Category: Maraqlı

  • Ətraf mühiti çirkləndirməyən yanacaqlar

    Zaman keçdikcə müxtəlif enerji mənbələrinə münasibət dəyişir. Atmosferin çirklənməsi və onun fəsadları dünya ölkələrini daha təhlükəsiz yanacaqlardan istifadə haqqında düşünməyə vadar edir. Yaxın gələcəyin yanacaqları sırasına metanol, hidrazin və hidrogen daxildir.

    Median.Az bildirir ki, bu barədə AZƏRTAC-a kimya elmlər namizədi Abuəli Hüseynli məlumat verib.

    Mütəxəssis bildirib ki, sintetik qazların sırasına daxil olan metanoldan istifadə daxili yanma mühərriklərində bir az dəyişikliklər aparılmasını tələb edir: “Neftin ağır karbohidrogenlərinin yanması ilə müqayisədə yüngül karbohidrogenlərin yanması daha tam baş verir. Metanolun istifadəsi ətraf mühit üçün təhlükəsizdir. Çünki yanacaq kimi istifadə etdikdə havanın digər qazlarla çirklənməsi baş vermir.

    Hidrazinin xassələri onun yanacaq kimi tətbiqi üçün əlverişlidir. Otaq temperaturunda hidrazin rəngsiz, qoxusuz mayedir. ABŞ-da yük avtomobilləri üçün yanacaq kimi tətbiq olunur. Hidrazinin üstünlüyü onun istehsalı üçün istifadə edilən xammalların əlverişli olmasıdır. Belə ki, onun istehsalında havada olan azot və sudan alınan hidrogendən istifadə olunur. Hidrazinin çatışmayan cəhəti digər yanacaqlarla müqayisədə qiymətinin baha olmasıdır. Müasir dövrdə hidrazinin alınması onun oksidinin sulu məhlulundan alınmasına əsaslanır. Sulu məhluldan birbaşa istifadə onun qiymətini ucuzlaşdırır. Çatışmayan cəhəti kanserogenliyi və parçalanması zamanı ammonyakın alınmasıdır.

    Nəqliyyat üçün hidrogendən yanacaq kimi istifadə təklifi çoxdan məlumdur. Lakin onun yanacaq kimi tətbiq imkanlarından başqa, digər məqsədlərlə, məsələn, uzaq məsafəyə enerji ötürücü vasitəsi, məişət və sənayedə enerji mənbəyi kimi istifadəsinin mümkünlüyü də məlumdur. Bu halda hidrogen müasir dövrdə istifadə olunan təbii qaza və benzinə yaxşı alternativ ola bilər. Mənfi xüsusiyyəti qiymətinin baha olması və partlayış təhlükəsinin mövcudluğudur. Hidrogen hava ilə 18-59 faiz həcm nisbətində qarışarsa, partlayış ola bilər. Metandan da güclü partlayış təhlükəsinə malikdir. Lakin açıq havada belə qarışıq əmələ gətirmir. Ona da diqqət yetirmək lazımdır ki, təbii qaz-hava qarışığına nisbətən hidrogen-hava qarışığının partlayış gücü 3 dəfə azdır. Hidrogendən hibrid sxemlər əldə etmək olar. İlk növbədə hidrogen-elektrik yanacaq elementi yaratmaq olar. Bu da yüksək sürət tələb olunmayan şəhərlərdə istifadə üçün yararlı ola bilər. Hərəkətin sürətlənməsinə azhəcmli və azkütləli hava-dəmir batareyalarının köməyi ilə nail olmaq mümkündür”.

    A.Hüseynli elektrik enerjisi ilə işləyən elektromobillərin 2000-ci ildən sonra daha etibarlı hesab olunduğunu qeyd edib: “Enerji mənbəyi kimi elektrikin elmi, texnoloji və sosioloji üstünlükləri çoxdur. Elektrik enerjisi ətraf mühiti çirkləndirmir, o, nüvə və ya günəş enerjisindən hasil edilə bilər. Ancaq elektrik enerjisinin avtomobillərdə yanacaq kimi istifadəsinin bir neçə mənfi xüsusiyyəti var. Bu, ilk növbədə, yeni avtomobil sənayesinin yaradılmasını tələb edir. Elektrik enerjisi ilə işləyən avtomobillər bir sıra xarakteristikalarına görə müasir daxili mühərriklərdən geri qalır. Elektromobillərin rahat istifadəsi üçün yüksək enerji tutumlu batareyalar tətbiq olunmalıdır”.

    Mütəxəssis gələcəkdə nəqliyyat üçün ətraf mühiti çirkləndirməyən yanacaq seçiminin texniki məsələ olduğunu da diqqətə çatdırıb. O, bu yanacaqların istifadəsi, qiyməti və digər xarakteristikalarının gələcəkdə elm-tədqiqat işlərinin intensivliyindən asılı olduğunu vurğulayıb.

  • Kardiogen şok daha çox miokard infarktının fəsadı kimi qəbul olunur

    Kardiogen şok ürəyin nasos funksiyasının çatışmazlığı nəticəsində yaranan qan dövranının kəskin pozulmasıdır. Kardiogen şok daha çox miokard infarktının fəsadı kimi qəbul olunur. Bununla belə o, nadir hallarda digər səbəblərdən – ürəyin ritminin pozulması, ağciyər və beyin patologiyaları, yəni insult, həmçinin ağciyər emboliyası, travmalar, boğulmalar, zəhərlənmələr zamanı inkişaf edə bilər.

    Kardiogen şokun əmələ gəlməsi infarktın ölçüsündən asılıdır. Miokard infarktının ölçüsü nə qədər böyük olarsa, kardiogen şokun əmələgəlmə ehtimalı da bir o qədər çoxalır. Miokard infarktından ölüm hallarına təqribən 20 faiz halda rast gəlmək olur. Kardiogen şokla fəsadlaşan miokard infarktı zamanı xəstənin itirilmə şansı daha böyükdür. Bu ona göstərilən ilkin tibbi yardımın səviyyəsindən asılı olaraq dəyişir. Ev şəraitində göstərilən tibbi yardım zamanı ölüm faizi yüksək olur.

    Median.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin I daxili xəstəliklər kafedrasının müdiri, tibb elmləri doktoru, professor Vəsadət Əzizov məlumat verib.

    Professor infarktın əlamətlərindən danışaraq bildirib: “Miokard infarktı ürəyi qidalandıran tac damarların trombozu nəticəsində yaranır və döş sümüyünün arxasında və ya ürək nahiyəsində deşici, yandırıcı xarakterli dözülməz ağrılarla müşahidə edilir. Bu vəziyyət kəskin koronar sindrom kimi qiymətləndirilir. Xəstədə ağrı başlayan zaman infarkt olmasına şübhə yaranarsa, mütləq ilk növbədə təcili tibbi yardıma müraciət edilməlidir. Təcili yardım briqadası gələnə qədər xəstənin dilinin altına ağrıkəsici, yəni nitroqliserin qoyulmalı və aspirin verilməlidir. Təcili yardım briqadası xəstənin ürəyinin elektrokardioqramını çəkməlidir. Elektrokardioqram zamanı infarktı təsdiq edən əlamətlər aşkar edildikdə ilkin tibbi yardım göstərilməli və xəstə ixtisaslaşdırılmış tibb müəssisəsinə çatdırılmalıdır. Sonrakı mərhələdə ixtisaslı həkimlər kəskin koronar sindromun konkret formasını dəqiqləşdirməli, göstərişə uyğun olaraq xəstədə invaziv koronar müdaxilə və ya trombolizis aparılması barədə qərar qəbul etməli və onu həyata keçirməlidirlər”.

    Kafedra müdiri bildirib ki, kardiogen şok üçün iki əsas əlamət xarakterikdir: “Onlardan birincisi qan təzyiqinin kəskin enməsi, yəni hipotenziyadır. Belə ki, sistolik təzyiqin 90, bəzi alimlərə görə 80 millimetr civə sütunundan aşağı olması adətən üzv və toxumalarda qan təchizatının kəskin zəifləməsinə, yəni hipoperfuziyaya səbəb olur. Bu rəqəm bir qədər nisbi xarakter daşıyır. Çünki elə qan təzyiqi aşağı olan insanlar var ki, onlar bu cür aşağı təzyiqə asanlıqla adaptasiya olunurlar. Bu insanlarda sistolik təzyiqin 90 millimetr civə sütunundan qismən aşağı olması hipoperfuziyaya gətirib çıxartmır. Ona görə də bəzi mütəxəssislər haqlı olaraq hipotenziya həddini arterial təzyiqin normal orta arterial təzyiqdən 30 millimetr civə sütunu və daha çox aşağı olması halı kimi dəyərləndirirlər.

    Kardiogen şoka səbəb olan ikinci əlamət üzv və toxumaların qan təchizatının kəskin zəifləməsidir. Hipoperfuziya vəziyyəti bir neçə klinik əlamətlərlə müşahidə olunur: psixik statusun pozulması – narahatlıq, həyəcan, huşun qaralması; soyuq tərlə örtülmüş yapışqan dəri; sutkalıq sidik ifrazının azalması. Əksər kardiogen şoklu xəstələrdə nəbzin sürətlənməsi və tənəffüsün sayının artması ilə əlaqədar təngnəfəsliyə də rast gəlinir.

    Kardiogen şok zamanı təcili ürək-ağciyər canlandırılması – reanimasiya tədbirləri həyata keçirilməlidir. Bu tədbirlərə ürəyin qapalı masajı və süni tənəffüs aiddir. Reanimasiya tədbirlərindən sonra dərman müalicəsi və ya defibrilyasiya aparılması tələb olunur”.

  • Bəşər tarixinin ən zəngin insanının adı açıqlandı

    ABŞ-ın Şimal-Qərb Universitetinin qalereyasında orta əsrlərə aid “Katalon atlas”ı əlyazmasının reproduksiyası təqdim edilib.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, alimlərin fikrincə, sözügedən əlyazmada dünya tarixinin ən zəngin insanı təsvir edilib.

    Əlyazma 1375-ci ildə Malyorka adasında hazırlanıb. Əlyazmada ticarət yollarının qovşağında əlində qızıl sikkə tutan Qərbi Afrika kralı Mansa Musanın təsviri yer alıb.

    Mansa Musa IX əsrin birinci yarısında 30 il Mali dövlətini idarə edib. Sərginin kuratoru Ketlin Bikford Berzokun sözlərinə görə, Musa regiondakı qızıl istehsalını bütünlükdə öz əlində cəmləşdirib. Qiymətli metal isə bu ərazidə daha saf olduğundan bazarda buna çox böyük tələbat olub.

    “Kiminsə bu gün belə bir sərvətə sahib olduğunu düşünmək çətindir”, – Berzok bildirib.

  • Gülməyin orqanizm üçün faydaları – 6 maraqlı fakt

    Gülməyi çoxları sevir. Lakin bu əyləncənin orqanizmə faydalı olduğunu çoxları düşünmür.

    Medicina.az sizə gülməyin faydalarını açıqlayır:

    1. Statistikaya görə, uşaqlar gün ərzində 300-400, böyüklər isə 15-20 dəfə gülürlər.

    2. Gülüş ağciyərləri təmizləyir. Gülərkən insan dərindən və uzun nəfəs alır. Bu zaman ciyərlər daha sürtəli işləməyə başlayır. Bu isə orqanların qan dövranını yaxşılaşdırır.

    3. Gülüş zamanı orqanizmdə xoşbəxtlik hormonu olan endorfin sintez olunur. Bu hormon yalnız insanı xoşbəxt etmir, həm də ağrıları aradan qaldırır.

    4. Gülüş insanı artıq çəkidən xilas edir. Alimlər bildirirlər ki, gün ərzində 15 dəqiqə gülmək həftədə 3 dəfə edilən 30 dəqiqəlik idmanı əvəz edə bilər.

    5. Gülüş ən yaxşı istirahət növüdür. 5 dəqiqəlik sağlam gülüş 30-40 dəqiqə istirahəti əvəz edir.

    6. Çoxları elə düşünür ki, gülən zaman insanın üzündə qırışlar yaranır. Amma mütəxəssislər bildirirlər ki, gülüş üz əzələlərini möhkəmləndirir, dərini sağlam və cavan saxlayır.

    Gülüş keçicidir. Əgər siz kiməsə gülümsəsəniz cavabında sizə də gülümsəyəcəklər. Buna görə ətrafınızdakıları öz gülüşünüzdən məhrum qoymayın.

  • Palma yağının vurduğu zərər həkimləri və alimləri narahat edir

    Palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, onun istehsalı isə təbiətə düzəlməz zərər vurur.

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaxın zamanlarda dərc olunacaq hesabatını hazırlamış ekspertlər belə nəticəyə gəliblər.

    Hesabat müəllifləri sağlamlığa və ətraf mühitə dəyən zərərin səviyyəsinə görə palma yağının istehsal və satış sənayesinin miqyasını birbaşa tütün və alkoqol sənayesilə müqayisə edirlər.

    Bütün dünya boyu alimlərə, siyasətçilərə və həkimlərə palma yağı sənayesinə münasibəti dəyişmək məsləhət görülür.

    BBC Rus xidməti hesabatın ilkin variantı ilə tanış olub.

    Alkoqol, tütün və… palma yağı?

    Palma yağı hazır yeməklərin və yarımfabrikatların hazırlanmasında ən geniş istifadə olunan yağdır. Buna səbəb bu yağın nisbətən ucuz olmasıdır.

    Digər bitki yağları ilə müqayisədə palma yağının tərkibində doymuş yağların miqdarı xeyli yüksəkdir – tərkibində doymuş yağların faizi nə qədər yüksək olarsa, bitki yağı o qədər daha az zərərli sayılır.

    İstehlakçıları palma yağının zərərsizliyinə və ya hətta xeyirli olduğuna inandırmaq üçün istehsalçılar xeyli səy göstərirlər.

    Lakin ÜST hesabatı bu iddiaları təkzib edir.

    Təşkilatın ekspertləri tərəfindən aparılmış təhlil dünyanın 23 ölkəsində palma yağı istehlakının artması ilə işemik ürək xəstəliklərinin artması arasında əlaqənin olduğunu müəyyən ediblər.

    Palma yağının faydasını sübut edən araşdırmaları maliyyələşdirən sponsorlar çox vaxt bu yağın istehsalçıları olur.

    Həkimlər eləcə də şübhə etmirlər ki, palma yağı ateroskleroz əmələ gətirən qandakı “pis xolesterini” artırır.

    ÜST hesabatının müəllifləri etiraf edirlər ki, bəzən elmi jurnallarda palma yağının zərərsizliyi və hətta sağlamlıq üçün faydası barədə məqalələr çıxır.

    Lakin sənədin hazırlanması zamanı məlum olub ki, doqquz bu cür məqalədən dördünü Malayziya Kənd Təsərrüfatı Nazirliyinin bu sənayenin inkişafına cavabdeh olan şöbəsinin əməkdaşları hazırlayıblar.

    “Bitki yağı”

    Hesabatda ayrıca bildirilib ki, hələ 2003-ci ildə ÜST və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) palma yağının sağlamlığa mümkün zərərlərinə diqqət çəkib.

    Lakin o zamandan bəri palma yağının dünyada istehsalı və istehlakı ikiqat artıb, 1995-ci ildən 2017-ci ilədək müddətdə isə palma yağı istehsalı dörd dəfə artıb.

    Bu cür artımın səbəblərindən birini hesabatın müəllifləri məhsullarını bazarlara çıxarmaq üçün güclü lobbi yaratmış hazır yemək və yarımfabrikat istehsalçılarında görürlər.

    Hesabat müəllifləri qeyd edirlər ki, dünya boyunca lobbiçilər palma yağının hazır məhsulun tərkibində olduğunu istehlakçılara bildirmək istəyən istehsalçıların bütün cəhdlərinə dirəniş göstərirlər. İnqridiyentlər siyahısında, palma yağı 200-dək alternativ ad altında göstərilə bilər, misal üçün, sadəcə, “bitki yağı kimi”.

    Rusiyada 2018-ci ildə, bütün Avrasiya İqtisadi İttifaqının ərazisində olduğu kimi, süd məhsullarının işarələnməsinə dair yeni qaydalar qüvvəyə minib.

    Lakin yeni qanun, istehsalçılardan yalnız məhsulun tərkibində “bitki yağlarının” olmasını göstərməyi tələb edir. İnqridiyentlər arasında palma yağının adının çəkilməsi əvvəlki kimi mütləq deyil.

    Bundan bir neçə il əvvəl isə, 2016-cı ilin fevralında, Rusiya höküməti palma yağına xüsusi aksiz tətbiq etməyə hazırlaşırdı, lakin üç aydan sonra, nazirlikdən bildirildi ki, “uzun çəkən müzakirələrdən sonra” bu niyyətdən imtina edilib.

  • Spirtli içkilərin yeni təhlükəsi aşkarlandı

    Normadan artıq spirtli içki qəbulu, həmçinin, xroniki alkoqolizm insan genlərinin aktivliyində uzunmüddətli dəyişikliklərə yol aça bilər.

    Median.az oxu.az-a istinadən bildirir ki, ABŞ-ın Ratqer Universitetinin alimləri belə bir nəticəyə gəlib.

    Araşdırmanın nəticələri “MedicalXpress” nəşrində dərc olunub.

    Mütəxəssislər davranışın tənzimlənməsində iştirak edən PER2 və POMC genlərini tədqiq edib. Birinci insan orqanizminin bioloji saatına cavab verir, ikincisi stressə reaksiya formalaşdırır.

    Tədqiqatda orta və normadan artıq spirtli içki qəbul edənlər və içki düşkünləri iştirak edib. Alimlər bu qruplar arasında PER2 və POMC genlərinin metilasiya (epigenetik tənzimləmə prosesi) dərəcəsini müqayisə edib.

    Metilasiya zamanı DNT-yə metil qruplar qoşulur ki, bu da genlərin aktivlik səviyyəsini dəyişir. Məlum olub ki, içki düşkünlərində genlərin fəaliyyətinə mənfi təsir göstərən, onların zülal ifraz etmə sürətini aşağı salan yüksək metilirasiya səviyyəsi müşahidə olunur.

    Spirtli içki qəbulu dəyişikliklərə düz mütənasibdir. Yəni insan nə qədər çox alkoqol qəbul edərsə, genlərdəki dəyişikliklər o qədər güclü olacaq. Bundan başqa, tədqiqatda stressli vəziyyətin təsvir olunduğu şəkillərə baxdıqdan sonra içki düşkünlərində, orta səviyyədə spirt qəbul edən şəxslərlə müqayisədə alkoqola daha güclü istək müşahidə olunub.

  • “Polat Alemdar” boşanır

    “Qurtlar Vadisi” serialı ilə ulduzu parlayan Necati Şaşmaz xanımı Nagehan Şaşmazla boşanır.

    Median.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Kanal D-də yayımlanan “İkinci Sayfa” proqramında məlumat verilib.

    Şaşmazın vəkili verilişdə geniş bir açıqlama yayaraq 7 illik ailə həyatının sona çatdığını bildirib:

    “Cütlük dəfələrlə ayrılıb, daha sonra barışıb. Onlar bir-birilərinə şans versələr də bu dəfə alınmayıb. Necati bəy məhkəməyə müraciət edib. Çəkişməli bir boşanma prosesi olacaq”.

    Qeyd edək ki, cütlüyün bu nikahdan iki övladı dünyaya gəlib.

  • “Facebook” istifadəçilərinə ŞAD XƏBƏR: bu şəxslərə hər ay PUL ÖDƏNİLƏCƏK

    “Facebook” şirkəti 13-35 yaş aralığındakı istifadəçilərinə ayda 20 dollar ödəniş edir.

    Median.az Publika-ya istinadən xəbər verir ki, şirkət bunun qarşılığında “Facebook Araşdırma Tətbiqi”ni qurmaları və bütün növ şəxsi bilgilərindən istifadə etmək şərtini qoyur.

    Bu xüsusiyyət “Facebook”a sərhədsiz şəkildə istifadəçilərin məlumatlarını əldə etməyə icazə verir.

    Bu bilginin ictimaiyyətdə yayılmasından sonra “Facebook” araşdırmanı “Apple” məhsullarında dayandırıb. “TechCrunch” texnoloji xəbərlər və analizlər portalının son araşdırmasına görə, sosial platformanın bu siyasəti “Apple” şirkətinin gizlilik siyasətini pozur.

    Şirkətdən məsələ ilə bağlı verilən açıqlamada bu tətbiqin gizli şəkildə deyil, aşkar formada aparıldığı və istifadəçilərdən icazə alındığı bildirilib.

  • Qaraçı baronlarının dəfn mərasimi — Basdırılan sərvət, kondisionerli tabutlar (FOTOLAR)

    Qaraçı baronlarının var-dövləti haqqında bir çox əfsanələr dolaşır.

    Bu baronlar dünyalarını dəyişəndə qohumları bir çox sərvətini də ölən şəxsin qəbrinə qoyur. Qaraçılar arasında dəfn mərasimi çox sərtdir və əməl olunması vacib sayılır. O biri dünyaya gedən şəxs orada yaşayır və həyatda malik olduğu hər şeyə təmin olunmalıdır.

    Qaraçı baronlarını məhz bu cür dəfn edirlər. Misir fironları kimi baronlar üçün də torpaq altında ev, yəni sərdabə inşa edilir. Sonra isə yuxarı hissəsinə piramidaya bənzər bina inşa edirlər. Bu piramida mərmərdən hazırlanır və dünyasını dəyişən şəxsin heykəli ucaldılır.

    Tabutu betonlanmış otağa salırlar və bundan sonra qadınlar üzərlərində olan qızıl əşyaları da bura atırlar. Adət belədir, çünki ölən şəxs o dünyada heç nəyə ehtiyac duymamalıdır.

    Mebel, bahalı iççilər, qab-qacaq, televizor, mobil telefon, qır-qızıl və pul da qəbirə qoyulur. Yeraltı sərdabə bir neçə otaqdan ibarət olur ki, dünyasını dəyişən şəxs onlardan istifadə edə bilsin.

    Ətrafda hər şey qızıl, mərmər, bahalı ağac materialından hazrlanır. Ölən şəxs yaşadığı dövrdə xoşladığı bütün əşyaları qəbirə qoyurlar. Bəzən isə ölən şəxsin sevimli avtomobilini də qəbirə salırlar.

    59 yaşlı Florian Çioaba 2013-cü ilin avqust ayında dünyasını dəyişib. Onunla vidalaşmaq üçün dünyanın bir çox ölkəsindən nümayəndələr Sibiu şəhərinə axışmışdı. Dəfn prossesiyası 7 km uzunluunda idi. Mərhumun tabutuna kondisioner və başqa elektronik cihazlar quraşdırılmışdı. Bununla yanaşı, tabutda pəncərə də açılmışdı.

    Qəbirdən oğurluq etmək günah sayılsa da, belə hallara da rast gəlinib. Qaraçı baronu Mixail Oqlının qəbirindən yemək-içmək, konyak və çaxır, “Roleks” saatı, brilliant qaşlı üzük, qızıl sep, mobil telefon, 100 min rubl və 3.5 min dollar oğurlanıb. Oğrular təkcə televizor, video maqnitafona toxunmamışdılar. Oğruları isə konyak şüşəsinin üstündəki əl izi ilə tapmaq mümkün oldu.

    Başqa bir baronun dəfn mərasimində isə ailə limuzinlərdən ibarət kortej və kareta sifariş edib. Təkcə güllərə 23.4 min dollar xərclənib.

    Qohumlar və dostlar isə hündürlüyü 1 metrdən çox olan 60 çələng sifari edib. Çələnglər mərhumun xoşladığı şeylərdən hazırlanıb.

    //Ölkə.Az

  • Spirtli içkilərin yeni təhlükəsi aşkarlandı

    Normadan artıq spirtli içki qəbulu, həmçinin, xroniki alkoqolizm insan genlərinin aktivliyində uzunmüddətli dəyişikliklərə yol aça bilər.

    Median.Az xəbər verir ki, ABŞ-ın Ratqer Universitetinin alimləri belə bir nəticəyə gəlib.

    Araşdırmanın nəticələri “MedicalXpress” nəşrində dərc olunub.

    Mütəxəssislər davranışın tənzimlənməsində iştirak edən PER2 və POMC genlərini tədqiq edib. Birinci insan orqanizminin bioloji saatına cavab verir, ikincisi stressə reaksiya formalaşdırır.

    Tədqiqatda orta və normadan artıq spirtli içki qəbul edənlər və içki düşkünləri iştirak edib. Alimlər bu qruplar arasında PER2 və POMC genlərinin metilasiya (epigenetik tənzimləmə prosesi) dərəcəsini müqayisə edib.

    Metilasiya zamanı DNT-yə metil qruplar qoşulur ki, bu da genlərin aktivlik səviyyəsini dəyişir. Məlum olub ki, içki düşkünlərində genlərin fəaliyyətinə mənfi təsir göstərən, onların zülal ifraz etmə sürətini aşağı salan yüksək metilirasiya səviyyəsi müşahidə olunur.

    Spirtli içki qəbulu dəyişikliklərə düz mütənasibdir. Yəni insan nə qədər çox alkoqol qəbul edərsə, genlərdəki dəyişikliklər o qədər güclü olacaq. Bundan başqa, tədqiqatda stressli vəziyyətin təsvir olunduğu şəkillərə baxdıqdan sonra içki düşkünlərində, orta səviyyədə spirt qəbul edən şəxslərlə müqayisədə alkoqola daha güclü istək müşahidə olunub.