Category: Maraqlı

  • Qaynar çay və qəhvənin böyük zərəri aşkarlandı

    Beynəlxalq alim qrupu çayın və ya qəhvənin qaynar içilməsinin qida borusu xərçənginin meydana gəlmə və inkişafı riskini artırdığını müəyyən edib.

    Elmi araşdırmanın nəticələri “EurekAlert!” nəşrində dərc olundu.

    Alimlər 40-75 yaşları arasında 50 mindən çox insan arasında qidalanma vərdişlərini araşdırıb və orta hesabla 10 il müşahidələr aparıb. Tədqiqat qrupu bu müddət ərzində 317 nəfərə qida borusu xərçəngi diaqnozu qoyulub.

    Alimlər belə bir nəticəyə gəlib ki, gündəlik olaraq temperaturu 60C-dən yüksək olan 700 ml-dən çox çayın və ya qəhvənin içilməsi, sözügedən ölümcül xəstəliyin inkişafı riskini 90 faiz artırır. Alimlər bu riski aradan qaldırmaq üçün qaynar çayı soyuduqdan sonra, ilıq içməyi tövsiyə edir.

  • Erkən ölümə səbəb olan qida məhsulları bəlli oldu

    ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri mütəmadi olaraq yumurta və digər yüksək xolesterinli qidaların qəbulunun insanda ürək-damar xəstəliklərinin inkişafı və erkən ölüm riskini artırdığını müəyyən edib.

    Bu haqda MedicalXpress nəşrində pres-reliz dərc olunub.

    Tədqiqatçılar 29 615 nəfərin iştirakı ilə keçirilmiş 6 ayrıca araşdırmanın nəticələrini təhlil edib.

    Könüllülər qəbul etdikləri qidalarla bağlı müvafiq anketi doldurub.

    Sonradan onların səhhəti 31 il ərzində nəzarətdə olub. Məlum olub ki, gündəlik olaraq tərkibində xolesterin olan 300 milliqram qida qəbulu, ürək-damar xəstəlikləri riskini 17 faiz artırıb, erkən ölüm ehtimalı isə 18 faiz yüksək olub.

    Bundan başqa həftədə 3-4 yumurta yeyənlərdə ürək-damara xəstəlikləri və erkən ölüm riski 8 faiz çox olub. Alimlər insanların bu riskləri aşağı salması üçün xolesterinlə zəngin qidalardan, o cümlədən yumurta və qırmızı ətdən az-az istifadə etməyi tövsiyə edir.

  • Suyu qaynadıb içmək zərərlidir – Həkimdən açıqlama

    Bəzən suyun çirkli olmasına görə suyu qaynadıb içirik. Qaynadılmış suyu içəndə aşağıda yazılanları bilsəniz yəqin ki, bir daha içməzsiniz.

    Median.Az medicina.az-a istinadən bildirir ki, tanınmış həkim, xalq təbabəti üzrə bilicisi Füzuli Hüseynov bildirib ki, su qaynayan zaman tərkibindəki kalsium, kalium, maqnezium, karbonantlar və başqa minerallar sudan ayrılıb qaynayan qabın iç divarlarına yapışaraq sudan ayrılır, belə deyək su mineralsızlaşır.

    İkincisi, su qaynayan zaman əmələ gələn qabarcıqlar suda oksigen səviyyəsini aşağı salır, su nə qədər çox qaynayarsa, bir o qədər ağırlaşır (xatırladım ki, atom sənayesində istifadə olunan ağır su sayılan deyterium da suyun dəfələrlə qaynadılması və hidroliz olması nəticəsində alınır). Ağır su hüceyrələrdən pis sorulur, hüceyrələri çiy su qədər qidalandıra bilmir.

    Daimi qaynadılmış su içən insanların dəriləri sönük (əksinə çiy su içənlərin dəriləri parlaq olur), saçları cansız, fiziki aktivlikləri həmişə aşağı səviyyədə olur.
    Üçüncüsü suyu zərərsizləşdirmək üçün suya vurulan xlor su qaynadıldıqdan sonra artıq zərərli bir birləşmə əmələ gətirir. Hal-hazırda su təmizləyici qurğular satılır. Bu qurğular vasitəsilə adi suyu təmizləyib istifadə edə bilərsiniz və ya marketlərdə təmiz içməli sular satılır, onlardan da istifadə edə bilərsiniz.

  • Qida, yoxsa zəhər, genetik silah?

    Mütəxəssislər deyir ki, bir neçə dəfə istifadə edilmiş yağda bişirilən bütün yeməklər sağlamlıq üçün çox təhlükəlidir

    Median.Az kaspi.az-a istinadən bildirir ki, Fridrix Şiller adına Yen Universitetinin alimləri pis qidalanma səbəbi ilə yüksək ölüm göstəriciləri olan ölkələrin siyahısını tərtib edib. Keçmiş SSRİ ölkələri bu siyahda ilk onluqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sifarişi ilə keçirilmiş sorğuda Avropa regionu üzrə 51 ölkənin 1990-cı ildən 2016-cı ilədək olan məlumatları təhlil olunub. Siyahıda ilk yerdə Özbəkistandır, burada pis qidalanma səbəbi ilə hər 100 min nəfərə 394 ölüm hadisəsi düşür. Ölkədə hər il 65 min insan ürək-damar və qeyri-sağlam qidalanma nəticəsində yaranan xəstəliklər səbəbi ilə ölür. Qeyri-sağlam qidalanma səbəbi ilə ölüm hallarının ən yüksək olduğu ölkələrin ilk onluğunda keçmiş SSRİ ölkələridir.

    Özbəkistan – hər 100 minə 394 ölüm halı
    Türkmənistan – 376
    Qırğızıstan – 350
    Ukrayna – 349
    Moldova – 328
    Azərbaycan – 319
    Belarus – 313
    Tacikistan – 310
    Qazaxıstan – 306
    Rusiya – 291

    Alimlər bu ölkələrin sakinlərinin qidada yüksək miqdarda duz istifadə etməsi və tərəvəz, qoz-fındıq və tam buğdalı taxıldan az yararlanma səbəbindən xəstəliklərə məruz qaldığını iddia edirlər. Qərbi Avropa ölkələrində vəziyyət Asiya və Şərqi Avropa ölkələrində olduğundan daha yaxşıdır. Almaniya bu bölgədə, 2016-cı ildə 100 mindən çox insanın pis qida rasionu səbəbi ilə öldüyü yeganə ölkədir. Alimlərin gəldiyi nəticələrə görə, İspaniya, İsrail və Fransa sakinləri ən sağlam qidalananlardır. Bu ölkələrdə qeyri-sağlam qidalanma səbəbi ilə hər 100 mindən 43-46 nəfər ölüb. Alimlər iddia edirlər ki, balanslaşdırılmış pəhrizlə hər beşinci erkən ölüm halının qarşısını almaq olar. Onların məlumatına görə, 2016-cı ildə regionda 2 milyondan çox insan yüksək miqdarda duzun olması və tərəvəzlərin kifayət qədər istifadə edilməməyi səbəbi ilə ölüb. Mövzu ilə bağlı mütəxəssislərin fikrini öyrəndik.

    Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Afət Həsənova bildirdi ki, zaman azlığından gündəlik həyatımızda praktik istehlak etdiyimiz və qidalanma tərzinə çevirdiyimiz “fast food” məhsulları getdikcə özünə daha çox istehlakçı toplayır: “Ləzzətli və bir o qədər də kalorili olan bu qidaların faydalılığı müzakirə mövzusudur. “Fast food” qısa zaman ərzində hazırlanıb servis edilən, ayaqüstü yeyilə bilən qidalardır. Tez bir zamanda hazırlanan qidalar istehlak olunduğu təqdirdə, bir günlük kalori ehtiyacını bir dəfəyə ödəyə bilir. “Fast food” adlandırdığımız qidalara hamburger, pizza, qazlı içkilər, dönər, lahmacun, soyuq sendviçlər, qızardılmış kartof çipsləri, qızardılmış toyuq, simit aiddir. Siyahıda olan “fast food”ların sayını artırmaq da mümkündür”.

    Afət Həsənovanın sözlərinə görə, “fast food”un qida dəyəri göstəricilərinin aşağı olması sağlamlığı təhdid edir: “Yuxarıda sadalanan məqamları nəzərə alaraq, vitaminlər və minerallar baxımından qida dəyəri aşağı olan “fast food” məhsulları immun sistemini zəiflədir. Həmçinin, müxtəlif ictimai iaşə obyektlərində (kafe və restoranlarda) dərin yağda 10-12 saat boyunca kartofların qızardılması səbəbindən, yağın tərkibi dəyişir və turşuluğu artır. Belə yağların istifadəsi piylənməyə səbəb olur. Bundan başqa, belə qidaların tərkibində yüksək miqdarda sodium və duz var. Bir çox hazır qidalarda, çipslərdə, hamburgerlerin tərkibində istifadə edilən qida əlavəsi Monosodyum Glutamat-dır (MSG E621). Bu qida əlavəsi ləzzətartırıcıdır və hər növ yeməyin dadını yaxşılaşdıra bildiyinə görə, daha çox tətbiq olunur. Bu qidaların daimi olaraq istehlakı piylənmə və baş ağrılarının yaranmasına səbəb ola bilir”.

    Mütəxəssis içkilərdən də danışdı: “Mədənin su ehtiyacını qazlı, şirəli və ya kofeinli içkilərlə tamamlamaq tövsiyə olunmur. Qazlı və şirəli içkilərin tərkibində yüksək miqdarda şəkər olduğu üçün onun davamlı istifadəsi diş çürüməsinə, piylənmənin yaranmasına gətirib çıxarır. Xüsusilə, böyümə dövründə olan uşaqlar üçün bədənin sağlam inkişafına mane olur.

    Sinir sistemində xəbərdarlıq funksiyalarına təsir göstərən kofein insanın uzun müddət oyaq qalmasına səbəb olur. Bu içkilərin intensiv istifadəsi stress hormonunun artmasına, yuxusuzluq problemlərinin yaranmasına gətirib çıxarır”.

    Azərbaycan Tibb Universitetinin həkim-qastroenteroloqu Vüqar Rəsulovda “Fast food” məhsullarının orqanizm üçün zərərli olduğunu bildirdi: “Fast food” yeməkləri konkret olaraq zəhərdir, hətta genetik silahdır. Elə ailələr var ki, uşaqlarının şıltaqlığının ardınca gedərək, belə məhsulların satıldığı yerlərdə oturub yemək yeməyi istirahət sayırlar. Bütün məhsullar Gigiyena və Epidemiologiya Mərkəzindən sertifikat almalıdır. Elə məkanlarda satılan yeməklərin heç biri qida məhsulu kimi rəy ala bilməyib. Hətta onların bir çoxunun tərkibində zərərli maddələr aşkarlanıb. Yalnız toyuq qanadı, toyuq budu, toyuq döşü və s. təklif edilir. Onların hamısı da broyler toyuqlarının dərmanlar toplanmış hissələridir”.

    “Fast food”un əsas təhlükəsi bu qidaların hazırlanması üçün işlədilən yağın uzun müddət istifadə olunmasıdır” deyən tibb üzrə ekspert Adil Qeybulla bildirdi ki, istənilən qidanı bir neçə dəfə istifadə edilmiş yağda bişirdikdə, sağlamlıq üçün təhlükəli olur: “Yağların müəyyən intervaldan çox qızdırılması zərərli maddələr əmələ gətirir. Yağın bir dəfədən çox istifadə edilməsi məsləhət deyil. Bu qidaların yarımfabrikat halına, tam istehlak vəziyyətinə gətirilməsi zamanı xeyli məhsullar əlavə olunur. Həmin tərkiblər də ziyanlıdır. Ona görə, “fast food”ları ehtiyac olmadıqda istifadə etmək, davamlı olaraq onlarla qidalanmaq məsləhət deyil. Təəssüf ki, gənclər bunu tam anlamır, bu gün ölkəmizin də adının o siyahıda olması həddindən artıq “fast food” qəbulunun göstəricidir. Hazırda onkoloji xəstəliklərin artmasının bir səbəbi də “fast food”lardan istifadə nəticəsində qida təhlükəsizliyi prinsiplərinin pozulması ilə bağlıdır”.

  • Hər gün 1 ədəd düyü udsaq orqanizmdə nə baş verər?

    İştahasına nəzarət etməkdə çətinlik çəkənlər üçün ən sadə üsullardan biri səhərlər çiy düyü udmaqdır.

    Səhərlər düyü udaraq iştahınızı nəzarətdə saxlaya bilərsiniz. Amma sadəcə düyü udub, yüksək kalorili qidalanaraq artıq çəkilərinizdən xilas ola bilmərsiz.

    Bu düyü kürü sayılı şəkildə edilməlidir. Yəni ilk gün 1 ədəd düyü udulmalıdır. Səhərlər ac qarına 1 ədəd düyü udaraq günə başlamalı, ertəsi gün isə hər gün 1 ədəd artırmaqla 30 gün bu şəkildə dava edilməlidir. 30 günün sonunda geriyə doğru gedərək hər gün 1 ədəd azaltmalısınız. Ümumilikdə 60 gün davam edən bu prosesi həyata keçirərkən düyünü 1 stəkan ilıq su ilə birlikdə udmalı, daha sonra bir stəkan ilıq su yenidən içilməlidir.

    Bu mərhələdə bir pəhrizə ehtiyac duyulmasa da porsiyalara diqqət etmək vacibdir. Bu üsuldan istifadə edənlər iştahlarının azaldığını bildiriblər.

    Bu pəhriz sayəsində 2 ayda 8-14 kiloqram atıldığı bildirilib.

    ///Metbuat.az

  • Balıq alarkən bunlara diqqət edin!

    Balıq alarkən və istifadə edərkən diqqətli olmalı, onun keyfiyyətinə, saxlanılma şəraitinə və istifadə müddətinə xüsusi önəm verilməlidir.

    – Təzə balığın dərisinin səthi təmiz, sərt və parlaq olmalı, az miqdarda şəffaf selik ilə örtülməlidir. Eyni zamanda pulcuqları hamar və parlaq, dərisi isə ətinə möhkəm yapışmış olmalı, quyruğu sallanmamalıdır. Köhnə balıq əti isə yumşaq təbəqəyə malik olur;

    – Təzə balığa barmaqla əl vurduqda ət əvvəlki vəziyyətini yenidən alır, köhnə balıqda isə barmaq izi qalır. Bu üsul balığın təzəliyini yoxlamaq üçün ən asan yoldur;

    – Balığı dik saxlayaraq duruşuna da fikir vermək lazımdır. Təzə balığın quyruq hissəsi dik, köhnə balıqda isə sallaq olur;

    – Təzə balığın qanı açıq qırmızı rəngli və iysiz , köhnə balıqda isə qaraya çalan rəngdə və pis qoxulu olur.

    – Balığın gözlərindən də ətin təzə olmasını ayırd etmək mümkündür. Təzə balığın gözü aydın, şəffaf, dolu və göz bəbəyi parlaq, köhnə balığın gözləri isə çökük, göz bəbəyi mat olur;

    – Təzə balığın qəlsəməsi tünd qırmızıya, köhnə balıqda isə boz rəngə çalır. Əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır.

    – Yoxlamaq üçün əlinizi balığın üzərində gəzdirin, pullar əlinizə gəlir, lakin tökülmürsə, deməli balıq təzədir.

    – Təzə balıqda qəlsəmələrin üzərindəki selik qat şəffaf və rəngsiz olur, köhnə balıqda isə selik şəffaflığını itirərək ağ, sarı, boz və s. rənglərə çevrilə bilər;

    – Balıq digər qidalarla eyni yerdə saxlanılmamalıdır. Satış ərazilərində balıqların günəş görməyən və gigiyenik mühitdə, təmiz üsullarla, üzəri buzla örtülü olaraq qorunması önəmlidir.

    – Təzə balıqların orqanları dağılmamış, əzələləri möhkəm və gərgin, köhnə balıqların orqanları isə bulanıq rəngdə və asanlıqla bir-birindən ayrıla bilən vəziyyətdə olur.

    Balıq istehlak edilərkən taxta dəzgah yerinə düz, plastik materiallar işlədilməli və istifadə etdikdən sonra mütləq şəkildə isti su ilə təmizlənməlidir. Həmin materiallar çiy istehlak ediləcək məhsullarla təmasda olmamalıdır. Balıq məhsullarının qida təhlükəsizliyi göstəricilərinə uyğunluğunu və xüsusiyyətlərini qorumaq üçün soyuq və gigiyenik mühitdə saxlanılması vacibdir. Əgər mühit gigiyenikdirsə, bakteriya yoluxması ehtimalı da azalar. Balıqlar dondurucuda saxlanmalıdır.

    Bişmiş balıq olduqca tez bir zamanda istehlak edilməlidir. Ona görə də çalışın balığı istehlak edə biləcəyiniz miqdarda bişirin. Artıq qalan balıq isə bişirilmədən dondurulma, duzlama, konserva və qurutma üsulları ilə saxlanıla bilər.

  • Ürək çatışmazlığının qarşısını alan dərman yaradıldı

    Braziliya və ABŞ-dan olan alim qrupu ürək çatışmazlığının inkişafının qarşısını alan və orqanın qan ötürmə qabiliyyətini yaxşılaşdıran “SAMβA” molekulu yaradıb. Sınaq siçovullarının altı həftə ərzində yeni preparatla müalicəsi öz bəhrəsini verib. Dərman təkcə xəstəliyi müalicə etməyib, eyni zamanda, ürək əzələlərinin gücləndirilməsi hesabına orqanizmi daha gümrah edib.

    Bu barədə elmi məqalə “MedicalXpress” nəşrində dərc olunub.

    “SAMβA” β2PKC molekulu ilə С-beta-2 proteinkinaz və mitofuzin 1 (Mfn1) arasında qarşılıqlı əlaqəni zəiflədir. Belə ki β2PKC molekulu “Mfn1”i inhibasiya edərək, mitoxondrların enerji hasil etməsinə əngəl yaradır və beləcə, ürəyin funksiyalarını zəiflədir.

    Məlum olduğu kimi, artıq C-beta-2 proteinkinazlar ürək çatışmazlığına səbəb olur. Onun dezaktivasiyası isə əksinə, pasiyentin səhhətinə müsbət təsir göstərir. Lakin β2PKC çatışmazlığı digər effektlərə səbəb ola bilər.

    Yeni molekul selektiv təsirə malikdir. Asan dillə desək, mitoxondrların disfunksiyasının qarşısını alır.

  • O, həyatdan və səhnədən doymadı – FOTO

    Yoxsulluq, sevgi, şöhrət, müharibə görən 97 illik ömür

    Median.Az kaspi.az-a istinadən yazını təqdim edir.

    Tanınmış sovet və rus aktyoru Vladimir Etuş vəfat edib. 97 yaşlı aktyor bir ay əvvəl insult keçirib. Bir neçə həftə xəstəxanada yatdıqdan sonra evə buraxılıb. Lakin iki gün əvvəl vəziyyəti kəskin şəkildə pisləşib və huşunu itirib. Aktyor təcili yardım maşınında Moskva xəstəxanalarından birinə aparılıb. Vladimir Etuş xəstəxanada dünyasını dəyişib. Qızı Raisa aktyorun ürək çatışmazlığından vəfat etdiyini deyib: “Atamın ürəyi imtina etdi…”

    Vaxtanqov Teatrının direktoru Kirill Krok “Vladimir Abramoviç xəstəxanada dünyasını dəyişib”- deyə kədərlə jurnalistlərə bildirib.

    Rusiya prezidenti Vladimir Putin aktyorun ailəsinə başsağlığı verib. Baş nazir Dmitri Medvedyev “Vladimir Etuş teatr və kinonu izləyən nəslin bütün nümayəndələri tərəfindən sevilirdi. O, parlaq aktyorlardan olub. Onsuz sovet və Rusiya teatr və kinematoqrafiyasını təsəvvür etmək mümkün deyil. Onun istedadı komediyanın dramatik dərinliyi ilə parıltısını birləşdirirdi. Bu itkinin yerini doldurmaq qeyri-mümkündür. Mən aktyorun ailəsinə başsağlığı verirəm” – deyə qeyd edib.

    Xalq artisti, yazıçı və rejissor Valentin Qaft dostunun ölümünü Rusiyanın teatr və kino sənəti üçün ağır itki hesab edib: “Valodyanı bütün ölkə tanıyırdı. O, qeyri-adi artist idi. Xalq onu parlaq oyununa, istedadlı komediya aktyoru olmasına görə sevirdi. Onun taleyi də asan olmayıb, müharibədən keçərək səhnəyə gəlib. Az qala yüz ilə yaxın davam edən bir ömür sona çatdı… O, dövrümüzün ən yaxşı aktyorlarından biri kimi tarixə köçdü”.

    Qocalmış aktyor

    Vladimir Etuş ölüm anına qədər dünyada səhnəni tərk etməyən nadir qoca aktyorlardan biri idi. Bu göstəriciyə görə onu təkcə “Ginnesin rekordlar kitabı”na düşən rus artisti Vladimir Zeldin qabaqlayır. O, 2017-ci ildə 73 il çalışdığı Vaxtanqov Teatrının səhnəsində 95 illiyini qeyd etdi.

    Etuş kimi aktyorları peşəkar dildə “xarakter” aktyorları adlandırırlar. O, qrotekst və parodiya ustası idi. Adətən ona gülüş yaradan hiyləgər və tamahkar obrazları oynamağı təklif edirdilər. O, bu ampluada mükəmməllik və şöhrət qazanırdı.

    Vladimir Etuşun ən məşhur kino rolları Leonid Qaydayın “Qafqaz əsiri”ndə yoldaş Saaxov və “İvan Vasilyeviç peşəsini dəyişir”də stomatoloq Şpak idi. Təbii ki, sovet dövrünün insanları, xüsusən 40 yaşdan yuxarı olanlar bu filmləri izləməmiş deyil.

    “Qafqaz əsiri”nin səs-küylü uğurundan sonra publikaya az tanınan 45 yaşlı aktyor, necə deyərlər, yuxudan məşhur oyandı. Bu roluna görə onun qonorarı 1800 rubl təşkil edirdi. Etuş personajının, qafqazlıların hissiyyatına toxuna biləcəyindən ehtiyat edirdi. Amma onların reaksiyası gözlənilməz oldu.

    “Tanışlar “qafqazlılar döyə də bilərlər” deyə xəbərdarlıq etdilər. Bazara gələndə isə onlar az qaldılar ki, məni əlləri üstünə qaldırsınlar. Hər tərəfdən əhatəyə alıb bazarın nemətlərinə qonaq etməyə başladılar. Azərbaycanlılar elə başa düşmüşdülər ki, Saaxov ermənidir. Ermənilər onu azərbaycanlı kimi qəbul etmişdilər. Gürcülər də özlərinki hesab edirdilər. Bir sözlə, personaj hamıya xoş gəlmişdi. Xüsusən mənə…” – deyə aktyor memuarlarında xatırlayırdı.

    Etuşun kinoda digər məşhur rolları – “12 stul”da mühəndis Bruns, “Buratinonun macəraları”nda Karabas-Barabas, “31 iyun”da isə hiyləgər ovsunçu Malqrim idi. Vladimir Etuş ümumilikdə kinoda 70-ə yaxın rol oynayıb. 1953-cü ildə çəkilən “Admiral Uşakov” filmindən tutmuş 2017-ci ildə Dostoyevskinin “Yeniyetmə” romanı əsasında çəkilən eyniadlı filmdəki Knyaz Sokolovski roluna qədər… Teatrda isə teletamaşalar və antreprizlər nəzərə alınmadan 59 rolu var idi.

    Yoxsulluq, sevgi və müharibə

    Vladimir Etuş 1922-ci il mayın 6-da Moskvada doğulub. Özü isə bu tarixdən gülərək danışırdı: “Valideynlərim mənim yaşımı azaltmış və mənə yenidən sənəd düzəltmişdilər ki, əsgərliyə bədənim bərkiyəndən sonra, bir il gec gedim. Sonradan əvvəlki yaşıma qaytarmaq istədikdə, məlum oldu ki, köhnə sənədlər itdiyindən bunu etmək mümkün deyil. Bax, buna görə də yubileylərimi ildə iki dəfə – köhnə və təzə qaydada qeyd edirəm”. Aktyorun atası Belarusdan idi və qalantereya mallarının ticarəti ilə məşğul olurdu. Ölkədəki “böyük dəyişiklik”dən sonra atası həbs olundu. Ailəni çətin vəziyyətdən çıxarmaq üçün anası işləmək məcburiyyətində qaldı və dörd otaqlı mənzilində qonşuları yerləşdirdi.

    Vladimir uşaqlıqdan yoldaşları arasında “artist” kimi tanınırdı. O, məktəb özfəaliyyətində iştirak edirdi, incəsənətlə bağlı arzuları erkən yaranmışdı. Rus dramaturgiyasının klassiki Aleksandr Ostrovskinin vaxtilə onların evinin yaxınlığında yaşaması, Volodyada güclü təsir buraxmışdı. Gənc, rejissor olmaq həvəsi ilə yaşayırdı. “Yadımdadır, 7 yaşım olanda atam mənə oyuncaq at bağışladı. At taxtadan idi və bütünlüklə dəri ilə örtülmüşdü. Mən onunla oynamağı xoşlayırdım. Hərdən atın boynuna ip bağlayır və hər iki tərəfinə stul qoyaraq fayton düzəldirdim. Bir dəfə faytonu sürəndə nənəm məni qəfildən öpdü. Mən bərk əsəbiləşdim və göz yaşları içində “faytonçuları öpmürlər” deyərək qışqırdım. Elə o vaxt mənim aktyorluq qabiliyyətim üzə çıxdı. Mən öz hərəkətimlə at qovan kənd kişilərini xatırlatdım…”- deyə aktyor xatırlayırdı. Ancaq Kinematoqrafiya İnstitutunda imtahandan kəsildikdən sonra Vaxtanqov Teatrının nəzdində Boris Şukin adına Teatr Məktəbinə daxil oldu. Bu addımı atmağı isə ona rejissor Ruben Simonov məsləhət gördü. O, rejissorun bacısı qızı ilə platonik macəra yaşamışdı. Müharibə başlayanda gənc tələbə orduya könüllü getmək üçün müraciət etdi. Təhsilli adam kimi hərbi tərcüməçilər kursuna düşsə də, nəticədə ordu hissələrində təsərrüfat işlərinə baxan oldu. Polkda ştab rəisinin müavini vəzifəsinə qədər yüksəldi. Şimali Qafqazda döyüşən zaman yerli ləhcəni və mimikanı mənimsəməsi, gələcək aktyorluq fəaliyyətində dadına çatdı. Sonralar etiraf edirdi ki, məhz bu təcrübəsi Saaxov rolunun üzərində işləməyinə kömək edib.

    1943-cü ildə leytenant Etuş Zaparojye şəhəri uğrunda döyüşlər zamanı ağır yaralanır və ikinci dərəcəli əlil kimi tərxis edilir. Bir il sonra Vaxtanqov Teatrında “Mademuazel Nituş” tamaşasında Adsız zabit rolunda debüt edir. O, qələbə gününü Vaxtanqov Teatrının səhnəsində qarşılayır. “Bu, mənim həyatda gördüyüm əsl xoşbəxtlik idi” – deyə Vladimir Abramoviç xatırlayırdı: “Xoşbəxtlik maddi kateqoriya deyil ki, onu əllərinlə tutasan. Həmin günün göz yaşları, günəş, ordenlərin parıltısı, insanların gülər üzləri gözümün qabağındadır. Müharibə haqqında mənim çoxlu xatirələrim var. Mən hər Qələbə günü qədəh qaldırıram”.

    1957-ci ildə V.Etuş artıq kurs rəhbəri, 1976-cı ildə isə professor idi.

    Aktyor müharibədəki iştirakına, mədəniyyətə xidmətinə görə 8 ordenin kavaleri, 10 nüfuzlu mükafatın laureatı, o cümlədən “Qızıl maska” və “Billur Turandot” mükafatlarının sahibi idi. 95 yaşı olanda aktyor həyat və yaradıcılıqdan doymadığını deyirdi: “Baxmayaraq ki, Sovet İttifaqının Xalq artistiyəm, dövlət və digər mükafatların laureatıyam, bununla belə, artist həmişə rol istəyir. Mən hələ oynaya biləcəklərimi oynamamışam. Mənim üçün həmişə yaxşı rolların çatışmazlığı olub”.

    İki ay bundan əvvəl, yanvarda Etuş doğma teatrın səhnəsinə çıxaraq – “Benefis” tamaşasında oynamışdı. Yaşlı Sofiya İvanovna rolunu oynayan Etuşun obrazı tamamilə benefis idi. Hər dəfə səhnəyə çıxmağın onun üçün nə qədər çətin olduğunu çox az adam sezə bilərdi…

    “Bağışla mənim əzizim, səni qoruya bilmədim…”

    Aktyor ölümündən bir neçə gün əvvəl həyat yoldaşı ilə evliliyinin növbəti ildönümünü qeyd etmişdi.

    Vladimir Etuş və həyat yoldaşı Yelena 20 ilə yaxın idi ki, birlikdə yaşayırdılar. Ona qədər isə Etuş 3 dəfə evlənmişdi. “Mən bəxti gətirənlərdənəm. 95 ildir mövcudam. Qadınlar da bütün həyatım boyu ətrafımda olub. Ola bilər ki, məndə hansısa cazibə var. Nəhayət, mən gözəl oğlanam”- deyə aktyor gülə-gülə deyirdi.

    Elə Yelena sarıdan da bəxti gətirmişdi. Qadın, aktyora çox bağlanmışdı. Yelena Etuş ildönümlərini “facebook” səhifəsində qeyd edərək “Demək olar ki, 20 il! Mükəmməl!” – deyə yazmışdı. Aralarındakı 40 ilə yaxın fərq əsl sevgi hissinə mane olmamışdı. Necə deyərlər, ər-arvad ölümdən sonra da ayrılmaq istəməyiblər. Ona görə, onlar bir-birlərinə qeyri-adi hədiyyə ediblər. Onlar Novodeviçye qəbiristanlığında yer seçiblər. Hətta, həmişə bir yerdə olacaqlarına işarət edən qəbirüstü abidə – iki fiqur sifariş ediblər. Heykəltəraşlar bu fərdi eskizi artıq hazırlayıblar. Bu, romantik hadisə olsa da, həqiqətdir.

    Vladimir Abramoviç həmin qəbirdə dəfn olunacaq. Artıq Moskva meri də bununla bağlı əmr imzalayıb. Onun anası Raisa Konstantinovna da o məzarlıqda dəfn olunub. Vladimir Etuşla vidalaşma mərasimi 12 martda saat 10-dan başlayaraq Vaxtanqov adına Teatrın əsas səhnəsində keçiriləcək.

    Vladimir Abramoviç Yelena üçün həm ər, həm də uşaq idi. İndi o, telefonlara cavab vermir. “Facebook” səhifəsində isə yalnız belə yazıb: “Bağışla mənim əzizim, səni qoruya bilmədim…”

  • NASA iki qalaktikanın toqquşmasını göstərdi – FOTO

    NASA Herkules bürcündə iki qalaktikanın toqquşmasını əks etdirən şəkil dərc edib.

    NGC 6052 obyekti yüksək dəqiqlikli “Habbl” teleskopu ilə çəkilib. Sözügedən obyekt planetimizdən 230 işıq ili uzaqlıqda yerləşir.

    NGC 6052 obyekti 1784-cü ildə ingilis astronom Uilyam Herşel tərəfindən kəşf olunub. Əvvəl alim bunu qeyri- simmetrik formalı vahid qalaktika kimi təsvir edib. Ancaq illər sonra tədqiqatçılar bunun əslində iki qalaktikanın toqquşması olduğunu müəyyən edib.

    Oxşar aqibət Süd yolunu da gözləyir. Bizim qalaktika dörd milyard il sonra qonşu Andromeda ilə toqquşacaq.

  • Zirəddin Rzayev Filipp Kirkorovdan “hamilə” qalan qadın haqda: Öldürülməyib…

    Məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Rusiyanın xalq artisti Filipp Kirkorovdan üçüzə hamilə olduğunu iddia edən və doğuş üçün ondan 200 min dollar tələb edən 53 yaşlı moskvalı Svetlana Safiyevanın ölümünün üstünü açıb.

    Ekstrasens qadının ölümü ilə bağlı öz versiyasını “Rossiya 1” telekanalında yayımlanan “Andrey Malaxov. Birbaşa efir” verlişinin efirində səsləndirib.

    Median.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, verilişin həmin buraxılışı kanalın Youtube sosial şəbəkəsindəki rəsmi saytında yerləşdirilib. Rzayev hətta Safiyevanın qəbrini də ziyarət edib.

    “Onu heç kəs öldürməyib. O, insultdan ölüb. Amma Safiyeva ölməli deyildi. Əgər sağlamlığının qayğısına qalsaydı, yaşayacaqdı” – deyə Rzayev bildirib.

    Xatırladaq ki, 2018-ci ilin noyabrında Svetlana Safiyeva Andrey Malaxovun verlişində bəyan etmişdi ki, üçəmə hamilədir və onun uşaqlarının atası Filipp Kirkorovdur. Qadın Rusiya estradasının kralından doğuş üçün 200 min dollar pul tələb edib. Amma sonra məlum olub ki, onun hamiləliyi yalandır. USM zamanı qadının qarnındakının üçəm yox, bol miqdarda toplanmış qarın piyi olduğu müəyyən edilib.

    Zirəddin Rzayev azərbaycanlı ekstrasens, öncəgörən, “Bitva ekstrasensov” (Ekstrasenslərin döyüşü) şousunun 6-cı mövsümünün finalçısıdır. İxtisasca həkimdir. Hazırda Moskvada yaşayır və işləyir. Rusiya telekanallarındakı müxtəlif verilişlərdə iştirak edir.