Category: Maraqlı

  • Dəri xərçənginin səbəbi tapıldı

    İsrail alimləri dəri xərçənginə, əsasən, piy hüceyrələrinin səbəb olduğunu açıqlayıblar.

    Median.Az rus KİV-inə istinadən xəbər verir ki, dəri qatında olan bədxassəli şiş məhz piy hüceyrələri sayəsində yayılır.

    Dəri xərçəngi ilk mərhələdə asanlıqla müalicə olunur. Amma əgər xərçəng hüceyrələri dərinin içinə daxil olubsa və qan damarları vasitəsilə orqanlara yayılıblsa, vəziyyət mürəkkəbləşir.

    Alimlər hazırda melanomun transformasiyasının qarşısını almaq üçün üsullar axtarırlar. Yeni tədqiqat göstərib ki, piy hüceyrələri bu transformasiyada iştirak edir.

    Təcrübə zamanı dəri xərçəngi olan onlarla xəstədən nümunələr götürülüb.

  • Kondisioner sizi iflic edə bilər

    Yay mövsümünün gəlişi ilə insanların kondisionerlərə olan tələbatı təbii olaraq artır. Sən demə, yay aylarında vərdiş etdiyimiz kondisionerlərin orqanizmimizə ziyanı az deyilmiş.

    Kondisioner sizi iflic edə bilərməsələ ilə bağlı danışan tibb eksperti, professor Adil Qeybulla bildirib ki, gecə yatarkən kondisioner mütləq şəkildə söndürülməlidir.

    “Təsəvvür edin ki, orqanizmdə hərarət 1 dərəcə qalxanda ürək döyüntülərinin sayı 10-dək artır. Bu isə xəstə orqanizmə patoloji təsir göstərir. Ona görə də kondisionerdən ağılla, tibbi parametrlərə uyğun şəkildə istifadə olunmalıdır”, – ekspert bildirib.

    Professor normal iş şəraitində kondisionerin temperaturunu 20-22 dərəcədə saxlamağı və fasilə ilə işlətməyin məsləhətli olduğunu vurğulayıb:

    “Kondisionerin hava vuran yerini insanın üstünə yönəltmək də düzün deyil. Soyuq vuran yelpiyi tavana tərəf yönəltmək lazımdır ki, soyuq külək nəfəs orqanı vasitəsilə birbaşa insan orqanizminə daxil olmasın. Məsləhətim odur ki, insanlar kondisionerlə bağlı saat normasına əməl etməsə də, temperatur həddini mütləq gözləsin”.

    Tibb eksperti kondisionerlərin təmizlənməməsi nəticəsində legionellez xəstəliyinin yarana biləcəyini bildirib:

    “Kondisioner xəstəliyi” kimi də adlandırılan legionelloz xəstəliyi yay aylarında insanların əsas probleminə çevrilir. Bu xəstəlik kondisionerlərin təmizlənməməsi nəticəsində yaranır. Təmizlənməmiş kondisionerlərdəki toz qatı havaya yayılandan sonra onu udan insanın ağciyərlərində göbələk yaranır. Bu isə yüksək hərarət, halsızlıq, əzələ ağrıları, daha sonrakı müddətdə öskürək, bəlğəm, dərin nəfəs alma istəyi kimi əlamətlər yaradır. Xəstəliyin qripə bənzər cəhətləri olsa da, insandan insana keçmir”.

    Professor maşında istifadə edilən kondisionerin bronxit, sətəlcəm, sinuzit, tənəffüs yolu, bəzi əzələ xəstəliklərinə, göz, beyin və badamcıq iltihabına səbəb ola biləcəyini bildirib.

    A.Qeybullanın sözlərinə görə, üz dərisinin kondisioner havası ilə təmas etməsi dəri iflicinə səbəb ola bilər.

  • Bədən temperaturumuz cihazları enerji ilə dolduracaq

    “MİSiS” Milli Tədqiqat Texnologiya Universitetinin mütəxəssisləri və beynəlxalq alimlər qrupu enerji doldurma qurğularının (bilərzik) istehsalında tətbiq edilə bilən nanoborular əsasında termoelektrik polimer material hazırlayıblar.

    Median.Az “ictnews”a istinadla xəbər verir ki, termoelektrik materiallara istiliyi elektrik enerjisinə çevirə bilən kimyəvi birləşmələr və ya metal ərintiləri aiddir. Ərintilər əsasında hazırlanan mövcud termoelektriklərin faydalı iş əmsalı aşağıdır (təxminən 10%) və bir sıra çatışmazlıqlara malikdir.

    Alimlər alternativ variant kimi otaq temperaturunda işləyə bilən polimer materiallarını nəzərdən keçirirlər, həmin materialların elastikliyi sayəsində onlara istənilən forma vermək mümkündür, onlar toksik deyil və aşağı istilikkeçirmə xassəsinə malikdirlər ki, bu da enerjinin çevrilməsi vaxtı itkilərin qarşısını alır.

  • Ayda yadplanetlilərin şəhəri tapıldı

    Son dövrlər Ayda müxtəlif sirli obyektlərin, binaların tapılması barədə məlumatlar geniş yayılıb.

    Bütün bunlar aparıcı kosmik dövlətlərin Yerin təbii peykində koloniya qurmaq üçün hazırlıqlar gördüyü bir vaxtda ortaya çıxıb.

    Bununla belə, müasir texniki naviqasiya sistemləri, “Google Moon” kimi internet-kartoqrafiya tətbiqləri nəinki alimlərə, həm də həvəskar tədqiqatçılara Ayı tədqiq etməyə imkan verir. Bu yaxınlarda virtual arxeoloqlar Ayın səthində uzunluğu 15 km olan sirli obyekt kəşf ediblər.

    Bununla belə, Ayın digər fotolarında bu obyekt görünmür. Bu səbəbdən sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, kartoqrafiya xidmətinin əməkdaşları tərəfindən bu binanın fotosu silinib.

    Virtual arxeoloqlar, eyni zamanda, tanınmış ufoloq Skott Uorinq artıq bu yadplanetli bazadan Ayın koloniyalaşdırılması zamanı necə istifadə etməyin mümkünlüyünü araşdırır. Tayvanlı tədqiqatçının fikrincə, bu bazada maraqlı kəşflərə imza atmaq mümkün olacaq.
    /oxu.az/

  • Planetimizi qorxudan asteroid yoxa çıxdı…

    İnternet şəbəkəsində son dövrlər “QV89” asteroidi barədə yeni məlumat yayılıb.

    Median.Az rus KİV-inə istinadən xəbər verir ki, astronomlar tərəfindən 2006-cı ildə kəşf edilən asteroid bu ilin sentyabr ayında planetimizə çox yaxın məsafədən keçməli idi.

    Eyni zamanda asteroidin Yerlə toqquşması istisna edilmirdi. “QV89” asteroidi 2006-cı ildə ilk dəfə Avropa Kosmik Agentliyinin astronomları tərəfindən kəşf edilib. Alimlər bir neçə gün asteroidi müşahidə edərək onun hərəkət yolunu müəyyən ediblər.

    Bildirilirdi ki, asteroid 2019-cu ilin sentyabr ayında Yerlə toqquşa bilər. Bundan başqa, alimlər bunun 9 sentyabrda olacağını da demişdilər. Asteroid isə 50 metr diametri olan iri bir qaya parçasıdır.

    Alimlər bu yaxınlarda asteroidi yenidən axtarsalar da, kosmosun dərinliklərində nəinki “QV89”u, heç ona bənzər göy cisimi belə tapa bilməyiblər. Asteroid elə bil ki, yoxa çıxıb…

  • Nahar etmirsinizsə, sağlamlığınız təhlükədədir – Alimlərdən xəbərdarlıq

    Nahar yeməyi yeməmək insan sağlamlığına ziyan vura bilər.

    “RenTV” xəbər verir ki, braziliyalı alimlər günorta vaxtı qida qəbul etməyi tövsiyə edirlər.

    Onların fikrincə, nahar etməyən insanda ikinci tip şəkərli diabetin və ürək-damar xəstəliklərinin yaranma riski mövcuddur.

    Mütəxəssislər yeniyetmələrə səhərlər qida qəbul etməyi də məsləhət görürlər.

    Braziliyalı alimlər hesab edirlər ki, səhər yeməyindən imtina edən gənclər piylənmədən əziyyət çəkə bilərlər.

  • Misir fironları əslən qafqazlıdır – Alman alimlərindən sensasion tədqiqat

    Almaniyanın Maks Plank İnstitutu və Tyubinqen Universitetinin tədqiqatçıları yaşı 1500-3500 arası dəyişən doqquz Misir mumiyasının genini bərpa edə biliblər.

    Median.Az-ın məlumatına əsasən, analizlərdən sonra məlum olub ki, qədim misirlilər, əslində, afrikalı deyillər.

    Onların bir hissəsi türk əsillidir, başqa bir hissəsi isə həmin dövrün Cənubi Avropasındandır (hazırda bu hissədə Suriya, Abxaziya, İordaniya, Gürcüstan, İsrail və Livan yerləşir).

    Bir müddət əvvəl isə belə bir təcrübə Sürixin “iGENEA” geneoloji mərkəzinin təşəbbüsü ilə bioloq-alimlər tərəfindən aparılıb. Amma alimlər təkcə bir genetik materialdan – Tutanhamonun mumiyasından istifadə ediblər. Fironun DNA-sı sol ayaq və sol çiyin sümük toxumasından götürülüb.

    Mərkəzin mütəxəssisləri Qədim Misir fironlarının və müasir Avropa sakinlərinin müqayisəli genetik analizini aparıblar. Nəticədə məlum olub ki, bir çox avropalı Tutanhamonun qohumudur. Daha dəqiq desək, avropalı kişilərin yarısı ilə Tutanhamonun DNA-sı uyğun gəlib. Bundan əlavə, Fransa, İspaniya, Böyük Britaniyada uyğunluq 60-70 faiz təşkil edir.

    DNA müqayisəsi haploqruplar üzrə də aparılıb. Məlum olub ki, fironun qohumları “R1b1a2” haploqrupuna məxsusdurlar. Tədqiqatçılar qeyd edirlər ki, bu haploqrup müasir Avropa əhalisi arasında geniş yayılsa da, misirlilər arasında nadir hallarda rast gəlinir.

    “iGENEA” mərkəzinin direktoru Roman Şolts qeyd edir ki, Tutanhamonun genetik olaraq avropalı olması alimləri çox maraqlandırıb. Alman və isveçrəli alimlərin növbəti genetik tədqiqatı isə müasir Misir əhalisinin fironların davamçısı olmadığını üzə çıxarıb. Misirlilərin qədim fironlarla heç bir əlaqəsi yoxdur. Fironlar başqa ölkələrin sakinləri olublar.

    Şoltsun sözlərinə əsasən, avropalıların və Misir fironlarının ümumi əcdadı 9500 il əvvəl Qafqazda yaşayıb. Yeddi min il əvvəl isə onlar Avropa ərazisinə yayılıblar. Bəziləri Misirə gedib və hakim zümrəyə çevrilib. Beləcə, Tutanhamon və onun əcdadları, əslində, qafqazlıdırlar.

    Tyubinqen Universitetinin paleogenetiki qeyd edir ki, alman tədqiqatçılar 150 mumiyadan üçünün genetikasını bərpa edə biliblər. Sözügedən üç mumiyanın DNA-sı uzun illər keçsə də, isti Misir iqlimi, mumiyalama zamanı istifadə edilən kimyəvi maddələr, sözügedən ərazilərdəki nəmişliyə baxmayaraq, yaxşı qalıb.

    Alimlər ümid edirlər ki, genetikanın bərpası yaxın gələcəkdə klonlaşdırma üsulu ilə bu DNA-nın sahibini bərpa etməyə imkan verəcək…

  • Övladınızı internetdən uzaq tutmağın yolları- Psixoloqların MƏSLƏHƏTİ

    Böyüklər kimi uşaqlarda da internet asılılığının olduğu danılmazdır. Çox kiçik yaşlardan başlayaraq uşaqların əksəriyyəti günün çox hissəsini internetdə keçirir, texnoloji vasitələrsiz – telefonsuz, kompütersiz, planşetsiz qala bilmirlər. Bu, alışqanlıq halını alıb. Valideynlər isə bunun qarşısını almaqda çox zaman aciz görünürlər. İnternet- telefon, kompüter asılılığını necə aradan qaldırmaq olar? Bu vərdişi nə ilə əvəzləmək mümkündür? Ümumiyyətlə, mümkündürmü?

    Median.Az e-tibb.az-a istinadən Nəfəs Psixonevroloji Sağlamlıq Mərkəzi mütəxəssislərinin bu mövzuda hazırladığı məqaləni təqdim edir:

    Texnologiya, internet, robotlar və vizuallığın ön planda olduğu 21-ci əsrdə uşaqlarda kitab oxumaq, rəsm çəkmək kimi fəaliyyətlərə maraq yaratmaq çətinləşir. Ağıllı telefonlar, video oyunları, planşetlər uşaqları internet dünyasının böyük parçası halına gətirir. Bu durum günü-gündən irəliləyir və fərqində olmadan bir çox təhlükəni də özü ilə bərabər gətirir.

    Uşaqlar video izləyərkən ya da oyun oynayarkən beyin davamlı olaraq rəngli video, fotolarla məşğul olduğu üçün diqqət və fokuslanmağa ehtiyac olan zamanlarda çətinlik çəkir. Məsələn, kitab oxumaq, rəsm çəkmək, yazı yazmaq, ev tapşırıqlarını etmək, dərs oxumaq kimi fəaliyyətlər buna nümunə ola bilər. Bu uşağın təkcə zehni deyil, sosial inkişafını da olduqca mənfi yöndə təsir edir və asosyal pozuntulara kimi gətirib çıxara bilir. Bununla bərabər, son illərdə diqqət əskikliyi, öyrənmədə problemlər kimi halların artmasının ən başlıca səbəblərindən biri virtual dünyanın daxilində olmaqdır.

    Bu zaman valideynlərin sürətlə irəliləyən təhlükə haqqında maariflənməsi və lazımi tədbirlər görməsi olduqca önəmlidir.

    Valideynlərin diqqət etməli olduqları:

    Valideynlər övladlarını daha yaxşı tanıyırlar. Övladınız maraq dairələri, sevdiyi şeylər haqqında məlumatlısınız. Onun sevdiyi şeylərə istiqamətlənərək gerçək dünyaya yönləndirməniz vacibdir.

    Uşağın dünyası oyun təməlidir. Hər sahədə inkişaf göstərə bilməsi üçün oyun oynaması önəmlidir. Burda oyun – virtual dünyadan uzaqda olan oyuncaqlarla və yaradıcılığını istifadə edərək oynadığı gerçək oyunlardır. Ona maarifləndirici və inkişafını təmin edəcək oyuncaqlar almaq, birlikdə oyuncaq seçimi etmək faydalı olacaqdır.

    Övladınızla birlikdə zaman keçirməyə çalışın. Ana-ata ilə oyun oynamaq, parka getmək, film izləmək ya da teatra getmək kimi müxtəlif fəaliyyətlər onun internetdən uzaq qalmasını təmin edəcəkdir.

    Uşağınıza oyun oynayacağı, kitab oxuya biləcəyi, bir sözlə evin içərisində azad, rahat vaxt keçirə biləcəyi şərait yaradın. Ona aid olan bir oyun sahəsi hazırlamaq müsbət nəticə verəcək.

    Övladınıza kitab oxuma vərdişi qazandırın. Kitabların dünyasındakı sehri kəşf edən uşaqların internetdə az vaxt keçirdiyini görəcəksiniz. Birlikdə bukinistləri, kitab mağazalarını gəzin. Maraq dairəsinə uyğun kitablar alın. Gün içərisində dəqiq vaxtlar təyin edin və oxumağa ayırmasını təmin edin.

    Maraq dairəsinə uyğun bir kurs tapın ya da müxtəlif aktiv fəaliyyətlərə qatılmasını təmin edin. Uşağınızı istedadına və istəklərinə uyğun yönləndirin. Məsələn, rəqs kursu, gimnastika, idman ilə əlaqəli hər hansı bir kurs, musiqi aləti çalmağı öyrənməsi, kitablarla, təbiətlə bağlı sosial aktivlik onun gerçək dünyanın içərisində qalmasını təmin edəcəkdir.

    Uşaqlara məsuliyyət verin. Yaşına və inkişafına uyğun olaraq ev içində və xaricində məsuliyyətlər verin. Beləliklə, etməsi lazım olan işləri tamamlaması olduğunu öyrənəcək, gerçək dünyadan qopub virtual dünyaya qoşulmayacaq.

    Uşağınızla maraqlandığınızı ona qarşı olan sevginizi mütləq hiss etdirin. Beləliklə, sizin marağınızın fərqində olacaq, sizinlə vaxt keçirməyi sevməsini təmin edəcəksiniz.

    Uşaqlar valideynlərini nümunə götürərək inkişafda olurlar. Bu səbəbdən texnologiya sahəsində ona nümunə olmanız lazımdır. Ailənizlə vaxt keçirdiyiniz zamanlarda televizor, kompüter və telefondan uzaq durmaq onun üçün faydalı olacaq.

    İnkişaf edən dünyada texnologiyadan uzaq yaşamaq, əlbəttə ki, mümkün deyil. Övladınıza təyin edilmiş vaxtlarda telefon və planşetdən istifadəsinə icazə verin. Ancaq bu məsələdə dəqiq qaydalarınız olsun və mütləq qaydaları dəqiqliklə tətbiq edin.

    Bu qaydalara riayət etmək məsələsində problem yaşanırsa, planşet ya da telefonla maraqlanmadıqda aqressivləşirsə, ona alternativlər göstərin. Məsələn velosiped sürməyə getmək, birlikdə topla oynamaq, filmə getməyi təklif edin.

    Uşaqları virtual dünyadan və onun mənfi tərəflərindən qorumaq valideynlərin ən mühüm vəzifələrindən biridir. Çox zaman uşağın qulaqlığı taxıb video izləməsi, oyun oynaması valideynlər üçün, özünə vaxt ayırmaq üçün uyğun zaman kimi görünsə də, əslində, təhlükəni də özü ilə bərabər gətirir. Uşağınızı gerçək dünyada, gerçək münasibətlər qurması mövzusunda dəstəkləməniz bu səbəbdən önəmlidir.

  • Övladınızın narkotikaya qurşandığını göstərən 10 əlamət – Valideynlərin diqqətinə!

    Mütəxəssislər bildirir ki, bir yeniyetmənin, gəncin narkoman olmasına səbəb və yol ailədən başlayır. Valideynin yaxşı, pis olmasının fərqi yoxdur, ailədə, evdə hökm sürən ab-hava uşaqları nəzarət olunmayacaq addıma sövq edir. Bəzən valideynlərin uşağı çox güdməsi, sıxması, xırdaçılığı və ya tamamən görməzdən gəlib azadlıq verib özbaşına buraxması uşağı depressiv bir hala salaraq, hardasa başqa şeylərdən həzz, zövq və rahatlıq tapmağa vadar edir.

    Düzdür bu hər uşaqla baş vermir. Amma indi narkomaniya elə yayılıb ki, ən sakit uşağı belə ruhunu incitmədən cənginə alır.
    Median.Az medicina.az-a istinadən bildirir valideynlərin diqqətinə bir uşağın (fərqi yoxdur qız, oğlan) narkotik istifadə etdiyini göstərən əlamətləri çatdırır.

    1.Fiziki əlamətlər

    Bu uşağın nə qəbul etməsindən asılıdır. Amma ən birinci əlamət göz bəbəklərinin daralması, yığılması və işığa reaksiya verməməsidir. Bəzən isə göz bəbəkləri çox geniş açılmış, bərəlmiş olur. Baxışı donuq şüşə kimidir, gözləri qızarır. Əlləri soyuqdur, az yeyir, iştahı yoxdur, sevimli yeməyinə biganədir, qəbizliyi var. Çox yatır. Dərisi ağ, quru, solğundur.

    2.Qəbul etdiyi maddəni orqanizmə təsiri

    Bunu da qəbuldan bir neçə saat sonra görmək olur. Təzyiqin qalxması, ürək döyüntüsünün sürətlənməsi, bədənin, əl-ayağın özündən asılı olmadan atışı, titrəməsi, depressiya, elə fikirlər düşünür ki, əvvələr ağlına gəlmirdi. Kiminsə onu izləməsini hiss etməsi.
    Həşiş, marixuana çəkdikdə uşaq çox gülür, əylənir, zarafat edir, iştahlıdır, çox yeyir, çox rahatdır, yayılır, göz bəbəkləri kəskin işığa reaksiya vermir, gün ərzində əhvalı kəskin dəyişir, birdən özünə qapılır

    3.Siqaret çəkir

    Statistikaya görə, birdən-birə açıq aşkar siqaretə başlayan yeniyetmələrin 50%-i artıq marixuanaya başlamış olur. Onlar siqaret çəkmək altında gizlənir, həm də üst-başlarından siqaret qoxusu gəlməklə narkotik qoxusunu gizlədirlər.

    4.Qəribə əşyalar

    Siz onun əşyaları içərisində, şkafında, çantasında əvvəllər olmayan əşyalar görə bilərsiz: qəlyan borucuğu, qutu, trubka qəlyan, şpris, bint, yod və s. Eləcə də müxtəlif digər fərqli əşyalar.

    5.Evdən çıxmağa can atır

    Əvvəllər evdən zibil atmağa, çörək almağa güclə çıxan və bundan xoşlanmayan uşaq birdən-birə evdən çıxmağa səbəb axtarır. Nə lazımdırsa edər, təki evdən çıxsın. Bir səbəb olmadıqda isə səbəbsiz çıxır, çox vaxt yerini demir və ya yanıldır.

    6.Telefon, kompüterini gizlədir

    Bütün istifadə etdiyi qadjetləri parola qoyur, kiminsə açmağını, hətta istifadə etməyini istəmir. Kiminlə yazışdığını gizlədir. Telefonla danışanda, səslərə qulaq asanda evdən çıxır.

    7.Yeni dostları peyda olub

    Uşağın əhatəsində olmayan, tanış olmağa səbəbi belə olmadığı yeni tanışları, dostları peyda olub. Siz onun dilindən müxtəlif adlar eşidir, soruşanda dostumdur deyir. Amma bu dostu barədə heç bir informasiya vermir.

    8.Onun cibxərcliyi artıb, tez -tez pul istəyir

    Uşağa gündəlik yolpulu, yemək pulu və xırda-para yetəcək qədər pul versəz də, o pulu tez yoxa çıxarır, yenə pul istəyir, pulsuzluqdan gileylənir. Xərcinin artdığını, ya nəsə aldığını deyir. Pul olmadıqda isə bəzi əşyalarını satır. Əgər uşaq bir gün gəlib telefonum pis idi, satdım, yaxşısını alacam deyirsə, bu o deməkdir ki, o artıq ciddi təhlükədədir.

    9.Yuxusu çox pozulub

    Ya lazım olmayan vaxtda yatır, ya da yatmır. 2-3 günlərlə yatmaya bilər. Yuxulu gəzir, amma çarpayıya uzandıqda yata bilmir. Yuxuda tərləyir, narahatdır.

    10.Geyimi dəyişib

    Geyimi səliqəsiz, kirli olur, buna fikir vermir. Təzə geyim almır. Qəfildən dağınıq, uzunqol, kip qolları olan geyimlər geyinir. Qısaqol geyimdən qaçır. Pinti, dağınıq, baxımsız görünür. Üst-başını dəyişəndə, düzəldəndə isə aqressiya göstərir.

    Əgər bu və digər əlamətlər varsa, uşağı ehtiyatla izləmək, sorğu-sual etmək və dərhal hərəkətə keçmək, bu işi peşəkarlarla görmək sizin borcunuzdur.

  • Qovrulmuş sarımsaq yeməklə bu xəstəliklərdən xilas olun – FAYDALI MƏSLƏHƏT

    Qovrulmuş sarımsaq tərkibindəki minerallar və vitaminlər sayəsində immun sistemini gücləndirir. Orqanizmin zəifləməsindən yaranan xəstəlikləri tezliklə sağaldır. Saçların sağlamlığı üçün ən çox istifadə edilən bitkidir. İki diş sarımsaqla bədəni yeniləmək mümkündür.

    6 diş sarımsaq yesəniz…

    Median.Az medicina.az-a istinadən bildirir ki, qovrulmuş sarımsaq yedikdən sonra 1 saat ərzində orqanizm həzmə adaptasiya olur. Yediyiniz 6 diş sarımsaq yaxşıca həzm olacaq. Nəticədə bədən qidalanmış vəziyyətə gələcək. Bu zaman sərbəst radikallarla mübarizə başlayır. 4 saat müddətində bütün bədən sarımsağın faydalı maddələrini sovurmağa başlayacaq. Xüsusi ilə bu bitkinin anti-oksidant özəlliyi özünü sürətli şəkildə biruzə verər. Bu sayədə bədən bir çox xəstəliklərdən qorunmağa başlayacaq. Sarımsaq o qədər güclü anti-oksidantdır ki, yedikdən 5 saat sonra xərçəng hüceyrələri ilə belə güclü mübarizə aparır.

    Yağ yandırmağa başlayır

    4-6 saat arası: orqanizmdə faydalı maddələr nizam yaradır yağlar yandırılır. Təzyiq və xolesterin kimi bədənin balansda saxlanması lazım olan normaları qorunur. Artıq maye bədəndən xaric edilir.

    6-7 saat arası: bədəndəki bakteriyalara qarşı güclü mübarizə aparır. Yorğunluq hissini aradan qaldırır.

    7-24 saat arası: sarımsaq yedikdən 10 saatdan sonra daha böyük təsir gücünə yiyələnir. Belə ki, damarları tozsoran kimi təmizləyir, ürək-damar problemlərinə qarşı qoruyucu rol oynayır. Qan təzyiqini və buna bağlı olan bütün problemləri nizamda saxlayır. Xolestreni balansda saxlayır. Bədənin qorunma mexanizmini gücləndirir. Sümüklərin zəifləməsinin qarşısını alır. Sağlam hüceyrələrin ömrünü uzadır.

    Hazırlanma qaydası
    Gün ərzində 6 diş sarımsaq yeyin. iti bıçaqla baş hissəsini kəsin və bütöv formada bir qabın içinə qoyun. Birbaşa sobaya yerləşdirin. Rəngi dəyişənə kimi gözləyin, yumuşalmasına da diqqət edin. Bu qədər bəsit prosedurdan sonra soyuması üçün kənara qoyun. Daha sonra qabıqlarını soyub yeyə bilərsiniz.

    Vacib qeyd: 24 saat ərzində bədəninizdə bütün bu sadaladığımız müsbət təsirləri görmək istəyirsinizsə, gün ərzində qidalanmanıza fikir verməlisiniz. Qovrulmuş sarımsaq yedikdən sonra, bol-bol su için. Təzə tərəvəz, meyvə və göyərti qəbul edin. Həmçinin asan həzm olunan, yüngül yeməklərə üstünlük verin. Şəkərli və duzlu məhsullardan o cümlədən emal olunmuş qidalardan uzaq olun!