Category: Maraqlı

  • İnsanlar hansı yaşda valideynlərinə oxşamağa başlayır?

    Böyük Britaniyada aparılan yeni bir sorğuya görə, insanlar müəyyən bir yaşda daha ciddi və düşüncəli davranmağa başlayaraq, gənclikdəki qayğısız münasibətlərini tərk edir və tədricən valideynlərinə bənzəyirlər.

    Qaynarinfo xəbər verir ki, “YourTango” nəşrinin yazdığına görə, bu dəyişimin baş verdiyi orta yaş artıq dəqiq müəyyən olunub.

    “M&S Credit Card” şirkətinin apardığı sorğunun nəticələrinə əsasən, insanların valideynlərinə bənzəməyə başladığı orta yaş 43-dür. “The Times” üçün bu araşdırmanı işıqlandıran Corciya Lambertin sözlərinə görə, qadınlarda bu proses 42 yaşda başlayır, kişilər isə əsasən 45 yaşa çatdıqda valideynlərinə oxşamağa başlayırlar.

    Qeyd edək ki, valideynlərə bənzəmək mütləq mənfi hal deyil. Sorğuda iştirak edənlərin 27%-i bu dəyişiklikləri “əyləncəli” hesab etdiklərini bildiriblər. Respondentlərin 58%-i isə bu cür davranışları öz partnyorlarında açıq şəkildə müşahidə etdiklərini qeyd ediblər. Üstəlik, 95%-i bu meylin yaş artdıqca daha da gücləndiyini etiraf edib.

    Sorğuda iştirak edənlər bu bənzəmənin bir neçə əsas əlamətini qeyd ediblər. Bunlar arasında ilk yeri hava şəraitindən şikayətlənmək tutur – 36%. İkinci sırada divanda tez yuxuya getmək – 33%, üçüncü yerdə isə rahat geyimlərə üstünlük vermək – 31% göstərilib. Dördüncü və beşinci yerdə isə saat 22:00-dan əvvəl yatmaq və ətrafdakıların insanı valideynlərinə bənzətdiklərini deməsi (hər ikisi 27%) qərarlaşıb.

    Bununla belə, qeyd olunmalıdır ki, bu sorğu yumoristik xarakter daşıyır və hava haqqında şikayətlərin valideynə bənzəmənin yeganə göstəricisi olması ciddi elmi nəticə kimi qəbul edilməməlidir.

  • Aviabiletləri daha ucuz necə əldə etmək olar – 7 effektiv yolu

    Əksər insanlar səyahət etməyi sevsə də, təyyarə biletlərinin baha olması bu arzunu reallaşdırmağı çətinləşdirir. Xüsusilə də bayram və yay mövsümündə qiymətlər sürətlə artdığı üçün öncədən planlama vacib olur. Bəzi üsul və vərdişlərlə aviabiletləri daha sərfəli qiymətlərlə əldə etmək mümkündür. Bu, nəinki büdcəyə qənaət etməyə, həm də daha çox istiqamətə səyahət etməyə imkan yaradır. 

    Valyuta.az səyahət sevərlər üçün aviabiletibiletini daha sərfəli qiymətə almağın 7 praktik yolunu təqdim edir.

    Meta-axtarış sistemlərindən istifadə edin

    Bu platformalar müxtəlif aviaşirkətlərin və səyahət saytlarının təkliflərini bir araya gətirərək sizə ən uyğun və sərfəli bilet variantlarını göstərir. Belə sistemlər birbaşa bilet satmasa da, sizi həmin təklifi təqdim edən sayta yönləndirir. Skyscanner, Google Flights və Momondo kimi platformalar bu məqsədlə ən çox istifadə olunan meta-axtarış sistemləridir. Onların köməyi ilə vaxt itirmədən və fərqli saytlara daxil olmadan rahat şəkildə bilet müqayisəsi və sifarişi edə bilərsiniz.

    Bileti əvvəlcədən alın

    Uçuş tarixindən ən azı 1–2 ay əvvəl alınan biletlər, adətən, daha ucuz olur. Eyni zamanda, bəzi hallarda hava yolları reysdə boş qalan yerləri doldurmaq üçün son anda endirim kampaniyaları keçirə bilər. Ancaq bu fürsətlərə arxalanmaq risklidir. Ən yaxşı yol, erkən rezervasiyadır.
    Əlavə tövsiyə: çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri, həmçinin səhər və axşam saatlarında uçuşlar daha sərfəlidir.

    Gediş-dönüş bileti alın

    Bəzi hallarda yalnız “gediş” bileti almaqdansa, gediş-dönüş bileti daha ucuz başa gəlir. Xüsusilə beynəlxalq uçuşlarda bu üsul daha sərfəlidir. 

    Tarix və istiqamətlərdə çevik olun

    Səyahət tarixində və hava limanında çeviklik ucuz bilet tapmaq şansınızı artırır. Məsələn, əsas şəhərin hava limanı əvəzinə qonşu şəhərə uçmaq daha sərfəli ola bilər. Həmçinin, səyahətinizi iki hissəyə bölmək – əvvəl ölkəyə ucuz uçuşla getmək, sonra isə daxili nəqliyyatla davam etmək də qənaətlidir.

    Hava yollarının bülletenlərinə abunə olun

    Hətta yaxın vaxtlarda səyahət etməyi planlamırsınızsa belə, hava yollarının və səyahət saytlarının e-poçt bülletenlərinə abunə olun. Beləliklə, endirim kampaniyaları, promo kodlar və “last minute” təkliflər haqqında ilk siz xəbər tutacaqsınız. Lakin diqqətli olun, bəzən adi qiymətlər endirim adı ilə təqdim olunur. Qiyməti bir neçə mənbədə yoxlayın.

    İnkoqnito rejimindən istifadə edin

    İnkoqnito rejiminin nə olduğuna nəzər salaq. İnkoqnito rejimi brauzerin internetdə gəzişmə zamanı axtarış tarixçəsi və kukilər kimi məlumatları yadda saxlamadığı gizli rejimdir. Aviaşirkətlər bilet axtarışlarını təkrar gördükdə qiymətləri süni şəkildə artıra bilər, lakin inkoqnito rejimində bu məlumatlar izlənilmədiyi üçün qiymətlər daha dəyişməz qalır.

    Aşağı büdcəli və icarə reyslərini izləyin

    Low-cost (aşağı büdcəli) aviaşirkətlərdə əsas xidmətlər (məsələn, baqaj, yemək və s.) bilet qiymətinə daxil olmasa da, uçuşlar adətən daha ucuz olur. Digər tərəfdən, icarə reyslər (müəyyən bir qrup və ya təşkilat tərəfindən sifariş olunmuş, müntəzəm cədvələ daxil olmayan xüsusi uçuşlar) də sərfəli seçim ola bilər. 

    Turoperatorlar tərəfindən rezerv edilmiş, lakin satılmayan yerlər uçuşdan 48 saat əvvəl daha aşağı qiymətlərlə satışa çıxarılır. Bu reyslər, əsasən, məşhur turistik istiqamətlərə olur.

    Ucuz bilet tapmaq şans işi deyil, araşdırma, planlama və düzgün alətlərin istifadəsi ilə mümkündür. Yuxarıdakı 7 tövsiyəni tətbiq etməklə həm xərclərinizə qənaət edə, həm də daha çox səyahət edə bilərsiniz.

  • Yayda kondisioner olmadıqda, mənzili necə sərinlətmək olar? – Rusiyalı həkim üsulları açıqladı

    Yay istilərinin başlaması ilə bir çox insanlar evlərində kondisionerin olmamasına görə problemlərlə üzləşirlər. Bəs bu halda evdə rahat temperaturu necə saxlamaq və həddindən artıq istidən yayınmaq üçün nə etmək olar?

    Rusiyalı kardioloq Gülnarə Orlova “İzvestiya”ya müsahibəsində kondisioner olmadıqda, mənzili sərinlətməyin üsullarından danışıb.

    “Olduğunuz məkanda ideal temperatur 24-26 Selsi dərəcəsi təşkil etməlidir. Buna böyük xərc tələb etməyən sadə üsullarla nail olmaq olar”, – deyə o bildirib.

    Kardioloq mənzili çöldəki temperatur aşağı düşənə qədər səhər və axşam mənzili havalandırmağı tövsiyə edib. Gün ərzində pəncərələr sıx bağlanmalı, əlavə olaraq qalın pərdələr və ya jalüzlər ilə örtülməlidir. Bu ona görə lazımdır ki, isti hava mənzilə daxil olmasın, divarlar və mebellər istiləşməsin.

    “Ventilyatordan istifadə edin – bu, havanın sirkulyasiyasına (dövr etməsinə) imkan verəcək. Məkanı mütləq nəmləndirmək lazımdır ki, bunun üçün nəm çarşaflar və ya dəsmallar asmaq, vaxtaşırı olaraq pulverizatordan su çiləmək, müxtəlif yerlərdə içində su olan bir neçə qab qoymaq və periodik olaraq bu qabların içinə mayeni soyutmaq üçün buz əlavə etmək olar. Bu vəziyyətdə hava nəmləndiricisi də çox kömək edəcək, o yığcamdır və xüsusi quraşdırılma tələb etmir”, – deyə Gülnarə Orlova qeyd edib.

    O həmçinin yayda otaq temperaturunda daha çox su içməyi, sərin duş qəbul etməyi, üzü və əlləri buz kubları və ya nəm dəsmal ilə silməyi məsləhət görüb.

  • Yayda ən təhlükəli qida məhsulları hansılardır? – Rusiyalı həkimdən xəbərdarlıq

    Yayda zəhərlənmə riski xeyli artır və bu səbəbdən bəzi məhsulların istehlakı zamanı diqqətli olmaq lazımdır.

    Bu barədə qida təhlükəsizliyi sahəsində rusiyalı mütəxəssis Yelena Spetsenko Lenta.ru-ya müsahibəsində danışıb.

    O, isti havalarda sağlamlıq üçün ən təhlükəli qida məhsullarını sadalayıb.

    Yelena Spetsenkonun sözlərinə görə, yüksək temperatur bakteriyaların çoxalması üçün ideal şərait yaradır və bəzi məhsullar xüsusilə təhlükəli hala gəlir. O xəbərdarlıq edib ki, tərkibində zülal olan və tez xarab olan məhsullar ilk növbədə risk altındadır.

    “İsti havada mal və quş əti daha təhlükəlidir, xüsusilə də düzgün şəkildə saxlanmayıblarsa. Bir neçə saat günəş altında qalan bişmiş kabab salmonella və ya bağırsaq çöpü (E. coli bakteriyaları) mənbəyinə çevrilə bilər. Eyni şey hazır ət məhsullarına – kolbasa, paştet, kotletlərə də aiddir”, – deyə ekspert bildirib.

    Spetsenko əlavə edib ki, istidə süd məhsulları da eyni şəkildə təhlükəlidir.

    “Kəsmik, xama, qatıq və yumşaq pendirlər patogen mikroorqanizmlərin çoxalması üçün əlverişli mühit yaradır. Hətta istifadə müddəti hələ başa çatmamış olsa belə, düzgün saxlanmadıqda, bu məhsullar ciddi həzm pozğunluqlarına səbəb ola bilər. Qaymaq əsaslı desertlər xüsusilə təhlükəlidir. Onlar demək olar ki, hiss edilmədən xarab olur. Lakin onlardan istifadə çox ciddi nəticələrə gətirib çıxara bilər”, – deyə o qeyd edib.

    Bundan əlavə, ekspertin sözlərinə görə, balıq və dəniz məhsulları da risk altındadır. Onlar isti havada tez xarab olurlar, buna görə də hətta kiçik xoşagəlməz qoxu belə, parçalanma proseslərinin başlandığını göstərə bilər.

    “Mayonez və digər souslu salatlar da ən təhlükəli yay məhsulları siyahısına daxildir. Rütubətli mühit və inqrediyentlərin bolluğu bakteriyalar üçün ideal şərait yaradır. Salat təzəcə hazırlanmış olsa belə, artıq açıq havada bir saat qaldıqdan sonra orada mikroorqanizmlər aktiv şəkildə çoxalmağa başlayır”, – deyə Yelena Spetsenko vurğulayıb.

    “İsti havalarda qida seçiminə və onların saxlanmasına xüsusilə diqqətli yanaşmaq lazımdır. Küçə yeməklərindən uzaq durmaq, şübhəli yerlərdə tez xarab olan məhsullar almaqdan çəkinmək, həmişə yararlılıq tarixlərini (son istifadə tarixi) yoxlamaq və hazır yeməkləri ancaq soyuducuda saxlamaq lazımdır. Zəhərlənmənin ilk əlamətləri – ürəkbulanma, halsızlıq, ishal zamanı dərhal həkimə müraciət etmək lazımdır”, – deyə mütəxəssis əlavə edib.

  • Müdirinizin sizi işdən çıxarmaq istədiyini göstərən 8 əlamət

    Gündəlik olaraq eyni insanlarla vaxt keçirdiyiniz zaman onların davranışlarındakı ən kiçik dəyişiklikləri belə hiss etmək mümkündür. Bəzən incə, bəzən isə açıq şəkildə görünən bu dəyişikliklər müdirinizin sizi işdən çıxarmağı planlaşdırdığını göstərə bilər. Bir gün uğurlarınızı qeyd edən rəhbər növbəti gün mesajlarınıza belə cavab verməyə bilər.

    Bu siqnalları vaxtında dəyərləndirmək sizə vəziyyətə hazırlıqlı yanaşmaq və gələcəklə bağlı plan qurmaq imkanı verəcək. Həmçinin, bəzən bu hisslər sadəcə narahatlıq və ya özünüzə inamsızlıqla da bağlı ola bilər.

    Valyuta.az xəbər verir ki, aşağıdakı əlamətlərə diqqət yetirmək faydalıdır:

    1. Sizə qarşı həddindən artıq nəzarət tətbiq olunur

    Əgər müdiriniz hər addımınızı izləyir, hər işinizi yoxlayırsa, bu sizə qarşı inamın azaldığını göstərə bilər. Əvvəllər ara-sıra yoxlamalar edən rəhbər indi hər saat nə etdiyinizi soruşursa və işinizdə xırda detallara ilişirsə, bu, xəbərdarlıq siqnalıdır.

    2. İş yükünüz azaldılıb

    Əvvəllər iş tapşırıqları sizi çox yorsa da, indi məsuliyyətlərinizin azaldıldığını görürsünüzsə, bu sizsiz davam etməyə hazırlaşdıqlarına işarə ola bilər. Əgər tapşırıqlarınız başqalarına verilir və siz işsiz qalırsınızsa, bu artıq aydın xəbərdarlıqdır.

    3. Vacib görüşlərdən kənarda saxlanılırsınız

    Əgər əvvəllər dəvət aldığınız görüşlərə indi çağırılmırsınızsa, bu sizin fikirlərinizə və iştirakınıza artıq ehtiyac duyulmadığını göstərə bilər. Bu həm də rəhbərliyin sizi artıq komandanın bir hissəsi olaraq görmədiyinə işarədir.

    4. Laqeyd münasibət hiss edirsiniz

    Əvvəllər komanda işi və əməkdaşlıq yüksək səviyyədə idisə, indi isə sizə qarşı soyuqluq varsa, bu ətrafınızdakıların bir şey bildiyini göstərə bilər. Əgər rəhbəriniz sizinlə danışmaqdan çəkinir və daim sizi ötürürsə, bu da diqqət yetirilməli haldır.

    5. Əməkləriniz dəyərləndirilmir

    Əvvəllər etdiyiniz uğurlar qeyd olunurdusa, indi isə heç bir təşəkkür belə almırsınızsa, bu sizin töhfələrinizin artıq dəyərli sayılmadığını göstərə bilər. Əgər eyni işi görən həmkarlarınız təşviq alır, siz isə yoxsunuzsa, məsələ sadəcə favoritlik deyil, daha dərin bir problemin əlamətidir.

    6. Hər bir səhviniz böyüdülür

    Əvvəllər konstruktiv yanaşma olan səhvləriniz indi ciddi şəkildə tənqid olunur və qabardılırsa, bu sizə qarşı etimadsızlıq göstəricisidir. Xırda səhvlərin belə işdən çıxarılmanı əsaslandırmaq üçün istifadə edilməsi mümkündür.

    7. Vəzifələriniz izah edilmədən dəyişdirilir

    Əgər sizə birdən-birə fərqli vəzifələr tapşırılır və bu barədə izah verilmir, bu roldan uzaqlaşdırılmağın göstəricisi ola bilər. Belə hallarda rəhbərlik artıq sizi əvvəlki mövqedə görmür və bu, prosesin bir hissəsi kimi sizdən yavaş-yavaş imtina etmək istəyə bilər.

    8. Komandadan təcrid olunmusunuz

    Əvvəllər komanda ilə sıx əməkdaşlıqda idinizsə, indi isə qeyri-rəsmi görüşlərdən, kollektiv söhbətlərdən kənarda saxlanılırsınızsa, bu həmkarlarınızın vəziyyətdən xəbərdar olduğunu və məsafə saxladıqlarını göstərə bilər.

    Bu vəziyyətlərlə qarşılaşdıqda nə etmək olar?

    1. Hisslərinizi deyil, faktları əsas götürün

    Əgər rəhbərinizin sizi işdən çıxarmağı planlaşdırdığını düşünürsünüzsə, bu fikri emosional reaksiyalardan yox, konkret davranış dəyişikliklərinə əsasən dəyərləndirin. Şəxsi qəbul etmədən, peşəkar müşahidə aparmaq və faktlara əsaslanmaq tövsiyə olunur.

    2. Səssiz qalmayın, müdirinizlə açıq danışın

    Əgər iş yerindəki davranışlardan narahatsınızsa, rəhbərinizlə açıq və nəzakətli şəkildə danışmaq tövsiyə olunur. Gələcək planlarınızı soruşmaq və öz performansınız barədə rəy almaq sizə vəziyyəti aydınlaşdırmağa kömək edə bilər.

    3. Alternativ iş axtarışına başlayın və çıxış strategiyası hazırlayın

    Belə vəziyyətlərdə tərcümeyi-halınızı yeniləmək, şəbəkə əlaqələrinizə aktivləşdirmək və yeni vakansiyalarla maraqlanmaq vacibdir. Proses gözlənilmədən baş verə bilər, ona görə də hazır olmaq sizi maliyyə və psixoloji baxımdan qoruyar.

  • Uğurlu uşaq böyütmək üçün 5 tövsiyə

    Bəzi valideynlər öz övladlarını elə şəkildə böyüdə bilirlər ki, onlar gələcəkdə karyera pillələrinin zirvəsinə yüksəlir və ya öz maraqlarını heyrətamiz nəticələrlə reallaşdırırlar.

    Qaynarinfo xəbər verir ki, CNBC üçün yazılmış məqalədə “Ailə dinamikası: qardaş və bacıların uğur sirrlərinə səyahət” adlı kitabın müəllifi Bahareh Cabbari uğurlu uşaqlara sahib valideynlərlə və yüzlərlə mütəxəssislə apardığı müsahibələr əsasında 5 əsas nəticə təqdim edir.

    1. Optimizm hər şeydir

    Valideyn uşağa nə qədər geniş imkanlar təqdim etsə də, o, gələcəyə ümidlə yanaşmırsa, akademik nailiyyətlər uzunmüddətli uğur gətirməyə bilər. Müsahibə aparılmış valideynlərin əksəriyyəti övladlarını geniş düşünməyə, pozitiv qalmağa və ümidlərini qorumağa təşviq ediblər.

    2. Uşağınızı tanıyın və motivasiya üsulunu ona uyğunlaşdırın

    Tədqiqatlar göstərir ki, bir çox valideyn uşaqların maraqsız olduqları mövzulara münasibətində düzgün yanaşma sərgiləmir. Əgər uşaq riyaziyyat və təbiət elmlərindən uzaq durmaq istəyirsə, sadəcə “bu sənə gələcəkdə lazım olacaq” demək kifayət etmir. Əvəzində, həmin fənləri uşağın öz maraqları ilə əlaqələndirmək daha təsirli nəticə verir. Bu yanaşmadan istifadə edən valideynlərin övladları riyaziyyat və təbiət fənlərində ortalama 12% daha yaxşı nəticə göstəriblər.

    3. Təlim və bacarıqlar gündəlik həyatın içində formalaşır

    Araşdırmalar göstərir ki, valideynlər uşaqlarının əslində nə qədər bacarıqlı olduğunu çox vaxt qiymətləndirmir. Ekspertlərin fikrincə, valideyn müdaxiləsi uşağı motivasiyadan uzaqlaşdırır. Buna görə də uşağın müstəqilliyinə imkan vermək və kiçik çətinliklərdən qorxmamaq vacibdir.

    4. Təkcə zəhmət deyil, biliyə sevgi də önəmlidir

    Valideynlərin əksəriyyəti səyahətlərin övladlarında öyrənməyə sevgi və maraq oyatdığını düşünür. Bəzi tədqiqatlar da bu fikri dəstəkləyir: yeni mühitlər, mədəniyyətlər və həyat təcrübələri uşaqlarda təbii öyrənmə meyli yaradır.

    5. “Məşqçi” kimi yox, sevgi ilə motivasiya verin

    Müəllif qeyd edir ki, uğurlu uşaqların valideynləri övladlarına dəstək olarkən “məşqçi” və ya tənqidçi yox, sevgi və şövq dolu bir müşayiətçi kimi davranıblar. Onlar uşaqlarını uğura görə tərifləyir, lakin bunu düzgün formada edirlər. Pedaqoqlar bildirir ki, bəzi təriflər uşağın gələcəkdə özünəinamlı və müstəqil insan kimi formalaşmasına mane ola bilər.

  • Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? – SƏBƏB

    Zahirən, şarj cihazı sadə bir aksesuar kimi görünə bilər və brend ilə ucuz analoq arasındakı fərq əhəmiyyətsiz sayılır. Lakin bu komponentə qənaət ciddi nəticələrə – həm smartfonun sıradan çıxmasına, həm də təhlükəsizlik risklərinə səbəb ola bilər.

    Lent.az bu səbəbləri sizə təqdim edir:

    Ucuz şarj cihazlarının əsas təhlükələri:

    1. Sabit olmayan gərginlik və cərəyan gücü

    Ucuz adapterlər, xüsusilə tanınmamış istehsalçılardan və ya şübhəli saytlardan alınanlar, keyfiyyətsiz və saxta detallar ilə hazırlanır və təhlükəsizlik standartlarını kobud şəkildə pozurlar. Brend şarj cihazları isə dəqiq nəzarətçi (kontroller) ilə təchiz olunub – bu, telefonla daimi məlumat mübadiləsi apararaq modelə uyğun düzgün parametrləri (məsələn, 5V/2A və ya sürətli şarj üçün 9V/1.67A) təmin edir.

    Ucuz adapterlərdə bu “ağıl” ya yoxdur, ya da çox primitivdir. Nəticədə onlar:

    Normanı aşan gərginlik sıçrayışları

    Telefonun qəbul edə biləcəyindən yüksək cərəyan verə bilər.

    Bu isə telefonun enerji idarəetmə çiplərinə və litium-ion batareyasına həddindən artıq yüklənmə verir.

    2. Batareyanın tez sıradan çıxması

    Gərginlik sıçrayışları və həddindən artıq yüklənmə:

    Batareyanın daha tez boşalmasına

    Qızmasına

    Avtonom iş vaxtının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olur.

    3. Ciddi zədələr və bahalı təmir

    Ən pis halda:

    Qısaqapanma və ya gərginlik sıçrayışı nəticəsində telefonun enerji idarəetmə mikrosxemləri yanır.

    Şarj portu sıradan çıxır.

    Təmiri çətin və bahalı olur.

    Ucuz adapterlərdə başqa nə təhlükə var?

    Güclü qızma riski. Keyfiyyətsiz transformator və naqillər yüksək müqavimətə malikdir. Onlar qızmağa çox meyllidir, xüsusən də planşet və güclü telefonlar yükləndikdə. Bu qızma telefona da ötürülür və nəticədə:

    Batareya,

    Prosessor,

    Yaddaş və ekran zədələnir,

    Qurğunun ümumi ömrü azalır.

    Yanğın təhlükəsi

    Nadir də olsa, ucuz adapter:

    Plastik korpusun alışmasına,

    Naqil izolyasiyasının əriməsinə,

    Hətta yanğına səbəb ola bilər.

    4. Müdafiə sisteminin yoxluğu

    Keyfiyyətli şarj cihazları:

    Qısaqapanma,

    Aşırı cərəyan,

    Qızma,

    Gərginlik artımı əleyhinə çoxsəviyyəli müdafiə sistemlərinə malikdir.

    Ucuz variantlarda isə:

    Ya ümumiyyətlə yoxdur,

    Ya da təqlid edilən, qeyri-effektiv komponentlərdən ibarətdir. Bu, təkcə cihazın sıradan çıxmasına yox, bütün ev elektrik sisteminə zərər verə bilər. Ucuz şarj cihazları – qənaət vasitəsi yox, risk mənbəyidir.

    Smartfonunuzun və təhlükəsizliyinizi qorumaq üçün:

    Yalnız orijinal və sertifikatlı adapterlərdən istifadə edin. Naməlum brendlərdən və şübhəli satış platformalarından uzaq durun. Sonda ucuz adapterlə qənaət etdiyiniz az miqdar, çox baha başa gələ bilər.

  • Yer kürəsinin yanından keçən ulduz planetin donmasına səbəb ola bilər

    Fransalı alimlər Yer kürəsinin yanından ötüb keçən ulduzun planeti orbitindən çıxara biləcəyini və bunun bütün həyatın donmasına səbəb olacağını hesablayıblar.

    Bu barədə “Daily Mail” məlumat verib.

    Qeyd olunur ki, bu ssenari planetin ulduzlararası fəzada Günəşin istiliyi olmadan qalmasına və üzərindəki bütün canlıların donmasına gətirib çıxara bilər.

    Tədqiqat “Planetary Science Institute” və Bordo Universitetinin mütəxəssisləri tərəfindən aparılıb. Əvvəllər alimlər Günəş sisteminin sabit olduğuna inanırdılar, lakin yeni məlumatlar göstərib ki, Yer kürəsinin yanından keçən ulduzların təsiri planetlərin trayektoriyasını əhəmiyyətli dərəcədə dəyişə bilər.

    Alimlərin hesablamalarına görə, növbəti beş milyard il ərzində Yerin Günəş sistemindən atılması və ya başqa bir göy cismi ilə toqquşması ehtimalı, təxminən 0.2% təşkil edir. Müqayisə üçün qeyd edək ki, Mars üçün riskin bir qədər yüksək – 0.3%, planet statusundan çıxarılmış Pluton üçün isə 5%-ə qədər olduğu təxmin edilir.
    //oxu.az

  • Hansı rəngdə paltarlar ağcaqanadları uzaqlaşdırır?

    Hansı rəngdə paltarlar ağcaqanadları uzaqlaşdırır?

    Müvafiq material “Life” nəşrində dərc olunub.

    Mütəxəssislərin fikrincə, həşəratları ən çox cəlb edən rənglər qırmızı, narıncı, qara və mavi (dəniz dalğası rəngi – red.) rənglərdir.

    “Tünd rənglər isti havada xüsusilə təhlükəlidir. Bu rənglər nəinki ağcaqanadları cəlb edir, həm də daha çox qızdırır və bununla da bədən istiliyinin artması şəklində onlar üçün əlavə yem mənbəyi yaradır”, – deyə nəşr qeyd edib.

    Eyni zamanda, mütəxəssislər vurğulayıblar ki, ağcaqanadlar yaşıl, bənövşəyi, göy və ağ rənglərə məhəl qoymurlar, çünki onlar cütqanadlıların gözünə görünmür.

    Bundan əlavə, mütəxəssislər bildiriblər ki, lavandanın efir yağı görünməz baryer yaradaraq ağcaqanadları uzaqlaşdırmağa kömək edə bilir.

  • Avtomobilləri isti mövsümə necə hazırlamalı? – Ekspertlərdən vacib xəbərdarlıqlar

    Havalar getdikcə isinməkdədir və bu, avtomobil sahiblərindən daha çox diqqət tələb edir. Mütəxəssislər sürücülərə isti hava şəraitində nəqliyyat vasitələrinə xüsusi qayğı göstərməyi tövsiyə edirlər.

    Autonews.ru portalı mütəxəssislərlə danışaraq yay fəslində avtomobilin təhlükəsiz və funksional qalması üçün vacib tövsiyələri təqdim edib.

    Soyutma sistemini yoxlayın

    Yay mövsümünə başlamazdan əvvəl kondisioner və soyutma sistemləri mütləq texniki baxışdan keçirilməlidir. Radiatorun aralıqları çirk və tozla tıxanarsa, havanın dövranı pozular və salonun sərinlədilməsi çətinləşər.

    Əyləc sisteminə diqqət yetirin

    İsti havalarda əyləclər daha tez qızır və bu, onların səmərəliliyini azaldır. Bu səbəbdən, əyləc sisteminə profilaktik baxış vacibdir.

    Partlayıcı və yanıcı əşyaları maşında saxlamayın

    Alışqan, qazlı içkilər, sprey və digər yanıcı maddələr isti havada təhlükə mənbəyinə çevrilə bilər. Günəş altında bu əşyalar partlaya və avtomobildə yanğına səbəb ola bilər.

    Filtrləri yeniləyin

    Yayda artan toz və digər çirkləndiricilər səbəbilə hava və salon filtrləri daha tez tıxanır. Ekspertlər bu filtr elementlərinin mövsüm başlamazdan əvvəl dəyişdirilməsini tövsiyə edirlər.

    Avtomobilin xarici və daxili hissəsini qoruyun

    Günəşin təsirindən avtomobilin lak örtüyü solur, salon elementləri isə deformasiya ola bilər. Bu riskləri azaltmaq üçün qoruyucu örtüklər, mum və ya keramika qoruyucularından istifadə edilməlidir.

    Maşını kölgədə saxlayın

    İsti günlərdə avtomobili kölgədə park etmək, eyni zamanda günəşə qarşı qoruyucu ekranlardan istifadə etmək daxili temperaturun artmasının qarşısını alır və avtomobilə dəyən ziyanı azaldır.

    Nəticə olaraq, yayda avtomobilin texniki və fiziki vəziyyətinə daha çox diqqət göstərmək vacibdir.