Category: Maraqlı

  • Gündə nə qədər su içmək lazımdır?

    Gün ərzində az maye qəbulu özümüz də hiss etmədən bir çox problemlərə yol açır.

    Hətta ən azacıq susuzluq zamanı halsızlıq, yorğunluq kimi şikayətlər ortaya çıxır.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, susuzluq dərəcəsi artdıqca orqanizmin bir sıra funksiyalarında pozulma yaranır.

    Gündə nə qədər su içmək lazımdır? Mütəxəssislərə görə, yetkin insanların su ehtiyacı normal halda ən azı 1600 ml olmalıdır.

    Sağlam insanın gündəlik su ehtiyacı onun gün ərzindəki aktivliyi, çəkisi, yaşadığı iqlimin xüsusiyyətləri, iş rejimi ilə bağlı olaraq dəyişir.

    Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə, sağlam insan təxminən 2,7-3,7 litr su qəbul edə bilər. Çox isti bölgələrdə bu norma 5 litrə qədər dəyişir.

    Hesab olunur ki, çox isti havalarda, yayda su qəbuluna daha diqqətlə yanaşmaq lazımdır. Su əvəzinə qəbul edilən mayelər isə necə gəldi içilməməlidir, burada ölçünü itirmək olmaz.

    Suya alternativ olaraq tərkibi su ilə daha zəngin olan meyvə-tərəvəzlər, göyərtilər, məsələn, qarpız, yemiş, ispanaq tövsiyə olunur.

    Onlardan başqa, süd, meyvə suyu, mineral su da istifadə oluna bilər.

    Yüksək təzyiq, diabet, böyrək xəstəlikləri, ürək problemindən müalicə olunan xəstələr həkimlərin dediyi miqdarda su içməlidirlər.

    Bundan başqa, gərgin vəziyyətdə bir saat boyunca və daha çox idman edən şəxslər daha çox su və mineralla zəngin olan idman içkiləri qəbul etməlidirlər.

    Daha çox tərləyən şəxslər çox isti havalarda su qəbulunu artırmalıdırlar.

    Yüksək temperatur, ürək bulanma-qusma, ishal kimi hallarda bədəninin itirdiyi suyun yerinə daha çox içmək gərəkdir.

    Hamiləlik dövründə gündəlik qəbul edilən su miqdarı 2,5 litr, əmizdirmə zamanı 3 litr civarında olmalıdır.

  • Bu meyvələri almayın! – Ekspertdən XƏBƏRDARLIQ

    Təəssüf ki, Azərbaycanda becərilən meyvə və tərəvəzlərin analoqları xaricdən gətirilir.

    Median.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tibb eksperti, professor Adil Qeybulla bəzi mövsüm meyvələrindən zəhərlənmə halları barədə danışarkən deyib. O, meyvələri alarkən ölçüsünə və dadına nəzarət etməyin vacibliyini bildirib:

    “Hazırda bazarda satılan meyvələrin əksəriyyəti xaricdə müxtəlif istixanalarda yetişdirilir. Bu meyvələrin yetişdirilməsi, eləcə də uzun müddət xarab olmaması üçün müxtəlif gübrə və dərmanlardan istifadə olunur. Təbii ki, bu da son nəticədə insanların zəhərlənməsi ilə nəticələnir.

    Allergiyası, həssaslığı, immuniteti zəif olan insanların, hamilə qadınların, uşaqların bu cür meyvələri qəbul etməsi məqsədəuyğun deyil. Genetik modifikasiya edilmiş, dərmanla yetişdirilmiş meyvələr bir çox halda həssas insanların bədənində səpgilərin yaranmasına, üzün şişməsinə səbəb olur.

    Sovet dövründə bazardakı çiyələklərin ölçüləri çox kiçik olurdu. Hazırda satışda olan çiyələklər ondan, az qala, 10 dəfə böyükdür. Belə meyvələr istixana şəraitində yetişdirilir və insan orqanizmi üçün faydalı deyil.

    Əhliyə yerli məhsullardan istifadə etməyi məsləhət görürəm. Təəssüf ki, ölkəmizə öz standart ölçüsündən xeyli böyük meyvə və tərəvəzlər xaricdən gətirilir və çox vaxt dadsız olur. Bu sadaladıqlarım meyvə və tərəvəzlərin keyfiyyət parametrlərinin aşağı olmasından xəbər verir”.

    Ekspertin sözlərinə görə, ölkədə yetişən meyvə-tərəvəzlərin xaricdən alınması ərzaq təhlükəsizliyi konsepsiyasına ziddir:

    “Ümumiyyətlə, Azərbaycana vaxtından əvvəl süni şəraitdə yetişdirilmiş, gübrəli, genetik modifikasiya olunmuş ərzaq və qida məhsullarının, meyvə-tərəvəzlərin gətirilməsini məqsədəuyğun hesab etmirəm. Ərzaq məhsullarının ölkəyə idxalı o halda məqsədəuyğun hesab edilir ki, həmin ərzaq məhsullarının ölkədə istehsalı mümkünsüzdür. Yəni həmin meyvə burada yetişmir və ya bölgə üçün ənənəvi deyil.

    Tərəvəzlərə gəldikdə isə onu deyə bilərəm ki, bu qidaların çoxu yerli məhsullardır. Buna görə də tərəvəzlərlə bağlı elə də çox problem olmur”.

    A.Qeybulla yay aylarında bəzi ət və ət məhsullarının qəbulunun da insan səhhəti üçün riskli olduğunu söyləyib:

    “Meyvələr kimi balıq məhsullarının, eləcə də hinduşka ətinin mövsümü var. Adətən, fevralın sonu, martın əvvəllərindən başlayaraq hinduşka ətindən istifadə olunmur. Balıq və hinduşka ətini ancaq soyuq aylarda qəbul etmək olar. Tarix boyu formalaşan qida mədəniyyəti, adət-ənənələrimiz var. Bunlara riayət etsək, heç bir problem yaranmaz”.

  • LED lampaların mavi işığı gözlərə ziyan verir

    Fransa hökuməti tərəfindən həyata keçirilən sağlamlıq araşdırmalarına görə güclü LED lampalar qalıcı olaraq torlu-qişa ziyanı yarada bilir və təbii yuxu nizamını pozur.

    Median.Az deyerler.org-a istinadən bildirir ki, Fransız Qida, Ətraf və İş Sağlamlığı və Təhlükəsizliyi Agentliyi (ANSES) güclü LED işıqlarının foto-toksik olduğu mövzusunda xəbərdar etdi. Təşkilatın hazırladığı 400 səhifəlik hesabatda led işıqların geridönməz proseslə torlu-qişa hüceyrəsi itkisinə gətirib çıxararaq korluğa yol aça biləcəyinə dair hesabat nəşr etdi. ANSES səlahiyyətliləri LED işığı istifadəsini yenidən nəzərdən keçirmək üçün israr edir. Çünki yüksək miqdarlarda mavi işıq yayılır. LED telefon, planşet və noutbukların göz ziyanı riski meydana gətirmədiyini, lakin avtomobil ön faralarında istifadə edilən güclü lampaların ziyana səbəb ola biləcəyini ifadə edilir.

    Daha uzun ömürlü, enerji məhsuldarlığına sahib LED texnologiyası bazarın 50%-nə hakimdir və gələn il 60%-nə hakim olacağı düşünülür. Parlaqlıq baxımından LED lampalar, digər lampalara görə 1/5 elektrik istifadə edərək eyni parlaqlığı verə bilir.

    Adətən LED evlərdə və küçə işıqlandırmada, ofislərdə, mağazalarda və çox yerdə istifadə edilə bilir. Bundan əlavə, avtomobil faralarında, fənərlərdə və bəzi oyuncaqlarda istifadə edilə bilir. Əl telefonu, planşet və noutbuklardakı işığın adətən göz ziyanına səbəb olmadığı, lakin gecə və qaranlıqda istifadə edilməsinin bioloji saatı poza biləcəyi və dolayısı ilə yuxu nizamını poza biləcəyini ifadə edirlər.

  • “Google” xərçəngi həkimlərdən daha yaxşı aşkar edir

    Süni intellekt əsasında işləyən diaqnostika sistemləri ağciyər xərçəngini sertifikatlaşdırılmış həkimlərlə müqayisədə daha yaxşı aşkar edir.

    Median.Az teleqraf.com-a istinadən bildirir ki, “Google”un mühəndisləri tərəfindən ABŞ-da bir sıra tibbi mərkəzlərin iştirakı ilə keçirilmiş araşdırmaya əsasən, kompüter alqoritmləri 94% halda xərçəng xəstəliyinin əlamətlərinə düzgün diaqnoz qoyur.

    “Google”un neyron şəbəkəsi ağciyər xərçəngi aşkar edilmiş pasiyentlərin nümunələri üzərində təlim etdirilib. Ötən il bu xəstəlikdən ABŞ-da 160 min və dünyada 1,7 milyon nəfər ölüb.

    Ancaq “Google”un neyron şəbəkəsi hələ ki kliniki tədqiqatlarda istifadəyə hazır deyil. “Biz bu texnologiyanın kliniki təcrübədə səmərəli tətbiqi üçün dünyadakı bütün müəssisələrlə əməkdaşlıq edirik” – “Google”un layihə meneceri Daniyel Se deyib.

  • Antiperspirantlar ağır xəstəliklər yaradır

    Antiperspirantlardan istifadə ağır nevroloji xəstəliklərin inkişafına səbəb ola bilər.

    Median.Az xəbər verir ki, bunun səbəbi antiperspirantların tərkibində olan allüminiumdur. Məhz allüminium yayılmış skleroz və Alsheymer xəstəliyinin inkişafı ilə əlaqələndirilir.

    Alimlər yayılmış skleroz xəstəliyindən vəfat edən insanların beyini təhlil etdikdən sonra orada allüminiumun yüksək səviyyədə olmasını aşkar ediblər.

    Kil Universiseti alimlərinin fikrinə görə, insan orqanizminə vaksinlər və antiperspiratlardan daxil olan allüminium burada toplanaraq beyində patoloji proseslərin inkişafına təkan verir.

    Bütün bunları nəzərə alaraq alimlər antiperspirantlardan daha az istifadə etməyi, onları təbii vasitələrlə əvəz etməyi tövsiyə edirlər.

  • Azərbaycanda zəfəran yetişdirən əmək resursları dağılıb

    Zəfəran dünyanın ən bahalı ədviyyatıdır. İştah gətirən bu bitki xalq təbabətində suçiçəyi, prostat, astma, böyrək iltihabı, göz və ürək ağrıları, zob, revmatizm və digər xəstəliklərə qarşı dərman kimi məşhurdur. Lakin daha çox xörəklərə, içkilərə xoş dad və ətir verən, restoranlara daşınan ədviyyat kimi tanınır.

    Median.Az fed.az-a istinadən bildirir ki, onun dünya bazarını özünə cəlb edən hissəsi məhz çiçəyin içindəki 3 qırmızı telidir ki, bir kiloqramı 1100 dollardan 11 min dollara qədər qiymətə satılır.

    Bu bitki Abşerona VIII-IX əsrlərdə kiçik Asiyadan gətirilib. Zəfəran, Abşeronda iyul, avqust aylarında əkilir. 1941-ci ilə qədər hər il yarımadada 600 kq-a qədər quru zəfəran hazırlanırmış. İqlim və torpaq şəraitinin əlverişli olmasına baxmayaraq, bu bitkiyə ayrılan sahə çox azdır. Məhsuldarlıq isə son vaxtlar aşağıdır. Hər sentnerin maya dəyəri baha başa gəlir. Bunun bir səbəbi də əkin materialının az olması, əkən-becərən texnikanın qıtlığıdır. Başlıca səbəbi isə aqrotexniki tədbirlərin həyata düzgün keçirilməməsidir.

    Bir vaxtlar Azərbaycanda əkin strukturunda mövcud olmuş zəfəranın istehsalının genişləndirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin dövlət proqramı həyata keçirməyi planlaşdırdığı bildirilir.

    Ekspert Nicat Nəsirli bildirib ki, Sovet İttifaqı dağılarkən ictimai proseslərin təsirilə istehsalı azalan bitkilərin yenidən əkin strukturuna qaytarılması ilə bağlı müzakirələr aparılır.

    “Bazarlar keyfiyyətsiz zəfəranlarla dolub”

    N.Nəsirli qeyd edib ki, həmin bitkilərin böyük əksəriyyətinə həm daxili, həm də dünya bazarında böyük ehtiyac var:

    “Onların çoxu yem bitkiləridir və yemçilik üçün vacibdir. Amma nəzərə almaq lazımdır ki, həmin bitkiləri əkinə qaytarmaq üçün ciddi araşdırmalar tələb olunur. Bu istiqamətdə rəsmi qurumlarda müzakirələr gedir. Zəfəranın yenidən əkinə qaytarılması asan məsələ deyil. Birinci növbədə zəfəranın toxumçuluğunu qurmaq lazımdır. Toxum çox baha başa gəlir. 1-2 sotda zəfəran əkmək 11-12 min manat xərc tələb edir. Bitkinin toxumçuluq olmadan yetişdirilməsi maya dəyərinə böyük təsir göstərər. Nəticədə yerli zəfəran İrandan gətirilən zəfərana rəqabətdə uduzacaq. Ona görə də hökmən məsələnin iqtisadi əsaslandırılması olmalıdır. Bu gün zəfəranla bağlı reallıq ondan ibarətdir ki, bazarımız İran və bəzi Şərq ölkələri tərəfindən tutulub. O ölkələrdən Azərbaycana istənilən keyfiyyət və qiymətdə zəfəran gətirilir”.

    Əmək resursları yoxdur

    Müsahibimiz qeyd edib ki, zəfəranın becərilməsi üçün əmək resursları yoxdur:

    “Nəzərə almalıyıq ki, bir vaxtlar zəfəranla bağlı əmək bazamız vardı. Zəfəran yetişdirən insanlarımız çox azdır, əmək resurslarımız dağılıb. Yenidən o cür insanları tapmaq və zəfəranı əmək məşğuliyyətinə çevirmək asan məsələ olmayacaq:

    “Ümumiyyətlə zəfəran sahələrinin genişləndirilməsilə bağlı birmənalı fikir yoxdur. Dövlət tərəfindən yürüdülən fikir budur ki, zəfəranın strateji bitki kimi yetişdirilməsi vacibdir. Dünya bazarında zəfəranın ümumi dövriyyəsi ildə təxminən 150-200 milyon dollardır. Azərbaycan da buna laqeyd qala bilməz. Çünki ölkəmiz özü böyük bir bazardır. Amma hökmən əmək resursları, toxumçuluq və s. kimi məsələlər nəzərə alınaraq addımlar atılmalıdır. Bu məsələlərin hamısı elmi şəkildə iqtisadi əsaslandırılmalarla icra olunmalıdır. Amma bunu kim etməlidir? Dövlət gedib zəfəran əkəsi deyil. Burada maraqlı olan sahibkarlar, istehsalçılar təşəbbüs irəli sürməlidirlər. Zəfəran yetişdirilməsi 1-2 ilə nəticə vermədiyinə görə, dövlət ucuz və uzunmüddətli kreditlər, texnoloji dəstəklər verməlidir ki, sahibkarlar bu işdə maraqlı olsunlar”.

    “Bizdə zəfəran eksperiment kimi yetişdirilir”

    N.Nəsirlinin sözlərinə görə, hazırda zəfəran Zirədə 10 hekatarda, Zərdabda 1 hektarda, eyni zamanda Bakı kəndlərində 1-2 sotda yetişdirilir:
    “Amma çox zəifdir. Yəni istehsal edilən məhsul daxili tələbatı ödəmək gücündə deyil. Hesab edin ki, bizdə zəfəran eksperiment kimi yetişdirilir. Kütləvi əkin üçün torpaq da lazımdır. Bəzi kənd təsərrüfatı bitkiləri – üzüm, zəfəran, texniki bitkilər əkilən kimi nəticə vermir. Görürsünüz, pambıqçılıq inkişaf edir. Amma necə? Dövlətin hərtəfəli dəstəyi hesabına. Bu dəstək olmasa, pambıq əkilib ortaya çıxarıla bilməz. Zəfəranda da bu şəkildə birbaşa və dolayı dövlət dəstəklərinin verilməsi vacibdir”.

  • Həkimlərdən həyati əhəmiyyətli xəbərdarlıq

    Havaların istiləşməsi günəş gözlüyünün vacibliyi məsələsini bir daha aktuallaşdırır. Əslində mütəxəssislər nəinki isti aylarda, o cümlədən soyuq aylarda və qarlı havalarda da xüsusi eynəklər taxmağı məsləhət görürlər.

    Median.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, türkiyəli həkimlər belə havalarda günəş eynəyi olmadan çölə çıxmamağı məsləhət görürlər. Bundan başqa, buludlu havalarda da günəş eynəyi taxmaq tövsiyə olunur.

    “Günəş eynəyinin görünüşünə deyil, keyfiyyətinə fikir verin. Bundan başqa, hovuza və dənizə də xüsusi eynəklərlə girməyi tövsiyə edirik” – deyə mütəxəssislər məsləhət verirlər.

  • Bazarda alınmış əsərin qiyməti milyonu keçdi – FOTO

    Britaniyalı bazardan təsadüfən Pikasso əsəri alıb.

    Median.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, ekspertlər bazardan alınmış əsərin dahi rəssam Pablo Pikassonun orijinal əsəri olduğunu təsdiqləyib.


    Kolleksiyaçı əsəri 300-dollardan ucuz qiymətə alıb.

    Ekspertlər əsərin “Dəniz kənarında oturan çimərliyə gəlmiş adam” olduğu qərarını verib.

    Hazırda əsərin qiyməti milyon dollar olaraq qiymətləndirilir.

  • “Hətta birincilik qazansaq…” – Faiq Ağayev Avroviziya haqqında danışdı

    İsraildə keçirilən “Eurovision 2019” müsabiqəsi artıq start götürüb və ölkəmizi təmsil edən Çingiz Mustafayev finala vəsiqə qazanıb.

    Median.Az xəbər verir ki, Adalet.az Xalq artisti Faiq Ağayevin təmsilçimizin çıxışı ilə bağlı fikirlərini öyrənib:

    “Çingiz çox yaxşı çıxış etdi və ilk yarım-finallar sonrasında Qafqaz ölkələri arasında finala vəsiqə qazanan yeganə ölkəyik. Həm ifa, həm nömrə quruluşu çox xoşuma gəldi. Mübaliğəsiz, ilk onluğa daxil olacağını düşünürəm.

    Bilirsiniz ki, bu müsabiqədə ölkələr çox vaxt siyasi maraqlarını əks etdirən səsvermələr keçirirlər, amma hər şey ədalətlə olsa, sırf ifa, mahnı, geyim, səhnə performansı nəzərə alınsa, əminəm ki, ilk beşliyə düşəcəyik. Hətta birincilik qazansaq, heç təəcüblənmərəm və çox sevinərəm. Sadəcə Çingizin iki güclü rəqibi olduğunu düşünürəm: biri Hollandiya, digəri isə Rusiya.

    Qeyd edək ki, mayın 18-də keçiriləcək finalda iştirakçılar aşağıdakı ardıcıllıqla çıxış edəcəklər:

    Malta, Albaniya, Çex Respublikası, Almaniya, Rusiya, Danimarka, San Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Niderland, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstraliya, İspaniy

  • Arvadı ruhi xəstə, oğlu qumarbaz – Siyavuş Aslan haqda 10 maraqlı fakt

    Median.Az “Kulis”ə istinadən Xalq artisti Siyavuş Aslanla bağlı 10 maraqlı faktı təqdim edir:

    1. Siyavuş Aslan həyatında yalnız bir qadını sevib: həyat yoldaşı Ofeliya Aslan! Musiqili Komediya Teatrında işləyən cütlük, elə orda da tanış olur, bir-birlərini sevirlər. Ancaq elçilkdə qızı vermirlər. Siyavuş Aslan qızı qaçırdır.


    2. Sonralar Ofeliya Aslan xəstələnir, ruhi xəstəxanaya düşür. Bu fakt cütlüyün ayrılmasına səbəb olur. Onlar ayrılsalar da teatrın arxasındakı bir evdə yaşayırdılar. Siyavuş müəllim ömrünün sonunacan onu çox sevib və rəhmətə gedəndə çox sarsılıb.


    3. Siyavuş Aslan ata kimi də xoşbəxt deyildi. Oğlu Çingiz Aslan haqqında yaxşı olmayan xəbərlər dolaşırdı, mətbuat yazırdı. O, atasının “Xətai” metrosu yaxınlığındakı evini qumara qoymuşdu. Siyavuş müəllim bu hadisə ilə bağlı yaxın dostlarından birinə bunları deyib: “Pis vəziyyətdə evə gəlmişəm. Gördüm, binanın qabağında bizim bahalı mebelləri maşına yığırlar. Soruşuram, bunu hara aparırsınız? Deyir, oğlun bunları bizə satıb – 3 min manata. Çıxardıb pulunu qaytarıb yola saldım”.


    4. Çox mərd və alicənab xasiyyətləri olub. Gənc aktyor Sərdar Rüstəmov deyir: “Təxminən 2002-2003-cü illər idi. Teatrdan 8-9 “şirvan” maaş alırdım. Özüm də kirayədə qalırdım. Bu pulla həm dolanmalı, həm də kirayə pulunu verməliydim. Bəzən elə olurdu ki, teatrdan aldığım maaşı alıb bütünlüklə bufetə olan borcumu ödəyirdim. Günlərin birində bufetdən yenə nəsə alırdım. Bufetçi Ağabəy dedi ki, bacıoğlu, borcun altı “şirvan”ı keçib. Həmin vaxt Siyavuş əmi də bufetdə idi. Qalxdı ayağa, soruşdu ki, nə məsələdir? Ağabəy dedi, filan qədər borcu var. Çıxartdı borcumu verdi, sonra da dedi, indi yediyinin də pulunu çıx.


    5. Gənc həmkarları ilə həddən artıq mülayim davranar, onların problemləri ilə maraqlanar, hətta bir çox hallarda onların problemləri üçün nüfuzundan istifadə edərək məmurların yanına gedərdi.


    6. Ümummilli lider Heydər Əliyevlə görüşdə heç kimin ağlına gəlməyən və bəlkə də heç kimin etmədiyi bir xahiş edib: istedadlı gənclərə təqaüd verin, teatrı tərk etməsinlər!

    7. Yaxın dost olduqları Hacıbaba Bağırovun ona xəyanət etdiyi, teatra rəhbər gəlmək üçün arxasından iş çevirdiyi bildirilir. Siyavuş Aslan buna görə neçə illik dostundan küsərək Akademik Milli Dram Teatrına gedib və ömrünün sonunacan Hacıbaba Bağırovu dindirməyib.


    8. “Bəyin oğurlanması” filmində rejissor Vaqif Mustafayev ifa canlı alınsın deyə aktyor Muxtar Maniyevə Siyavuş Aslanı o bilmədən həqiqətən şillə ilə vurmasını tələb edib. Çəkiliş alınıb, amma bu hərəkətinə görə Siyavuş müəllim Vaqif Mustafayevdən küsüb və onu heç vaxt bağışlamayıb. Beləliklə V. Mustafayevin sonrakı filmlərində rol almaq şansını itirib.


    9. O, bayağı bir filmə də çəkilib: Sərxan Kərəmoğlunun “Adam ol!” filminə. Və sonra peşman olduğunu bildirib.  


    10. Həyatda çox ciddi və zarafatı sevməyən adam olub. Yaxın dostları belə onunla olduqca sayğılı və ehtiyatlı davranıblar.