜ Van Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi Sabahaddin Çelik deyib.

    Professorun sözlərinə görə, xəstəxanada son dövrlərdə aparılan araşdırmalar nəticəsində məlum olub ki, təndirdən çıxan tüstü və kəskin duzlu qidalar qida borusu və mədədə xərçəngin yaranma riskini artırır. Buna görə də təndir çörəyi belə mədə və qida borusu xərçənginin risk faktorları arasında yer alır. Professor qeyd edir ki, bu tip xərçəng növünə qadınlarda iki dəfə çox rast gəlinir: “Dünya miqyasında daha çox ağ ciyər, prostat və döş xərçəngi genişmiqyaslı yayılmasına görə ilk sıradadır. Lakin bizim bölgəmizdə mədə və qida borusu xərçəngi daha çox yayılıb. Bu da insanların düzgün qidalanmamasından irəli gəlir.

    Sabahaddin Çelik nəzərə çatdırıb ki, bu tip xərçənglərdən qorunmaq üçün qidalanma vərdişlərinə diqqət yetirmək lazımdır: “Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, xərçəng xəstəliklərinin 70%-nin qarşısı alına bilər. Buna görə də insanların həyat tərzləri və qida rasionuna diqqət yetirməsi vacibdir”. (publika.az)

  • DİQQƏT: Yatmazdan əvvəl bu yeməkləri YEMƏYİN – Əks halda…

    Bəzi yeməklər yuxu rejiminə tamamilə təsir edə bilir.

    Median.Az redaktor.az-a istinadən xəbər verir ki, öz növbəsində yuxu rejiminin pozulması insanların pis yuxular görməsinə səbəb olur. Odur ki, yatmazdan əvvəl nə yediyinizə diqqət edin.

    ŞƏKƏRLİ QİDALAR

    Şəkərin çəkini artırması, ürək xəstəliyi, diabet və xərçəng riskini artırdığı məlumdur. Şəkərli qidalar həm də qorxulu yuxular görməyinizə səbəb ola bilər. Buna görə də, yatmazdan əvvəl peçenye və tort yeməkdən çəkinməlisiniz.

    PENDİR

    Pendir də pis yuxu görməyinizə səbəb olan qidalardandır. Ümumilikdə, araşdırmalar nəticəsində yatmazdan əvvəl süd məhsulları qəbul edənlərin qorxulu yuxular gördüyü məlum olub.

    ƏDVİYYATLI YEMƏKLƏR

    Ədviyyatlı yemək və isti sous sizi yuxuda qəribə varlıqlarla qarşılaşdıra bilər. Belə ki, yatmazdan əvvəl acı sous yeyən insanların yuxu rejiminin pozulduğu, yatıqdan sonra isə qəribə yuxular gördüyü ortaya çıxıb.

    ŞOKOLAD

    Şokolad da yuxu rejimini pozur və insanların qorxulu yuxular görməsinə səbəb olur. Bu qidanı günorta yemək daha uyğundur.

    DONDURMA

    Dondurma bir çox insanın imtina edə bilmədiyi qidalardandır. Ancaq yatmazdan əvvəl dondurma yemək qorxulu yuxular gördürür.

  • İsveçli alim “bəşəriyyəti xilas etmək” üçün maraqlı və qəddar yol təklif edir

    Stokholm İqtisad Məktəbinin professoru Maqnus Soderlund insan ətinin qida kimi qəbul edilməsinin tərəfdarı olduğunu bildirib.

    Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, alim bunu “Gastro” elmi simpoziumunda çıxışı zamanı deyib.

    Onu fikrincə, meyitlərdən götürülən insan ətinin qida kimi qəbul edilməsi bəşəriyyəti xilas etməyə kömək edə bilər.

    Soderlund özü də insan ətini yeyə biləcəyini istisna etməyib: “Deməliyəm ki… bunu etməyə hazıram”.

    Alim həmçinin ev heyvanlarını və böcəkləri yeməyi “daha real” variant kimi təklif edib.

    Qeyd edək ki, kannibalizmin insan səhhəti üçün potensial təhlükəsi isveçli alimin bu ideyasının tətbiqinə mane ola bilər. Belə ki, 1960-cı illərdə Papua-Yeni Qvineya sakinləri arasında öz ölülərini yemək adəti mövcud idi. Sonradan bu adət onlar arasında “Kuru xəstəliyi” və ya “gülən ölüm” adı ilə tanınan epidemiyanın yayılmasına səbəb olub.

  • Uşaqlara xarici dili hansı yaşda tədris etmək lazımdır – Alim cavab verib

    Uşaqlara xarici dillərin tədrisini məktəbəqədər yaş dövründə başlamaq lazımdır.

    Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Nijeqorod Dövlət Universitetinin psixofiziologiya kafedrasının dosenti Valeriya Demaryova deyib.

    Onun sözlərinə görə, artıq altı ayında uşağın beyni intonasiya səhvlərinə reaksiya verə bilir: “Deməli, (uşaq – red.) bilik əldə etməyə hazırdır”.

    “Hesab edirəm ki, 3-4 yaşında uşaqlara artıq xarici dili öyrətmək olar və lazımdır. Özü də bunu kiçik, məsələn 4-5 nəfərdən ibarət qruplarda etmək lazımdır”, – Demaryova deyib.

    Onun fikrincə, pedaqoqlar xarici dilin tədrisini əlifba ilə başlamamalıdırlar: burada cizgi filmlərinə baxmaq, şerlər və mahnılar oxumaq daha uyğun olardı.

  • 2000 il əvvəl ağıllı telefonlar olub? – İlginc FOTO

    Rusiyanın Tuva Muxtar Respublikasında arxeoloji qazıntılar zamanı günümzdəki ağıllı telefonlara oxşar əşya tapılıb.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, “Rus Atlantidası” adlandırılan ərazidə yerləşən Nataşa adlı bir qadının məzarından tapılan əşyanın 2137 il yaşının olduğu bildirilib.

    Əslində isə üzərində bugünkü mobil telefonlardakı tuşlara oxşayan nöqtələr olan əşyanın Çin ustaları tərəfindən hazırlanmış bir kəmər aksessuarı olduğu təsbit olunub.

    Tarixi əsər 2016-cı ildə aşkar olunsa da, məlumat ictimaiyyətə yeni açıqlanıb.

  • Gün ərzində ən azı 45 dəqiqə-1 saat gəzinti vacibdir

    Gənclərin böyük əksəriyyəti idmana zaman ayırsa da onlar arasında ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı az deyil. İdman dedikdə ağlımıza hansısa qapalı idman zalı gəlir. Əslində isə bu, heç də sağlam üsul deyil. Daha yaxşı olardı ki, insanlar açıq havada qaçmağa, müxtəlif idman hərəkətləri etməyə üstünlük versinlər.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri ürək-damar cərrahı Anar Əmrah deyib.

    Cərrahın sözlərinə görə, gün ərzində ən azı 45 dəqiqə-1 saat gəzinti vacibdir: “Həmişə vurğulayırıq ki, sürətli qaçmaq lazım deyil. Çünki yarış tərzinə bənzəyən idman növləri stress əmələ gətirir. Mütəxəssislər ona görə də bunu tövsiyə etmirlər. Yaxşı olardı ki, insanlar hər gün təmiz havada gəzsin, bir-biri ilə söhbət etsinlər”.

  • Sosial şəbəkələrin yaratdığı yuxusuzluq sindromu – PSİXOLOQDAN XƏBƏRDARLIQ

    Əgər yata bilmirsinizsə, çoxdandır şirin yuxuya həsrətsinizsə, maqniy elementini yoxladın. Orqanizmdə maqniy elementi 300 biokimyəvi reaksiyada iştirak edir. Onun 10 əlamətindən biri də yuxu pozğunluğudur.

    Amma yeganə səbəb deyil. Bu gün insanların iş rejimi, gündəlik məişət həyatında qarşılaşdıqları, stress, yorğunluq, əsəb, daxili sıxıntılar, narahatlıq və s. hallar insanlarda yuxu sisteminin dağılmasına, yuxusuzluq sindromuna səbəb olur.

    Azərbaycanda 10 adamdan 7 nəfərinin yuxu pozğunluğundan əziyyət çəkdiyinə əmin olasan.

    Medicina.az xəbər verir ki, bu barədə Psixoloq Fərqanə Mehmanqızı “Yeni Müsavat”a bildirdi ki, yuxusuzluq sindromu həm nevroloji, həm psixoloji aspektdən araşdırılmalıdır.

    Onun sözlərinə görə, indiki zəmanədə yuxusuzluğun əsas amili vaxtın sürətlə keçməsidir: “Əvvəl deyilirdi ki, yuxusuzluğu stress yaradır. Bu faktordan imtina etmirik. Amma bu gün stressin yaranması zamanın sürətlə keçməsindən irəli gəlir. Nəzərə almaq lazımdır ki, internet dövrüdür, əksəriyyət sosial şəbəkədədir, hər kəsin əlində planşet, mobil telefon var və insanlar həyatını sosial şəbəkəyə bağlayırlar.

    Onlar sanki dördbucaq bir qutunun içindədirlər və oradan dünyaya baxırlar. Onların həyata baxışı yalnız telefondandır və bu da asılılıq yaradır və gərəksiz stressə gətirib çıxarır.

    İnsanlar fiziki və psixoloji olaraq sosial şəbəkələrin əsirinə çevriliblər. Hətta telefondan istifadə qadağası olan iş yerlərində çalışan şəxslər daha aqressiya nümayiş etdirirlər. Onlar iş saatı qurtaran kimi telefonu götürürlər və ondan ayrılmırlar. Çünki özlərini real həyatda detil, orada tapırlar. Yuxu isə real həyatdır”.

    Psixoloqun fikrincə, yuxu insanları internetdən ayırır: “Diqqət edin, insanlar özünə ziyan vurub gecələr yuxusuz qalırlar, internetə qoşulurlar. Sosial şəbəkələrdə aktivliyin ən pik vaxtı axşamlar olur. İnternetə görə yuxularına haram qatırlar. Sonra şikayətlənirlər ki, yata bilmirik. Mənim yanıma gələn pasientlər arasında belələri ilə rastlaşmışam. Deyir ki, yuxuya gedə bilmirəm. Soruşuram, niyə? Cavab verir ki, əlimdə telefonla oynayıran. Əgər insan yatağında kitab oxusa yuxusu qaçmaz, tez yatar.

    Amma sosial şəbəkə yuxusuzluq yaradır. Bundan sonra aqressiya, həssaslıq, stress gəlir. Yəni əsas səbəb sosial şəbəkədir. Amma birmənalı olaraq yalnız bununla əlaqələndirmək də olmaz.

    Yaşlı insanlar var ki, internetə qoşulmurlar, amma yuxu pozğunluğundan əziyyət çəkirlər. Bunun da müxtəlif səbəbləri olur”.

    İnternet portallarında gedən məlumatlarda isə deyilir ki, mütəmadi olaraq yuxu pozğunluğundan əziyyət çəkən insanların beyni 7 il tez qocalır.

    Yuxusuzluq insanı ruhi xəstəliyə aparan ən rahat və qısa yoldur. Buna görə də yuxusuzluq sindromunu tez bir zamanda yox etmək lazımdır.

    Yuxusuz insan aqressiv olur, düzgün qərarlar qəbul edə bilmir, yaddaşı zəifləyir. Həmçinin onun nəfəs yollarında problemlər yaranır.

    Yuxusuzluq orqanizmdə bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Qanda oksigen çatışmazlığı, dəyişikliklər meydana gəlir. Yuxusuzluq zamanı həmçinin ürək, ağciyər və hormonal xəstəliklər də özünü göstərir.

    Dünyada hər on insandan beşi yuxusuzluğun müxtəlif növlərindən əziyyət çəkir. Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, yuxusuzluq zamanı insanda müxtəlif xəstəliklər əmələ gəlir.

    Mütəmadi şəkildə 6 saatdan az yatmaq bir müddətdən sonra qandakı şəkərin miqdarını sürətlə artırır. Şəkərli diabetin yaranmasına səbəb bədəndəki insulinin hüceyrələrə nəqli zamanı yaranan pozğunluq nəticəsində qlükozanın qanda yığılması və bu zaman mədəaltı vəzin normadan artıq insulin ifraz etməsidir.

    İnsulini normada saxlayansa yuxudur. Yuxusuzluq həmçinin cinsi pozğunluğa və astma xəstəliyinin yaranmasına gətirib çıxarır.

    Yuxusuzluğun yaratdığı digər bir fəsadsa xərçəng xəstəliyidir. Yuxu pozğunluğuna qarşı tədbir görülməzsə, bu, ölümlə nəticələnə bilər. Alimlərin qənaətinə görə, yuxusuzluq özünüöldürmə həddinə belə gətirib çıxarır.

    Yuxusuzluq gənclər arasında daha çox yayılıb. Bu hal çox təhlükəlidir. Adətən orqanizmi sağlam olan gənc yuxuya meyilli olur.

    Düzgün qidalanmayan, havasız şəraitdə çox olan gənclərdə gepaksiya əlamətləri yaranır. Bu da yuxusuzluğa gətirib çıxarır.

    Məktəbli uşaqlarda və gənclərdə yuxusuzluq qıcolma sindromu olmadan gizli gedən epilepsiya xəstəliyinin əlaməti ola bilər.

    Yuxusuzluq halları yaşlılarda da çox olur. Bu, beyin damarlarının aterosklerozu və atrofiyasıdır. İnsan ayaqüstə yatır, yuxulu olur, amma yatağına girəndə yata bilmir. Yaşlılarda yuxusuzluğun səbəbi bir də qaraciyər xəstəlikləridir.

    Əgər insan 1 həftə yuxu yata bilmirsə, o, 1 həftədən sonra tam ruhi xəstə olur. Yuxusuzluq zamanı beyində oksigen çatışmazlığı baş verir. Beyində oksigen çatışmazlığının ilkin əlaməti vaxtlı-vaxtsız əsnəməkdir. Beyində qan dövranı o qədər kasadlaşır ki, beyin maddələr mübadiləsində iştirak etmir.

  • Aşırı dərəcədə yağlı qidalar qəbul etməyin ZİYANLARI

    Düzgün qidalanmaq, orqanizmə zərər verən məhsullardan uzaq olmaq sağlamlığın əsas şərtlərindən biri sayılır. Qəbul edilən qidaların tərkibi nə çox yağlı, nə də çox duzlu olmamalıdır.

    Median.Az Azərtaca istinadən xəbər verir ki, həkim-diyetoloq Ləman Süleymanova bu barədə deyib: “Bişirilən qidalara aşırı dərəcədə yağ əlavə etmək düzgün deyil, çünki onların reaksiyasından orqanizmdə ağır maddələr əmələ gəlir. Xüsusilə arterial təzyiqi yüksək olanlara, ürək-damar xəstəliyindən əziyyət çəkənlərə belə qidalar mənfi təsir edir. Yağın çoxluğu həzm prosesini ləngidir və şəkərli diabet xəstələri üçün həyati təhlükəyə səbəb ola bilər”.

    Tez-tez yemək, yağlı yeməklərlə bərabər qazlı sular içmək tamamilə yanlışdır. Süfrədə yağlı yeməklərlə yanaşı, mütləq həzmə rahatlıq gətirən göyərti və ağartı məhsulları da olmalıdır. Ağır yeməklərdən əvvəl yüngül qida və salatlar qəbul edilməlidir.

    Həkim-diyetoloqun dediyinə görə, sağlamlığı qorumaq üçün bəzi məqamlara diqqət yetirmək lazımdır: “Şüyüd, cəfəri, darçın çubuqları, az miqdarda zəncəfil, xiyarı xırda-xırda doğrayıb yeməklərə əlavə etmək məsləhətdir. Evdə hazırlanan detoks çayı axşam yeməyindən əvvəl də istifadə olunması faydalıdır, yeməkdən sonra isə detoks çayın dəmləmə variantını qəbul etmək olar. Onun qəbulu yağlı qidaların tərkibindəki xolesterinin orqanizmdən xaric olunmasını təmin edir”.

    Yeməkdən dərhal sonra meyvə qəbul etmək də tövsiyə edilmir. Qidanın asan və rahat həzmi üçün yeməkdən yarım saat sonra bitki çayı içmək məsləhət görülür.