Category: Maraqlı

  • Dünyanın ən qorxunc “görməli yeri” haradır?

    Meksikanın paytaxtı Mexiko şəhərinin yaxınlığında yerləşən “Kuklalar adası” ağacdan asılan minlərlə qorxunc gəlinciyə görə turistlər üçün dünyanın ən qorxulu “görməli yeri” adını qazanıb.

    Median.Az fins.az-a istinadən bildirir ki, 1950-ci illərdə həmin adada Xulian Santana Barrera (Don Julian Santana Barrera) adlı keşiş yaşayıb. O, dini inanclarına görə doğma şəhərindən buraya sürgün edilib.

    Bir gün keşiş suda boğulan qızın qışqırıq səsini eşidərək yardıma tələsib, lakin xilas edə bilməyib. O, suda qızın kuklasını tapıb və yadigar olaraq ağacdan asıb.

    2001-ci ildə vəfat edən Barrera bu əfsanəni ölümündən öncə danışıb. O, adadakı çay sularında kuklalar tapdığını və batan qızın ruhuna ehtiram olaraq onları ağaclardan asdığını deyib.

    Keşiş özündən sonra ağaclarda çoxlu sayda qorxunc plastik və parça kuklalar qoyaraq elə həmin adada ölüb. O, orada yaşayan yeganə adam olub.

    Ölən qızın ruhunun hələ də bu məkanda dolaşdığı barədə gəzən şayiələrə baxmayaraq, turistlər bu yer haqqında xəbər tutub adaya axın etməyə başlayıblar.

    “Ziyarətçi”lərin sözlərinə görə, ada həqiqətən də qorxunc görünür. Kuklaların çoxunun üstünü tor və kif bürüyüb. Oyuncaqların bəzilərinin başı çıxarılaraq yerə sancılmış çubuğa keçirilib.

    Barreranın əfsanəsindəki qızın ölüm faktı təsdiqlənməsə də, turistlər qorxunc məkanı canlı görmək üçün bütün dünyadan buraya axışırlar.

  • İnsan tərindən ətir HAZIRLANDI

    Finlandiyanın Mirum Helsinki Agentliyi əməkdaşlarının tərindən hazırlanmış ətir (parfüm) istehsal edib.

    Median.Az Rusiya mətbuatının verdiyi məlumata istinadən xəbər verir ki, Ətir “Creative Essence” adlandırılıb.

    Onun tərkibinə şirkətdə işləyən bütün insanların tər damcılarını daxil ediblər. Həm də ayrıca ənənəvi maddələr əlavə edilib. Ətir işə qəbul kampaniyasının bir hissəsinə çevrilib.

  • Pəhrizsiz arıqlamağın sadə yolu

    Dietoloq Qreymi Tomilson rasionda radikal məhdudiyyətlər tətbiq etmədən sadə arıqlama üsulundan danışıb.

    REN TV xəbər verir ki, mütəxəssisin tövsiyələri barədə “The Sun” nəşri yazır.

    O, sevdiyimiz yeməklərin porsiyalarını azaltmağı təklif edir. Ekspertin sözlərinə görə, bəzən yeməklər çox da böyük görünmür, lakin əslində onların tərkibində orqanizmə lazım olandan üç qat çox kalori olur.

    Tomilson pepperoni pizzasını misal çəkib. Standart pizza 678 kalori, böyük pizza isə təqribən 2 min kaloridən ibarətdir.

    Dietoloq qeyd edir ki, bir dəfə pəhrizi pozmaqdansa, sadəcə, yüksək kalorili içkilərin və məhsulların miqdarını azaltmaq lazımdır. Adətən, məhz onlar artıq çəkiyə səbəb olur.

  • Əfsanəvi cərrah xəstəliklərin gizli səbəbini açdı

    Bütün dünyanın tanıdığı ukraynalı alim, akademik, ürək cərrahı Nikolay Amosov 90 il yaşamış və öz timsalında sübut edib ki, qocalıq prosesini gecikdirmək mümkündür.

    Bir çox elmi əsərlərin müəllifi və RON sağlamlaşdırma metodologiyasının (“Məhdudiyyətlər və yüklər rejimi”) yaradıcısı ömrü uzatmaq, eyni zamanda aydın düşüncəni qorumaq üçün bir çox üsul təklif edib.

    Nikolay Amosov qidalanma sisteminə və fiziki aktivliyə böyük əhəmiyyət verirdi. O, hesab edirdi ki, bu iki əsas amil olmadan insan sağlam ola bilməz. Akademik kitablarında açıqladığı nəzəriyyəni öz üzərində sınayıb.

    Median.Az bu yazıda oxucuları Amosovun faydalı tövsiyələri ilə tanış edir:

    1. Sağlamlıq insanın təbii vəziyyətidir

    Həkimlər xəstəlikləri müalicə edir, lakin sağlamlıq təlimlərin köməyi ilə qorunmalıdır. Çünki sağlamlıq orqanların və bütün fiziologiyamızın “ehtiyat gücləridir”.

    Bu qabiliyyətlər stress (fiziki və zehni) altında normal funksional fəaliyyəti qorumaq, xəstələnməmək və ya xəstələnəndə ölməmək üçün zəruridir. Bu güclər dərmanlarla qazanılmır. Yalnız məşqlər və təlimlərlə.

    2. Çox vaxt insanlar tənbəllikdən və acgözlükdən xəstələnir

    Xəstəliyi hər kəs hiss edir: xoşbəxtliyi hiss etməyə, hətta yaşamağı çətinləşdirən müxtəlif funksiyaların qıcıqlandırıcı pozğunluğu.

    Səbəbləri də məlumdur: xarici “təsirlər” (infeksiya, ekologiya, sosial yük), diqqətsizlik, ağılsız davranış, bəzən – doğuş qüsurları.

    Amosov iddia edir ki, insan təbiəti güclüdür. Ən azı əksər insanlar üçün.

    “Xəstəliklərində yalnız adamın özü günahlandırılmalıdır. O, çox vaxt tənbəllik və acgözlük nəticəsində, bəzən isə ağılsızlıq və cahillik ucbatından xəstələnir. Bəli, kiçik xəstəliklər qaçılmazdır, lakin ciddi olanlar əksər hallarda qeyri-sağlam həyat tərzindən yaranır: aşınma nəticəsində ehtiyatların azalma. Xarici şərtlər, yoxsulluq, stress – ikinci yerdə dayanır” , – deyə ürək cərrahı qeyd edir.

    3. Həkimlərə etibar etməyin!

    Həkimlərin sizi sağaldacağını gözləməyin. Sizi xilas edə, hətta xəstəliyi müalicə edə bilərlər, ancaq sonrası birbaşa özünüzdən asılıdır.

    “Tibbin qüdrətini inkar etmirəm, hər halda bütün ömrüm boyu ona xidmət etmişəm. Lakin sağlamlıq haqqında da çox şey bilirəm – nəzəri və praktik olaraq. Əgər cavansınızsa və narahat edici simptomlar yoxdursa, onda ən kiçik xəstəlikdə klinikaya qaçmamalısınız. Həkimlərimiz təbiətə etibar etmir, dərmanlara və dincliyə tuşlanırlar. Onların əsiri olmayın. Mütləq bir xəstəlik tapıb sizi müalicəyə və istirahətə inandıracaqlar. Bədənin güclü müdafiəsi var – immun sistemi, kompensasiya mexanizmləri. Özləri işləyəcəklər, sadəcə bir az vaxt verməlisiniz”.

    4. Çəkiyə nəzarət edin

    Qidalanma qaydaları çox sadədir: minimum yağ, gündəlik 300 qram tərəvəz və meyvə.

    5. Məşq edin!

    Bədən tərbiyəsi hər kəs, xüsusilə uşaqlar və yaşlı insanlar üçün vacibdir. Bu gün demək olar ki, heç kim işdə fiziki işlə məşğul olmur, odur ki, ideal məşq saatı hər kəs üçün hər gün bir saat olmalıdır.

    Bunu etməyə gücünüz çatmırsa, hər gün heç olmasa 20-30 dəqiqə gimnastika edin (təxminən 1000 hərəkət), məşqə qantel də daxil edə bilərsiniz. Bədən tərbiyəsinə əlavə olaraq, bir km yerimək məsləhətdir.

    “Zəif bir insan xəstəliklər, həkimlər və məşqlər arasındakı üçbucaqdakı optimal yolu necə tapa bilər? İkincisini seçin – məşqlər və məhdudiyyətlər. Heç olmasa çox cəhd edin. İnanın ki, işə yarayacaq”. (publika.az)

  • Sağlamlığımızla bağlı əhəmiyyət vermədiyimiz – 17 FAKT

    Günümüzdə insan anatomiyası və sağlamlığı barədə bir çox şey məlumdur, tədqiqatların nəticələri də hər kəs üçün əlçatandır. Lakin qarşısı alına biləcək səbəblərdən ölənlərin sayı hələ də çoxdur: buna təsir edən əsas amillər yanlış qidalanma, fiziki aktivliyin az olması və bu iki “zəifliyin” doğurduğu problemlərdir.

    Görünür, elmin bizə hədiyyə etdiyi biliklərdən hər kəs istifadə etmir.

    Sağlamlıq haqqında bilməli olduğumuz faktların siyahısını təqdim edirik:

    1. Şəkər siqaret qədər zərərlidir

    Şəkərin həddən artıq çox istifadəsi siqaret çəkmək kimi, ürək-damar sisteminə təsir edir, insult riskini artırır və hətta bəzi xərçəng növlərinin inkişafına səbəb olur.

    Gün ərzində ən çox 6-7 qaşıq istifadə etdikdə, təhlükə xeyli azalır. Amma hansımız bunu edirik? Məsələn, çay və qəhvəni şəkərsiz içsək də, eyni zamanda, rasionumuza müxtəlif içki, sous, şirniyyat və şəkər dozası yüksək olan digər məhsullar daxil etməklə böyük miqdarda şəkər istifadə etmiş ola bilərik.

    2. Aktivlik uzun ömrün açarıdır


    Müasir həyat ritmində fiziki aktiv qalmaq (daha çox gəzmək, idman zalına getmək və qrup şəklində məşqlərə qatılmaq) hər kəsdə alınmır. Lakin orqanizmimiz üçün bunun nə dərəcədə zəruri olduğunu təsəvvür belə etmirsiniz. Bu yaxınlarda aparılan tədqiqat sübut edir ki, aktiv və passiv insanların arasında ölüm riskindəki fərq 80 faizə çata bilər. Siqaret çəkənlər, diabet və ürək xəstəliyi olanlarda da ölüm riskinin faizi eyni dərəcədə yüksəkdir.

    Passivlik daha bir problem yarada bilər – piylənmə. Bu, dünyada ölüm faizini artıran əsas amillərdəndir və bir çox xəstəliklərə səbəb olur. Fiziki məşqlər dərman şəklində satılsaydı, həkimlərin ən çox yazdığı preparat olardı.

    3. Optimizm sağlamlığa müsbət təsir edir

    İnsanlar yaşlandıqca daha pessimist olurlar. Bəlkə də, bunun öz səbəbləri var. Lakin sağlamlıq naminə optimistliyi qorumaq lazımdır. Tədqiqatlar sübut edir ki, optimistlər öz sağlamlıqları barədə daha çox bilirlər, daha sosialdırlar, xəstəlik və çətinliklərlə daha rahat mübarizə aparırlar. Tez-tez gülmək ürək-damar xəstəlikləri riskini də azaldır.

    4. Gün ərzində hətta 10 dəqiqə məşq etmək orqanizmə ciddi təsir göstərir

    Gündə cəmi 10 dəqiqə məşq etməklə siz çəkinizə nəzarət etmək, əzələ yığmaq və oynaqları qorumaqla yanaşı, stressə davamlılığınızı da artıracaqsınız.

    5. Yumşaq torpaq və ya qaçış trenajorunda qaçmaq daha yaxşıdır

    Yumşaq yerdə qaçmaq daha rahatdır. Bu, oynaq və onurğa travması almaq ehtimalını azaldır. Lakin ümumi bərkimə üçün arada möhkəm yerdə də qaçmaq faydalıdır.

    6. Gəzmək qaçmaqdan pis deyil

    Əgər hər hansı bir səbəbdən sizə qaçmaq çətindirsə, daha çox piyada gəzməklə kifayətlənə bilərsiniz. Vaxtın olmaması, sadəcə, bəhanədir: məsələn, bir dayanacaq tez düşüb piyada getmək, liftdən imtina etmək olar. Variantlar çoxdur, əsas tənbəllik etməməkdir.


    7. 90 dərəcə düz oturmaq kürəyə mənfi təsir göstərir

    Qamət haqqında düşünməsəniz, çətin ki, düz oturasınız, daha çox sizə rahat olduğu kimi oturacaqsınız. Yəni “qaydasında” oturmaq üçün siz gərginləşirsiniz. Zamanla bu, ağrılara səbəb olacaq, qaməti isə fitnes, yoqa və başqa üsullarla düzəltmək mümkündür.

    8. Meditasiya istirahətdən daha yaxşıdır

    Adi istirahət, sözsüz ki, sizin əhvalınızı xeyli düzəldəcək, lakin bu, çox qısamüddətli effekt verəcək. Çoxsaylı tədqiqatlar sübut edir ki, meditasiya daha uzunmüddətli müsbət nəticə verir. Bu işdə yeni olanlarda dəyişiklik daha gözəçarpandır.

    9. Biz soyuqdan soyuqlamırıq

    Belə bir mif mövcuddur ki, soyuqdəymə orqanizmin həddindən artıq soyumasının nəticəsidir, amma bu, belə deyil, soyuqdəyməyə səbəb virusdur. Sadəcə, soyuq vaxtlarda onun yayılması üçün mühit daha əlverişlidir: otaq və nəqliyyat vasitələrinin havası dəyişdirilmir və virus rahat şəkildə insandan insana ötürülür.

    Yeri gəlmişkən, KRVİ (Kəskin respirator virus infeksiyaları) müalicə olunmur: antibiotiklər viruslara qarşı təsirsizdir, alternativ təbabətin effektivliyi də sübut olunmayıb. Edə biləcəyimiz yeganə şey simptomlarla mübarizə apararaq, öz vəziyyətimizi yüngülləşdirməkdir.

    10. Ürək-damar xəstəlikləri xərçəngdən daha qorxuncdur

    Adətən, sağlam insanlar ürəklə bağlı problemlərdən çox, xərçəngdən qorxurlar, lakin statistik məlumatlara əsasən, ürək xəstəliklərindən ölmək riski qat-qat yüksəkdir. Xoşbəxtlikdən biz bu xəstəliklərin profilaktikası haqqında çox şeyi bilirik: yenə də fiziki aktivlik, sağlam qida, zərərli vərdişlər və alkoqoldan imtina.

    11. Sizin yuxunuzun keyfiyyəti yatdığınız döşəkdən asılı ola bilər


    Tədqiqatlar göstərir ki, sərt döşək bədənin bud, çiyin hissələrinə təzyiq göstərərək, nəticədə, kürək və boyun nahiyəsində ağrılara səbəb olur.

    12. Yaşlandıqca beynimizin ölçüsü azalır

    60-70 yaşından sonra neyronların itirilməsi əqli bacarıqların azalmasına və yaddaş zəifləməsinə səbəb olur. Bu proses qarşısıalınmazdır, lakin onu yavaşlatmaq olar. Zərərli vərdişlərdən imtina, bədənin yaxşı formada saxlanılması, eləcə də, yüngül beyin məşqləri (krossvord həlli və ya sadəcə kitab mütaliəsi) burada müsbət təsir göstərə bilər.

    13. Tərləmə kalori və piyi əritmir


    Tər orqanizmin bədənin yüksək temperaturuna göstərdiyi reaksiyasıdır və sadəcə, su ilə duzları bədəndən çıxarır. Artıq çəki və ya yaxşı fiziki hazırlıq tərləməni artırır. Düzdür, itirdiyiniz maddələr sayəsində bir balaca çəki atacaqsınız, lakin adi su içməklə hər şey əvvəlki halına qayıdacaq. Piy, əsasən, nəfəs vasitəsilə çıxır.

    14. Piyin müəyyən nahiyədə əridilməsi mifdir

    Piyin müəyyən nahiyədə əridilməsi üçün edilən məşq və pəhrizlər digərlərindən fərqlənmir, yəni bütün bədənə təsir edir. Piylərin harada yığılması barədə qərarı orqanizmimizin özü verir, biz buna təsir göstərə bilmərik. Bud və qarnınızın arıqlamasını istəyirsizsə, bütövlüklə arıqlamalısınız.

    15. Yağın miqdarı az olan məhsullar arıqlamağa kömək etməyəcək

    Əgər yeməkdə yağ azdırsa, çox güman ki, onun ya şəkəri, ya duzu çoxdur. Bu isə vəziyyəti daha da korlayır. Əks təqdirdə bütün zərərli yeməklər bu qədər dadlı olmazdı. Yağın özü insanı kökəltmir, səbəb onda olan kalorilərin çoxluğu, nizamlanmış pəhrizin olmaması və fiziki passivlikdir.

    Məhsullarda kifayət qədər yağın olması insanı doydurur və biz uzun müddət acmırıq. Bəzi yağlı məhsullar isə arıqlama prosesində kömək də edir. Məsələn, yumurta, zeytun yağı, süd məhsulları, qoz və avokado.

    16. Gündə səkkiz stəkan su içmək lazım deyil


    Alkoqoldan başqa, istənilən içki bizə su verir. Suyun gündəlik normasını adi rasionumuzdan ala bilərik. Yalnız intensiv məşqlər zamanı çox su itirildiyindən daha çox mayeyə ehtiyac olur. Öz orqanizminizə qulaq asın: istədiyinizdən artıq su içsəniz, siz sadəcə olaraq ayaq yoluna daha çox getməli olacaqsınız.

    17. Təbii olması sağlam və ya faydalı olması demək deyil

    Çoxları üçün “kimyəvi” və “sintetik” sözləri çəkinməli olduqları bir şeyi xatırladır. Lakin özümüz daxil, ətrafımızdakı hər şey kimyəvi maddələrdən ibarətdir. Onlardan bəziləri tamamilə təhlükəsiz və hətta faydalıdır, bəziləri isə zərərli. Belə ki, təbii bitkilərdən alınan əlavələr laboratoriya tədqiqatları nəticəsində alınanlardan daha zərərli ola bilər. Məsələn, sintetik vanilin təbii vanilindən geri qalmır, istehsalı isə qat-qat ucuz başa gəlir.

  • ŞOK İXTİRA: insan gözündən daha üstün elektron linza

    Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mühəndisləri süni əzələ və düz kontakt linzaların yaradılması texnologiyalarını birləşdirərək obyektlərin şəkillərini onları insan gözünün gördüyü kimi çəkən yeni elektron linza hazırlayıblar.

    Median.Az “ictnews”a istinadən xəbər verir ki, linza süni əzələlərin bərkliyi nazik, şəffaf dielektrik elastomerdən ibarətdir. Linza və əzələnin birgə qalınlığı 30 mk, qurğunun diametri təxminən 1 sm-dir.

    Kiçik ölçülü nanostrukturların köməyilə yeni linza görünən işığın bütün spektrini bir nöqtədə toplamaq qabiliyyətinə malikdir. Bu, ona eynilə insan gözündə olduğu kimi real vaxt rejimində fokusu dəyişdirməyə imkan verir.

    Yeni linza bəzi aspektlər üzrə insan gözünü üstələyir – məsələn, sözügedən linza insan gözü üçün əlçatmaz olan astiqmatizmə düzəlişlər edə bilər.

    Tədqiqat müəllifləri məlumat veriblər ki, yaxın vaxtlarda yeni linzaların istehlak kameraları və cihazlarda tətbiq olunma ehtimalı son dərəcə azdır – ehtimal ki, yeni linzalar 10 il sonra istifadə ediləcək.

  • Qətiyyən duza qoyulmuş tərəvəzlər yeməyin. Çalışın… – Mikroblarla mübarizə

    Orqanizmimiz mikroblarla doludur. Mikrobların insan orqanizminə həm xeyri, həm də ziyanı var. Əsas odur ki, mikrobların miqdarı bərabər olmalıdır. İnsan orqanizminin mikrob disbalansının pozulması disbakterioz xəstəliyinə səbəb olur.

    Median.Az Axşam.az-a istinadən xəbər verir ki, disbakterioz zamanı normal və atipik mikroflora arasındakı tarazlıq pozulur. Bu xəstəliyə yaşlıların 90 faizində, uşaqlarınsa 95 faizində rast gəlmək mümkündür. Disbakterioz əsasən, nazik və yoğun bağırsaqda aşkarlanır. Nazik bağırsaqda disbakterioz sərbəst yox, hansısa bir xəstəlikdən sonra meydana gəlir. Yoğun bağırsağın disbakteriozu isə normal mikrofloranın müxtəlif səbəblərindən (orqanizmin müdafiə qüvvsinin zəifləməsi, həzm traktı xəstəlikləri, qeyri-düzgün qidalanma) baş verə bilər.

    Yenicə doğulmuş körpələrdə disbakterioz xəstəliyinin yaranmasının bir neçə səbəbi var. Onlar arasında ananın körpəni gec əmizdirməsi, bağırsaq funksiyasının yetişməməsi ilkin sıradadır.

    Disbakterioz zamanı bağırsaqda candida cinsinə aid olan şərti-patogen göbələkləri çoxalmağa başlayır. Bu zaman kökəbənzər uzun substansiyalar inkişaf edir. Nəticədə, həzm traktı ilə qan damarları arasında sərhəd pozulur və həzm olunmayan zülallar qana keçərək, immun sisteminə təsir göstərir.

    Disbakteriozun səbəbləri:
    ¨ Antibiotiklər
    ¨ Hormonal dərmanlar
    ¨ Antidepressantlar
    ¨ Məbə xorası
    ¨ Kolit
    ¨ Konservləşdirilmiş ərzaqlar
    ¨ Keyfiyyətsiz ət

    Disbakteriozun əlamətləri:
    ¨ İshal
    ¨ Steatoreya
    ¨ Çəkinin günü-gündən azalması
    ¨ Anemiya
    ¨ İştahasızlıq
    ¨ Qarında köp
    ¨ Ağızda xoşagəlməz dad
    ¨ Ürəkbulanma
    ¨ Ən ağır halda isə bağırsaq xorası meydana çıxır
    ¨ Saçların tökülməsi
    ¨ Aqressivlik
    ¨ Tez yorulma

    Xəstəliyin fəsadları:
    Müalicəsiz qalan xəstəlik daha da irəliləyərək, bir çox fəsadlar ortaya çıxarır. Xəstədə ekzema, bronxial astma, qaraciyər sirrozu, şəkərli diabet, allergiya kimi xəstəliklər əmələ gəlir. Hətta müalicəsiz qalan disbakterioz yoğun bağırsaq xərçənginə də səbəb olur.

    Profilaktikası:
    Spirtli içki qəti qadağandır. Xroniki stres faktorlarından uzaq olmaq lazımdır. Qidalanma rejiminə nəzarət edilməlidir. Süd məhsullarının qəbulu məsləhət görülür. Antibiotik və digər infeksiyaəleyhinə preparatlar qəbul edilməlidir.

    Diqqət! Diqqət!
    Disbakterioz zamanı yeməkdən sonra çay və ya kofe içmək olmaz. Qətiyyən duza qoyulmuş tərəvəzlər yemə. Çalışın, qızartma yeməklərdən uzaq olun.

    Disbakterioz əleyhinə əla vasitə:
    ¨ Səhər və ya axşam bir diş sarımsaq yemək orqanizmin mikrob balansını tənzimləyir, disbakteriozun qarşısını alır.
    ¨ Bataqlıq zanbağından 10 qr., tikanlı murdarça qabığından 30 qr., nanə qurusundan 20 qr., gicitkən yarpağından 20 qr., zəncirotu kökündən 10 qr., pişikotu kökündən 10 qr. götürüb qarışdır. Qarışıqdan 1 xörək qaşığı götürüb, 1/2 stəkan qaynar suya töküb dəmlə. Gündə iki dəfə bu dəmləmədən iç.
    ¨ 20 qr. tikanlı murdarça qabığını, 20 qr. anisi, 10 qr. boymadərəni, 20 qr. sarpet xardalını, 30 qr. biyan kökünü qarışdır. Qarışığın üstünə 1 litr su tök. Məlhəmdən gündə 2 dəfə 1/2 stəkan iç.
    ¨ Mərsindən, dəmrovotundan, nanədən, qarağat yarpağından, öküzboğandan, qızıl çətirdən eyni miqdarda götürüb qarışdır. Bu qarışıqdan 0,5 litr qaynar suya 2 xörək qaşığı töküb, 1 gecə termosda saxla. Gündə iki dəfə, yeməkdən 30 dəqiqə əvvəl məlhəmdən yarım stəkan iç.

  • İNSAN SKELETLƏRİ ilə bəzədilən kilsə

    Dünyanın ən vahiməli kilsələrindən biri də Santa Mariya della Konçesione adlanır. Kənardan digər kilsələr kimi standart memarlığa malik olan binanın içərisinə girəndə qorxudan titrəməmək mümkün deyil.

    Sizcə, niyə?

    Median.Az
    xəbər verir ki, kilsənin divarları minlərlə insan skeleti ilə bəzədilib.

    Romaya gələn turistlər, habelə şəhər əhalisi bu kilsəyə ayaq basmağa ehtiyat edirlər..

    Kilsə 1626-cı ildə Roma papası VIII Urbanın tapşırığı ilə inşa edilib. Binanın bəzədilməsində Karavaco kimi dahi rəssamın da zəhməti var.

    5 ildən sonra kilsə tam hazır olanda, kapusin monaxlarının qəbristanlığındakı skeletlər binaya gətirilir.

    Xatırladaq ki, kapusinlərin inanclarna görə, skelet heç də vahimə obyekti syılmırdı. Əksinə, insanın ölümü daim xatırlaması üçün əla vasitə idi. Onlar tez-tez “Memento mori” ( Ölümü xatırla) deməyi sevirdilər.

    İllər keçdikcə, kilsə əməkdaşları insan qalıqlarından barokko tipli bəzəklər hazırlamağa başladılar.

    Bu kilsənin bəzədilməsində nə az, nə çox 4000 insan qalığı, kəllə sümüyü istifadə olunub.

    Səbəb nə olursa-olsun, əsəbi zəif insanlar bu kilsədən yan qaçırlar. (publika.az)

  • Qaynaq saçlar, dırnaq və maqnit kipriklərlə MRT etdirmək olmaz – XƏBƏRDARLIQ

    Son illər qadınların dəb xatirinə üz tutduğu bu prosedurlar MRT, KT kimi müayinələr zamanı xəstəyə ciddi yanıq və travma yaşada bilər.

    Median.Az medicina.az-a istinadən bildirir ki, saçları qaynaq, dırnaqları qaynaq, eləcə də kiprik qaynağı etdirən xanımlar MRT-ə girməzdən öncə bunları çıxarmalıdır, eləcə də kosmetika yuyulmalıdır.

    Maqnit kipriklər, qaynaq saçları birləşdirən metal predmetlər həm MRT müayinənin nəticələrinə təsir edir, eləcə də prosedur zamanı xəstəni zədələyə bilər. Maqnit kipriklər güclü cazibə qüvvəsi nəticəsində qopa, hərəkət edə və gözləri zədələyə bilər.

    Müasir gel dırnaq boyalarına metal komponentlər qatılır. Əgər siz üzərinizdə cüzi də olsa metal əlavə olmasını bilirsizsə, yaxşı olar ki, həkimi bu barədə xəbərdar edib, müayinədən öncə onları çıxarasız.

    Eləcə də bədəndə olan tatular barədə də həkim bilməlidir.

    “MRT-ə üzdə və bədəndə kosmetika, tatu ilə daxil olduqda, nəticələr dəqiq alınmır. Tatularda olan metal elementlər MRT zamanı dəridə yanıq və bir sıra dermatoloji problemlər yaradır.

  • Tümendə qədim hunların məzarlığı tapıldı

    Tümen dövlət universitetinin bir qrup arxeoloqu arxeoloji qazıntılar zamanı hun türklərinə məxsus qədim qəbiristanlıq aşkar ediblər.

    “RİA Novosti” xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

    “Tarix elmləri doktoru, professor Natalya Petrovna Matveyevanın rəhbərliyi altında arxeoloqlardan ibarət qrup Ustyuq rayonu, Staro Lıbayevo kəndindəki qazıntılar zamanı hun türklərinin qədim qəbirstanlığını kəşf edib. Qazıntılar zamanı uzunsov kəllə sümüyü olan skelet qalıqları tapılıb”, – deyə, məlumatda bildirilir.

    Alimlərin məlumatına əsasən, uzunsov başı olan şəxslər əsl lider sayılırdılar. Hunlar uşaq vaxtından gələcəkdə döyüşçü olacaq oğlan uşaqlarının başını sarıyırdılar.

    Universitetdən bildiriblər ki, əldə edilən materiallar qədimdə köçəri hunların niyə ilk olaraq Avropada yox, Sibirdə məskunlaşması barədə suala cavab tapacaq.

    Qeyd edilir ki, ekspedisiya 6 həftə davam edib və onun gedişində 40 nəfər tələbə iştirak edib.