Category: Maraqlı

  • “Cadugər” dünyasının yemək reseptlərindən ibarət kitab satışa çıxarıldı – FOTOlar

    Məşhur “Cadugər” (“The Witcher”) fentezi-dram serialı əsasında hazırlanmış yemək kitabı satışa çıxarılıb.

    Median.Az oxu.az-a istinadən bildirir ki, “The Witcher Official Cookbook” adlı kitabda illüstrasiyalarla 80 ətraflı resept təqdim olunub. Bu reseptlərin hamısı “Cadugər” dünyasının coğrafiyasına görə sıralanıb. Noviqraddan, Skellige adalarından yeməklər, eləcə də romanlardakı personajlardan reseptlər var, məsələn, Lambertin köftəsi.

    Kitabda müəyyən bölgənin kulinariya həyatı haqqında kiçik qeydlər də yer alıb.

    Kitab ingilis dilində nəşr olunub və qiyməti 35 avrodur (təqribən 64 manat).

    Bundan başqa witcherkitchen.com saytında kolleksiya müəlliflərinin 19 resepti pulsuz dərc edilib.

    Qeyd edək ki, “Netflix” şirkətinin sifarişi ilə Andjey Sapkovskinin romanları əsasında çəkilən serial 2019-cu ildə yayımlanıb. Filmin süjetinə əsasən cadugər riviyalı Geralt bədheybətlər və qəddar insanlarla dolu dünyada öz yerini axtarır.

  • Xərçənglə mübarizədə yenilik: Ağrıkəsicinin xəstəlik əleyhinə xüsusiyyətlərə malik olduğu aşkar edildi

    Tibbi prosedurlar zamanı tez-tez yerli ağrıkəsici kimi istifadə edilən “lidokain” preparatı xərçəng hüceyrələrinin öz-özünə məhv olmasına səbəb ola bilər.

    Tədqiqat “Cell Reports” jurnalında dərc olunub.

    2023-cü ilin aprelində aparılan böyük bir araşdırma xəstələrə əməliyyatdan əvvəl “lidokain” yeridildiyi təqdirdə döş vəzisinin xərçəngi zamanı sağ qalma ehtimalını artdığını göstərib, lakin bu effektin mexanizmləri məlum deyil. Yeni tədqiqatda alimlər müəyyən ediblər ki, bu dərman müxtəlif xərçəng hüceyrələrində bol miqdarda olan acı dad reseptoru T2R14 reseptorunu aktivləşdirir. T2R14 reseptorunun aktivləşməsi apoptoz – xərçəng hüceyrələrinin özünü məhv etməsi prosesini işə salır.

    T2R14 orqanizmə ağızda acı dadı hiss etməyə kömək etsə də, bu reseptorun bədənin digər hüceyrələrindəki funksiyası aydın deyil. Həmçinin T2R14 reseptornu aktivləşdirən bir çox dərman vasitələri də var. İndi onlar xərçəngin müalicəsində tətbiq edilə bilirlər.

    “Lidokain”in xərçəngi müalicə edə biləcəyini deməsək də, onun baş və boyun xərçənginin müalicəsində üstünlük verə biləcəyi ehtimalı bizi ruhlandırır”, – deyə alimlər bildiriblər.

    Mənbə: gazeta.ru

  • 20 il ərzində siqaret çəkən insanın ağciyərlərinin necə göründüyü nümayiş edildi – FOTO

    ABŞ-dən olan tibb bacısı 20 il ərzində siqaret çəkən insanın ağciyərlərinin necə göründüyünü göstərib.

    Fərqi daha yaxşı görmək üçün tibb bacısı Amanda Eller siqaret çəkənin ağciyərlərinin yanına sağlam insanın ağciyərlərini qoyub. Görüntülərdə siqaretə aludə olan kişinin tənəffüs orqanlarının qaraldığı və kömür parçalarına bənzədiyi görünür.

    Bundan əlavə, tibb bacısı siqaret çəkənlərin ağciyərlərinin lazımi qaydada işləmədiyini də göstərib.

    “Ağciyərlər öz elastikliyini itiriblər. Nəfəs aldıqda, onlar dartılır, ancaq nəfəs verərkən, onlar “qapanır” və bu vəziyyətdə qalırlar, onlar açıla bilmirlər”, – deyə mütəxəssis izah edib.

    Görüntülər sosial şəbəkə istifadəçilərinə o qədər təsir edib ki, bir çox insan gördüklərinin siqareti tərgitmək barədə düşünməyə vadar etdiyini etiraf edib.

    “Siqareti buraxmaq üçün başqa bir cəhdə hazırlaşıram”, – deyə istifadəçilərdən biri şərh yazıb.

  • Səhər niyə ilıq su içməliyik? – Qastroenteroloqdan məsləhət

    Səhər ilıq su içmək, mütəxəssislərin mədə-bağırsaq traktının fəaliyyətini yaxşılaşdırmağa kömək edən sağlam vərdişlərdən biridir. Rusiyanın qastroenteroloq, diyetoloq və klinik farmakoloqu Rüstəm Sadıkov bu barədə danışaraq səhərlər ilıq su içməyin həm də ürək-damar sisteminə faydalı təsir göstərdiyini, qanı durulaşdırdığını bildirib.

    “Yuxu zamanı orqanizm su itirir, ona görə də səhərlər orqanizm maye çatışmazlığı vəziyyətində olur. Bu, qanın qatılaşmasına səbəb ola bilər ki, bu da ürəyə yükü artırır. Ona görə də yuxudan oyandıqdan sonra ən azı 500 ml ilıq su içməyi məsləhət görürəm”, – deyə ekspert vurğulayıb.

    Mənbə: stctv.ru

  • Alimlər piylənmənin mümkün səbəbini üzə çıxardılar

    Oreqon Sağlamlıq və Elm Universitetinin alimləri müəyyən ediblər ki, piylənmədən əziyyət çəkən insanlar gündüzlər daha az, gecələr isə daha çox enerji sərf edirlər, sağlam çəkisi olan insanlarda isə əksinədir.

    Tədqiqat “Obesity” jurnalında dərc olunub.

    Eksperimentdə piylənmədən əziyyət çəkən 30 insan iştirak edib. Onlar altı gün ərzində sirkad (gündəlik) ritmləri öyrənmək üçün xüsusi olaraq hazırlanmış laboratoriyada olublar, bu zaman onların yuxu və oyaqlıq cədvəli isə daim dəyişdirilib. Bütün qrafiklərdə piylənmədən əziyyət çəkən insanlar gecə gündüzdən daha çox kalori yandırıblar. Kalori sərfiyyatını izləmək üçün enerji sərfiyyatını nəfəsi buraxan zaman orqanizmdən xaric olunan karbon qazının miqdarı ilə təyin edən kalorimetrdən istifadə edilmişdir. Tədqiqat həmçinin piylənmədən əziyyət çəkən insanlarda insulin hormonunun səviyyəsinin daha yüksək olduğunu müəyyən edib. Bu o deməkdir ki, onların orqanizmləri üçün qlükozanı emal etmək daha çətin olub.

    Əvvəlki araşdırmalar göstərib ki, normal çəkidə olan insanlar isə əksinə gün ərzində daha çox enerji sərf edirlər. Alimlər kəşf etdikləri fərqlərin nədən qaynaqlandığını bilmirlər. Gün ərzində daha az enerji sərf etmək piylənməyə səbəb ola bilər və ya bunun nəticəsi ola bilər. Çəkinin artıq və ya əskik olmasını qiymətləndirmək üçün bədən kütləsi indeksi (BKİ) göstəricisindən istifadə olunur. Bunu hesablamaq üçün çəkini (kiloqramla) boyunuzun (metrlə) kvadratına bölmək lazımdır. BKİ-nin 30-dan yuxarı olması piylənmə əlaməti hesab olunur.

    Qeyd edək ki, artıq çəki və ya piylənmə hipertoniya, xərçəng və 2-ci tip diabet riskini artırır.

  • Alimlər tənhalığın zərərini gündə 15 siqaret çəkməklə müqayisə etdilər

    Tənhalıq bütün dünyada insanlar üçün sağlamlıq təhlükəsinə çevrilib və gündə 15 siqaret çəkmək qədər zərərli ola bilər.

    Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib.

    Alimlər bildiriblər ki, tənhalığın zərəri piylənmə və oturaq həyat tərzindən daha çoxdur. Ailəsi və ya dostları tərəfindən ziyarət edilməyənlərin ölüm riski təxminən 40% yüksəkdir.

    Qeyd edilib ki, tənhalıq adətən inkişaf etmiş ölkələrdə problem kimi görülür, lakin hazırda dünyanın bütün regionlarında hər dörd yaşlı insandan biri sosial cəhətdən təcrid olunub.

    Təşkilat bununla əlaqədar sosial əlaqələrin insanların sağlamlığına təsirini öyrənmək üçün yeni komissiyanın yaradıldığını elan edib. 11 siyasətçi və fəaldan ibarət komissiyanın səlahiyyət müddəti üç il olacaq.

    Mənbə: daryo.uz

  • Saqqızın faydaları və zərərləri

    Rusiyalı qastroenteroloq Natalya Belova saqqızın sağlamlığımıza ziyan və xeyrindən danışıb, sağlamlığa zərər vermədən saqqızı necə düzgün çeynəməyi izah edib.

    Həkim saqqız çeynəməyin özlüyündə orqanizm üçün zərərli olmadığını, lakin bir neçə nüansı nəzərə almaq lazım olduğunu bildirib.

    “Saqqız çeynənilməsi nəzarət altında olmalıdır. Çünki davamlı və intensiv çeynəmə çənə-temporal oynaqların həddən artıq dartılmasına, üz və başda ağrılara səbəb ola bilər. Bundan əlavə, şəkərli saqqızın həddindən artıq istehlakı kariyes və digər diş problemlərinə yol açır”, – qastroenteroloq vurğulayıb.

    Belova kariyes inkişaf riskini minimuma endirmək üçün şəkərsiz saqqız seçməyi məsləhət görüb.

    “Saqqızı 20-30 dəqiqədən çox olmayaraq çeynəmək, daha sonra isə çənə oynaqlarının və əzələlərin rahatlaşması üçün təxminən bir saat fasilə vermək lazımdır. Ümumiyyətlə, əgər müntəzəm saqqız çeynəmirsinizsə, çənənizə əlavə gərginlik vermirsinizsə, şaqqısın sizin üçün, demək olar ki, təhlükəsi yoxdur”, – deyə həkim əlavə edib.

    Qastroenteroloq saqqız çeynəməyin faydalarının olduğunu qeyd edib.

    “Çeynəmə hərəkəti tüpürcək istehsalını stimullaşdırmağa kömək edir ki, bu da diş ətinizi və dişlərinizi bakteriya və turşu hücumlarından təbii şəkildə qorumağa kömək edir. Bundan əlavə, saqqız çeynəmək stress və narahatlıq səviyyələrini azaltmağa, həmçinin yaddaşı və konsentrasiyanı yaxşılaşdırmağa kömək edə bilər. Lakin saqqız seçimində diqqətli olmalı və ağız sağlamlığını qorumaq üçün müntəzəm şəkildə diş həkiminə baş çəkilməlidir”, – ekspert xəbərdarlıq edib.

    Mənbə: pravda.ru

  • Alimlər 14 saatlıq aclığın sağlamlıq üçün faydalı olduğunu sübut etdilər

    London Kral Kollecinin (KCL) alimləri 14 saatlıq orucun sağlamlıq üçün faydalı olduğunu müəyyən ediblər. Belqradda keçirilən Avropa Qida Konfransında təqdim edilən araşdırmaya görə, qida qəbulunun məhdudlaşdırılması əhvali-ruhiyyəni yaxşılaşdıra, enerjini artıra və arıqlamağa kömək edə bilər.

    Fasiləli aclığın tərəfdarları adətən qida qəbulunu altısaatlıq intervalla məhdudlaşdırmağı məsləhət görürlər. Bu o deməkdir ki, əgər ilk qida qəbulu səhər doqquzda olubsa, sonuncu yemək qəbulu günorta üçdə olmalıdır. Bununla belə, yeni məlumatlar göstərir ki, sağlamlığa müsbət təsir onsaatlıq fasilə zamanı da baş verir və 18 saat deyil, yalnız 14 saat ac qalmaq olar.

    Tədqiqatda 38 min insan iştirak edib. Onlardan ilk həftə həmişəki kimi qidalanmaq, sonra isə iki həftə ərzində onsaatlıq yemək intervalına riayət etmələri tələb olunub. Vaxt məhdudiyyəti ilə qidalanan, lakin bunu hər gün etməyənlərin, rejimə müntəzəm riayət edənlərlə müqayisədə sağlamlıq baxımından daha az fayda qazandıqları müəyyən edilib. Ən çox fayda əldə edənlər təcrübədən əvvəl daha uzun qidalanma intervalı tətbiq edənlər olublar.

    Xatırladaq ki, 2023-cü ilin oktyabrında İllinoys Universitetinin (ABŞ) tədqiqatçıları müəyyən ediblər ki, fasiləli aclıq 2-ci tip diabetdən əziyyət çəkən insanlara arıqlamağa və qanda qlükoza səviyyəsinə nəzarət etməyə kömək edir.

    Mənbə: Medical Xpress

  • Dərini bir gecədə beş il cavanlaşdıran və parıldadan təbii vasitə – FOTO

    Dəriyə qulluq zamanı edilən ən böyük səhvlərdən biri kimyəvi qulluq vasitələrinin istifadəsidir. Çünki onlar dərini qidalandırmaq əvəzinə təbii quruluşuna zərər verir. Bu səbəbdən mütəxəssislər təbii qulluq vasitələrinə üstünlük verməyə çağırırlar.

    Belə vasitələrdən biri də dərini cəmi bir gecədə beş il cavanlaşdıran çia toxumu maskasıdır. Dərini təbii nəm quruluşu və ehtiyac duyduğu kollagenlə təmin edən bu üsul sayəsində dəri uzun illər gənc görünüşünü qoruyacaq.

    Qarışığı hazırlamaq üçün bir xörək qaşığı çia toxumu iki xörək qaşığı suda isladılır, 15-20 dəq sonra bir xörək qaşığı bal və iki damcı dəri tipinə görə seçilən efir yağı ilə qarışdırılır. Qarışıq göz ətrafı ilə təmasdan çəkinərək dəriyə çəkilir. Maska təxminən 20 dəqiqə sonra ilıq su ilə yuyulur. Bundan sonra nəmləndirici krem çəkmək lazımdır.

    Mənbə: Haber Global

  • Avropanı yeni müharibə gözləyir – Mask

    Avropa miqrantlarla bağlı vəziyyətə görə vətəndaş müharibəsi ilə üz-üzədir.

    Bu fikirləri amerikalı sahibkar İlon Mask deyib.

    “Avropa, deyəsən, vətəndaş müharibəsinə doğru gedir”, – deyə Mask Londonda miqrantlarla yerli sakinlər arasında baş verən toqquşmaların videosunu şərh edərkən X sosial şəbəkəsində yazıb.