Category: Maraqlı

  • Gecə qıcolmaları: Normadır, yoxsa xəstəlik əlaməti?

    Yuxuda olarkən qeyri-iradi əzələ daralması xəstəlik əlaməti ola bilər.

    “Sputnik”in məlumatına görə, bu barədə nevroloq və yuxu həkimi Yelena Tsareva danışıb.

    Onun sözlərinə görə, əslində yuxuya getmə prosesi zamanı baş verən qısa qıcolmalar normaldır. İnsan yavaş-yavaş rahatlandığı üçün qeyri-iradi əzələ daralmaları baş verir. Bu fenomen miyokloniya adlanır və demək olar ki, bütün insanlarda rast gəlinir :

    “Yuxudan əvvəl biz diksinirik. Buna miyokloniya deyilir. Bu, bədənin, yaxud bir hissəsinin bir və ya ikiqat titrəməsidir. Güman olunur ki, bu, gün ərzində toplanmış gərginliyin sərbəst buraxılmasıdır. Müalicə etməyə ehtiyac yoxdur, patoloji deyil, hər hansı bir xəstəlikdən xəbər vermir. Belə qıcolma ömrün keyfiyyətinə və müddətinə təsir etmir”.

    Miyokloniya tez-tez “narahat ayaqlar sindromu” ilə səhv salınır. Hərəkət etməyə, durub gəzməyə məcbur edən gərginlik bu sindrom üçün də xarakterikdir. Adətən gecə, sakitlik vaxtı yaranır, bəzən isə yuxusuzluqla nəticələnir. Düzgün olmayan qidalanma bu sindromun yaranma səbəbi ola bilər:

    “Stress fonunda bir adam çox miqdarda kofein istehlak edərsə, bu yarana bilər. Çay, qəhvə, şokolad və enerji içkiləri gecə hərəkət aktivliyini təhrik edə bilər. “Narahat ayaqlar sindromu”ndan əziyyət çəkən insanlar kofeindən imtina etməklə problemlərini həll edə bilərlər”.

    Həkimin sözlərinə görə, əgər pəhriz kömək etmirsə, əzələ daralması bir-iki dəfədən artıq baş verirsə, bu, xəstəlik əlamətidir.

    “Az müddət ərzində dörd qıcolma nevroloji xəstəlik və ya “narahat ayaqlar sindromu” ilə yanaşı, başqa xəstəlik ola bilər”, – deyə mütəxəssis bildirib.

  • 80 ildir ki, saçlarını kəsdirmir – FOTO

    Pandemiya ilə əlaqədar məhdudiyyətlərə görə dünyanın bir çox ölkələrində kişilər saçlarını uzatmaq məcburiyyətində qalıb. Lakin onların heç biri Vyetnamdan olan Nquen Van Çien ilə müqayisə oluna bilməz. Vyetnamlı kişi 80 ildir ki, saçlarını kəsdirmədiyini iddia edir.

    Bu barədə “Reuters” xəbər yayıb.

    92 yaşlı Van Çienin saçlarının uzunluğu beş metrə yaxındır.

    O, hesab edir ki, insan doğularkən onunla olan hər şey saxlanılmalıdır.

    “Saçım kəsiləcəyi gün öləcəyimə inanıram. Onları heç daramıram da, sadəcə qulluq edirəm, quru və təmiz qalması üçün örtürəm”, – deyə kişi bildirib.

  • Smartfonun batareyasının tez boşalmasının səbəbi açıqlanıb

    Smartfonun batareyası mobil siqnalın zəif olması da daxil olmaqla bir çox amillərə görə tez tükənə bilər.

    “Praym”ın məlumatına görə, bu barədə Rusiyada NAFİ-nin (Maliyyə Tədqiqatları üzrə Milli Agentlik) “Rəqəmsal vətəndaş” platformasının eksperti Vladimir Qritsenko bildirib.

    Onun sözlərinə görə, batareya həm də arxa planda işləyən proqramlar, fon rejimində işləyən proseslər, batareyanın temperaturunun çox aşağı olması, həmçinin “smart saat” kimi daşına bilən “ağıllı” cihazlarla məlumatların sinxronizasiyasına görə sürətlə boşala bilər.

    “Bunun niyə baş verdiyini anlamaq üçün əvvəlcə hansı proqramların arxa planda işlədiyini yoxlamaq lazımdır. Məsələn, bu, proqramların tez-tez “buludla” sinxronizasiya edilməsi, məlumatları istifadəçinin digər cihazlarına göndərilməsinə görə ola bilər. “Android” və “iOS”-da buna “Ayarlar”ın “Batareya” bölümündə baxmaq olar”, – deyə ekspert bildirib.

    V.Qritsenko qeyd edib ki, “Android” smartfon istehsalçıları hazırda arxa plandakı proqramların həddindən artıq güc istehlakı ilə mübarizə aparırlar və əksər hallarda hazırda istifadə edilməyən bütün proqramları zorla dayandırırlar. Ancaq o, bu addımı dəstəkləməyərək, belə tədbirlərin buraxılmış mesajlar və zənglər kimi bir sıra narahatlıqlara səbəb olduğunu deyib.

    “Smartfon “ağıllı saatla” birlikdə istifadə edilərsə və əldə xarici batareya yoxdursa, ancaq telefonun daha uzun müddət işləməsi lazımdırsa, “Bluetooth”u söndürməyə cəhd edə bilərsiniz. Bu zaman “ağıllı saat” smartfondan ayrı işləyir. Düzdür, “ağıllı saat”ın bildiriş alması dayanır, ancaq bu addım təcili vəziyyətdə batareyanın ömrünü uzatmağa kömək edir”.

    Smartfonun akumlyatorunun tez boşalmasına səbəb olan başqa bir amil küçədə soyuq havadır. Belə telefonlarda istifadə olunan litium-ion batareyaların gücü soyuq havalarda azalır.

    “Əgər batareya köhnəlibsə və bir neçə dəqiqə olsa belə şaxtalı havada istifadə edilirsə, cihazınız sönə bilər. Onu istiləşdirməyə cəhd edə bilərsiniz, ancaq bunu saç qurutma maşını və ya istilik batareyaları üzərində etməməlisiniz. Həddindən artıq yüksək temperatur batareyaya zərərlidir”, – deyə V.Qritsenko sözlərini tamamlayıb.

  • Bir saatdan çox davam edən günorta yuxusu ölümcül təhlükəlidir

    Bir saat və daha çox müddət davam edən günorta yuxusu ölümcül təhlükəli ola bilər.

    Lenta.ru xəbər verir ki, Çinin Gansu Tibb Universitetinin alimləri bu qənaətə gəlib.

    Tədqiqatlar zamanı məlum olub ki, 60 dəqiqədən çox çəkən günorta yuxusu müxtəlif xəstəliklərdən ölüm riskini 30 faiz, ürək-damar xəstəliklərindən qaynaqlanan ölüm riskinin 34 faiz yüksəldir.

    Bir saatdan çox çəkən günorta yuxusu qadınlar üçün daha təhlükəli hesab edilir.

    Eyni zamanda, günorta 60 dəqiqədən az davam edən qısa yuxu sağlamlıq üçün təhlükəli deyil və gecə yaxşı yata bilməyən insanların ürək-damar sisteminin vəziyyətini yaxşılaşdıra bilər.

  • Çay ürək və qaraciyər üçün ziyanlı ola bilər

    Təzə dəmlənmiş çay 15 dəqiqə ərzində içkidə meydana gələn zərərli maddələr səbəbindən əsl zəhərə çevrilir. Bu nəticəyə Çin tədqiqatçıları gəlib.

    Median.Az bildirir ki, həkim dietoloq Elena Solomatina bu təsiri, çay üzərində yaranmış qat örtüyünü, çayın tərkibində olan efir yağlarının olması ilə izah edir. Qat örtüyünün tərkibində olan üzvi birləşmələr hava ilə təmasda olduqda oksidləşir. Bu reaksiya patogen mikrofloranın meydana gəlməsinə kömək edir. İçkinin içərisində şəkərin olması çayda mənfi prosesləri sürətləndirir. Həkimin sözlərinə görə, nəticədə belə çay insan orqanizminə zərərli təsir göstərir. Dəmlənmiş çayın 15 dəqiqə keçdikdən sonra içilməsi allergiyaya və bağırsaq problemlərinə səbəb ola bilər. Qan dövranı vasitəsi ilə orqanizmə yayılan toksinlər qaraciyərə və ürəyə ziyan vurur. Mütəxəssis qeyd edilən çayın, insana uzun müddətli zərərli təsirə malik olduğunu qeyd edir.//deyerler.org

  • Alimlər koronavirusdan qorunmaq üçün sosial məsafə məsələsini tənqid etdilər

    Britaniyalı alimlər koronavirusdan qorunmaq üçün sosial məsafəyə riayət etmək barədə tövsiyələri kəskin tənqid ediblər.

    Bu barədə “Independent” xəbər yayıb.

    Onların sözlərinə görə, koronavirusun yayılmasının qarşısını almaq və qorunmaq üçün iki metr məsafə saxlamaq barədə tövsiyələr 1940-cı illərə aid köhnəlmiş elmi məlumatlara əsaslanır.

    Mütəxəssislər hesab edirlər ki, sosial məsafə barədə göstərişlər pandemiya tədbirlərinin mərkəzi elementi olmamalıdır və COVID-19 ilə mübarizə qaydalarını tərtib edərkən fərqli şərtlərə baxmaq lazımdır.

    “Viral hissəciklərin yayılmasına hava axını da daxil olmaqla bir çox amillər təsir edir”, – deyə alimlər bildiriblər.

    Onların sözlərinə görə, tövsiyələr üçün bir sıra faktorlar – fəaliyyət növü, şərtlər (açıq və ya qapalı məkan), ventilyasiya səviyyəsi, maska taxmaq, həmçinin kontakt müddəti, insanın infeksiyaya həssaslığı və ötürücünün virus yükü nəzərə alınmalıdır.

    Bütün bu məlumatlara əsasən pandemiyanın qarşısını almaq üçün kompleks yanaşma qurmaq olar.

    Alimlər daha çevik göstərişlərin normal həyata qayıtmağa imkan verə biləcəyini və ölkələrin iqtisadiyyatının bərpasına şərait yaradacağını vurğulayıblar.

  • Müqəddəs meyvə ƏNCİR – Bilmədiyiniz faydaları

    “Əncirə və zeytuna and olsun”. ( Qurani Kərim. Tin surəsi, 1).

    Peyğəmbərimizə (səlləlləhu aleyhi vəsalləm) birisi əncir verir, alandan sonra belə buyurur: “Əgər məndən cənnətdən hansı meyvə gəlmişdir soruşsalar, əncir deyərəm.”

    Sfera.az naturopat həkim Füzuli Hüseynovun Abşeron əncirinin faydaları barədə açıqlamasını təqdim edir.

    “Əncir liflərlə ən zəngin meyvələrdən biri olduğundan mədə və bağırsaqların işini normallaşdıran, şlaklardan təmizləyən ən yaxşı təbii vasitə hesab olunur. Əncir ziyanlı xolesterin səviyyəsini qısa zamanda salmaq gücünə malikdir, bunula da əncir bizim ürəyimizin “dostudur” deyə bilərik. Əncirin tərkibindəki kalium ürək əzələsinin vurma gücünü artırır, bizi infarktdan qoruyur.

    Əncirin tərkibində fenol adlı bir maddə var. Sintetik fenol zəhərli olsa da əncirin tərkibindəki fenol orqanizmə mənfi təsir etmir, əksinə mədə-bağırsaqlarda parazitlik edən mikroorqanizmləri öldürür. Bu səbəbdən də əncirdən lyambliya və başqa mikroorqanizmlərin törətdiyi xəstəliklərin müalicəsində istifadə oluna bilər. Quruəncirin tərkibində Omeqa-3 və Omeqa-6 yağ turşuları vardır ki, insan orqanizminin özündə istehsal olunmur. Bu turşular sayəsində bizim ürək, qan-damar sistemlərimiz mükəmməl işləyir, beynimiz bu turşular sayəsində çalışır.

    Arıqlamaq istəyənlər üçün əncir idealdır, tərkibində yağ yoxdur. Yüngül işlədici xüsusiyyəti sayəsində bağırsaqlardakı toksinləri təmizləyir, piylənmənin qarşısını alır.

    Əncir bütün meyvələrin içərisində ən çox minerala sahibdir. 50 qram əncirdə 280 mq kalium, 60 mq kalsium, 1.5 qram dəmir vardır. Uzun sürən xəstəliklərdən sonra orqanizmi bərpa etmək üçün ən yaxşı qidalardan biri əncirdir. Əncirin təzəsi kimi qurusu da mineral tərkibini və faydalı xüsusiyyətlərini saxlayır.

    Bəzi xəstələrin qanında kalsium çox olur, sümüklərində isə az, yəni sümüklərin kalsiumu mənimsəməsi zəifləyir. Belə halda əncirin təsiri olduqca yüksəkdir, çünki onun tərkibindəki kalsium rahat şəkildə bütünlüklə orqanizmə sorulur.

    Həmçinin əncirin tərkibində olan dəmirin misə nisbəti 2:1-dir, bu nisbət dəmirin daha yaxşı sorulmağını təmin edir.

    Uşaq və böyüklərdə yuxarı tənəffüs yollarının bronxit, bəlğəmli öskürək kimi xəstəlikləri və səs tutulması zamanı 300 qram südün içinə 5-6 ədəd quru əncir atılır, 5 dəqiqə qaynadılaraq gün ərzində yavaş-yavaş içilir.

    Ortadan yarı bölünmüş əncir meyvəsinin görünüşü qadın yumurtalığının strukturunun tam bənzəridir. Məlum olmuşdur ki, əncir qadınlarda follikulun yetişməsi prosesini sürətləndirir, bununla da qadın sonsuzluğunu müalicə edir.

    Əncir, həmçinin kişilərdə aktiv spermanın miqdarını əhəmiyyətli dərəcədə artırır, bununla da kişi sonsuzluğunun qarşısını alır.

    Səhər quru ənciri zeytun yağının içinə atın, günorta yeməkdən əvvəl yeyin. Günorta atıb axşam yeyin, axşam atdığınızı isə səhər yeyin. Bu üsulla 1 ay müddətində yeyilən əncir qurusu bronxit, bronxial astma, mədə xorası, qastrit, bağırsaq yaraları, babasil, qəbizlik, yüksək xolesterin, osteoporoz, prostatit, ezofagit (qida borusu yarası), öd durğunluğu, pankreatit kimi xəstəlikləri müalicə edir.

    Əncir ana südünü artırır, əzələ qıcolmalarını götürür, yüksək qan təzyiqini salır. Əgər çay içən zaman qənd əvəzinə quru əncir istifadə etsək, bədənimiz sağlam olar.

  • Qarpız zəhərlənməsindən necə qorunmaq olar?

    İsti yay günlərində bədənin su ehtiyacını qarşılayan qarpızın 92 %-i sudan ibarətdir. Qarpız antioksidantlar, A, C, B1, B5, B6 vitaminləri, kalium (K) və maqnezium (Mg) kimi elementlərlə zəngindir. Qarpızın tərkibində olan likopen xərçəng əleyhinə güclü təsirə malikdir. Bundan əlavə qarpız ürək-damar xəstəlikləri, iltihab əleyhinə, həzm sistemi, dəri və böyrək xəstəlikləri zamanı da effektiv təsir göstərir.

    Əvvəllər qarpız iyul-avqust aylarında yetişirdi. Lakin hazırda əkinçilik mədəniyyəti dəyişdiyinə, tez yetişən sortlar yaradıldığına, istixanalarda və əkin sahələrində daha müasir aqrotexniki üsullar tətbiq olunduğuna görə məhsul iyun ayında da yetişir. Məhsulun vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil. Burada əsas diqqət yetirilməli məqam qarpızın yetişdirilməsində gübrələrdən və pestisidlərdən düzgün istifadə edilməsidır. Gübrə növləri və pestisidlər vaxtında və düzgün tətbiq edilməyəndə məhsulun böyüməsinə və məhsuldarlığına səmərəli təsir göstərmir. Məhsulun tərkibində nitrat, nitrit və yaxud pestisid qalıqlarının miqdarının çox toplanması qarpızın keyfiyyətinin pisləşməsinə və hətta zəhərlənmələrə belə səbəb ola bilər. Qarpız kəsildikdə içərisindəki kütlənin yumşaq, damarlarının qabarıq gözəçarpan şəkildə olması nitratın miqdarının normadan artıq olmasının göstəricisidir. Bu hal istər tez, istərsə də gec yetişən məhsullarda ola bilər. Buna görə də zəhərlənmə hallarının qarşısının alınması üçün qarpızın düzgün şəkildə yetişdirilməsinə diqqət yetirmək lazımdır.

    Kəsiləndən sonra qarpızın düzgün qaydada saxlanmasına riayət edilməlidir. Ümumiyyətlə, qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətdir. Kəsildikdən sonra soyuducuda müvafiq rejimdə saxlanmasına əməl edilməlidir. BMT-nin “Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı”nın (FAO) məlumatına əsasən, bütöv qarpızın 10-15° C, xırda hissələrə doğranmış qarpızın isə ağzı kip qapaqlı qablarda +5° C temperaturda saxlanması məsləhət görülür. Eyni zamanda kəsilmiş qarpızın üzəri qida üçün nəzərdə tutulan plastik örtüklə kip örtülərək, soyuducunun meyvə-tərəvəz üçün nəzərdə tutulan bölümündə saxlanmalıdır. Kəsilmiş qarpız növbəti günə qaldıqda isə mütləq şəkildə həmin hissənin üst səthi nazik qat şəklində kəsilib kənarlaşdırılmalıdır. Həmçinin qarpızın alma, pomidor, banan kimi etilen qazı ifraz edən meyvələrin yanında saxlanması yolverilməzdir. Etilen qazının təsirinə məruz qalan qarpızın qabığı nazikləşir, yumşalır və nəticədə keyfiyyətini itirir.

    Qarpız alarkən onun rənginə, bərkliyinə, ölçüsünə, saplağına fikir verilməlidir. Qarpızın üzərində açıq sarımtıl-yaşıl və tünd yaşıl rəngdə olan zolaqlar, əsasən, bərabər ölçüdə olmalı və sərhədlərlə ayrılmalıdır. Üzərində müşahidə olunan sarı ləkələr isə onun torpaqla təmas etdiyi yerlərdir. Qabığının hamar, səthinin parlaq olması qarpızın yetişməsinin, rənginin mat və solğun olması isə köhnəliyinin əlaməti hesab olunur. Saplağının yaşıl rəngli olması qarpızın hələ tam yetişmədiyini göstərir. Yetişmiş qarpızın saplağı qurumuş, rəngi isə dəyişmiş olmalıdır. Ölçüsü nə kiçik, nə də böyük olmamalı, orta ölçüdə olan qarpız seçilməli və ələ aldıqda ağır gəlməlidir. Oval olan qarpızlar sulu, yumru olanlar isə şirin olur. Qarpızın üzərində çürümə əlamətləri və çatlar olmamalıdır. Günəş altında və yol kənarlarında satılan qarpızların alınması tövsiyə olunmur. Yerdən 20 sm hündürlükdə olan piştaxtaların üzərində satılan qarpızlara üstünlük verilməlidir. Kəsilmiş, doğranmış qarpızları almaq və ya satış nöqtələrində kəsdirmək məsləhət deyil. Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq, təmiz və quru bıçaqla kəsmək vacibdir.

    Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki xəstəlikləri və bitki mənşəli məhsulların tədqiqi şöbəsinin mütəxəssisləri Ceyhunə Cəfərova, Tərlan Qorçiyeva, Nəzakət Mirzəzadə tərəfindən hazırlanıb. (trend)

  • Arıqlamaq üçün əlverişli yaş həddi açıqlandı

    ABŞ tədqiqatçıları 40 yaşından sonra çəkinin azalması nəticəsində insan səhhətində müəyyən fəsadlar yarana biləcəyi qənaətinə gəliblər.

    Median.Az “Life”a istinadən xəbər verir ki, 1998-2015-ci illər arasında həyata keçirilmiş araşdırma nəticəsində arıqlamaq üçün ən əlverişli dövrün 24 ilə 40 yaş arasında olduğu üzə çıxıb. Məhz bu dövrdə piy təbəqəsinin azalması erkən ölüm ehtimalını ikiqat azaldır.

    Bununla belə, 40 yaşından sonra arıqlayanların səhhəti daha böyük risklərlə üzləşib.

    Dünya Bankının 2016-cı ilə olan məlumatına görə, yetişkin insanların 44 faizi artıq çəkidən əziyyət çəkirdi. Bu da 1975-ci ilə nisbətən 3 dəfə çoxdur.

  • Yer üzündə 87 ildən sonra ən yüksək temperatur qeydə alındı

    ABŞ-ın Kaliforniya ştatındakı Ölüm Vadisində (Death Valley) 87 ildən sonra dünyanın ən yüksək temperaturu qeydə alınıb.

    “HaberGlobal” məlumat verir ki, vadidə temperatur 54,4 dərəcə təşkil edib.

    Bundan əvvəl vadidə 1913-cü ildə 56,7 dərəcə temperatur dünyada ən yüksək temperatur kimi qeydə alınıb.

    Yüksək temperaturun ABŞ-ın qərb sahillərinə təsirinin yaxın günlərdə də davam edəcəyi bildirilir.

    Mövcud istilik dalğası Arizonadan Vaşinqton ştatına qədər uzanacaq. Kaliforniya, Nevada, Arizona və Yuta ştatlarının sakinlərinə açıq havada daha az vaxt keçirmələri barədə xəbərdarlıq edilib.

    Ümumdünya Meteoroloji Təşkilatı iyul ayının Şimali yarımkürədə “ən isti ay” olaraq qeyd olunduğunu və Arktikadakı dəniz buzlarının “ən aşağı səviyyəyə” düşdüyünü bildirib.