Category: Maraqlı

  • Xolesterin səviyyəsini normallaşdırmağa kömək edəcək qəlyanaltı: Alimlərdən AÇIQLAMA

    Gündəlik qəlyanaltıların pekan (yapon) qozu ilə əvəz edilməsi qanda xolesterinin səviyyəsini aşağı salmağa və rasionun ümumi keyfiyyətini yaxşılaşdırmağa kömək edir.

    Median.Az-ın “Gazeta.ru”ya istinadən xəbərinə görə, bu qənaətə ABŞ-nin Pensilvaniya Ştat Universitetinin alimləri gəliblər.

    Araşdırmanın nəticələri “The American Journal of Clinical Nutrition” (AJCN) jurnalında dərc olunub.

    Tədqiqatda metabolik sindromun bir və ya bir neçə əlamətinin – hipertoniya, piylənmə, qanda xolesterin və qlükozanın yüksək səviyyəsi – müşahidə edildiyi 138 nəfər iştirak edib.

    Yaşı 25-70 arasında dəyişən könüllülər təsadüfi olaraq iki qrupa bölünüb: bir qrup adi qəlyanaltıların əvəzinə gündə iki unsiya (təxminən 30 qram) pekan qozu istehlak edib, digər qrup isə adi pəhrizinə riayət etməyə davam edib.

    12 həftə ərzində alimlər mütəmadi olaraq iştirakçıların damarlarının vəziyyəti haqqında məlumat toplayıblar və qan analizlərinə əsasən onların orqanizmindəki dəyişiklikləri izləyiblər.

    Pekan qozu istehlak edən iştirakçılarda qan damarlarının divarlarına yapışa bilən ümumi xolesterin, triqliseridlər və LDL xolesterinin (aşağı sıxlıqlı lipoproteinlər) səviyyəsinin daha aşağı olduğu müşahidə edilib. Birinci qrupdan olan insanların orqanizmində “yaxşı” LDL xolesterinin konsentrasiyası, əksinə, artıb. Bu cür dəyişikliklər infarkt və insult kimi ürək-damar xəstəlikləri riskinin azaldığını göstərir.

    Tədqiqatçıların izah etdiyinə görə, pekan qozunun tərkibində polifenollar – iltihab əleyhinə xüsusiyyətlərə malik olan bitki birləşmələri var. Çox güman ki, məhz bu maddələr qan damarlarının sağlamlığını qorumağa və qan axışını yaxşılaşdırmağa kömək edir.
    //oxu.az

  • Dişlər üçün ən faydalı məhsullar açıqlandı

    “Dişlərin sağlamlığı təkcə ağız boşluğunun gigiyenasından deyil, həm də qidalanmadan asılıdır”.

    Median.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı ortodont həkim Viktoriya Radkon danışıb.

    O, hansı mikroelementlərin və məhsulların möhkəm dişləri qorumağa kömək edəcəyini söyləyib.

    “Kalsium – diş minası üçün əsas tikinti materialıdır, o dentini (dişin minerallaşmış sərt toxuması) möhkəmləndirir və dişlərin dağılmasının qarşısını alır. Ftor və fosforla birlikdə bu element minanı kariyesə qarşı daha davamlı edir. Süd məhsulları, xüsusilə bərk pendirlər, həmçinin balıq və qoz-fındıq kalsiumla zəngindir. Kalsiumun mənimsənilməsinə cavabdeh olan “K” vitamini isə ispanaq, soya və kartofdan əldə edilə bilər”, – deyə Radko qeyd edib.

    Həkimin sözlərinə görə, diş ətinin sağlamlığı üçün mübadilə proseslərini stimullaşdıran və iltihabın qarşısını alan “C” vitamini lazımdır. Bu vitamin sitrus meyvələrində, çiyələkdə və şirin bibərdə çoxdur. Lakin həkim xəbərdarlıq edir ki, yüksək turşuluğa malik meyvələr minanı nazikləşdirə bilər, buna görə də, onları yedikdən sonra ağzı su ilə yaxalamaq lazımdır.

    “Dəmir və “B12″ vitamini ağız boşluğunun selikli qişasının sağlamlığını qoruyur, xora və iltihabın qarşısını alır. Bu elementlər ətdə bol miqdarda var. Bundan əlavə, elə məhsullar var ki, dişləri mexaniki olaraq təmizləyir, tüpürcək ifrazına kömək edir və diş ətində qan dövranını yaxşılaşdırır. Alma, yerkökü, turp və kərəviz nəinki orqanizmi vitaminlərlə zənginləşdirir, həm də dişlər üçün təbii fırça kimi işləyir”, – deyə Radko əlavə edib.

    Mütəxəssis xatırladır ki, düzgün qidalanma mütəmadi ağız boşluğu gigiyenası ilə birlikdə dişləri sağlam saxlamağın və stomatoloji problemlərin qarşısını almağın ən yaxşı yoludur.

  • Pəhriz saxlayırsınız, amma arıqlaya bilmirsiniz? – Rusiyalı mütəxəssis səbəblərini AÇIQLADI

    “Çəki itirərkən balanslaşdırılmış pəhriz saxlamaq vacibdir. Bu zaman istehlak edilən kalorilərin nisbəti gün ərzində xaric edilən kalorilərdən az olmalıdır. Bu qaydadan kənara çıxmaq arıqlama prosesində əsas maneə yaradır”.

    Bu barədə rusiyalı mütəxəssis, diyetoloq və qastroenteroloq Yevgeni Arzamastsev qazeta.ru-ya müsahibəsində danışıb.

    O bildirib ki, qidalanmanı ciddi şəkildə məhdudlaşdırmağa ehtiyac yoxdur: “Qidada kalori çatışmazlığı, əsas qida maddələrinin balanssızlığı və ya günlərlə ac qalmaq pəhrizin pozulmasına səbəb olar və uzun müddət davam edə biləcəyiniz rahat bir pəhriz formalaşdırmağa imkan verməz. Rasion kəskin şəkildə pozulduqda, birdəfəyə istehlak edilən kalorilərin miqdarı bütün səylərinizi boşa çıxara bilər”.

    Mütəxəssis ilk növbədə rafinə edilmiş məhsullardan – “fast-food”, yarımfabrikatlar, həddindən artıq yağlı ət yeməkləri, şirniyyatlar və gizli şəkər mənbələrindən imtina etməyin vacib olduğunu qeyd edib.

    “Yalnız səhər yeməyini buraxmaq və ya gündə bir dəfə yemək yemək düzgün qidalanma rejiminin pozulmasına səbəb olur. Bu təcrübə həddindən artıq kalori yığılmasına gətirib çıxarır və istehlak edilən porsiyalar normadan böyük olur. Həmçinin bu vəziyyət metabolik proseslərə və mədə-bağırsaq traktının fəaliyyətinə mənfi təsir göstərir. Tam şəkildə səhər yeməyi, nahar və şam yeməyi, gündəlik qidalanmanı sistemləşdirməyə kömək edəcək”, – deyə ekspert vurğulayıb.

    Arıqlama problemləri hormonal disbalans və ya qalxanabənzər vəzinin qeyri-kafi funksiyası səbəbindən də yaranır. Bu da yeməyə istək artımı, halsızlıq və əhvalın tez-tez dəyişməsi kimi əlamətləri ortaya çıxarır. Belə hallarda, vəziyyəti düzəltmək üçün endokrinoloqla məsləhətləşmək lazımdır.

    Arıqlamaqla bağlı göstəricilərə təsir edən digər amillər isə daimi stres və yuxusuzluqdur.

    “Aktivliyin olmaması məqsədə çatmağı xeyli dərəcədə ləngidir. Düzgün yanaşma və müntəzəm məşqlərlə, arıqlamanın ilk ayında xalis yağ toxumasının 5%-ə qədərini itirmək mümkündür. Artıq mayenin itirilməsi nəzərə alındıqda, nəticə daha da yaxşı olacaq. Daha yüksək effektivlik üçün xüsusi limfadrenaj proqramları mövcuddur, lakin həddi aşmamaq lazımdır, çünki uyğun olmayan və ya yorucu məşqlər əzələ itkisinə səbəb ola bilər”, – deyə Yevgeni Arzamastsev qeyd edib.

    Əgər heç bir irəliləyiş yoxdursa, o zaman diyetoloqa müraciət etmək tövsiyə olunur. Diyetoloq rasionu düzəltməyə kömək edəcək və lazımi müayinələrə istiqamətləndirəcək. Əvvəlcədən qidalanma gündəliyi tutmaq da faydalı olar, çünki bu, həkimin düzgün tərtib etdiyi rejimi daha yaxşı anlamasına kömək edəcək.

    “Çəki korreksiyası proqramları fərdi şəkildə seçilməlidir: dəbdə olan və ya populyar pəhrizlərə müraciət etməyin, çünki onların çoxsaylı mənfi cəhətləri var və əksər insanlar üçün uyğun deyil”, – deyə ekspert əlavə edib.
    //oxu.az

  • Yeni buz dövrü nə vaxt başlayacaq? – Alimlərdən AÇIQLAMA

    “Yeni buz dövrü 10 min ildən sonra başlayacaq”.

    Median.Az-ın “Science” jurnalına istinadən verdiyi xəbərə görə, bu qənaətə ABŞ-nin Santa-Barbara şəhərindəki Kaliforniya Universitetinin alimləri gəliblər.

    Jurnalın bildirdiyinə görə, bu prosesdə Yer oxunun əyilməsindəki kiçik dəyişikliklər mühüm rol oynayır. Eyni zamanda, bir çox alimlər iqlim dəyişikliklərini qlobal istiləşmə ilə əlaqələndirirlər.

    Məqalədə həmçinin belə bir ehtimal irəli sürülüb ki, gələcəkdə bir neçə kilometr hündürlükdə olan buzlaq Rusiyanın mərkəzinə doğru hərəkət edə bilər və bu, çox şeyin qlobal istiləşmənin intensivliyindən asılı olacağını göstərir.

  • Pomidor bir neçə xərçəng növünə qarşı faydalıdır

    Tehran Tibb Universitetinin alimləri müəyyən ediblər ki, pomidorun tərkibindəki likopen adlı piqment onkoloji xəstəliklərin ümumi inkişaf riskini və ağciyər xərçəngindən ölmə ehtimalını azaldır.

    Araşdırmanın nəticələri “Frontiers in Nutrition” jurnalında dərc olunub.

    Onlar aşkar ediblər ki, bu təbii maddənin fəal şəkildə qəbulu xərçəngin inkişafı riskinin əhəmiyyətli dərəcədə azalması ilə bağlantılı olub.

    Likopen qəbulu ilə prostat xərçəngi riskinin azalması arasında xüsusilə güclü bir əlaqə tapılıb. Bundan əlavə, tədqiqatçılar qanda likopenin yüksək səviyyədə olmasının ağciyər xərçəngindən daha çox sağ qalmaq arasında əlaqə olduğunu müəyyən ediblər.

  • Qaraciyər üçün ən faydalı qidalar – Kələm, balıq, avokado

    Qaraciyər həzm prosesində, orqanizmin detoksikasiyasında, qanyaratmada və digər həyati vacib funksiyalarda iştirak edir. Onun sağlamlığını qorumaq üçün müəyyən qidaların rasiona daxil edilməsi vacibdir.

    Bu barədə rusiyalı hepatoloq, qastroenteroloq, tibb elmləri namizədi Yelena Butenko danışıb.

    Onun sözlərinə görə, rasiona avokado, yulaf, giləmeyvələr, yaşıl çay, yağlı balıq, qreypfrut, zeytun yağı və brokkoli kimi qidalar daxil edilməlidir.

    Avokado

    Bu unikal məhsul çoxlu doymamış yağlar ehtiva edir ki, onlar qaraciyərin zədələnmə proseslərini ləngidir və onu bərpa etməyə kömək edir. Avokado, həmçinin kifayət qədər lif, antioksidantlar, vitaminlər və minerallarla zəngindir. Ən əsası isə qlutation (qaraciyəri sərbəst radikalların zədələyici təsirindən qoruyan maddə) istehsalını artırır.

    Yulaf yarması

    Beta-qlükanlar adlı unikal liflərlə zəngin olan yulaf qaraciyərdə iltihabı azaldır, immun sistemini gücləndirir, qanda şəkərin və qaraciyər hüceyrələrində piyin miqdarını azaldır.

    Giləmeyvələr

    Giləmeyvələr polifenol tipli antioksidantlarla zəngindir. Onlar qaraciyəri qoruyur və orqanizmi sərbəst radikalların zərərli təsirindən müdafiə edir. Üzümün tərkibindəki resveratrol isə iltihab əleyhinə və xərçəngə qarşı təsirləri ilə tanınır.

    Qarpız

    Qarpız qaraciyəri toksinlərdən təmizləyən və orqanizmi maye ilə təmin edən ideal meyvədir. Onun yüngül ödqovucu təsiri də var.

    Yaşıl çay

    Araşdırmalara görə, yaşıl çayın antioksidant tərkibi qaraciyər xərçənginin riskini azaldır, iltihabi və oksidləşdirici prosesləri zəiflədir.

    Qreypfrut

    Qreypfrutun tərkibindəki naringenin və naringin adlı flavonoidlər qaraciyərin bərpasını dəstəkləyir, fibroz riskini azaldır, həzm prosesini yaxşılaşdırır və piylənmənin qarşısını alır.

    Yağlı balıq (qızılbalıq, skumbriya, sardina və s.)

    Yağlı balıq “Omega-3” yağ turşularının ən yaxşı mənbələrindən biridir. “Omega-3” qaraciyərdə “zərərli” yağların, xüsusilə də aşağı sıxlıqlı lipoproteinlərin (LDL) və triqliseridlərin yığılmasını azaldır. Bu səbəbdən həftədə ən azı 2 dəfə balıq yemək tövsiyə olunur.

    Zeytun yağı

    Təravətli (termik emaldan keçməmiş) zeytun yağı qaraciyər üçün olduqca faydalıdır. O, orqanizmdə “yaxşı” xolesterinin (HDL) miqdarını artırır, detoks proseslərini gücləndirir və qaraciyərdə piy yığılmasının qarşısını alır.

    Kələm növləri (brokkoli və brüssel kələmi)

    Bu xaççiçəklilər (kələm növləri) az karbohidratlı və liflə zəngin olduğuna görə qaraciyərdə piy yığılmasını azaldır. Xüsusilə brokkolinin tərkibindəki sulforafan və indol adlı antioksidantlar qaraciyərin detoks fermentlərini aktivləşdirir və xərçəng riskini azaldır.
    //oxu.az

  • Hansı əlavələri “Omega-3″lə birgə qəbul etmək olmaz?

    “Omeqa-3” kalsium, dəmir, mis və xrom tərkibli əlavələrlə eyni vaxtda qəbul edilməməlidir.

    Median.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu tövsiyə ilə qastroenteroloq-terapevt Svetlana Yermakova çıxış edib.

    Həkimin sözlərinə görə, “Omeqa-3″ün gündəlik tələbatı təxminən iki kiloqram balıq və ya dəniz məhsulunda olur:

    “Lakin qida ilə bu miqdarda “Omeqa-3” qəbul etmək çətindir, ona görə də, o qida əlavəsi şəklində, yeməkdən 30 dəqiqə sonra qəbul edilməlidir.

    “Həmçinin diqqət etmək lazımdır ki, kapsul və həb ağızda çeynənilməsin, bol su ilə qəbul edilsin” , – S.Yermakova qeyd edib.

  • Dəridə göyərmələrə səbəb olan xəstəliklər sadalandı

    İnsan dərisi elə qurulub ki, müxtəlif vəziyyətlərdə, hətta əhəmiyyətsiz bir toxunuşdan belə dəridə qançırlar (göyərmələr) yarana bilər.

    Bu barədə rusiyalı endokrinoloq Anastasiya Vastistova “Gazeta.ru” nəşrinə müsahibəsində danışıb.

    Onun sözlərinə görə, müəyyən dərmanların qəbulu, xroniki xəstəliklər və ya yaşla bağlı dəyişikliklər, birləşdirici toxuma xəstəlikləri və ya vitamin çatışmazlığı hematomanın yaranmasına səbəb ola bilər.

    “Əgər dərmanlardan danışırıqsa, burada söhbət dərmanların yaratdığı trombositopeniyadan gedir. Trombositopeniya – qan laxtalanması sistemində və damarların daxili selikli qişasının (endoteliya) regenerasiyasında (bərpasında) iştirak edən, onların möhkəmliyini təmin edən trombositlərin sayının azalmasıdır”, – deyə həkim bildirib.

    Bundan əlavə, onun sözlərinə görə, hamiləlik də trombositopeniyaya səbəb ola bilər. Bu xəstəlik hamilə qadınlar arasında qan azlığından sonra ikinci yerdədir. Xoşbəxtlikdən, tibbi müdaxilə tələb etmir və öz-özünə keçir.

    Qançırlar həmçinin qaraciyər funksiyasının pozulması, ürək və ya böyrək çatışmazlığı, revmatoloji xəstəliklər və ya viral infeksiyalar kimi xroniki xəstəliklər nəticəsində də ortaya çıxa bilər.

    Bundan əlavə, mütəxəssisin fikrincə, qançırlar və ya senil purpur çox vaxt yaşla bağlı dəyişikliklər nəticəsində yaranır, çünki yağ və əzələ toxumasının təbəqələri yox olur, eyni zamanda dərinin və damar kollageninin möhkəmliyi azalır.

    Anastasiya Vastistova qeyd edib ki, bütün yuxarıda sadalananlarla yanaşı, qançırlar Elers-Danlos və ya Marfan sindromu kimi birləşdirici toxuma xəstəlikləri nəticəsində də yarana bilər.

    “Bura, həmçinin vitaminlərin, daha dəqiq desək, DNT sintezində iştirak edən, başqa sözlə, bütün orqanizmdə hüceyrələrin normal fəaliyyətinin vaxtında yenilənməsinə və saxlanmasına kömək edən B12 vitaminləri və fol turşusunun çatışmazlığını da daxil etmək olar”, – deyə mütəxəssis bildirib.

    O həmçinin əlavə edib ki, spirtli içkilər də vəziyyətin ağırlaşmasına gətirib çıxara bilər, çünki alkoqolun qəbulu vitamin çatışmazlığı yaradır.

    Həkim qanda problemləri də qeyd edib, hansı ki, eyni zamanda göyərmələrə səbəb ola bilər. Belə xəstəliklər nadir olsa da, yenə də rast gəlinir və diqqət tələb edir.

    Onun sözlərinə görə, bunlara hemofiliya, trombohemorragik sindrom, mieloproliferativ xəstəliklər və hematosarkoma daxildir.

    “Xəstəliyin irsi səbəbdən yarandığı ilə bağlı şübhə etmək olar ki, ailədə anemnezi olsun”, – deyə Anastasiya Vastistova vurğulayıb.
    //oxu.az

  • Yaşa dolduqca yuxunu yaxşılaşdırmağın yolu tapıldı

    Alimlər müəyyən ediblər ki, mavi işıq bədənin təbii bioritmlərinə müsbət təsir göstərərək, evdə yaşayan yaşlı insanlarda yuxunun keyfiyyətini yaxşılaşdırır.

    Müvafiq araşdırma “GeroSience” jurnalında dərc olunub.

    Məlum olduğu kimi insanlar yaşa dolduqca doyunca yatmaqda çətinlik çəkirlər. Onlar gecə vaxtı tez-tez yuxudan oyanırlar, gündüz vaxtı isə yorğunluq güclənir.

    Bu dəyişikliklərin səbəblərindən biri odur ki, yaşlandıqca gözlər yuxunun tənzimlənməsində vacib rol oynayan işığın qəbulunda daha az effektiv olurlar.

    Alimlər müxtəlif işıq növlərinin yuxuya təsirini öyrəniblər. Araşdırmanın nəticələri göstərib ki, səhər saatlarında mavi işıqdan istifadə gündüz aktivliyin və yuxunun yaxşılaşmasına kömək edir.

  • Piylənmənin qarşısını almağın yolu – HƏKİM MƏSLƏHƏTİ

    Stress səbəbindən yuxu problemi yarandıqda orqanizmdə piylənmə zamanı ortaya çıxan patoloji proseslər başlaya bilər.

    Bu barədə rusiyalı endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova özünün “Telegram” kanalında yazıb.

    Həkim bildirib ki, yuxusuzluq və artıq çəki arasında əlaqə 240 nəfərin iştirak etdiyi elmi təcrübə zamanı müəyyən edilib. Könüllülər 24 saat yatmayıblar, buna görə də gənc və sağlam insanlarda immun hüceyrələrinin fəaliyyəti dəyişib. Yuxusuzluq zamanı bu hüceyrələr (qeyri-klassik monositlər) piylənmədən əziyyət çəkən şəxslərin hüceyrələrinə bənzəyir, onlarda gizli iltihabın səviyyəsi daha yüksəkdir və yuxu ilə bağlı problemlər var.

    Pavlova xəbərdarlıq edib ki, yalnız artıq çəkidən əziyyət çəkənlər deyil, hətta arıq insanlar belə yuxusuz qalmaqdan çəkinməlidirlər. O əlavə edib ki, uzun müddət ərzində yuxusuz qalmaq xroniki iltihabın yaranmasına səbəb ola bilər və müxtəlif xəstəliklərin riskini əhəmiyyətli dərəcədə artıra bilər.

    “Yuxunun keyfiyyətinin yaxşılaşdırılması iltihabı azalda və sağlamlıq səviyyəsini artıra bilər. Ona görə də həftəsonları belə, səkkiz saat yatmalı, eyni vaxtda oyanıb, eyni saatda yatmağa çalışmalı və yataq otağını mümkün qədər qaranlıq etməliyik”, – deyə həkim yekunlaşdırıb.
    //oxu.az