Category: Maraqlı

  • Ağrını hiss edən və özünü bərpa edən robot “əl” hazırlanıb

    Alimlər “Self Healing Soft Robotics” (SHERO) layihəsi çərçivəsində 3 milyon avro məbləğində robot “əl” hazırlayıblar.

    Median.Az ICTnews-a istinadən xəbər verir ki, Sözügedən robot “əl” ağrını hiss edə, zədələri müəyyənləşdirə bilər, həmçinin özünü bərpa etmək qabiliyyətinə malikdir.

    Bu ideya Kembric Universitetinin komandası tərəfindən düşünülüb və reallaşdırılıb. Alimlər tərəfindən işlənib hazırlanmış robot “əl” zədələri aşkar etmək və özünü bərpa etmək qabiliyyəti sayəsində minlərlə dollara qənaət edə bilər. Bu funksiya sənaye istehsalında işsizlik müddətini azaldacaq, hətta aradan qaldıracaq.
    Layihənin elmi işçisi doktor Tomas Corc Turutelin yeni hazırlamaya böyük ümidlər bəsləyir. O, bu qurğunun modul və təkamül robot texnikasında faydalı ola biləcəyini hesab edir.

  • Apple-ı sındıranlara mükafat – 200 min deyil, 1 milyon dollar qazana bilərsiniz

    “Apple” illərdir istehsal etdiyi bütün cihazlarda öz ekosistemi ilə işləyir. Güvənlik baxımından Android sistemtinə nisbətən daha yaxşı bir vəziyyətdə olan “iOS”, son illər təhlükəsizlik baxımından baş ağrıdıcı olub. Başda “iCloud” səhvləri olmaqla, “Apple” bütün təhlükəsizlik problemlərini həll etdiyini söyləyir.

    Median.Az ted.az-a istinadən bildirir ki, “Apple”, “iPhone”u “hack” edə bilən insanlar üçün xüsusi mükafat hazırlayıb.

    “Apple” təhlükəsizlik qrupunun rəhbəri İvan Krstic açıqlamasında “Apple”ın hər hansı bir cihazını “sındıran” şəxlərə mükafat veriləcəyini söylədi. Hətta, bu mükafatın 1 milyon dollara qədər yüksələcəyini də qeyd etdi.

    “İOS 13” çıxmadan öncə, mükafatın yarısının bu sistemi “hack” edə bilən insanlara veriləcəyini açıqlayan şirkət, hər hansı bir texnologiya şirkəti tərəfindən verilən ən böyük mükafat adı ilə “Apple” bu mükafatı əvvəlki 200 min dollar mükafatından 5 qat daha artıq səviyyəyə çıxardı.

  • Bu qidalar ağız qoxusunu yox edir – SİYAHI

    Ağız qoxusu sizi cəmiyyət içində utandırıb, pis vəziyyətə sala bilər. İnsanlar bu kompleksdən qurtulmaq üçün müxtəlif yolları sınayır, bəzən isə min bir əziyyətlə də olsa buna nail ola bilmir.Ağız qoxusunu soyuducumuzda olan bəsit qidalarla yox edə bilərik.

    Bu qidaların siyahısını təqdim edir.

    Bitkilər

    Bitkilər nəfəsimizi təmizləyib və təravətləndirmə gücünə malikdir. Bunlardan keşniş, tərxun, nanə ən efektiv vasitələrdəndir. Bu bitkilərin çayını dəmləyib, içsəniz, tezliklə bu probleminizi həll edə bilərsiniz. Bu bitkiləri çeynəyib yemək də oxşar təsirə malikdir.

    Meyvə və tərəvəzlər

    Alma, kərəviz və kök kimi sərt meyvə və tərəvəzlər sizə ağız qoxusunu yox etməyə kömək edə bilər.

    Sitrus meyvələri

    Sitrus meyvələrinin tərkibində turşuların və C vitamininin zəngin olması ilə yanaşı, ağız qoxusu ilə mübarizədə sizə köməkçi vasitələrdəndir. Bundan əlavə portağal, naringi, qreyfrut və limon kimi meyvələr diş əti xəstəliklərini də müalicə edir.

    D vitamini

    D vitamini ağızdakı bakteriyalarla mübarizədə birinci yerdə durur. O müxtəlif yoluxucu bakteriyaları məhv edir və onların yaranmasının qarşısını alır. Bunun üçün tərkibində yüksək D vitamini olan süd, yumurta və qızılbalıqla rasionunuzu zənginləşdirin. Həmçini qatıq və kəsmiyi də qidalanmanıza əlavə edin.

    Su

    Sonda siyahımıza başçılıq edən su. Bol su için. Orqanizmə çox xeyirli olan bu maddə ağız qoxusuyla mübarizəyə də liderlik edir.

  • Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

    Dünyada butulkalaşdırılmış suyun satışı hər il 9% artaraq 2020-ci ildə təxminən 280 milyard dollar təşkil edəcək. FaktXəbər məlumat verir ki, bu gün inkişaf etmiş ölkələrin əksəriyyətində pulsuz kran suyu camaatın ixtiyarındadır. Bəs nəyə görə insanlar qablaşdırılmış suya bu qədər üstünlük verir? Bunun səbəblərini araşdırmağa dəyər.

    Butulkalaşdırılmış suyun satışı üzrə ilk rəsmi biznes 1760-cı illərdə Bostonda yaradılıb. “Jackson’s Spa” şirkəti mineral suyu müalicə məqsədi ilə butulkada satışına başlayıb.

    Median.Az faktxeber.com-a istinadən bildirir ki, bu biznes XX əsrə qədər bir çox ölkələrdə uğurla inkişaf edib. Daha sonra xlorlaşdırılmış kran suyu hər yerdə yayıldı.

    İçməli kran suyu hər evdə mövcud olandan sonra butulkalaşdırılmış suyun satışı kəskin azaldı.

    1990-cı illərdə bu biznesə alkoqolsuz içkilər sənayesinin nəhəngləri gəlib. “PepsiCo” “Aquafina” suyu, “Coca-Cola” “Dassane” suyu, “Nestle” isə “Pure Life” sularını bazara çıxardı. Və budur, nəhəng marketinqin büdcələri butulkalaşdırılmış suyun kran suyunun üzərindəki parlaq qələbəsini təmin etdi.

    “Beverage Marketing Corporation” hesablayıb ki, hazırda dünyada hər il 460 milyard litrdən artıq butulka suyu satılır. Birinci yerdə Çin (80 milyard), ikinci yerdə isə ABŞ (45 milyard) qərarlaşıb. Onun ardınca Meksika, İndoneziya, Braziliya, Hindistan və Tayland gəlir. Onluğu isə Almaniya (12 milyard), İtaliya (11 milyard) və Fransa (10 milyard) kimi Avropa ölkələri tamamlayır.

    Son üç ölkədə içməli su xətlərinin əla səviyyədə olmasına baxmayaraq, orta hesabla hər italiyalı ildə 180 litr, alman 160 litr, hər fransız isə 145 litr butulkalaşdırılmış su içir.

    Halbuki sözügedən su kran suyundan orta hesabla 200 min dəfə bahadır. Bundan əlavə, bir çox ölkədə mineral su süd və benzindən belə bahadır. Məsələn, “Food and Water Watch” şirkətinin hesablamalarına görə, ABŞ-da 1 litr butulka suyu 1 litr süddən 3 dəfə, 1 litr benzindən isə 4 dəfə bahadır.

    Su yalanı

    Qablaşdırılmış suyun alınmasının əsas səbəbi guya onun ekoloji baxımdan kran suyundan daha təmiz olmasıdır. Bu kimi təsəvvürlər istehlakçıların çoxsaylı reklam çarxlarının vasitəsilə insanların beyninə yeridilir və əlbəttə ki, bunun reallıqla heç bir əlaqəsi yoxdur.

    ABŞ-ın “Environmental Working Group” şirkətinin tədqiqatçılarının sözlərinə görə, butulkalaşdırılmış suyun istehsalı ilə məşğul olan şirkətlərinin 50%-i etiraf ediblər ki, onların təqdim etdiyi su əlavə təmizlənmədən keçmiş kran suyudur. Digər 18%-i suların mənbələrini açıqlamaqdan imtina edib. Bu isə o deməkdir ki, gizlədikləri “mənbə” elə kran suyudur.

    Əksər hallarda butulkalaşdırılmış su heç də yaxşı deyil. Əlavə təmizlənmə isə suya hər hansı bir üstünlük vermir. Çünki bir çox ölkədə kran suyu lazımı təmizlik və təhlükəsizlik standartlarına cavab verir. Bundan əlavə, dövlət kran suyuna mağazalarda satılan sulardan daha ciddi şəkildə nəzarət edir.

    Belə ki, aprelin ortalarında Amerikanın aparıcı “Consumer Reports” istehlakçı jurnalı bildirib ki, 7 brendin – “Starkey” (“Whole Foods”a məxsusdur), “Peafiel” (Dr Keurig), “Pepper”, “Crystal Geyser Alpine Spring Water”, “Volvic” (Danone), “Crystal Creamery” və “Eartho” sularında icazə verilən miqdardan artıq zəhərli arsen aşkar edilib.

    Hətta əgər istehsalçı qüsursuz təmiz suyu təqdim etsə belə, zamanla su plastik butulkanın ifraz etdiyi mikrohissəciklərlə çirklənir. Tədqiqatçıların hesabatında deyilir ki, suyun tərkibində aşkarlanan hissəciklərin konsentrasiyası bir şüşədə 0-dan 10 minədək dəyişib. Başqa sözlə, bircə plastik şüşə suyun tərkibində 10 minədək plastik maddə hissəciyi ola bilər.

    Orta hesabla suyun bir litrinə ölçüsü 100 mikron (0.10 santimetr) olan (bu ölçüdə olan hissəciklərə isə “mikroplastik” deyilir) 10.4 plastik hissəcik düşür. Ancaq bundan daha kiçik hissəciklərə daha çox rast gəlinib – hər litrə 325 hissəcik.

    Ekspertlər xəbərdarlıq edirlər ki, bu qəbildən olan çirklənmənin insan sağlamlığına təsiri öyrənilməmiş qalır.

    Reklama aldanmayın

    Butulkalaşdırılmış suların kran suyundan daha dadlı olması da həqiqətə uyğun deyil. Vermont Universitetinin apardığı araşdırmalara əsasən, dequstatorların yalnız 1/3-i kran suyunu butulkalaşdırılmış sudan ayırd edə bilib. Xlor dadını verən kran suyu isə ucuz filtrlər vasitəsi ilə rahat şəkildə öz həllini tapır.

    Sakit Okean İnstitutunun prezidenti Piter Qleyk bildirib ki, Butulkalaşdırılmış suyun daha təmiz və daha sağlam olduğunu demək absurddur.

    Nəhayət, suyun qablaşdırılmasının ekoloji olduğuna gəldikdə isə bunu deyə bilər ki, təkcə ABŞ-da 2016-ci ildə butulkaların hazırlanmasına 2 milyon ton plastik istifadə edilib. Plastikin hazırlanmasına isə 64 milyon barrel neft xərclənib.

    Plastik butulka özü ayrıca bir dərddir. Tədqiqatçılar üç ay davam edən araşdırma zamanı Şərqi İngiltərə Universitetinin (UEA) Kimya Məktəbinin hazırladığı üsuldan yararlanıblar. Onlar mikroplastik hissəcikləri görmək üçün flüorisent “Nile Red” boyasından istifadə ediblər. Bu boyadan istifadə zamanı plastik hissəciklər mavi işıq fonunda işıq saçmağa başlayır.

    “Araşdırmanın güclü və etibarlı olmasını təmin etmək üçün biz nəticələri və metodologiyanı müstəqil şəkildə nəzərdən keçirmişik”, – UEA Kimya fakültəsinin baş tədqiqatçısı Endryu Mayes deyib.

    Dənizlərin ekologiyası üzrə ixtisaslaşmış “Oceana” təşkilatının Şimali Amerika üzrə baş əməkdaşı, sözügedən araşdırmaya qatılmamış Jaklin Savitzin sözlərinə görə, bu tədqiqatın nəticələri sübut edir ki, cəmiyyət hazırda hər yeri basmış plastik butulkalardan istifadədən imtina etməlidir.

    “Biz plastikin dəniz heyvanlarının bədənində toplandığını bilirik. Bu isə o deməkdir ki, özümüz də, hətta bəzilərimiz hər gün plastik maddələrin təsirinə məruz qalırıq”, – o deyib.

    Bəs içdiyimiz suyun butulkalarının bu qədər təhlükəli olduğu bilindiyi halda nəyə görə insanlar hər il qablaşdırılmış sudan daha çox istifadə edirlər? Cavabı sadədir:

    Butulkalaşdırılmış suyun kran suyundan hərtərəfli üstün olması təfəkkürü lobbi kampaniyalarının və genişmiqyaslı reklamların nəticəsidir.

    “Business Insider”-in hesablamalarına görə, “Na” “Nestle USA” və “Coca Cola” iki ilə ABŞ Konqresində lobbiçilik üçün 28 milyon dollar xərcləyib. Onların tək istəyi dövlətin kran suyuna ayırdığı büdcənin azaldılması olub. Nəhəng şirkətlər kran suyunun keyfiyyətinin aşağı düşməsində maraqlıdırlar, çünki belə olan halda insanlar qablaşdırılmış sudan istifadə etməyə məcbur olacaq.

    Dünyanın ən böyük korporasiyaları müntəzəm şəkildə kran suyunun keyfiyyətini kəskin tənqid edən reklam hazırlayır.

    Beynəlxalq ekspertlərinin sözlərinə görə, sudan gələn gəliri heç kim açıqlamasa da, bunu rahat şəkildə narkobizneslə eyni dərəcədə tutmaq olar.

    ABŞ-ın çəkdiyi qalmaqallı “Su sevgisi üçün axın (Flow: For Love of Water)” sənədli filmində deyilir ki, təkcə “Nestle Waters” şirkəti butulkalaşdırılmış su alverindən sutkada 1,8 milyon dollar qazanır.

  • “Binə” ticarət mərkəzində yanğın – YENİLƏNİB + FOTO

    Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Binə” ticarət mərkəzində mağazaların birində yanğın olub.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

    * * * * *

    “Binə” ticarət mərkəzində yanğın qeydə alınıb.

    Səhər saatlarında ayaqqabı mağazasında yanğın başlayıb.

    Yanğının səbəbləri barədə heç bir məlumat verilmir.

    Şahidlərin dediyinə görə, hazırda hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin bölmələri yanğının qarşısını almağa çalışır.
    /oxu.az/



  • Səkkiz yaşlı əlil uşaq ştanq qaldırmaq üzrə dünya rekorduna imza atdı – VİDEO

    Səkkiz yaşlı Kirov (Rusiya) sakini Vlad Çerepanov ştanqı 701 dəfə qaldıraraq dünya rekorduna imza atıb.

    “Life” xəbər verir ki, ştanqın çəkisi 11 kiloqram – oğlanın çəkisinin tam yarısı olub.

    Rekord “Artek” düşərgəsində qeydə alınıb. Buna cəmisi 25 dəqiqə tələb olunub.

    Vlad əlillər üçün internat məktəbinin yetirməsidir. İndi onun arzusu Rusiyanın paralimpik yığmasına düşməkdir.

  • Qulaqlıqlar təhlükəli silah kimi istifadə edilə bilər

    Müasir səs cihazlarının çoxu hakerlər tərəfindən silah kimi istifadə oluna bilər.

    BBC xəbər verir ki, bu barədə kibertəhlükəsizlik sahəsində tədqiqatçı Mett Viksi bildirib.

    Araşdırmalar nəticəsində M.Viksi müəyyən edib ki, bir çox qulaqlıq, kompyuter və smartfon dinamikləri haker hücumuna məruz qala bilər.

    Mütəxəssis tədqiqat nəticəsində həyata keçirdiyi hücum zamanı “Wi-Fi” və “Bluetooth” şəbəkələrini skan edib, zəif yeri olan qoşulmuş qurğuları müəyyən edən proqram təminatından istifadə edib.

    M.Viksi cihazlara daxil olduqda insan üçün təhlükə törədən siqnalları müxtəlif fasilə ilə səsləndirib. Səslər çaşqınlıq hissi, qıcıqlıq və hətta eşıtmə qabiliyyətinin zədələnməsinə səbəb ola bilər. Bəzi hallarda səsləndirilən siqnallar həmin qurğuları belə sıradan çıxarıb.

    Tədqiqatçı qeyd edib ki, zəiflikləri aradan qaldırmaq üçün cihaz istehsalçıları ilə əməkdaşlıq edir.

    Bundan əvvəl məlum olub ki, milyonlarla “Instagram” istifadəçisi gizlicə izlənilib.

  • Qlobal istiləşmə aviadaşımalara zərbə vuracaq

    İngiltərənin Redinq Universitetinin alimləri iddia edirlər ki, qlobal istiləşmə aydın səmada turbulentliyin artmasına səbəb olacaq, bu isə aviasərnişinlər üçün böyük təhlükədir.

    Median.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, tədqiqatçılar aşkar ediblər ki, Arktikada istiləşmə stratosferin aşağı qatında havanın temperatunu aşağı salır. Bununla eyni zamanda ekvator üzərində troposferin yuxarı hissəsi qızır.

    Ekvatorla qütblər arasındakı temperatur fərqi nə qədər yüksək olarsa, Şimali Atlantika üzərindən qərbdən şərqə doğru yüksək hava axınları da bir o qədər güclü olur. Troposferin aşağı hissəsində əks-tendensiya yaranır: temperatur mülayimləşir və hava axını zəifləyir.

    Hər iki proses bir-birini kompensasiya etsə də, son zamanlar küləyin sapmasının gücləndiyi müşahidə olunur: atmosferin nisbi kiçik hissəsində küləyin istiqaməti və sürəti əhəmiyyətli dərəcədə dəyişir. Yuxarı hava axını dəyişmir, aşağı isə zəifləyir. Beləliklə, eniş edən təyyarələr küləyin sürətinin daha güclü dəyişikliyinə məruz qalır. 1979-cu ildən etibarən küləyin şaquli yerdəyişməsi 15% artıb.

    İqlim modelləri XXI əsrin ortalarına doğru turbulentliyin aydın səmada 2-3 dəfə artacağından xəbər verir. Bu hal aviaqəza törətməsə də, sərnişinlərin və ekipaj üzvlərinin ciddi zədələr almalarına səbəb ola bilər.

  • Yesəm öldürər, yeməsəm ölləm

    Allergiyası olan şəxslər nəfsinə daim nəzarət etməlidir

    Çiyələk və yabanı çiyələk ən allergik giləmeyvədir. Trend-in məlumatına görə, bunu rusiyalı allerqoloq-immunoloq Marina Malinovskaya deyib. Onun sözlərinə görə, çiyələyə allergiyası olan insanlarda bu giləmeyvə qaşınma, asqırma, boğaz qıcıqlanması, səpmə, bronxial astma kimi simptomlara səbəb ola bilər. Həkim körpələrə çiyələk verməməyi məsləhət görüb. Eyni zamanda, daha az allergiyaya səbəb olan giləmeyvələr moruq, qarağat, qaragilə və motmutu hesab olunur.

    Qeyd edək ki, son dövrlər insanlar arasında allergiya halları artıb. Hətta mübaliğəsiz demək olar ki, doğulan körpələrin böyük əksəriyyəti allergiyadan əziyyət çəkir. Bir çox hallarda allergiyanı törədən səbəblər barədə məlumatsızlıqdan bu hal daha da ağırlaşır və arzuolunmaz nəticələrə gətirib çıxarır.

    Maraqlıdır, allergiya nədir, necə yaranır, hansı hallarda sağlamlığımız üçün təhlükə yaradır, müalicəsi varmı?

    Allergiya – orqanizmin allergen adlanan, ətraf mühitdəki bəzi faktorlara (kimyəvi maddələrə, mikroblara, qida məhsullarına və s.) qarşı yüksək həssaslığıdır. Allerqoloq Nahid Məhərrəmov mövzu ilə bağlı açıqlamasında bildirib ki, allergiya – adətən immun sisteminin zəifləməsi nəticəsində yaranır: “Allergiya bəzi heyvanların tükünə, müxtəlif məhsullara, toza, dərmanlara, kimyəvi maddələrə, həşərat sancmasına və bitki tozcuğuna qarşı yarana bilər. Allergiyanı törədən maddələr allergen adlanır. Bəzi hallarda allergik reaksiyalar o qədər zəif təzahür edir ki, hətta siz özünüz də allergiya olduğunuzdan bixəbər ola bilərsiniz”.

    Allergiyanın çox ağır fəsadlar yarada biləcəyini vurğulayan N.Məhərrəmov qeyd edib ki, bu hal insanda həyati təhlükəyə səbəb ola bilər: “Allergiyaya düçar olan insanlarda anafilaktik şok əmələ gələ bilər – bu, orqanizmin allergenə qarşı son dərəcə kəskin reaksiyası olan ağır patoloji vəziyyətdir. Anafilaktik şok müxtəlif allergenlərdən törəyə bilər: dərman preparatlarından, həşəratların sancmasından, qida məhsullarından. Anafilaktik şok, həmçinin dərinin allergenlə, məsələn, latekslə kontaktından da yaranır”.

    Həkim deyir ki, qida allergiyası – müəyyən məhsulların törətdiyi və müvafiq simptomlarla müşayiət edilən immun reaksiyadır: “Orqanizm hər hansı bir məhsulu təhlükə hesab edəndə, qida allergiyası yaranır. Bu halda orqanizm özünü qorumaq üçün immun sistemini anticismlər istehsal etməyə məcbur edir. Allergenin bədənə təkrar daxil olduğu halda, immun sistemi o maddəni tez tanıyır və yenidən anticismlər istehsal etməklə dərhal reaksiya verir. Məhz elə bu maddələr allergik simptomlar yaradır”.

    Allergiya yaradan meyvələr arasında ön sırada yer alan giləmeyvə – hər birimizin çox sevdiyi çiyələkdir. Bu giləmeyvə dadı, ən əsası isə, qoxusuna görə çoxlarının ən sevimli meyvəsidir. Lakin bu giləmeyvə bir tək qoxusu və dadı ilə deyil, orqanizm üçün çox xeyirli və lazımlı vitamin və mikroelemtlərlə zəngin olduğu üçün də faydalı meyvələr sırasına daxildir. Belə ki, çiyələyin tərkibində insan orqanizmi üçün çox lazımlı antioksidantlar və bir sıra vitaminlər var. Bunlar: A, B, E, H və PP qrup vitaminləridir. Xeyirli xüsusiyyətlərinə, həmçinin onun iştah artırması və həzm sisteminə yaxşı təsiri də aid edilir. Həmçinin çiyələk arterial təzyiqi aşağı salma qabiliyyətinə malikdir və ürək-damar xəstəlikləri zamanı xeyirlidir. Bu giləmeyvə susuzluğu yatırır, eyni zamanda sidikqovucu və tərqovucu effektə malik olub, zəngin kimyəvi tərkibə malik olduğu üçün qocalma prosesini zəiflədir və əhvalı yüksəldir. Təəssüf ki, bu qədər xeyirli olan giləmeyvəyə olan allergiya çoxlarına aid edilən bir problemdir. Çiyələk, məsaməli strukturuna görə, yetişmə zamanı özündə çox miqdarda tozcuqlar yığdığı üçün kifayət qədər allergik meyvə sayılır. Bir çox insanlar isə müəyyən bitkilərin çiçəkləməsinə hiperhəssas olduğuna görə, onlarda meyvədə yığılan tozcuqlar sayəsində avtomatik olaraq allergiya yaranır. Allergiyanın əsas əlamətləri boğazda arabir sancma, ağızda qaşınma və şişmə, gözlərin yaşarmağı, asqırmaq və burun tutulması ola bilər. Həmçinin dəridə qaşınma ilə müşahidə olunana səpkilər də allergiyanın əlamətlərinə aiddir. Daha kəskin reaksiyalar qusma, qıcolma, astma tutması, yüksək hərarət və ishal ola bilər. Ən təhlükəlisi isə anafilaktik şokdur. Ümumilikdə isə, bu giləmeyvəyə olan reaksiya, təbii ki, individual olaraq hər kəs üçün fərqlidir.

    Amma bir məsələ də var. Tutaq ki, bir şəxsin çiyələyə və ya adı çəkilən digər giləmeyvələrə allergiyası var, amma ürəyindən onu yemək keçir. Bu halda o nə etməlidir?

    Milli.Az bildirir ki, Tibb üzrə ekspert, professor Adil Qeybulla “Kaspi” yə açıqlamasında ilk olaraq meyvələri mövsümündə yeməyi məsləhət gördü: “Bazarda satılan meyvələrin əksəriyyəti xaricdə müxtəlif istixanalarda yetişdirilir. Bu meyvələrin yetişdirilməsi, eləcə də uzun müddət xarab olmamağı üçün müxtəlif gübrə və dərmanlardan istifadə olunur. Təbii ki, bu da son nəticədə insanların zəhərlənməsi ilə nəticələnir. Allergiyası, həssaslığı, immuniteti zəif olan insanların, hamilə qadınların, uşaqların bu cür meyvələri qəbul etməsi məqsədəuyğun deyil. Genetik modifikasiya edilmiş, dərmanla yetişdirilmiş meyvələr bir çox halda həssas insanların bədənində səpgilərin yaranmasına, üzün şişməsinə səbəb olur. Sovet dövründə bazardakı çiyələklərin ölçüləri çox kiçik olurdu. Hazırda satışda olan çiyələklər ondan dəfələrlə böyükdür. Belə meyvələr istixana şəraitində yetişdirilir və insan orqanizmi üçün faydalı deyil. Əhaliyə yerli məhsullardan istifadə etməyi məsləhət görürəm. Yəni, ən azından yedikləri meyvənin yetişdirilmə mühitindən xəbərdar olsunlar”.

    Ekspert deyir ki, allergiyası olan şəxslər nəfsinə nəzarət etməlidir: “Tam olaraq imtina etmək mümkün deyil. Bütün meyvələrin tərkibində insan orqanizmi üçün önəmli olan vitaminlər var. Amma istənilən halda ehtiyatlı olmaq lazımdır. Allergiyası olan şəxslər kənardan gələn meyvələri yox, sırf yerli şəraitdə becərilmiş meyvələri yeməlidirlər. Yəni, bizim iqlim şəraitimizə uyğun şəraitdə yetişmiş meyvələr yeyilsə, daha yaxşı olar. Allergiyası olan insanlar həmişə diqqətli olmalıdırlar, onlar nəinki yedikləri meyvədən, hətta adicə arı sancmasından belə allergiya ola bilərlər”.

  • İldırım vuran adamın bədənində nə baş verir? – Həkim açıqladı

    “”İldırımlar maşınları vurmaz, çünki təkərlər rezindir” fikri doğru deyil. Düzdür ki, avtomobil metal karkası fizikada Faraday qəfəs kimi ildırıma qarşı müqavimət göstərir. Elektriki maşının üzərində yayır və yerə oturur. Maşında olarkən ildırım çaxırsa, metal hissələrə toxunmayın. Amma çox güclü elektrikdə təkərlər və rezinin keçiriciliyi daha da artır. İldırımın elektriki metal hissələrə paylandıqdan sonra təkərlər vasitəsilə yerə ötürülür. Yəni ildırım çaxan zaman təkərlər, rezin ayaqqabılar, məsələn, qaloş sizi ildırımdan qoruya bilməz”.

    Bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Mütəxəssis daha sonra ildırımın tibbi tərəflərini açıqlayıb. O, bildirib ki, ildırım vurması həm böyüklərdə, həm də uşaqlarda ürək fəaliyyəti asistoliya tipində dayanır:

    “Xatırladım ki, ürək fəaliyyəti dayanmasının EKG də 4 tipi var:

    1. Asistoliya

    2. Mədəcik fibrillyasiyası (VF)

    3. Mədəcik taxikardiyası (VT)

    4. Nəbzsiz elektrik aktivliyi

    Bunlardan 2-si yeni VF və VT yardımlar zamanı defibrillyatorun istifadəsini tələb edir.

    İldırımın elektriki sabit cərəyan olduğu üçün o, asistoliya tipində ürəyi dayandırır. Bu o deməkdir ki, təcili yardım göstərdikdə ürək masajı və süni tənəffüs verməlisiniz, ürək fəaliyyəti bərpa olana qədər hər 3 dəqiqədən bir venaya adrenalin vurmalısınız. Amma defibrillyasiya etməyə ehtiyac yoxdur. İldirimdan yaranan ürək dayanması zamanı defibrillyasiya (el arasında ütü, şok) etsəniz, əksinə xəstənin həyatda qalma şansı azalar.

    Evdə olan 220V isə dəyişən cərəyandır və ürəkdə fibrillyasiya (VF) yaradır. Həmin vaxt ürək masajı, süni tənəffüs və adrenalin edirsiz. Buna kardiopulmonar resuskitasiya – ürək ağciyər reanimasiyası deyilir. Təcili yardım briqadası və defibrillyator gələn kimi defibrillyasiya etmək lazımdır.

    Elektrik travması zamanı xəstənin torpağa basdırılması mifdir, əksinə vaxt itkisidir və elektrik yarasının torpaqla çirklənməsi daha da işləri çətinləşdirə bilər. Elektrotravma zamanı xəstə həyatda qalarsa, 3 gün ərzində ürək ritminin pozulması baş verə bilər, odur ki, xəstə 3 gün həkim nəzarəti altında saxlanılmalıdır”. (publika.az)