Category: Maraqlı

  • Alimlərdən yeni araşdırma: Gözün torlu qişasına əsasən Alzheymer xəstəliyini aşkarlamaq mümkündür

    Gözün, xüsusən də görmə orqanının arxa hissəsindəki işığahəssas toxuma olan torlu qişanın vəziyyətinə əsasən Alzheymer xəstəliyinin ilkin əlamətlərini müəyyən etmək olar.

    Median.Az-ın “Gazeta.ru”ya istinadən xəbərinə görə, İndiana Universitetinin Tibb Məktəbinin alimləri bu qənaətə gəliblər.

    Araşdırmanın nəticələri “Alzheimer’s & Dementia” (A&D) jurnalında dərc olunub.

    Araşdırma zamanı məlum olub ki, Alzheymer xəstəliyinin inkişaf riskini artıran APOE4 geninin mövcudluğu siçanlarda torlu qişanın funksiyasını pozur. Yeni kəşf bu genetik variant və xəstəliklə əlaqəli vizual işləmə problemləri arasında birbaşa əlaqənin olduğunu göstərir.

    Tədqiqat qrupu siçanlarda torlu qişanın strukturunu və funksiyasını təhlil etmək üçün ən müasir vizualizasiya üsullarından istifadə edib. Nəzarət qrupu ilə müqayisədə, insanlardakı Alzheymer xəstəliyinin analoqunun olduğu gəmiricilərdə torlu qişanın qalınlığında və toxumaların elektrik aktivliyində əhəmiyyətli dəyişikliklər qeydə alınıb.

    Əldə edilən nəticələr Alzheymer xəstəliyi olan insanlarda torlu qişanın anomaliyalarının klinik müşahidələri ilə üst-üstə düşüb ki, bu da xəstəliyə səbəb olan amillərin öyrənilməsi modelinin aktuallığını təsdiqləyir.

    “Bu yeni məlumatlar neyron dəyişikliklərinin erkən aşkarlanması üçün qeyri-invaziv üsul kimi torlu qişanın vizualizasiyasının potensialını vurğulayır”, – deyə alimlər qeyd ediblər.
    //oxu.az

  • “Coca-Cola” qida zəhərlənməsində kömək edir? – Həkimdən izah

    “Bu gün internetdə “Coca-Cola”nın zəhərlənmə zamanı kömək etməsi barədə iddialara rast gəlmək olar. Lakin bu içkinin qida zəhərlənməsinə qarşı effektivliyi ilə bağlı məsələ öyrənilməyib və belə bir “müalicə” simptomları daha da pisləşdirə bilər”.

    Median.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı qastroenteroloq Yevgeniya Melnikova xəbərdarlıq edib.

    Onun sözlərinə görə, əlbəttə, içkidəki ortofosfor turşusunun bakterisid təsiri sayəsində müsbət effekt göstərdiyi düşünülür, amma onun miqdarı o qədər azdır ki, müsbət təsir hiss etmək üçün çoxlu miqdarda “Coca-cola” içmək lazım gələr.

    “Qida zəhərlənməsində qarında ağrı, şişkinlik, artıq qaz əmələ gəlməsi və yumşaq nəcis kimi hallar yaranır, içkidəki yüksək qaz miqdarı və turşuluq isə bu əlamətləri pisləşdirə bilər”, – deyə mütəxəssis xəbərdarlıq edib.

    Həkim tərkibində elektrolitlər (kalium və natrium) az olduğu üçün içkinin orqanizmin maye itkilərini bərpa etməsinə (rehidratasiyaya) kömək etmədiyini vurğulayıb.

    “Əksinə, kofein səbəbindən sidikqovucu təsir göstərir. Bundan əlavə, ortofosfor turşusu kalsiumun sorulmasını pisləşdirir ki, bu da sümük toxumasının mineralizasiyasının azalmasına və osteoporoza səbəb olur”, – deyə qastroenteroloq əlavə edib.

    Həmçinin onun sözlərinə görə, yüksək şəkər miqdarı maddələr mübadiləsinin pozulmasına səbəb olur ki, bu da piylənməyə və mədəaltı vəzinin insulin ifrazına gətirib çıxara bilər.

    “Qida zəhərlənməsi zamanı gündə azı 2-3 litr şəffaf maye (su, mors, şirə, kompot) içmək lazımdır. Patogen mikroorqanizmləri çıxarmaq üçün enterosorbentlərdən, mədə-bağırsaq traktının motorikasını normallaşdırmaq üçün prokinetiklərdən istifadə edin”, – deyə mütəxəssis məsləhət görüb.

  • Hamilələr və ana südü verən qadınlar üçün hansı balıq təhlükəsizdir? – Həkimdən tövsiyələr

    Dənizlərdə artan çirklənmə və qatı selik təbəqəsi təhlükəsi xüsusilə körpələrin inkişafı üçün ciddi sağlamlıq riskləri yaradır. Mütəxəssislər hamilələr və süd verən analar üçün ən təhlükəsiz olan balıqları sadalayıblar və zəhərli maddələr barədə xəbərdarlıq ediblər.

    Median.Az-ın “Haber Global”a istinadən xəbərinə görə, bu barədə türkiyəli professor, ginekologiya və doğum üzrə mütəxəssis Ayşe Kafkaslı danışıb.

    Kafkaslı hamilə qadınlara və süd verən analara balıq istehlakı ilə bağlı seçimlərində ehtiyatlı olmalarını tövsiyə edib. Onun sözlərinə görə, dənizlərdə yığılan ağır metal və zəhərli maddələr böyük balıqlara daha çox təsir göstərdiyi üçün ton balığı, qılınc balığı, torik balığı kimi növlərdən qacınmaq lazımdır.

    “Dənizlərdə çirklənmə artdıqca böyük balıqlarda toplanan zəhərli maddələr hamilə qadınlar və körpələr üçün daha böyük təhlükə yaradır”, – deyə mütəxəssis bildirib.

    “Qatı selik təbəqəsi dənizin ekosistemini pozur, balıqların ağır metallar və toksik kimyəvi maddələrlə zəhərlənməsinə gətirib çıxarır. Bir çox araşdırmalar göstərib ki, civə, qurğuşun və arsen kimi maddələr dəniz məhsullarında toplanır və insan sağlamlığı üçün təhlükə yaradır. Bu maddələr hamiləlik dövründə plasenta vasitəsilə körpəyə keçə və beyin inkişafına mənfi təsir göstərə, autizm riskini artıra və immunitet sistemini zəiflə bilər. Həmçinin ana südü ilə körpələrə də keçə və uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər”, – deyə Ayşe Kafkaslı qeyd edib.

    Həkimin sözlərinə görə, hamilələr və körpəsinə ana südü verən analar üçün ən təhlükəsiz balıqlar hamsi, sardina və skumbriyadır.

    “Bu kiçik balıqlarda ağır metal çox daha az toplanır və sağlam omeqa-3 yağ turşuları ilə zəngindirlər”, – deyə professor əlavə edib.

    “Araşdırmalar göstərib ki, balıq təsərrüfatlarında istifadə edilən yemin tərkibindəki kimyəvi maddələr və antibiotiklər, həmçinin kiçik yerlərdə saxlandıqları üçün çox miqdarda fekallar insan sağlamlığı üçün uzunmüddətli risklər yaradır. Bu səbəbdən də balıq təsərrüfatlarında yetişdirilən balıqların əvəzinə təbii mühitdə yetişən dəniz balıqlarını seçmək daha təhlükəsizdir”, – deyə Kafkaslı vurğulayıb.

  • Mars Qırmızı planetə necə çevrilib?

    Alimlər Mars planetinin xarakterik qırmızı rənginin səbəbləri ilə bağlı anlayışı kökündən dəyişən yeni araşdırma aparıblar.

    Bu barədə “Forbes” məlumat yayıb.

    Marsın səthi milyardlarla il ərzində küləklə yayılan dəmir oksiddən ibarət nazik bir toz təbəqəsi ilə örtülüdür. Ancaq indiyə qədər bu “pas”ın quru və ya yaş şəraitdə əmələ gəldiyi bəlli deyildi.

    Marsa göndərilən kosmik gəminin ötürdüyü məlumatlardan və laboratoriya təcrübələrindən istifadə edən tədqiqatçılar müəyyən ediblər ki, planetin qırmızı rəngi su tərkibli dəmir oksidi olan ferrihidritdən qaynaqlanır. Əvvəllər bu rəngi quru şəraitdə əmələ gələn hematit mineralının verdiyi düşünülürdü.

    Ferrihidritin kəşfi onun yalnız suyun iştirakı ilə əmələ gələ biləcəyini göstərir. Bu, alimlərə əvvəllər Marsda suyun olduğunu və planetdə həyatın mümkünlüyünü düşünməyə əsas verir.

  • Bir gecəlik yuxusuzluğun həyat üçün təhlükəli nəticələri açıqlandı

    Yuxu çatışmazlığı immun hüceyrələrinə piylənməsi olan insanlarda müşahidə olunanlara bənzər dəyişikliklərə səbəb olur. Hətta bir gecəlik yuxusuzluq belə immunitet sisteminin işinə ciddi təsir göstərə bilər.

    Bu barədə Küveytin Dasman Diabet İnstitutunun alimləri açıqlama veriblər. Onların araşdırmaları “The Journal of Immunology” elmi nəşrində dərc olunub.

    Komanda müəyyən edib ki, 24 saat yuxusuz qalan sağlam insanlarda monositlərin – iltihabla mübarizə aparan əsas immun hüceyrələrinin profili dəyişir. Bu dəyişikliklər piylənmədən əziyyət çəkənlərdəki dəyişiklikləri xatırladır, bu da pis yuxu ilə xroniki iltihab arasında əlaqəni göstərir.

    Orqanizmi patrul edən və iltihabi siqnallara reaksiya verən qeyri-klassik monositlər piylənməsi olanlarda və yuxusuz qalanlarda xeyli artıb. Bu, yuxu keyfiyyətinin pisləşməsi və iltihabı artıran markerlərin səviyyəsinin yüksəlməsi ilə əlaqələndirilib.

    Xroniki yuxu çatışmazlığı 2-ci tip diabet və ürək-damar xəstəlikləri kimi iltihabi xəstəliklərin inkişafına şərait yarada bilər.

  • Əl və ayaqların daim soyuq olması ciddi problemlərdən xəbər verə bilər – HƏKİMDƏN XƏBƏRDARLIQ

    Əksər hallarda soyuq ətrafların simptomu sərin temperatur və fiziki aktivliyin olmaması ilə əlaqələndirilir, lakin bu, eyni zamanda ciddi sağlamlıq problemlərinin də əlaməti ola bilər.

    Median.Az-ın verdiyi məlumata görə, bu barədə rusiyalı kardioloq-həkimi, funksional diaqnost, tibb elmləri namizədi İrina Polyayeva “Gazeta.Ru” ilə söhbətində xəbərdarlıq edib.

    Onun sözlərinə görə, qanda hemoqlobin səviyyəsinin aşağı olması (anemiya) da əllərin və ayaqların soyuq olmasına səbəb olur, çünki toxumalar kifayət qədər oksigenlə təmin olunmur.

    “Bundan əlavə, soyuq ətrafların əsas səbəblərindən biri qeyri-kafi qan dövranıdır. Bu, məsələn, ateroskleroz səbəbindən damarların daralması ilə baş verə bilər ki, bu zaman arteriya divarlarında xolesterin toplanır. Əgər qan ətraflara sərbəst şəkildə dolaşa bilmirsə, onlar soyuq hiss oluna bilər”, – deyə o bildirib.

    Mütəxəssis bəzi sinir sistemi xəstəlikləri, məsələn, Reyno sindromunun qan damarlarında spazmalara səbəb ola biləcəyini və orqanizmin qan təchizatını azalda biləcəyi barədə xəbərdarlıq edib.

    “Belə proseslər zamanı insanlar adətən dərilərinin rənginin dəyişdiyini, eləcə də yüngül sancma hissi keçirdiklərini müşahidə edirlər. Qalxanabənzər vəzin qeyri-kafi fəaliyyəti (hipotireoz) maddələr mübadiləsini ləngidə bilər ki, bu da bədən temperaturunun azalmasına və ətrafların soyuq olmasına gətirib çıxarır. Bu vəziyyətdə yorğunluq, çəki artımı və dərinin quruması kimi digər simptomlar da müşahidə oluna bilər. Şəkərli diabet xəstələrində isə diabetik neyropatiya – sinirlərin zədələnməsi inkişaf edə bilər ki, bu da qan dövranını pisləşdirir və ətraflarda soyuqluq hissi yaradır”, – deyə kardioloq qeyd edib.

    O, ətraflarda tez-tez soyuqluq hissi yaranarsa, diaqnostika üçün mütəxəssisə müraciət etməyi tövsiyə edib.

    “Qısa müddətli tədbir kimi qan dövranını yaxşılaşdırmaq üçün məşqlər tövsiyə oluna bilər. Bundan əlavə, isti geyim və corab geyinmək, otaqda rahat temperatur saxlamaq da kömək edər. Unutmayın ki, soyuq əllər və ayaqlar təkcə xoşagəlməz simptom deyil, həm də daha ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. Bu vəziyyəti laqeyd qoymayın və özünüzü diqqətlə izləyin”, – deyə İrina Polyayeva məsləhət görüb.
    //oxu.az

  • Portağal və naringinin gizli təhlükələri

    Sitrus meyvələrinin həddindən artıq istehlakı sağlamlığa mənfi təsir göstərə bilər.

    Bunu Rusiyada tanınmış həkim Olqa Çirkova NEWS.ru-ya açıqlamasında bildirib.

    Onun sözlərinə görə, portağal və naringilərin həddindən artıq yeyilməsi qastritə səbəb ola bilər, həmçinin bu sitrus meyvələrinin rəngini verən bioflavonoid likopinin bolluğu səbəbindən dərinin rəngini dəyişdirə bilər.

    Bundan əlavə, ekspert bədən çəkisini nəzarətdə saxlamaq üçün sitrus meyvələrinin istehlakını məhdudlaşdırmağın vacibliyini qeyd edib.

    “Bədən çəkisini nəzarətdə saxlamaq istəyənlər bu meyvələri məhdudlaşdırmalıdır, çünki onlar şəkərlə zəngindir. Şəkərli diabet və qlükoza tolerantlığı pozulması olanlar, eləcə də insulin rezistentliyi, metabolik sindrom və qaraciyər xəstəlikləri olanlar üçün şirin meyvələr, o cümlədən sitruslar faydalı deyil. Çünki fruktoza qaraciyər tərəfindən emal olunur və onun artıq hissəsi yağlara çevrilir”, – deyə Çirkova sözlərini yekunlaşdırıb.

  • Nəfəs alma tərzinin görmə ilə əlaqəsi kəşf edilib

    “Göz bəbəyinin ölçüsü tənəffüsdən asılı olaraq dəyişir. Bu, görmə qavrayışına təsir edə bilər”.

    İsveçin Şimali Karolinska İnstitutunun alimləri apardıqları uzunmüddətli tədqiqatlardan sonra bu qənaətə gəliblər. Yeni fizioloji mexanizmin kəşfi “The Journal of Physiology” (TJP) elmi jurnalında dərc olunub.

    Bu yaxınlara qədər göz bəbəyinin ölçüsünə təsir edən üç amil məlum idi: işıq, fokus məsafəsi və koqnitiv faktorlar.

    Araşdırma qrupu 200-dən çox insanın iştirak etdiyi beş eksperiment keçirib. Nəticələr göstərib ki, göz bəbəyi nəfəs almağın əvvəlində minimum ölçüyə, nəfəs verərkən isə maksimum ölçüyə çatır. Bu təsir iştirakçıların necə nəfəs almasından (burunla və ya ağızla, sürətli və ya yavaş) asılı olmayaraq, həmçinin işıqlandırma və ya yerinə yetirilən tapşırıqlardan asılı olmayaraq sabit qalıb.

    Tədqiqatçıların fikrincə, kiçik bəbəklər detalları ayırd etməyə kömək edir, böyük bəbəklər isə zəif görünən obyektləri tapmağı asanlaşdırır.

    Alimlərin sözlərinə görə, bu kəşf nevroloji xəstəliklərin, məsələn, parkinson xəstəliyinin diaqnostikasında faydalı ola bilər, çünki bu xəstəlikdə göz bəbəyinin funksiyalarının pozulması erkən simptomlardan biridir.

    Gələcəkdə alimlər tənəffüs zamanı göz bəbəyinin dəyişməsinin real şəraitdə görmə qabiliyyətinə necə təsir etdiyini öyrənməyi planlaşdırırlar.
    //oxu.az

  • Boğaz ağrısından xilas edən effektiv üsul açıqlandı

    “Boğazda güclü ağrı hiss edənlərə ketoprofenin lizin duzu məhlulu ilə qarqara etmək məsləhətdir”.

    Median.Az-ın lenta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı praktik həkim və teleaparıcı Aleksandr Myasnikov boğaz ağrısı ilə mübarizənin effektiv üsulunu açıqlayarkən deyib.

    Onun sözlərinə görə, bu vasitə tez təsir göstərir və xoşagəlməz simptomdan səkkiz saat ərzində xilas edir.

    Boğaz ağrısı ilə mübarizədə kömək edən digər vasitə kimi Myasnikov benzidamini qeyd edib. Lakin həkim vurğulayıb ki, bu vasitə ilə ketoprofenin lizin duzuna nisbətən daha tez-tez qarqara etmək lazımdır, çünki onun təsiri cəmi iki saat davam edir.

  • Gündə 6 fincan qəhvə içmək bu xəstəliklərin yaranmasına SƏBƏB OLUR

    Çinin Paytaxt Tibb Universitetinin alimləri müəyyən ediblər ki, gündə altı fincandan çox qəhvə içmək ürək çatışmazlığı, koroner ürək xəstəliyi və insult riskini artırır. 

    Araşdırmanın nəticələri “Frontiers in Nutrition” jurnalında dərc olunub. 
    Su, çay və qəhvə dünyanın ən məşhur içkiləridir. Onların istehlakının ürək-damar sağlamlığına necə təsir etdiyini öyrənmək üçün alimlər yarım milyondan çox insanın (210 239 kişi və 251 383 qadın) məlumatlarını təhlil ediblər.
    Alimlər könüllüləri müşahidə edərkən bütün ürək-damar hadisələrini qeydə alıblar. Tədqiqat zamanı 11 098 iştirakçıda ürək çatışmazlığı, 33 426 nəfərdə koronar ürək xəstəliyi, 9 706 nəfərdə insult aşkarlanıb.

    Müntəzəm su istehlakının həm kişilərdə, həm də qadınlarda ürək-damar xəstəlikləri riskini azaltdığı məlum olub.Bunun əksinə olaraq, həddindən artıq qəhvə istehlakı – gündə altı stəkandan çox – həm ürək çatışmazlığı, həm də koroner ürək xəstəliyi və insult riskini artırıb. Həddindən artıq çay istehlakı da ürək-damar xəstəlikləri riskini artırıb.

    Alimlər çay və qəhvənin qadınlara daha çox təsir etdiyini qeyd ediblər. Həmçinin məlum olub ki, bu içkilərin qəbul edilməsi içməli suyun qoruyucu təsirini qismən zəiflədir.
    //sfera.az