Category: Maraqlı

  • Barmaqları şaqqıldatmaq təhlükəlidirmi? – Travmatoloq-ortoped AÇIQLADI

    Əgər barmaqları şaqqıldatmaq ağrı və ya şişkinliklə müşayiət olunmursa, bu, təhlükəli hesab edilmir.

    Median.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı travmatoloq-ortopedi Vitali Skakun bildirib.

    Onun sözlərinə görə, barmaqları şaqqıldadarkən eşidilən səslər oynaqların boşluqlarını dolduran sinovial mayedə yaranan qaz qabarcıqları ilə bağlıdır.

    “Oynaqlar qəfil dartıldıqda (məsələn, barmaq əyildikdə), kapsul daxilində təzyiq azalır və qaz (azot, karbon qazı və s.) qabarcıqları çökür. Məhz bu proses nəticəsində şaqqıltı səsi yaranır. Bu səs qığırdaq toxumalarının sürtünməsi ilə əlaqəli deyil və oynaq səthlərinə zərər vermir. Əgər oynaqlar sağlamdırsa, bu cür şaqqıltı artrit, artroz və ya digər oynaq xəstəliklərinə səbəb olmur,” – deyə həkim izah edib.

    Bununla belə, əgər şaqqıltı ağrı, şişkinlik və ya sərtliklə müşayiət olunursa, bu, osteoartrit və ya bağ zədələnməsi kimi patologiyaların əlaməti ola bilər.

    “Əgər bağlar və ya vətərlər zədələnibsə, qəfil hərəkətlər vəziyyəti daha da ağırlaşdıra bilər. Həmçinin iltihablı hallarda – məsələn, artrit, bursit və ya tendinit zamanı – şaqqıltı təhlükəlidir və oynağa düşən yükün azaldılması vacibdir. Əgər şaqqıltı ağrısızdırsa və heç bir şişkinlik yoxdursa, narahat olmağa dəyməz. Lakin əgər ağrı, qızartı və ya hərəkət məhdudiyyəti müşahidə olunursa, xüsusilə bu hal travmadan sonra baş veribsə, mütləq həkimə müraciət edilməlidir,” – deyə həkim yekunlaşdırıb.

  • İndiyə qədər yalnız 5 nəfərin görə bildiyi yeni rəng kəşf edildi

    Alimlər indiyədək heç kimin görmədiyi bir rəng kəşf etdiklərini açıqlayıblar. Bildirilib ki, bu rəng mavi və yaşıl çalarlıdır, lakin məlum tonlardan çox daha doymuşdur. Bu rəngi yalnız beş nəfər görə bilib.

    Median.Az bildirir ki, elm dünyası yeni bir rəng kəşf edib.

    ABŞ-ın aparıcı qurumlarından olan Berkli Kaliforniya Universitetinin tədqiqatçıları yeni rəng kəşf etdiklərini açıqlayıblar. Mavi və yaşılın kölgəsi olan bu rəngin mövcud tonlardan çox daha sıx və parlaq olduğu deyilir.
     
    “Olo” adlanan bu rəngi alimlər gözlərinə lazer vurduqdan sonra görüblər. Buna görə də yeni rəngi yalnız tədqiqat aparan alimlər görüblər. Tədqiqat zamanı iştirakçıların tor qişasının müəyyən hüceyrələri stimullaşdırılıb. Elm adamları daha əvvəl görmədiklərini iddia etdikləri yeni bir rəng gördüklərini ifadə ediblər.
     
    Tədqiqatçılar yeni kəşf edilən rəngin rəng korluğu ilə bağlı araşdırmalar üçün çox faydalı olacağına inanırlar. Yeni rəngi görənlərdən biri professor Ng:
     
    “Tutaq ki, bütün ömrün boyu gəzmisən və yalnız çəhrayı, körpə çəhrayı, pastel çəhrayı görmüsən. Sonra bir gün ofisə gedirsən və kimsə köynək geyinir. Köynəyin rəngi ən sıx körpə çəhrayısıdır və deyirlər ki, bu rəng indiyə qədər gördüyümüz qırmızı rəngdir”- deyə bildirib. O, yeni rəngin hekayəsini belə yekunlaşdırır.

    Bəs yeni rəng necə tapılıb?
     
    Tədqiqat hesabatına görə, iştirakçılar güzgülər, lazerlər və optik cihazlardan ibarət olan “Oz” adlı cihaza baxıblar. Avadanlıq UC Berkeley və Vaşinqton Universitetinin alimləri tərəfindən hazırlanıb. İştirakçılar bu cihaza baxdıqda, yalnız tor qişalarında olan “M konusları” stimullaşdırılıb.
     
    İşığa həssas toxuma təbəqəmiz olan retinada mavi, qırmızı və yaşılın müxtəlif dalğa uzunluqlarına həssas olan “S, L və M” konus hüceyrələri var. M konus hüceyrəsini stimullaşdıran hər hansı işıq qonşu L və/yaxud S konuslarını da stimullaşdırmalıdır. Halbuki bu araşdırma zamanı yalnız M konusunun stimullaşdırılması baş verib, yəni beyində daha əvvəl görülməmiş bir rəng görülüb.
     
    Yeni rəngin həqiqətən “yeni” olub-olmadığı ilə bağlı mübahisələr isə davam edir.
     

  • Ağrısız infarkt: Nadir, amma təhlükəli problem

    Miokard infarktı ürəyin ciddi xəstəliklərindən biri olaraq, hələ də dünyada ölümün əsas səbəblərindəndir. Amma bəzi hallarda bu infarkt ağrısız keçir və bu, onu daha da təhlükəli edir.

    Bu barədə kardioloq, tibb üzrə fəlsəfə doktoru Sergey Vasilyev “Veçernyaya Moskva”ya danışıb.

    Onun sözlərinə görə, ağrısız infarkt adlanan bu forma nadir rastlansa da (təxminən 1% hallarda), təhlükəlidir.

    “Xüsusilə şəkərli diabeti və ürək-damar problemi olan kişilərdə daha çox rast gəlinir. Belə infarkt zamanı insanlar sinədə tipik ağrı hiss etmədiyi üçün, vəziyyətin ciddiliyini anlamır və həkimə gec müraciət edirlər. Əslində isə ürək əzələsi artıq zədələnir və hər dəqiqə həyat üçün risk artır”, – deyə o bildirib.

    Həkimin sözlərinə görə, əsas simptomlar gücsüzlük, başgicəllənmə, həddindən artıq tərləmə, həyəcan, panika hissi, təngnəfəslik (hətta sakit halda), qan təzyiqinin oynaması və ya ürəkdə ritm pozğunluğudur.

    Sonda o bildirib ki, infarktın yalnız sinə ağrısı ilə olmadığını unutmaq olmaz.

    “Orqanizmin verdiyi siqnalları vaxtında dinləmək həyati əhəmiyyət daşıyır”, – deyə həkim sözlərini yekunlaşdırıb.
    //oxu.az

  • Antivirus proqramları zərərli faylları necə aşkar edir?

    Rəqəmsal təhlükəsizlik bu günlərdə həyatımız üçün vazkeçilməz əhəmiyyət daşıyır. Kompüterlər, smartfonlar və planşetlər gündəlik fəaliyyətlərimizin mərkəzinə çevrilib. Bu isə həm fərdi, həm də korporativ istifadəçilər üçün təhlükəsizlik risklərini artırır. Sadə bir diqqətsizlik nəticəsində şəxsi məlumatlarımız kibercinayətkarların əlinə keçə bilər. Bu təhlükələrə qarşı ən effektiv vasitələrdən biri antivirus proqramlarıdır. Bəs bu proqramlar zərərli faylları necə tanıyır?

    Valyuta.az antivirus proqramlarının necə işlədiyini təqdim edir: 

    Əsasən bütün antivirus proqramları eyni prinsiplə işləyir cihazda mövcud olan və ya yenicə daxil edilən faylları təhlil edir və onların zərərli olub-olmadığını müəyyənləşdirir. Bunun üçün isə müxtəlif texnikalardan istifadə olunur. Ən müasir antivirus proqramları bəzi üsullarla zərərli proqramları aşkar edir.

    İmza əsaslı aşkarlama

    Analiz aşkarlama

    Davranış əsaslı aşkarlama

    Bulud əsaslı aşkarlama

    Faylsız aşkarlama

    İmza əsaslı aşkarlama – Bu metod antivirus proqramlarının ənənəvi və ən geniş yayılmış aşkarlama üsuludur. Burada “imza” dedikdə, daha əvvəl tanınmış zərərli proqramların kod parçaları nəzərdə tutulur. Antivirus proqramı analiz etdiyi fayllardakı kodları virus imzaları ilə müqayisə edir. Əgər oxşarlıq aşkar olunarsa, həmin fayl zərərli kimi tanınaraq karantinə alınır.

    Analiz aşkarlama – Bu üsul daha mürəkkəbdir və proqramın davranışlarını “öncədən hiss etməyə” əsaslanır. Faylın strukturu, əmrləri və əlavə kodlar təhlil edilir. Əgər sistemdə normaldan kənar fəaliyyətlər müşahidə olunarsa, fayl potensial təhlükəli kimi qiymətləndirilir. Bu üsul daha çox əvvəllər tanınmamış virusların aşkarlanmasında effektivdir.

    Davranış əsaslı aşkarlama – Bu metod faylların konkret fəaliyyətlərini müşahidə edir. Məsələn, əgər bir proqram faylları şifrələyir, sistem fayllarını dəyişdirir və ya klaviatura əmrlərini izləyirsə, bu proqramın zərərli olması ehtimalı yüksəkdir. Bu yanaşma xüsusilə “ransomware” tipli yeni və aqressiv zərərli proqramların qarşısını almaqda əhəmiyyətlidir.

    Bulud əsaslı aşkarlama – İnternetin geniş vüsət alması ilə antivirus proqramları bulud texnologiyasını da tətbiq etməyə başlayıb. Bu texnika ilə bütün istifadəçilərin cihazları bir məlumat mənbəyinə çevrilir və ortaq bir verilənlər bazasında məlumat mübadiləsi aparılır. Şübhəli fayllar real vaxt rejimində bu məlumat bazası ilə müqayisə olunur və təhlükəli olub-olmadığı müəyyən edilir.

    Faylsız aşkarlama – Son dövrlərdə daha da aktuallaşan bu texnika fayl səviyyəsində deyil, sistem daxilində icra olunan əmrləri (məsələn, PowerShell skriptləri) təhlil edir. Xüsusilə administrator səlahiyyətlərindən sui-istifadə edən zərərli proqramların aşkarlanması üçün önəmlidir.

    Çoxsaylı texnikaların birlikdə istifadəsi – Günümüzdə antivirus proqramları adətən tək bir aşkarlama texnikası ilə kifayətlənmir. Çünki kibercinayətkarlar artıq öncədən məlum olmayan boşluqlardan istifadə edərək daha çevik hücumlar həyata keçirirlər. Bu səbəbdən antivirus proqramları çoxsəviyyəli və kombinə olunmuş yanaşmalarla işləməyə üstünlük verirlər.

    Məlumatlarınızın təhlükəsizliyi üçün düzgün antivirus proqramı seçmək hər zamankindən daha önəmlidir.

  • Robotlar insanlarla yarışdı – Çində ilk (VİDEO)

    Çinin paytaxtı Pekində insan və insanabənzər robotların iştirakı ilə ilk yarımmarafon keçirilib.

    Yarımmarafonda 20 insanabənzər robot iştirak edib.

    Finiş xəttinə ilk “Tiangong Ultra” çatıb və o, təqribən 21,1 kilometr məsafəni 2 saat 40 dəqiqə 42 saniyəyə qət edib.

    İnsanlar arasında finiş xəttini ən tez keçənlər isə Efiopiya nümayəndələri olub. Belə ki, kişilər arasında nəticə 1 saat 2 dəqiqə 36 saniyə, qadınlar arasında isə 1 saat 11 dəqiqə 7 saniyə olub.

  • 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar

    50 yaşdan kiçik insanlarda miqren və digər qeyri-ənənəvi risk faktorları hipertoniya və ya yüksək xolesterin kimi klassik səbəblərlə müqayisədə insult riskini iki dəfə artıra bilər.

    Median.Az xəbər verir ki, nüfuzlu “Stroke” jurnalında dərc olunan araşdırmanın nəticələri insult keçirmiş mindən çox insanın məlumatlarının təhlilinə əsaslanıb. Onların yarısında insultun səbəbi məlum olmayıb.

    Tədqiqatçılar müəyyən ediblər ki, bu xəstələrin, xüsusən də qadınların əhəmiyyətli bir hissəsində insultun səbəbi klassik risk faktorları deyil, miqren, damarlarda tromblar, qaraciyər və böyrək xəstəlikləri, xərçəng, hamiləlik ağırlaşmaları və şəkərli diabet kimi daha az rast gəlinən amillər olub. Bu əlaqə anadangəlmə ürək qüsuru – qulaqcıqlar arasındakı divarda kiçik dəlik olan “açıq oval pəncərə” ilə doğulan insanlarda xüsusilə güclü müşahidə olunub.

    Tədqiqat miqren və digər qeyri-tipik amillərin qadınlarda insult riskinə kişilərlə müqayisədə daha çox təsir etdiyini də göstərib. Hətta bu cür hallar insult ehtimalını demək olar ki, ikiqat artırır.

    Araşdırmanın rəhbəri, Helsinki Universitetinin doktoru Yukka Putaala qeyd edib ki, gənclərdə baş verən işemik insultların təxminən yarısının səbəbi müəyyən olunmur və onların əksəriyyəti qadınlarda müşahidə olunur. O, həkimləri qan təzyiqi və xolesterinlə bağlı standart suallardan əlavə, fərdi risklərin qiymətləndirilməsinə daha çox diqqət yetirməyə çağırıb. Onun sözlərinə görə, insultun təkrarlanmasının qarşısını almaq üçün xəstələrin diqqətlə müayinə olunması xüsusilə vacibdir.
    //oxu.az

  • Göyərçinlərin sağlamlığımız üçün gizli təhlükəsi

    Çoxlarının zərərsiz şəhər quşları hesab etdiyi göyərçinlər əslində insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. İnfeksiya yaydıqları üçün onlara bəzən “uçan siçovullar” da deyirlər.

    Median.Az xəbər verir ki, bu barədə kp.ru saytına müsahibəsində rusiyalı tibb elmləri namizədi, Seçenov Universitetinin dosenti, pulmonoloq Vladimir Beketov məlumat verib.

    Ekspertin sözlərinə görə, bu quşlar salmonellyoz, kampilobakterioz və listerioz kimi bir sıra təhlükəli xəstəliklərin daşıyıcısı ola bilərlər. Bu infeksiyalar oxşar simptomlara səbəb olur: zəiflik, qızdırma, ürəkbulanma, baş ağrısı, qusma və həzm sistemində pozğunluqlar. Eyni zamanda, salmonellyoz sinir sisteminə təsir göstərə bilər, listerioz isə dölün inkişafında anormallıqlara səbəb olduğuna görə hamilə qadınlar üçün xüsusi təhlükə yaradır.

    Həkim həmçinin qeyd edib ki, göyərçinlər tulyaremiya, ornitoz və kriptokokkoz (tənəffüs sistemi, dəri və daxili orqanlara təsir edən göbələk xəstəliyi) kimi infeksiyaların mənbəyi ola bilər.

    Təkcə quşların özləri deyil, həm də onların lələkləri, tükləri və xüsusən də nəcisləri təhlükə yaradır. Bu bioloji materialların hissəcikləri hava ilə yayılaraq insan orqanizminə daxil olaraq ciddi xəstəliklərə, o cümlədən pnevmoniyaya səbəb ola bilər.

    Çox vaxt yoluxma gündəlik həyatda, insanlar quşlar və ya onların tullantıları ilə birbaşa təmasda olduqda baş verir. Belə ki, infeksiya göyərçinləri əl ilə yedizdirərkən, onların peyinini əlcəksiz təmizləyərkən və ya qoruyucu vasitələrdən istifadə etmədən pəncərələri və avtomobilləri yuyarkən orqanizmə daxil ola bilər.

  • Siqaret çəkmək iştahanı necə azaldır?

    Siqaret çəkən zaman insan özünü daha az ac hiss edə bilər. Bu təsir nikotinin beyin və hormonal sistemlərə – xüsusilə də neyromediator və neyroendokrin sistemlərə təsiri ilə bağlıdır.

    Bu barədə rusiyalı psixiatr və narkoloq Ruslan İsayev Gazeta.ru-ya verdiyi müsahibədə danışıb.

    Həkimin sözlərinə görə, nikotin ilk növbədə beynin hipotalamus adlanan hissəsinə təsir göstərir. Məhz bu beyin sahəsi aclıq və toxluq hissi də daxil olmaqla, əsas fizioloji ehtiyacların tənzimlənməsinə cavabdehdir.

    “Nikotinin təsiri nəticəsində hipotalamusda yerləşən xüsusi reseptorlar aktivləşir və beyin aclıq hissini “yatıran” maddələr istehsal etməyə başlayır. Eyni zamanda, nikotin dopaminin – yəni həzz və mükafat hissi ilə əlaqəli neyromediatorun ifrazını stimullaşdırır. Bu da siqaret çəkən şəxsdə müvəqqəti məmnunluq hissi yaradır və sanki qida ehtiyacını əvəz edir”, – deyə İsayev izah edib.

    Bu təsir xüsusilə stres zamanı qidaya yönəlməyə meyilli insanlarda daha çox müşahidə olunur. Belə hallarda siqaret yemək qəbulunun saxta alternativi kimi çıxış edir.

    Həkim həmçinin nikotinin iştahanı azaltmasının digər mexanizmini də qeyd edib:

    “Nikotin simpatik sinir sistemini aktivləşdirir – bu da ürək döyüntülərinin artmasına, damarların daralmasına və həzm sisteminin fəaliyyətinin azalmasına səbəb olur. Nəticədə, mədə şirəsinin ifrazı zəifləyir, həzm prosesi yavaşlayır və iştaha azalır. Paralel olaraq qanda şəkərin səviyyəsi artır, bu da beyinə “qida qəbul edildi” siqnalı göndərir – halbuki əslində heç bir qida qəbul olunmayıb”.

    Beləliklə, siqaret həqiqətən də iştahanı müvəqqəti olaraq azalda bilər. Lakin bu, orqanizmin təbii mexanizmlərinə müdaxilədir və uzunmüddətli faydadan çox, zərər verir.

    “İştaha üzərində bu cür “nəzarət” sadəcə illüziyadır. Bu, çox zaman digər problemlərə – o cümlədən psixoloji asılılıq, ürək-damar və həzm sistemlərində pozulmalara səbəb ola bilər”, – deyə həkim xəbərdarlıq edib.

    Bundan əlavə, Ruslan İsayev qeyd edib ki, siqareti tərgidən insanların bir çoxu çəki artımı ilə üzləşirlər. Bu, yalnız iştahanın bərpası ilə deyil, həm də siqaretin yaratdığı həzz hissinin artıq qida ilə əvəz olunması ilə bağlıdır. Lakin həkimin sözlərinə görə, düzgün psixoloji və tibbi dəstək ilə bu problem tamamilə həll edilə bilər.
    //oxu.az

  • Valideynlər övladlarının psixi sağlamlığını necə məhv edirlər?

    Texnologiya, xüsusən də uşaqlarla qarşılıqlı münasibətimizi əhəmiyyətli dərəcədə dəyişib. Hətta yeddi yaşlı uşaqlar qonaq gedərkən özləri ilə planşetlərini də götürürlər. Belə ki, bu ABŞ və digər ölkələrdə adi bir təcrübəyə çevrilib.

    Median.Az xəbər verir ki, bu barədə “El Pais” qəzeti yazır.

    Təəssüf ki, böyüklər uşaqların getdikcə ailəvi olaraq nahar edərkən telefondan ayrılmadıqlarını, yeniyetmələrin isə skamyada oturub bir-biri ilə danışmadıqlarını müşahidə edirlər, çünki onların bütün diqqəti sosial şəbəkələrdəki paylaşımlara yönəlib.

    San-Dieqo Dövlət Universitetinin professorunun məlumatına görə, 1996-cı ildən sonra doğulan insanlar daha yüksək narahatlıq, depressiya və psixi sağlamlıq problemlərindən əziyyət çəkirlər. Bu problemi həll etmək üçün yuxarı siniflərə qədər yeniyetmələrə smartfonların verilməməsi, 16 yaşa qədər sosial şəbəkələrə girişin məhdudlaşdırılması, məktəb və kolleclərdə mobil telefonların qadağan edilməsi təklif olunub.

    Məqalədə qeyd edilib ki, valideynlərin daxili narahatlığın öhdəsindən gəlməyi öyrənməsi vacibdir. Valideynlər uşaqlara azadlıq verə bilərlər: uşaqlara tapşırıqlar vermək, onları dostları ilə birlikdə gecələməyə təşviq etmək və hətta məktəbdə belə onların bütün fəaliyyətlərinə nəzarət etməmək.
    //oxu.az

  • Güzgüdəki qara ləkələr: niyə yaranır və onların qarşısını necə almaq olar?

    Qara ləkələr – nəmin və zamanın təsirinin nəticəsidir. Onların yaranmasının qarşısını necə almaq olar?

    Güzgülər təkcə xarici görünüşümüz üçün deyil, həm də otağın ab-havası üçün vacibdir. Onlar məkanı vizual olaraq genişləndirir, işıqla doldurur və səliqə hissi yaradır. Bəs birdən-birə güzgüdə naməlum qara nöqtələr peyda olarsa, nə etməli?

    Bu barədə Lent.az yazır:

    Qara ləkələr niyə yaranır?
    Müasir güzgülər şüşənin üzərinə nazik metal qatı (adətən gümüş və ya alüminium) çəkilməklə hazırlanır, sonra bu qat mislə örtülür ki, metal qorunsun. Lakin nəmin təsiri altında, xüsusilə də hamam otaqlarında, bu metal oksidləşir və nəticədə səthdə tünd ləkələr əmələ gəlir.

    Onlardan qurtulmaq mümkündürmü?
    Əgər ləkələr artıq yaranıbsa, ev üsulları ilə onları təmizləmək mümkün deyil – çünki bu, metal qatın zədələnməsi deməkdir və onu bərpa etmək olmur. Belə hallarda yalnız peşəkar restavrasiya və ya güzgünün dəyişdirilməsi kömək edə bilər.

    Problemin qarşısını necə almaq olar?

    Keyfiyyətli güzgü seçin – Nəmdən qoruyucu qatla təchiz olunmuş modellərə üstünlük verin.

    Kənar qorunması – Taxta və ya plastik çərçivəli güzgülər daha davamlı olur.

    Müntəzəm qulluq – Güzgünün üzərində su damcılarını dərhal silin ki, iz buraxmasın.

    Düzgün yerləşdirmə – Güzgünü radiator və ya istilik cihazlarının yaxınında yerləşdirməkdən çəkinin, çünki artıq istilik korroziyanı sürətləndirir.