Category: Maraqlı

  • “London” taksisinin qadın sürücüsü: “Kişi kollektivində çalışmaq möhtəşəm hissdir”

    Onunla telefonla danışıb, sabahı gün saat 12.00-y görüş aldım. Dedi ki, rahat olması üçün elə hava limanına gəlim. Danışıb, razılaşdıq. Ertəsi gün görüşdük. Xoş, incə, məlahətli bir xanım idi.

    Əvvəllər qadınların sükan arxasında olmağı xüsusilə kişilər tərəfindən birmənalı qarşılanmırdı. İndi isə qadınlar kişi peşəsi hesab edilən taksi sürücülüyü ilə də məşğul olurlar. Təranə İbrahimova taksi sürücüsü kimi hava limanında “Baku Taxi”-də çalışır. Onunla avtomobilində söhbətləşirik.

    Bir aydan çoxdur ki, “London”taksisində çalışan Təranə İbrahimova deyir ki, işə başladığı ilk günlərdə bir qədər çəkinirmiş. Çünki hamı ona bu işin qadın işi olmadığını, planı yığa bilməyəcəyini deyirmiş.

    Ancaq özündə güc tapan qadın heç kəsə qulaq asmır və qarşısına məqsəd qoyur ki, o bu işi bacaraq və bacarır da.

    “Ailədə 4 qardaşın tək bacısı olduğu üçün hər zaman kişi peşələrinə daha meylli olmuşam. Maşın sürməyi isə çox sevirəm. 15 ilə yaxındır ki, maşın sürürəm. Öz şəxsi maşınım da var idi. Keçən il satdım. Bu işdən əvvəl bir həkimin şəxsi sürücüsü idim. O işim də gözəl idi” – deyə xanım taksi sürücüsü bildirir.

    Təranə xanımın sözlərinə görə, ümumiyyətlə avtomobil sürməklə bağlı olan bütün işləri sevir: “İnternetdə elanı görüb müraciət etdim. Hamı deyirdi ki, ağır işdir, bacarmazsan. Ancaq mənim çətin işlərdən xoşum gəlir. Bu maşına 20 günə öyrəndim. İndi artıq avtomobilə adaptasiya olmuşam. Bu işi sevirəm”.

    Sürücü qadın əlavə edib ki, işə yeni başlayanda bir qədər yollarda problemlər yaşayıb: “Təzə başlayanda yolları, xüsusən hotelləri yaxşı tanımırdım. Belə olanda iş yoldaşlarım mənə kömək edirdi. Mən naviqasiyaya inanmırdım. Amma indi şəhərin 70 faizini tanıyıram. Heç bir problem yaşamıram”.

    T. İbrahimova əcnəbi turistlər yaşadığı maraqlı hadisələrə də toxunub: “Mən çox zaman əcnəbi turistləri hotellərə aparıram. Azərbaycanlı sərnişinlər çox az olur. Ötən günlərdə bir əcnəbini hava limanından hotelə aparırdım. Turistin pulunun qalığını qaytaranda dedi ki, “mən belə dürüst olmağınıza təəccübləndim”. Əcnəbilər taksi sürücülərindən narazılıq etmir”.

    T. İbrahimova bu işi seçəndə uşaqları ilə də narazılıqlar yaşayıb. Dediyinə görə, qızı onun bu işdə işləməsini istəmirmiş: “Ona izah etməyə çalışırdım ki, bu yaxşı işdir. Mən hava limanında çalışıram. Yolda dayanıb sərnişin gözləmirəm. Bundan başqa, fəaliyyətim bütün sosial şəbəkələrdə paylaşılır. Heç kim mənfi rəy yazmır. Mən bu işdən yorulmuram. İmkan olsa, gecə-gündüz çalışaram”.

    Təranə xanım deyir ki, qadının “London” taksisi sürməyi şəhər əhalisi tərəfindən də xoş qarşılanır: “Bəzən baxıram ətrafa hamı xoş təbəssümlə yanaşır. Taksi sürücüsü olan qadınlar görmüşəm. Amma mən “London” taksisində çalışan tək qadınam. Bu da hamının diqqətini çəkir”.

    Təranə xanım kişi həmkarlarl tərəfindən ona böyük yardımların edildiyini də etiraf edir.

    “Bəzən olur mənim müştərim olmur, digər sürücülər mənə öz müştərilərini verirlər. Bəzən öz növbələrini mənə verirlər. Kişi kollektivində tək qadın olub çalışmaq möhtəşəm hissdir” – deyə həmsöhbətim qeyd edir.

    Sağollaşıb ayrılıram. Ətrafda olan sürücülər elə bilir ki, mən də sürücü kimi çalışmağa gəlmişəm, qışqırırlar: “Təranə, artıq tək deyilsən, həmkarın gəlib, təbriklər…” //sputnik.az 





  • Özünü öldürmə, zəng et, dəstək al! – Psixi Sağlamlıq Mərkəzinin qaynar xətti

    Son zamanlar hər gün eşidilən intihar hadisələri, insanların, xüsusən gənclərin psixoloji möhkəmliyinin müxtəlif səbəblərdən pozulması, gənclərin çıxış yolunu özünəqəsddə görməsi cəmiyyətdə psixi sağlamlığın ciddi təhlükə altında olduğunu göstərir.

    Müxtəlif dövlət qurumları, mütəxəssislər və ictimai siyasi xadimlər artıq ciddi tədbirlər görülməsinin labüdlüyü barədə çıxışlar edir.
    Məktəblərdə psixoloji təzyiqə məruz qalan şağirdlərin müraciət etməsi üçün Təhsil Nazirliyi də qaynar xəttin açılacağı barədə elan verib.
    Azərbaycanda Səhiyyə Nazirliyinin nəzdində Psixi Sağlamlıq Mərkəzinin “Qaynar xətt”i artıq bir neçə ildir ki, bu missiyanı icra edir.

    Sadəcə bu mərkəz haqqında cəmiyyətdə geniş təbliğat aparılmadığı, “Qaynar xətt” nömrələri kifayət qədər tanıdılmadığı üçün insanlar çıxılmaz durumlarda və intihar öncəsi müraciət üçün hara, kimə üz tutacaqlarını bilmir.

    Median.Az medicina.az-a istinadən bildirir ki, Səhiyyə Nazirliyi yanında Psixi sağlamlıq mərkəzinin 2 Qaynar Xətti mövcuddur:
    012 566 50 61 ; 012 409 39 28 şəhər nömrələri hər kəsin zənginə açıqdır.
    409-39-28 nömrəsi isə 24 saat fasiləsiz çalışır.

    Mərkəzin direktoru, professor, psixiatr Fuad İsmayılov Medicina.az-a açıqlamasında bildirib ki, illərdir mərkəz müxtəlif psixi sağlamlıqla bağlı zəngləri qəbul edir. Eləcə də mərkəzdə psixoloq və psixiatrlar tərəfindən müxtəlif psixi problemlərin müalicəsi aparılır:

    “Qaynar xəttimizə istənilən yaş həddində olan Azərbaycan vətəndaşı zəng edə bilər. Zənglərə peşəkar psixiatr və psixoloqlar cavab verir. Ən çox gənclər zəng edir, onların da problemi sevgi münasibətləri, ayrılıq, şəxsi məsələlər olur. Çox zaman oğlanlar, qızlar zəng edib, ağlayaraq sevdiyi insandan ayrıldığı üçün əzab çəkdiyini, həyatdan küsdüyünü bildirir.

    Amma intihar etməyə hazırlaşan, intihar edəcəyini bildirən şəxslər tərəfindən zənglər olmayıb. Bilirsiniz, psixoloji durumu kritik olan insan heç vaxt zəng edib qəfildən demir ki, özümü öldürmək istəyirəm.

    Krizis xəttinə zəng edəndə bizim əməkdaşlar ehtiyatla bu mövzuda danışır. Birdən-birə “siz intihar etmək istəyirsiniz?” sualını vermək düzgün deyil.
    Bizim psixoloq problemin səbəbini, neçə müddətdir başladığını soruşur. Belə bir sual verə bilər ki, sizdə belə istək olurmu, istəyirsiniz, yatasınız və ayılmayasınız. Bu suala verilən cavabdan bəlli olur ki, zəng edən depressiyanın hansı mərhələsindədir, intihar barədə düşünür, ya yox.

    Bu suallardan yola çıxıb, vətəndaşlara psixoloji yardım göstərilir. Lazım olsa, təkrar zənglər edir, danışır. Amma təbii ki, ən yaxşısı əyani yardımdır.

    Vətəndaşa təklif olunur ki, mərkəzə gəlib, psixoloq, psixiatr müayinəsindən keçsin, daha yaxından kömək alsın. Amma çoxları gəlməyə qorxur. Ailə məişət zəminində ər-arvad arasında olan münaqişədə qadın zəng edir, danışır, amma gələ bilmir. O zaman təklif edirik, yaxın etibar etdiyi ailə üzvü ilə birgə, hansısa yolla çıxıb, bu mərkəzə bir dəfə də olsa gəlsin”.

    Psixiatrın sözlərinə görə, intihara meyillik, səbəblər müxtəlif psixi xəstəliklərdən də ola bilər: “Depressiyadan başqa şizofreniya var, hansısa üzvi mənşəli pozulma, sistematik xəstəlik var, bunları aydınlaşdırmaq lazımdır”.

    Fuad İsmayılov bildirib ki, Mərkəzə daha asan, yaddaqalan qısa nömrə alınması məsələsi bir neçə dəfə qaldırılsa da, bu nömrələrin pullu olması səbəbindən həll olunmayıb.

    Bir daha krizis xəttinin nömrələrini təqdim edirik:
    012 566 50 61 ;
    012 409 39 28 ( 24 saat)

  • 2050-ci ilə kimi Günəş yeganə enerji mənbəyi olacaq

    Finlandiyalı və almaniyalı alimlər hökumətlərin iqlim dəyişikliklərinə qarşı ciddi mübarizəyə başlayacaqları halda bu əsrin ortasına kimi energetika sahəsinin hansı istiqamətdə gedəcəyini hesablaylblar. Alimlərin gəldikləri nəticə eynidir: Artıq varolan texnologiyalar vasitəsilə qazıntı yanacaqlardan tam imtina mümkündür. Bu barədə Hightech.plus saytı xəbər verib. Finlandiyalı və almaniyalı mütəxəssislərin hesablamalarına əsasən yaxın onilliklər ərzində bərpa olunan enerji sahəsini ciddi yüksəliş gözləyə bilər.

    Median.Az technote.az-a istinadən bildirir ki, 2050-ci ilə kimi Günəş Yer planetinin sərf etdiyi enerjinin 69%-ni generasiya edəcək. Yerdə qalan 31% isə külək enerjisi və digər bərpa olunan enerji üsullarının üzərlərinə düşəcək. Mütəxəssislərin bu bəyanatları proqnoz deyil ssenaridir. Bu ssenarinin yerinə yetirilməsi halında iqlim dəyişikliyi krizisini aradan qaldırmaq və əsrin ortasına kimi dünya energetikasını tamamilə bərpa olunan energetik sahəsinə keçidini reallaşdırmaq mümkün olacaq. Alimlər güman edirlər ki, yeni sistemə keçidin əsas başlanğıcı ilkin enerji sərfiyatının elektrikləşdirilməsi olacaq. Bura ilk növbədə nəqliyyat daxildir. Ən kütləvi və ucuz eneji mənbəyi Günəş olacaq.

    Külək enerji ehtiyacının 18%ni, biokütlə 6%-ni, hidroenergetika 3%-ni, geotermal energetika isə 2%-ni qarşılayacaq. Ümumilikdə 2050-ci ilə kimi bərpa olunan enerjinin payına ilkin enerji hasil edilməsinin 90%- düşəcək. 2015-ci ildə bu göstərici 22% idi. Elektroenergetika sahəsində Günəş qurğuları 73% enerji hasil edəcəklər. 2030-cu ilə kimi külək enerjsinin payı ilk öncə 43%-ə yüksələcək. Lakin daha sonra onun pay göstəricisi 20%-ə enəcək. Mütəxəssislər həmçinin irimiqyaslı şəkildə enerji saxlama sistemlərinin yayılmasını da gözləyirlər. Bu cür sistemlər vasitəsilə enerji sərfiyyatının 23%-i təmin olunacaq. 2030-cu ilə kimi elektroenerjinin balanslaşdırılmış qiyməti bir qədər aşağı düşəcək (54 avrodan 53 avroya kimi). Digər müsbət iqtisadi effektlər də gözlənilir. Məsələn Günəş energetikası sahəsində 22 milyon yeni iş yerinin yaradılması.

    Alimlər tərəfindən təqdim olunmuş bu hesabatın əsas məğzi ondan ibarətdir ki, artıq indi varolan texnologiyalar vasitəsilə əsrin ortasına kimi dünya energetikasını bərpa olunan enerji sahəsinə keçirdərək iqlim temperaturunun 1.5 dərəcə istiləşməsinin qarşısını almaq olar. Lakin bunun üçün hökumətlər bir sıra vacib qərarlar qəbul etməlidirlər. Onların sırasında qazıntı yanacaqların əldə olunması üçün olan subsidiyaların ləğvi, günəş və külək energetikası sahəsindəki böyük layihələr üçün güzəştlərin təqdim olunması və s. var. Mütəxəssislər əmindirlər ki, çoxlu sayda dövlətlərin iqlim dəyişiklikləri ilə ciddi mübarizəyə start verəcəkləri halında Shell və BP kimi böyük neft şirkətlərinin qiymətiəri 95% aşağı düşəcək. Hər halda insan sivilizasiyası bu cür halda əksinə müsbət nəticələr qazanacaq.

  • Alibaba-nın təsisçisi Cek Ma 12 saatlıq işin lehinə danışdı

    Alibaba Group-un təsisçisi və milyarder Cek Ma bir çox Çin internet-şirkətlərdə geniş yayılmış olan ştatdankənar vaxt ilə işləməyin lehinə danışdı.

    Biznesmen öz mövqeyini Alibaba-nın işçiləri ilə görüşdə ifadə etdi. Görüşün stenoqramması şirkətin rəsmi WeChat hesabında da paylaşılıb.

    Mən hesab edirəm ki, səhər doqquzdan axşam doqquza qədər işləmək imkanı çox xeyirlidir. Hazırki zamanda hər kəs müvəffəqiyyətli olmaq arzununu qurur. Hər kəs yaxşı həyatının olmasını və geniş kütlə qarşısında hörmətə sahib olmaq istəyir. Lakin, icazənizlə sual edirəm, siz bunun üçün digərlərindən daha çox zaman və enerji sərf etmədən necə bu məqsədə çatacaqsınız?

    Median.Az technote.az-a istinadən bildirir ki, Ma əlavə etdi ki, “Alibaba-da işləmək istəyənlər 12 saatlıq işə hazır olmalıdırlar. Bizə komfort səkkiz saatlıq işə ümid edənlər lazım deyil” – Alibaba-ya aid olan South China Morning Post sitat gətirir.

    Biznesmen xatırlatdı ki, özü də 1999-cu ildə Alibaba-nı təsis etdikdə çox işləyirdi. Onun sözlərinə görə, böyük iş günü onun həyatının bir parçasına çevrilib və o, gündə 12 saat işləməkdən sevinc hissi yaşayır.

    Çin İT-şirkətlərində iş saatları problemi 2019-cu il aprel ayının əvvəllərində gündəmə çıxıb. Bir qrup aktivist GitHub-da 996.İCU adlı repozitoriya yaratmışdı, hansında ki, onlar 12 saatlıq iş barədə şikayətçi idilər. Şikayətlər arasında Alibaba və ona aid olan Ant Financial şirkətinin adı da hallanır.

  • Xəzinə tapdılar, varlanmaq əvəzinə borca düşdülər – VİDEO

    Almaniyanın Eslingen şəhərindən olan iki tarixçi 2017-ci ilin yayında arxeoloji qazıntılar zamanı təsadüfən xəzinə tapıb.

    Onlar bu barədə hökumətə məlumat verməyiblər. Almaniya qanunlarına görə, xəzinə tapan şəxslər dərhal bu barədə dövlət orqanlarına məlumat verməlidirlər. Xəzinə tapan şəxsin şəxsi həyətində olsa belə, o dövlətə məxsus hesab edilir.

    2018-ci ilin yayında tarixçilərdən biri vicdanının səsinə qulaq asaraq bu barədə yerli hakimiyyət orqanlarına məlumat verib. Elə o gündən də onların həyatında çətin dövr başlayıb. Belə ki, tarixçilər tapdıqları xəzinəni təhvil verməklə yanaşı, üstəlik cərimə də ödəməlidirlər.Əks halda onları həbs gözləyir.

    Tapılmış gil küpənin içərisində 1300 il əvvələ aid 9200 gümüş sikkə aşkarlanıb. Onların ümumi çəkisi 4,6 kq təşkil edib. Gümüş sikkələrin ən qədimi 1280-ci, ən yenisi 1350-ci ilə aiddir.
    Mütəxəssislərin dediyinə görə, bu Almaniyada son 10 ildə tapılmış orta əsrlərə dair ən böyük xəzinədir.

  • Səhər yeməyindən imtina edənləri ölümcül təhlükə gözləyir

    San-Paulu Dövlət Universitetinin alimləri səhər yeməyindən imtinanın ölümcül təhlükə daşıdığını aşkarlayıb. Səhər yeməyindən imtina edib, gecələr, yatmazdan əvvəl qida qəbul edən insanlarda isə erkən ölüm riski daha da yüksək olur. Söhbət başlıca olaraq ürək tutması ilə əlaqədar ölüm riskindən gedir.

    Araşdırmanın nəticələri “MedicalXpres” nəşrində dərc olunub.

    Tədqiqatda əvvəllər miokard infarkt keçirmiş orta yaşı 60 olan 113 pasiyent iştirak edib.

    Tədqiqat çərçivəsində aparılan sorğuda məlum olub ki, könüllülərin 58 faizi səhər yeməyi yeməyib, onlardan 51 faizi gecə saatlarında qida qəbul edib, sorğu iştirakçılarının 41 faizi isə hər iki zərərli vərdişə malik olub.

    Səhər yeməyi yeməyən, ancaq yatmazdan əvvəl qida qəbul etməyi sevən könüllülər təkrar infarktdan əziyyət çəkib, stenokardiyaları isə 4-5 dəfə daha müntəzəm olub.

    Alimlər düzgün qidalanmanın ürək-damar xəstəlikləri profilaktikası baxımından olduqca zəruri olduğunu qeyd edir.

  • Səhər yeməyi nə üçün vacibdir?

    Səhər yeməyi günün ən vacib qidalarından hesab olunur. Onun qəbul edilməsi bədənə enerji verir, uzun müddət aclıqdan sonra düşən qan şəkərinin səviyyəsini yüksəldərək günə fəal və gümrah başlamağı təmin edir.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, yuxudan oyanandan sonra bir saat ərzində mütləq səhər yeməyi qəbul edilməlidir, çünki gecə 10-12 saat ac qalan orqanizmin qidaya tələbatı artır.

    Səhər açılan süfrə bol çeşidli qidalarla, tərkibi vitamin və proteinlərlə zəngin olmalıdır. Sabah yeməyi üçün bal qatılmış yulaf sıyığı, yaxud süd məhsullarından hazırlanmış yeməklər məsləhət görülür. Kərə yağı və zeytun da səhər yeməyi üçün faydalı ərzaqlardır. Səhər yeməyi gün ərzində insan orqanizminin enerji balansını qoruyur, əhvali-ruhiyyənin yüksəlməsinə səbəb olur. Səhər yeməyindən imtina artıq çəkinin yaranmasına şərait yaradır. Belə ki, insan yuxuya gedəndə maddələr mübadiləsi də yatır və yemək yeməyənə qədər oyanmır. Ona görə də səhər yeməyindən imtina etdikdə orqanizm naharadək daha az kalori yandırır.

    Səhər yeməyi iş qabiliyyətini 30 faiz artırmaqla yanaşı diqqəti toplamağa və eşitdiklərini yadda saxlamağa kömək edir. Ürəyin fəaliyyətinə müsbət təsir göstərir, aclıq hissinin qarşısını alır. Mütəxəssislərin fikrincə, gün boyu enerjili, sağlam və gümrah olmaq üçün səhərlər yemək yemədən evdən çıxmaq olmaz.

  • 2030-cu ildə dünyada yaşlı əhali sayca gəncləri üstələyəcək

    2030-cu ildə dünyada yaşlı əhalinin sayının 2015-ci ildəki 901 milyon nəfərdən 1,4 milyarda çatacağı gözlənilir. Bu göstərici ən sürətli templə inkişaf edən ölkələrdə artacaq. Əhalinin yaşlanması prosesi doğuşun azalması və müasir tibb elminin nailiyyətləri sayəsində ömrün uzanması ilə daha da güclənir.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, BMT-nin əhalinin yaşlanması prosesini tədqiq edən işçi qrupunda bir çox ölkələrdən onlarla qeyri-hökumət təşkilatlarının nümayəndələri akkreditə olunublar. “Help Age” beynəlxalq təşkilatının ekspertləri gəlir səviyyəsi aşağı, orta və yüksək olan 23 ölkədə 539 yaşlı insan arasında sorğu keçiriblər. Suallar iki əsas mövzu – sosial müdafiə və sosial təminat məsələlərini əhatə edib. Bundan başqa, təhsil, bütün həyatı boyu potensialın artırılması problemləri də bu siyahıya daxil edilib.

    Bir çox ölkələrdə hələ də hesab edirlər ki, ahıllıq yaşına çatmış valideynlərə baxmaq ailə üzvlərinin vəzifələrinə aiddir və sosial yardım paketinə daxil deyil. Məsələn, Avstraliyada bu sahədə ədalətsizlik var: təqaüd yaşı 65-67 olduğu halda, yerli aborigenlərin əksəriyyəti bundan 10 il az yaşayır. Bəzi ölkələrdə isə şirkətlər tamamilə qanuni əsasda vətəndaşlara səhiyyə sığortası və ya səyahət zamanı sağlamlıq sığortası məsələsində rədd cavabı verə bilərlər. Bir sıra hallarda isə diskriminasiya süni intellekt alqoritmində insanlara sığorta və digər sosial təminat məsələlərində mənfi cavab verməklə həyata keçirilir. Bəzi ölkələrdə təqaüd və sosial müavinətlər o qədər azdır ki, ahıl insanlar əziyyət çəkməli olurlar. Sorğunun nəticələri göstərib ki, onların bir çoxu olduqca yoxsul vəziyyətdə yaşayırlar.

    Sorğunun nəticələrində inkişaf etmiş ölkələrdə də bu sahədə problemlərin olduğu göstərilib. Məsələn, Danimarkanın ahıl sakini bildirib ki, onun həmyaşıdları qocalar evinə gedənədək öz vəsaitlərini qənaətlə xərcləməyə çalışırlar. Onun sözlərinə görə, təqaüdün böyük hissəsi kommunal xidmətlərin ödənilməsinə sərf olunur.

    İşçi qrupunun üzvləri xatırladırlar ki, bəşəriyyət ahıl insanlara cəmiyyətin sosial inkişafına töhfə verməyə qadir olan əhali qrupu kimi baxmalıdır. Bunun üçün onlara ictimai həyatda tamhüquqlu iştirak etmək imkanı verilməlidir.

    Əhalinin yaşlanması prosesini tədqiq edən işçi qrupu 2010-cu ildə BMT Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq yaradılıb. Qrupun onuncu sessiyası aprelin 18-dək davam edəcək.

  • Google assistentdə reklamlar göstəriləcək

    Google şirkətinin səsli virtual assistentində, reklam nümayişi dövrü başlayır.

    Google şirkəti istifadə sahəsi gün keçdikcə genişləyən Google assistentdə istifadəçilərə reklam göstərməyə hazırlaşır. Google Assistent reklamların başlanması ilə artıq soruşduğunuz bir suala cavab verərkən arada istifadəçilərə reklam da göstərəcək.

    Median.Az deyerler.org-a istinadən bildirir ki, məsələn assistent, bir səmtdə uyğun hotel axtarış nəticələrini göstərəndə hotel təklifi də təqdim edə biləcək.

    Google hər nə qədər bu reklam nümayişlərilə pul qazanmağı məqsəd qoysa da, xüsusilə reklamlardan xoşu gəlməyən və daha təmiz bir istifadəçi təcrübəsi istəyən istifadəçilərin reaksiyası ilə də qarşılaşa bilər.

    Bir neçə həftədir müxtəlif reklam növlərini sınayan şirkət, təcrüblərdən sonra, Google Assistent tətbiqində reklam göstərməyə başlayacaq.

  • İnsanı cavan saxlayan SİRR və Pilates haqda ilk dəfə oxuyacağınız İNANILMAZ FAKTLAR

    Neçə yaşında olduğunuzu onurğa sütununun nə dərəcədə elastik olması müəyyən edir.

    Siz bilirdiniz ki, Pilates əslində, adam olub? Mən bilmirdim. Bu gün çox populyar olan pilates idman növü yaradıcısının adı ilə bağlıdır.

    Median.Az xəbər verir ki, pilatesin əsasını Jozef Pilates qoyub. O, öz fiziki təlim sisteminin ixtiraçılarından biridir. Jozef Pilates hesab edirdi ki, insan 30 yaşında da qocala və yaxud 60 yaşına qədər gənc qala bilər. O, inanırdı ki, onurğa sütunu nə qədər elastikdirsə, insan o qədər gəncdir. Məşqçi deyirdi ki, qocalıq 100 yaşından sonra başlamalıdır.

    Y.Pilates uşaqlıqda zəif və cılız olmasına baxmayaraq, öz sistemi sayəsində uzun və sağlam bir həyat yaşayıb.

    Yozef Pilates 1883-cü ildə Almaniyada yoxsul yunan və alman ailəsinə anadan olub. Zəif olduğundan uşaqlığı çox ağrılı keçib: raxit və astma, hətta revmatizm. Məktəbdə onu həmişə ələ salır və lağ edirdilər. Doqquz yaşında həmyaşıdlarının təhqirlərinə daha dözə bilməyən oğlan bir gün atasına şikayət edir. Ondan sonra atasının dediyi söz bütün həyatını dəyişir: “Hər kəs öz taleyinin ağasıdır. Sən şikayət etməyə davam edə və yaxud gedib idman edə bilərsən”.

    Bir neçə il gərgin məşqlər nəticəsində Jozef idmançıya çevrilir: gimnastika, xizək, boks, üzgüçülük, dalğıc və sair idman növləri ilə maraqlanırdı. O, öz əzələlərini o qədər yaxşı inkişaf etdirmişdi ki, yerli rəssamlar anatomik rəsm üçün poza verməyə naturaçı kimi onu dəvət etməyə başladılar. Artıq o zaman bədənini möhkəmləndirmək üçün öz sistemini qurmağa başlayır. 1912-ci ildə Pilates İngiltərəyə köçür: boksçu kimi rinqlərdə döyüşür, sirk gimnastı kimi fəaliyyət göstərir, hətta Skotland-Yardda özünümüdafiə üzrə məşqçi işləyir.

    Daha sonra Birinci Dünya müharibəsi başlayır və onu etnik alman düşərgəsinə göndərirlər. Bununla belə Pilates məşqlərini davam etdirir və öz bədəni üzərində səylə çalışmağa davm edirdi.

    Jozef Pilates müharibədən sonra Nyu-Yorka gedir. Həmin dövrdə Amerikada hər cür idman və fitnes mərkəzlərinə yazılmaq dəbdə idi. Jozef risk etməyə qərar verərək bütün sərvətini Nyu-York balet mərkəzinin binasında açdığı idman salonuna yatırır. Onun işi bir anda yüksəlir, balet artistləri, məşhur hollivud aktyorları və idmançılar məşq üçün onun yanına gedirdi.

    Bu gün Pilatesin hazırladığı məşqlər yenidən öz populyarlıq dövrünü yaşayır. Pilates məşqləri çox sadə, aydın, eyni zamanda çox effektivdir: düzgün nəfəs texnikası, üstəgəl onurğa və oynaqların ətrafında əzələ karkasını formalaşdıran gimnastikasının tədricən inkişafı. Hər bir hərəkət düzgün və dəqiq şəkildə yerinə yetirildiyi zaman travmalar demək olar ki, aradan qalxır. Pilates məşqləri hər kəs üçün uyğundur: həm yaşlılar, həm də gənclər, həm xəstə, həm də sağlam insanlar üçün. Xüsusilə oturaq və daha çox hərəkətsiz həyat tərzi sürən insanlara faydalıdır. Onu da unutmaq olmaz ki, effektiv nəticə əldə etmək üçün pilateslə mütəmadi olaraq məşğul olmaq lazımdır.

    Jozef iddia edirdi ki, onun metodikasına əsasən, 10 məşqdən sonra istənilən şəxs özünü daha yaxşı və gümrah hiss etməyə başlayır. 20 məşqdən sonra daha yaxşı görünməyə başlayır, 30 məşqdən sonra isə bütün bədən yenilənir. Nəzarət altında olan bədənin özünəinamı artır və bundan sonra öz həyatını idarə etməyə başlayır.

    “Biz təqaüdə daha tez çıxır və daha gənc yaşlarda ölürük. İnsanın çiçəklənmə dövrü 70-dən sonra başlamalı, qocalıq isə 100 yaşından sonra gəlməlidir”, – deyə o, çıxışlarında tez-tez təkrar edirdi.

    Jozef Pilates 87 yaşına qədər yaşayıb və ömrünün sonuna qədər həm məşq edib, həm də tələbələrinə dərs verib.

    Pilatesin faydaları çoxdur:

    Pilates son zamanlar, məşhur olan idman növlərindən biridir. Pilatesin məqsədi qarın və kürək bölgələrini bərabər şəkildə gücləndirib, bədənin üst qisimində möhkəm bir skelet yaratmaqdır.

    Bədəndə tarazlıq, güc və elastiklik yaradır.

    Duruş pozğunluğuna səbəb ola bilən skelet sistemi problemlərindən qoruyur.

    Boyun yırtığında, qolda yaranan keyləşmə və ağrıları azaldır.

    Çəki itirməsəniz də, bədəni incəldir.

    Əzələləri gücləndirir, bədənin dayanıqlılığını artırır və bel əyriliyinin qarşısını alır.

    Bədən duruşunu düzəldir.

    Oynaqlarda yaranan problemlərdə ağrıları nəzarət altında saxlayır.

    Bel və kürək ağrılarının meydana gəlməsinə mane olur.

    Oynaq içi mayeləri tarazlayır.

    Bel yırtığında, ayaqda yaranan ağrıları azaldır.

    Gün içində etdiyiniz fəaliyyətlərdə, onurğanıza yüklənmədən hərəkət etməyinizi təmin edir.

    Skolyoz problemi həll edir.

    Gündəlik aktivliyi artırır.

    Kompüterdə işləyən zaman yaranan duruş pozğunluğunu aradan qaldırır və bunların səbəb olduğu ağrıları yox edir. (publika.az)