Category: Maraqlı

  • Koronavirusun suda neçə saata məhv olduğu müəyyən edildi

    Suda koronavirusun bütün hissəcikləri (90 faizi) 24 saat ərzində ölür.

    “RİA Novosti” bu barədə Rusiya Federasiyasının İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmətinə (“Rospotrebnadzor”) istinadən xəbər verir.

    Məlumatda qeyd olunur ki, 72 saat ərzində suda koronavirus hissəciklərinin 99,9 faizi ölür. Bu göstəricilər otaq temperaturunda olan su üçün keçərlidir.

  • Gündəlik toyuq əti yemək orqanizmə necə təsir edir

    Amerika ürək assosasiyası həftədə bir neçə dəfədən çox toyuq yeməyi tərgitməyi tövsiyə edir

    Toyuq döşü, qaynadılmış toyuq, toyuq ətindən kotlet- məlum olduğu kimi arıqlayanlar arasında, xüsusilə də qızlar arasında ən məhşur yeməklərdir. Həqiqətən də toyuq əti, mal əti və donuz ətindən daha az yağlıdır və eyni zamanda bir sıra faydalı xüsusiyyətlərə malikdir. Xüsusilə toyuqda C vitamini, B qrup vitaminləri, selen, kalium, kalsium, fosfor, dəmir, sink və maqnezium var. Ancaq məlumdur ki, müxtəlif dozalarda istənilən məhsul orqanizm üçün həm faydalı, həm də ölümcül həddə təhlükəli ola bilər. Toyuq əti də istisna deyil.

    2018-ci ilin fevral ayında Amerika ürək assosasiyası həftədə bir neçə dəfədən çox toyuq yeməyi tərgitməyi tövsiyə edib. Toyuq əti istehlakını 2 dəfəyə qədər azaltmaq daha yaxşıdır. Fakt budur ki, toyuqda yüksək səviyyədə xolesterol var. Müqayisə üçün: 100 qram toyuq ətinin tərkibində təxminən 60 mq xolesterol var. Eyni çəkidəki dana və ya mal əti parçasından bir qədər az.

    Əgər ki, ateroskleroz kimi təhlükəli bir patologiyaya meyllisinizsə, bu o deməkdir ki, risk altındasınız və mütləq olaraq hər gün toyuq yeməməlisiniz. Axı ateroskleroz, qan damarlarının daxili astarına artıq xolesterolun tökülməsi ilə əlaqələndirilir.

    Xroniki xəstəliklərə əlavə olaraq toyuq ətinə həddindən artıq sevgi digər kədərli nəticələrə səbəb ola bilər. Bol yağda qızardılmış toyuq ayaqları – təhlükəli trans yağı mənbəyidir. ABŞ-da qida məhsullarının və dərman vasitələrinin keyfiyyətinə sanitar nəzarəti həyata keçirən idarə 2015-ci ildə qəti şəkildə trans yağlarının insan orqanizmi üçün zərərli olduğunu tanıdı. Məsələ burasındadır ki, onlar əqli fəaliyyətə neqativ təsir edir, fəallığı aşağı salır, həmçinin ürəyin işemik xəstəliyini provokasiya edə bilər .

    Eyni zamanda, orta miqdarda toyuq əti yemək nəinki faydalı, hətta bədənimiz üçün çox zəruridir. Təsadüfi deyil ki, soyuqdəymə zamanı həkimlər məhz toyuq bulyonunu yeməyi məsləhət görürlər. Toyuq ətinin tərkibindəki faydalı maddələr və vitaminlər bədənimizi tonusda və çəkimizi nəzarətdə saxlamağa kömək edir. Ancaq hər gün toyuq yemək lazım deyil : əlavə sağlamlıq problemləri nəyə lazımdır? Toyuq yeməklərini lobya, tofu və balıq kimi bitki əsaslı zülal mənbələri ilə əvəz etmək daha yaxşıdır.//ena.az

  • Qucaqlaşma sevgisinin irsi olduğu müəyyənləşib

    Kişilərdən fərqli olaraq qadınlarda qucaqlaşma sevgisi irsidir.

    Median.Az xəbər verir ki, bu qənaətə ABŞ-ın Arizona Universitetinin alimləri gəliblər.

    Məlumata görə, qadınlarda toxunuş sevgisi 45% irsi, 55% isə mühitin təsiri altında formalaşır. Bununla belə, genetika kişilərdə həlledici rol oynamır. Bu, kişilərdə ətraf mühitin təsiri altında formalaşır.

    Bildirilib ki, araşdırmada yaşı 19-dan 84-dək 464 cüt əkiz iştirak edib. İştirakçılardan anket doldurmaq və onların incə hisslərdə nə dərəcədə olduqlarını qiymətləndirmək istənilib. Daha sonra alimlər nəticələri müqayisə ediblər.

    Məlum olub ki, qucaqlaşmağa meyilli olan insanlar sosial məsafə zamanı müəyyən “toxunuş aclığı” yaşayırlar.

  • Qoyun ətini necə seçməliyik? – Araşdırma

    Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisləri Q.Ş.Cəlladov, R.B.Səfərova, K.N.Orucova qoyun ətinin xüsusiyyəti və qida dəyəri haqqında məqalə hazırlayıb.

    Median.Az medicina.az-a istinadən həmin məqaləni təqdim edir:
    “Azərbaycanda qoyun əti digər ölkələrlə müqayisədə daha çox istehlak olunur. Bu qoyun ətinin ekoloji təmiz, keyfiyyətli və asan həzm olunması ilə yanaşı, diyetik xüsusiyyətləri ilə bağlıdır. Qoyun ətinin xarakterik xüsusiyyətlərindən biri də tərkibindəki kreatinin metabolizmi ilə əlaqədar spesifik dad və qoxuya malik olmasıdır. Qoyun ətinin tərkibi heyvanın cinsi, yaşı, cinsiyyəti, qidalanması, bəslənməsi, həmçinin stress amilləri ilə əlaqədar olaraq dəyişir. Qida əhəmiyyətinə görə quzu əti daha keyfiyyətli və diyetik sayılır. Qoyun ətinin enerji dəyəri 190-300 kkal/100 q intervalında dəyişir.

    Kimyəvi tərkibinə görə qoyun əti zülallar, yağlar, ekstraktiv maddələr, mineral maddələr, fermentlər, vitaminlər, karbohidratlar, su və digər qida maddələrindən təşkil olunmuşdur.

    Qoyun ətinin əzələ toxumasında birləşdirici toxuma zülalları (kollagen, elastin, mutsin, mukoidlər və b.) istisna olmaqla, zəngin və yüksək bioloji dəyərə malik zülal kompleksi cəmləşmişdir. Bu sıraya miogen, mioqlobin, qlobin, mioalbumin, miozin, aktin, aktomiozin, troponin, tropomiozintitin, desmolin və b. şamil etmək olar. Miogen əzələ zülallarının 20-30 %-ni təşkil edir və digər zülallardan fərqli olaraq ət qaynadılarkən asanlıqla bulyonun tərkibinə keçib, səthində köpük şəklində toplanır. Mioqlobin intensiv işləyən əzələlərdə daha çoxdur. Əzələ toxumasının rənginin qırmızı çalarlı olması mioqlobinin miqdarından asılıdır. Yaşlı heyvanlara nisbətən quzuların əzələ toxumasının tərkibində mioqlobin az olduğundan ətinin rəngi də solğun-çəhrayı olur. Miozin əzələ toxuması zülallarının 35 %-ni təşkil edir və bir hissəsi aktinlə birləşərək tərkibində əvəzolunmaz amin turşuları ehtiva edən aktomiozin kompleksinə çevrilir.

    Göründüyü kimi, qoyun ətinin tərkibindəki ümumi zülalların çox hissəsi sadə zülal fraksiyalarından təşkil olunmuşdur ki, bu da onun digər ət növlərindən fərqli olaraq dadlı və şirəli olmasını şərtləndirir. Həmçinin zülalların aminturşu spektrində demək olar ki, bütün amin turşuları balanslaşmış şəkildə iştirak edir. Qoyun ətinin tərkibində qliko-, lipo-, nukleo-, fosfoproteidlər və digər mürəkkəb zülallar da mövcuddur.

    Qoyun ətinin tərkibindəki ekstraktiv maddələr də xüsusi əhəmiyyəti ilə seçilir. Belə ki, azotlu ekstraktiv maddələr (kreatin, kreatinin, qlutation, karnozin, amin turşuları, purin və pirimidin əsasları və b.) ətin orqanoleptik xüsusiyyətlərini (konsistensiyası, dadı, qoxusu və s.), azotsuz ekstraktiv maddələr isə (qlikogen, dekstrinlər, qlükoza, süd turşusu, piroüzüm turşusu və b.) onun yetişmə prosesini tənzimləyir. Qoyun ətində qlikogenin miqdarı az (0,8 %) olsa da, heyvan kəsildikdən sonra onun süd turşusuna parçalanması ilə ətin pH göstəricisi turşuluğa doğru (pH<7,0) dəyişərək ətin yetişməsini sürətləndirir. Bundan başqa əmələ gəlmiş turş mühit mikroorqanizmlərin inkişafına şərait yaratmır və ətin tez xarab olmasının qarşısı alınır.

    Əzələ toxumasında lipidlərin (yağların) tərkibi heyvanın cinsi, yaşı, yemlənməsi və bəslənməsindən asılı olaraq dəyişir. Əzələ toxumasındakı yağların tərkibində mono-, di- və triasilqliserinlər, sərbəst yağ turşuları, sterinlər, fosfolipidlər, quyruqda toplanan yağların tərkibində isə doymuş ali yağ turşuları (stearin, palmitin, miristin və s.) ilə zəngin triasilqliserinlər (neytral yağlar) üstünlük təşkil edir. Nəzərə almaq lazımdır ki, mal ətinə nisbətən qoyun ətinin tərkibində zərərli xolesterolun miqdarı az, faydalı lesitinin miqdarı isə çoxdur. Məhz bu səbəbdən qoyun əti həm də diyetikdir. El arasında qoyun ətinin “ağır” olması kimi fikir dolaşır. Bu da lipidlərin tərkibində doymuş ali yağ turşularının çox olması ilə əlaqədardır. Yağların konsistensiyasının bərk olmasında doymuş yağ turşuları üstünlük təşkil edir. Bu səbəbdən də həzm pozğunluğu zamanı belə yağlar orqanizm tərəfindən çətin mənimsənilir.

    Qoyun ətinin tərkibi makro və mikroelementlər (Ca, P, Na, K, Cl, J, Zn, Co, Cu, Ni, Fe, Mn, Mo, F, S, Se və b.), vitaminlər (B1, B2, B3, B6, B12, A, K, E, D, biotin, fol turşusu və s.), həmçinin digər bioloji aktiv maddələrlə zəngindir. Buna görə də immun sistemi, ürək-damar sistemi və mərkəzi sinir sisteminin fəaliyyətinə stimullaşdırıcı təsir göstərir. Belə ki, tərkibində zülal və lesitinin çox olması ilə yanaşı, karbohidrat və xolesterolun az olması səbəbindən yağsız qoyun əti (adətən cavan heyvan nəzərdə tutulur) orqanizm tərəfindən asan mənimsənilir və diabet xəstələri üçün faydalıdır. Dəmir elementi və B12 vitamini ilə zəngin olduğundan xüsusən də dəmir defisitli anemiya zamanı istehlakı tövsiyə olunur. Tərkibində olan B qrup vitaminləri isə mərkəzi sinir sisteminin funksiyasını tənzimləyir. Ətin tərkibində zərərli xolesterolun miqdarının az olması həm də ürək-damar sisteminin fəaliyyətini nizamlayır və aterosklerozun qarşısını alır. Bu növ ətin istehlakı hamiləlik dövründə dölün inkişafına müsbət təsir edir. Çünki qoyun ətinin tərkibi fol turşusu ilə zəngindir. Mütəmadi istehlak olunan qoyun əti müxtəlif biokimyəvi prosesləri sürətləndirməklə, orqanizmin müdafiə sistemini səfərbər edir.

    Qoyun ətinin faydalı xüsusiyyətləri ilə yanaşı, zərərli təsirləri də vardır. Belə ki, yağlı qoyun ətində doymuş yağ turşuları çox olduğundan hipertoniya və mədə-bağırsaq xəstəlikləri zamanı istehlakı tövsiyə olunmur. Ətin tərkibində çox olan purin əsaslarının sidik turşusuna çevrilməsi səbəbindən oynaq, böyrək və öd kisəsi disfunksiyasından (artrit, nefrit, podaqra, xolesistit və s.) əziyyət çəkənlər üçün də istehlakı zərərlidir.

    Digər ət növləri kimi qoyun əti də sanitar-gigiyenik qaydalara uyğun tədarük və istehlak edilmədiyi təqdirdə bir sıra virus, mikroorqanizm və parazit mənşəli təhlükəli zoonoz xəstəliklərin və qida toksikoinfeksiyalarının mənbəyi ola bilər. Odur ki, müvafiq müşayiətedici baytarlıq sənədləri olmayan qoyunların kəsiminə yol verilməməlidir. Həmçinin ətin satışı sanitar-gigiyenik tələblər çərçivəsində həyata keçirilməli və ya evlərə təhlükəsiz çatdırılması təmin olunmalıdır. Unutmayın ki, ev şəraitində ətin təhlükəsiz hazırlanması üçün ayrı lövhə və bıçaqdan istifadə olunmalıdır. Bundan başqa ətin soyuducuda yerləşdirilməsi çarpaz çirklənmənin qarşısını alacaq şəkildə həyata keçirilməlidir. Qoyun əti yalnız termiki olaraq yaxşı bişirilmiş şəkildə istehlak olunmalıdır.

  • Bitki çaylarının qəbul edilməsi təsirli vasitədir

    Dünyada ən çox sevilən içkilərdən biri çay sayılır. Xüsusən də insan orqanizmi üçün faydalı olan bitki çayları əvəzolunmazdır. Bitki çaylarının qəbulu sağlamlığın qorunmasında, çəki atmaq, immunitet sisteminin gücləndirilməsi və bəzi xəstəliklərin müalicəsində istifadə edilən ən mühüm alternativ tibb üsullarından biridir. Ona görə də hansı bitki çayının nəyə yaxşı təsir etdiyini və hazırlanma qaydasını bilmək də vacibdir.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu deyib: “Bitki çaylarını dəmləyərkən onun temperaturu 70-80 dərəcədən çox olmamalıdır, çünki daha yüksək temperaturda dəmləyəndə təsiri bir qədər zəifləyir. Elə çay ola bilər ki, allergiyaya, mədə-bağırsaq sisteminin işinin pozulmasına səbəb olsun, ona görə də bunları nəzərə almaq lazımdır. Bitki çayları ilə müalicə iki aya qədər davam edə bilər”.

    Bitki çayları tərkibindəki efir yağları, antioksidantlar və digər birləşmələrə görə sağlamlıq üçün faydalı hesab olunur. Həkim-fitoterapevtin dediyinə görə, qida qəbulundan sonra həzm narahatlığı olduqda nanənin limonlu çaya qarışdırıb içilməsi ən yaxşı yardımçı vasitədir. Qara çaya razyana qatılıb içilməsi köp problemini aradan qaldırır. Qara çaya bir çubuq darçın əlavə edilməsi insulin çatışmazlığı zamanı faydalı təsir göstərir. Darçın şəkərə olan tələbatı və insulin çatışmazlığını aradan qaldırır.

    Bitki çaylarını mütəmadi olaraq həddindən artıq istifadə etdikdə sağlamlığa ciddi ziyan verə bilər. Mütəxəssislər hesab edirlər ki, bitki çaylarını istifadə etməzdən əvvəl onların tərkibi haqqında məlumatlı olmaq lazımdır.

    Həkim-fitoterapevt deyib: “Yuxarı tənəffüs yollarının problemi ilə üzləşəndə cökə çayından istifadə etmək olar, bal və limon əlavə edilmiş itburnu çayı da təsirli vasitədir. Sarıkök və zəncəfil çayı içilməsi də mikrobları məhv edir, iltihabı prosesin qarşısını alır”.

    Vitamin və minerallarla zəngin olan bitki çayları bədənin bir çox tələbatını ödəyir və bəzi fizioloji problemləri həll edir.

  • Hansı şifrələr zəif hesab olunur? – ŞİFRƏNİ MÜQAYİSƏ ET

    Güclü şifrələrin xüsusiyyətləri barədə danışmışdıq. İndi isə zəif şifrələr barədə qeyd edəcəyik. Ümidvarıq ki, son günlər daha vacib hiss etdiyimiz bu məqama diqqətlə yanaşacaqsınız.

    Median.Az ted.az-a istinadən bildirir ki, zəif şifrələr aşağıdakı xüsusiyyətlərə malikdir:

    – Şifrə 15 xarakterdən az uzunluqda olduqda.

    – Şifrə lüğətdə (milli və ya xarici) rast gəlinə bilən sözlərdən ibarət olduqda.

    – Şəxsin ailə üzvünün, dostunun, ev heyvanının, iş yoldaşının, film xarakterinin və s. adından ibarət olan şifrələr.

    – Kompüter firmalarının adları, terminlər, əmrlər, saytlar, şirkətlər, proqram təminatı adları və s. ibarət olan şifrələr.

    – Şəxsin çalışdığı qurumun adından ibarət olan şifrələr.

    – Şəxsin fərdi məlumatlarından ibarət şifrələr (ad, soyad, doğum tarixi, ünvan və s.)

    – Hərf və ya rəqəmlərdən ibarət şifrə modelləri (məsələn: aaabbb, qwerty, 12345 və s.)

    – Yuxarıda göstərilən parametrlərin tərsindən ibarət şifrələr. (məsələn: test> tset )

    – Yuxarıda göstərilən parametrlərin əvvəlinə və ya sonuna rəqəm artırmaqla yaradılan şifrələr. (məsələn: test1, 1test və s.)

  • Sovet yeniyetmələri müasir yaşıdlarından nə ilə fərqlənir? – ARAŞDIRMA

    Müasir yeniyetmələr daha ambisiyalıdır, özlərinə daha çox dəyər verirlər, sayğı duyurlar və özləri qarşısında daha çətin hədəflər qoyurlar.

    Median.Az “RİA Nauka”ya istinadən xəbər verir ki, bu qənaətə rusiyalı psixoloqlar gəliblər.

    Məlumata görə, araşdırmaçılar 31 il aradan sonra yeni metodika ilə yeniyetmələr arasında sorğu keçiriblər.

    Bildirilib ki, çağdaş yeniyetmələr sovet yaşıdlarından həm də daha az məsuliyyətli olmağı ilə fərqlənirlər. Ancaq alimlər bunu problem hesab etmir. Belə ki, onların fikrincə, cəmiyyət uşaqları müstəqillikdən qoruyur, beləliklə, onlara sadəcə bu duruma uyğunlaşmaq qalır.

    Bundan başqa, müasir yeniyetmələr “burada və indi” prinsipi ilə yaşayırlar. Onların şəxsi diləklərinin motivasiyası artıb, yaxın çevrənin arzularına isə daha az önəm verilməyə başlanılıb.

    Daha bir əhəmiyyətli fərq isə təhsilə yanaşmadadır. Sovet yeniyetmələri təhsilə darıxdırıcı rutin iş kimi yanaşırdılar. Onların müasir yaşıdları isə bu baxımdan daha biliyəmeyilli və fəaldırlar. Onların dərslərdən təəssüratları bir-biri ilə ziddir, lakin həmişə emosionaldır.

  • D vitaminin bədəndə rolu və vəzifələri – Hər gün 30 dəqiqə…

    COVID-19 epidemiyasından sonra immun sistemini gücləndirmək daha da gündəmə gəldi. Şübhəsiz ki, vitaminlər burda böyük rol oynayır. Bədən üçün zəruri olan və immunitet artırıcı təsir göstərən D vitaminini Günəşdən almaq daha asandır.

    Median.Az xəbər verir ki, türkiyəli mütəxəssislər D vitamininin bədən üçün əhəmiyyəti və faydaları tərəflərini sadalayıb.

    Əsasən günəş işığından və az miqdarda qidalardan əldə edilən D vitamini kalsiumun mənimsənilməsinə, sümüklərdə kalsiumun saxlanmasına və qandakı kalsiumun səviyyəsinə nəzarət etməyə kömək edir.

    Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) tərəfindən immun sistemini dəstəkləmək üçün təsdiqlənmiş D vitamini iki komponentdən ibarətdir: D2 vitamini və D3 vitamini. Vitamin D3 bədəndə günəş işığı ilə ifraz olunur. D vitamininin bu iki forması zənginləşdirilmiş qidalarda və qida əlavələrində olur.

    Yetərli D vitamini ifrazını təmin etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər gün maksimum günəşli havada 30 diqəqi gəzməyi tövsiyə edir. Yadda saxlayın ki, günəşli havada çox qalmaqla daha çox D vitamini etmək mümkün deyil. Çünki bədən avtomatik idarəetmə mexanizminə daxil olur və D vitamini aktiv olmayan törəmələrə çevrilir. D vitamini həbləri isə həkim nəzarəti altında istifadə edilməlidir.

    Xüsusilə, yağlı balıqları istehlak etmək və yumurta kimi keyfiyyətli protein qəbuluna diqqət yetirmək, orqanizmdə D vitamini səviyyəsini tarazlaşdırmağa kömək edir. Digər tərəfdən, D vitamini vacib olsa da, günəş yanıqlarından ehtiyatlı olmaq lazımdır. Çox yayılmış və çox vaxt ciddi qəbul edilməyən günəş yanıqları ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

    Körpələr, 4 yaşdan kiçik uşaqlar, 65 yaşdan yuxarı yaşlılar, hamilə qadınlar, günəş işığına məruz qalan işçilər, kök və xroniki xəstəliyi olan insanlar günəş vurması riski altındadır.

    Günəş vurmasından qorunmaq üçün maye qəbulunu artırmaq, günəş şüalarının pik saatlarında – küçəyə çıxmamaq, günəşə çıxmadan qoruyucu krem çəkmək və açıq rəngli, açıq rəngli paltar seçmək lazımdır. Kepka və şlyapa da görüləsi tədbirlər arasındadır.

  • Mütəxəssis saç tökülməsinin iki əsas səbəbini açıqladı

    Saç tökülməsinin iki əsas səbəbi stres və insan bədənində dəmir çatışmazlığıdır.

    Bunu “İzvestiya”ya həkim-dermatoloq Tatyana Yeqorova bildirib.

    Onun sözlərinə görə, güclü stres keçirdikdən sonra saçların tökülməsi birdən-birə deyil, bir neçə ay ərzində baş verə bilər. Mütəxəssis deyib ki, güclü narahatlıq bu problemin ən geniş yayılmış səbəblərindən biridir və bununla üzləşən zaman mütləq həkimə müraciət edilməlidir.

    Saç tökülməsinin ikinci əsas səbəbi olan dəmir çatışmazlığı aradan qaldırıldıqdan sonra saçlar daha qalın və güclü olur.

  • İnternetsiz oynaya biləcəyiniz 5 ən yaxşı oyun – SİYAHI

    Bəzən müxtəlif səbəblərdən internet olmayan yerlərdə uzun vaxt keçirməyimiz lazım gəlir. Bu vaxtı daha əyləncəli hala gətirməyin yollarından biri də oyun oynamaqdır.

    Median.Az ted.az-a istinadən internetə ehtiyac duyulmadan oynanılacaq 5 mobil oyunu təqdim edir:

    Sonic Dash

    İstehsalçı: SEGA
    Ölçü: 102 MB
    Qiymətləndirmə: 4,6/5
    Klassik qaçış oyunlarını 3D qrafiklər və sonsuz rejim ilə birləşdirən Sonic Dash müxtəlif səviyyələri və Sonic kainatından fərqli obrazlarla qarşımıza çıxır.

    Eternium

    İstehsalçı: Making Fun, Inc.
    Ölçü: 108 MB
    Qiymətləndirmə: 4,8/5
    Əgər Diablo oyunlarını sevir və hələ oynayırsınızsa, Eternium-u çox bəyənilən Diablo oyunlarının bir növ mobil versiyası kimi düşünə bilərsiniz. Üç fərqli dünyaya və bu dünyalar içərisində çoxsaylı tapşırığa sahi Eternium vaxtınızı əyləncəli keçirməyə kömək olacaq.

    Monument Valley 2

    İstehsalçı: ustwo games
    Ölçü: 252 MB
    Qiymətləndirmə: 4,8/5
    Bir çox oyun tənqidçisi tərəfindən tərif yağışına tutulan və müxtəlif mükafatlar alan Monument Valley 2 Journey kimi qrafik və atmosferilə olduqca uğurlu oyundur. Memarlıq və geometriyanın sehirli qarmaşıqlığına dayanan olan Monument Valley 2 bir platforma/tapmaca oyunu kimi dəyərləndirilə bilər.

    Plague Inc.

    İstehsalçı: Miniclip.com
    Ölçü: 52 MB
    Qiymətləndirmə: 4,3/5
    Son aylarda dünyada vüsət alan koronavirus pandemiyasından dolayı Plague Inc. oyunun adını eşitməyən yoxdur. Yeni bir virüs yaradıb bütün dünyaya yaymağa çalışdığımız bu oyunda fərqli oyun səviyyələrinə görə bəzi maneələr qarşımıza çıxır. Yaratdığımız virusu sağ tutumağa çalışdığımız bir vaxtda dünya ölkələri də müxtəlif vaksin və karantin tətbiqinə əl atırlar. Zamanın necə keçdiyini anlayamayacağınız oyun uzaq səyahət və uzun növbələr üçün əvəzedilməzdir.

    Smash Hit

    İstehsalçı: Mediocre
    Ölçü: 58 MB
    Qiymətləndirmə: 4,5/5

    Digər oyunlara nisbətən daha köhnə olan Smash Hit ilk çıxdığı illərdə çox məşhur idi. Mobil oyunların bugünkü qədər yayğın və çeşidli olmadığı günlərdə fərqli qrafika və atmosferilə oyunçuların qəlbinə yol tapan Smash Hit hazırda da kifayər qədər heyran kütləsinə sahibdir. Səviyyə və bölmə olmayan bu oyunda önümüzə çıxan şüa maneələri topla qıraraq irəliləyir öldükdə isə əvvəldən başlayırsınız.