Category: Şou Biznes

  • “Eurovision”da səslərimizi açıqlayan aparıcı bəlli olub – FOTO

    Ölkəmizin “Eurovision” mahnı müsabiqəsi üçün Azərbaycanın səslərini təqdim edən şəxs bəlli olub.

    Portuqaliyanın paytaxtı Lissabonda 12 may tarixində baş tutacaq finalda Azərbaycanın səslərini tanınmış aparıcı Tural Əsədov təqdim edəcək.

    Qeyd edək ki, Əsədov bundan öncə də Avropa tamaşaçısının qarşısına çıxaraq Azərbaycanın hansı ölkəyə nə qədər səs verməsi barədə məlumat verib.//oxu.az



  • Tanınmış aşıq vəfat etdi

    Tanınmış aşıq Azər Xanlaroğlu dünyasını dəyişib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Aşıq Azər bu gün səhər saatlarında müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında keçinib.

    Qeyd edək ki, Xanlaroğlu beş ildir hepatit xəstəliyindən əziyyət çəkirdi.


  • Röya bu mahnısına görə 15 min manat cərimələndi – VİDEO

    Tanınmış bəstəkar Nadir Əzimov əməkdar artist Röyanı məhkəməyə verib. Bəstəkarın iddiası Xəzər rayon məhkəməsinin qərarına əsasən qismən təmin edilib.

    Yenicag.az-a açıqlama verən N.Əzimov məsələyə belə aydınlıq gətirib:

    “Röyanı məhkəməyə iki il əvvəl vermişəm. O, mənim “Darıxdım” adlı mahnımı icazəsiz oxuyub, efirdə bir dəfə də olsun adımı çəkməyib. Mən də incidim və məhkəməyə müraciət etdim. Məhkəmənin qərarına görə, Röya 15 min manat təzminat ödəməlidir. Lakin o bunu ödəmək əvəzinə, apellyasiya məhkəməsinə müraciət edib”.

    “Bəstəkar müğənni ilə barışmaq barədə düşünürmü?” sualına aldığımız cavab belə olub:

    “Röya mənə müraciət edəndə, gec idi, artıq məhkəmə prosesi başlamışdı”.

    Qeyd edək ki, Röyanın vəkili qərardan apellyasiya məhkəməsinə şikayət edib.

  • Şou-biznesdə MÜHARİBƏ anonsu! Flora Kərimova Röyanı duelə çağırdı: İstədiyin məkanı seç

    “Abırsızlığın da həddi olar!” – Xalq artisti Flora Kərimova əməkdar artist Röya Ayxana növbəti dəfə köşə həsr edib.

    Median.Az məqaləni olduğu kimi təqdim edir:

    Sənin növbəti cəfəngiyatına cavab: Mən sənin öyrətdiyin insanların, məni söymək üçün hər gün sifarişinlə açılan yeni səhifələrin demaqoqluğuna fürsət verməmək, həm də sonrakı günlərin tarixləri ilə əlaqədar bu yazını konsertindən bir həftə sonra dərc edirəm.

    Röya, elə nağıl danışırsan ki, səni tanımayan elə bilər, Peyğəmbərdən hədis deyirsən!

    Başı bağlı olan-olmayan, imanlı-imansız – hamı kefindən, qeyri-kefindən əxlaqsızlığı seçənlərdən ötrü dua etməsə, Cəhənnəmə düşəcək? Belə çıxır ki, başını saxlamaqdan ötrü kiminsə atasını söyən Röya Cənnətə düşəcək, amma Röyaya dua etməyənlər Cəhənnəmdə yanacaq! Sən bu nağıllarla nəyi təbliğ edirsən, nəyi aşılayırsan…?

    Sən, Röya müzakirə olunduğunda nəinki ANALIĞIN, hətta BACILIĞIN, QIZLIĞIN, ÖVLADLIĞIN DA mövzudur. Əgər sən özünü Madonna, Beyons ilə bir tutursansa, öz sözünlə desək, 40 yaşında bir müğənni – sən indiyə qədər şou ya iyrənccəsinə vulqarlığın fərqində deyilsənsə, çətin bundan sonra olasan.

    Sən AZƏRBAYCANI təmsil edirsən və sənin ANALIQ MƏSULİYYƏTİNDƏN gedir söhbət, “ANA” adından yox!

    Bu dünya kimləri yetişdirmədi, kimləri sənətin zirvəsində illərlə saxlayıb yerə çırpmadı, kimləri şöhrətin baş gicəlləndirən dadı ilə aldadıb illərlə evində təkliyə düçar etmədi!

    Sənə dünyasını dəyişən Azərbaycan müğənnisi görk olmadısa, BÖYÜK sənəti, səsi böyük olan Hyustonun özünün həyatına, övladının taleyinə bir bax! Bəzən gələcəyi düşünməməyin nə faciələrə gətirdiyini bilmək lazımdır.

    Sənin övladına verəcəyin tərbiyə sənin davranışındır və əməllərindir. Bir neçə həftə əvvəl oturuşunun, hərəkətlərinin şahidi olduq. Mənim səndən iki dəfə böyük oğlum, kamillik yaşında qızım, 26 -18 yaşlarında oğul nəvələrim var. Və onlar utanmadan, FƏXRLƏ mənə ANAM-NƏNƏM deyə bilir, bu, mənim qazancımdır. Kaş sənin də oğlun nəvələrim yaşında olanda sənə – “Röya mənim anamdır” deyə bilsin, bu isə hələ sual altındadır. Gələcək göstərəcək.

    Bugünkü yaşayışından tutmuş, oxuduğun hər şeyə görə köhnələrə borclusan. Elə Zeynəbə, İlhaməyə, səni sən edən bəstəkarlara və İllah da Mənə ki, əsasını qoyduğum bu sənətdəki mənim tör-töküntümü təkrarlaya bilmirsən. Buna görə isə ölənə kimi borclu qalacaqsan!

    Paxıllığıma gəldikdə isə səni səndə paxıllıq çəkiləsi nə qadın xoşbəxtliyi olub, nə sənət böyüklüyü. Ümumən məni tanıyanlar bilir ki, xislətimdə paxıllıq yoxdur! Amma paxıllığın acı dadını məndən yaxşı bilə də bilməzsən. Nə mənim səsimdən böyük, nə mənim repertuarımdan böyük Azərbaycan tarixində müğənni olmadı. Bu gerçəkliyi bu yaşımda utanmadan deməyə haqqım var!

    Sənə çox da keçmiş olmayan bir tarixi xatırladım. Xatırladım ki, balıq hafizən oyansın. Elədiyin qələtlərə görə tənə yaşayanda (12 sentyabr 2017 Publika.az “Flora Kərimovadan Röya ilə bağlı İNANILMAZ SÖZLƏR”: “Mənim Röyaya iradım onun sənətinə görə olmayıb. Sənətə iradı təkbətək deyə bilərəm. Röyanın “Mənim keçmiş şəkillərimi pozun” çağırışını dəstəkləyirəm, onu alqışlayıram. Öz yerini yavaş-yavaş tapır. Oğul anasıdır. Bir sənətçidən öncə insanları Röyanın analıq hissinə hörmət etməyə çağırıram. Çünki bu dünyada ən ülvi hiss və uca yer ana olmaqdır. Ona sənət yolunda uğurlar arzu edirəm”), mən yenə sənə dəstək çıxdım. Bu idimi sənə olan paxıllığım ki, mənə etdiyin bir elə bağışlanmaz səhvlərinin üzərindən xətt çəkib, səni ANALIĞINA BAĞIŞLADIM! Sabahı gün çıxıb SAĞ OL-mu dedin!? Heç umacağımda olmayıb! Amma başından böyük əməllərinə nə yaxşı vaxt tapılır?! Sənə olunan yaxşılıqları görməzdən gəlib, məni “səhvlikdə” suçlamaq hansı KİŞİLİYİNƏ, hansı İNSANLIĞINA sığır!?

    Röya, sən özünə olduğundan çox önəm verirsən! İlhamə Quliyeva və kimlər daxil mənim üçün şahmat taxtasının heç “PEŞKA”sı da olmayıb ki, qala sən və sənin “ŞƏRƏF-ŞÖHRƏT”inə paxıllığım ola!

    Yenə vurğulayırsan ki, münasibətimin korlanmasının səbəbi İlhamə Quliyeva olub. Günahlarının səbəbini başqalarında axtarma! Bundan qabaq ən azı 20 sual verdim sənə, heç olmasa birinə cavab ala bildimmi? Yox, inanmıram cavabın olar.

    Bəli, müharibə şəraitində doğulan, atası cəbhədə vuruşan, kasıbların ən kasıbı günlərlə evində quru çörəyə möhtac olan və illər sonra varlıların ən varlısının, çoxlarının belə həsədlə baxdığı, sovetlər dövrünün ən dəbli, ən bahalı maşınlarını ilk sürən mən olmuşam. Amma bu, mənim nə davranışıma nə şəxsiyyətimə ələlxüsus də əxlaqıma yansımayıb. Nə o ac qarnım üçün KİMLƏRİNsə qapısını döymüşəm, nə də firavan günlər üçün ağız acıb dilənmişəm! Bu gün də eləyəm, sabah da elə olacağam. Bəs Sən necə, bu SÖZÜ özünə deyə bilirsən?

    Paltar söhbətinə gəldikdə, düşünmürəm kiminləsə çaş-baş salasan məni, amma yenə də aydınlıq gətirim.

    Heç bir kəs deyə bilməz ki, Flora məndən paltar kirayəyə alıb. Nəyim olub, utanmadan onu geyinmişəm. O sən dediyin hörməti mən pulla yox, geyimlə yox, o-bu ilə cirmaqlaşmaqla yox, illərlə qadağalarda olan səsimlə, qürur duyduğum vətəndaşlığımla qazanmışam. Hamam suyundan özünə dost tutma!

    Vedrələrin səsi qəbirdə də hələ kimlərinsə qulağını batırır! Heç kim hec nəyi unutmur. Səncə, qoyacaqlarmı ki, sənin oğlun sənin əməllərini unutsun!? Bəzən uşaqlar elə acımasız olur ki, əllərinə keçən hər fürsətdə sənin əskikliyini onun üzünə şillə kimi vuracaqlar. Oğlun səni bağışlaya bilər, amma əməllərini unutmayacaq. Bu isə səndən asılıdır!

    P.S. Bu təklifi vaxtı ilə İlhaməyə də vermişəm və indi Zeynəb və sənə də deyirəm. İstədiyin məkanı, televiziyanı (özəl, qeyri-özəl) tap, istədiyin jurnalist kampaniyasını yığ, canlı görüşək, cəsarətin çatarsa! İnan ki, bu yaşımda ağıl və məntiqimlə sənin kimilərinin ağzını yummağa qüdrətim çatır!

    P.P.S. Yenə təkrar edirəm: ABIRSIZLIQLA ƏXLAQSIZLIQ ƏL-ƏLƏ VERƏNDƏ ADAMIN EVİ YIXILIR!
    /baku.ws

  • Ölkənin ən bahalı şousunun başlanmasına sayılı günlər qalır – FOTO

    Ölkənin ən bahalı və ən reytinqli şousunun başlanmasına sayılı günlər qalır. “Maşın” şou mayın 28-də ATV-də ilk efir həyəcanını yaşayacaq.

    Median.Az “M Group Production”dan aldığı məlumata görə, növbəti dəfə 18 məşhur insan maşın uğrunda mübarizə aparmağa hazırlaşır. Bütün Azərbaycanı ekrana bağlayan “Maşın” realiti şounun iştirakçı heyəti də artıq bəllidir. Demək olar ki, iştirakçı seçimi yekunlaşıb. İştirakçıların hamısı tanınan, sevilib-seçilən məşhurlardır. Heyətin tərkibində bu şouda bir neçə dəfə iştirak etmiş şəxslər də var, ilk dəfə şouya qatılanlar da… Lakin bu dəfə yeni adlar çoxluq təşkil edir. Müxtəlif kanalların siması olan tanınmış aparıcıların iştirakı da gözləniləndir. “Maşın”ın 16-cı sürətində də hər kəsi sürprizlərlə dolu bir həyəcan gözləyir. Layihə rəhbəri və aparıcı hər zamankı kimi əməkdar artist Murad Dadaşovdur.

    Qeyd edək ki, Azərbaycan teleməkanında ən uzunömürlü realiti şou olan “Maşın” ilk efir gününə qədər bir çox məşqlərdən və hazırlıq dövründən keçir. Belə ki, realiti şou üzərində zəhmət çəkən kollektiv ciddi rejimdə hazırlıqlar aparır və gündəlik toplantılar edir. Toplantılarda “Maşın”ın konsepsiyası düşünülür və konsepsiyaya uyğun dekorun hazırlanması üçün danışıqlar gedir.

    Onu da vurğulayaq ki, “Maşın” realiti şou bu dəfə 2 önəmli nüansla daha da yadda qalmağa çalışacaq. Belə ki, “Maşın” şounun müəllif hüquqlarının sahibi olan “MGP” özünün 15 illik yubileyini və cümhuriyyətimizin 100 illiyini xüsusi formada qeyd etmək üçün maraqlı ideyalar düşünür. Bayram günü münasibəti ilə studiyaya sürpriz qonaqlar da dəvət olunacaq.

    Yeni loqonun və konsepsiyanın tizeri üzümüzə gələn həftədən etibarən yayıma buraxılacaq. “Maşın”ın yaradıcı heyəti iştirakçıların asudə vaxtlarını maraqlı keçirmələri üçün gündəlik proqram düşünüb hazırlamağa da başlayıb.

    Beləliklə “Maşın” realiti şou 16-cı möhtəşəm sürəti ilə may ayının 28-dən etibarən reytinqləri alt-üst etməyə gəlir…











  • Rusiya “Eurovision”da finala keçə bilmədi – VİDEO

    Rusiya “Eurovision” mahnı müsabiqəsinin final mərhələsinə keçə bilməyib.

    İkinci yarımfinalın nəticələrinə əsasən finala Serbiya, Moldova, Macarıstan, Ukrayna, İsveçrə, Avstraliya, Norveç, Danimarka, Sloveniya və Hollandiya adlayıb.

    Qeyd edək ki, rusiyalı müğənni Yuliya Samoylova “I Won’t Break” mahnısı ilə “Todes” balet qrupundan olan rəqqasların müşayiəti ilə çıxış etmişdi.

    Bir neçə gün əvvəl “Eurovision-2018”in ilk finalçılarının adları məlum olmuşdu.

    Konkursun finalına Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya və İrlandiya vəsiqə qazanıb

    “Eurovision 2018” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Məmmədova finala keçə bilməyib.

  • “Maşın” şouda iştirak edəcək 3 məşhurun adı bəlli oldu

    Gərgin mübarizə, yuxusuz gecələr, ac və susuz vəziyyətdə saatlarla avtomobil ətrafında dayanan tanınmışlar…

    Bəli, məşhurlar arasında ən qızğın söz davalarına səbəb olan “Maşın” realiti şousu yenidən efirə qayıdır.

    Ramazan ayında yayımlanması nəzərdə tutulan verilişin iştirakçıları barədə hələlik açıqlama verilməsə də, Minval.info bəzi adlar əldə edə bilib.

    Belə ki, meyxanaçı Pərviz Bülbülə, onun duet ortağı Türkan Vəlizadə və müğənni Damla avtomobilin üzərinə əllərini qoyaraq 18 gün boyunca mübarizə aparacaqlar. Bundan əlavə Şəbnəm Tovuzlunun da yarışmaçılar arasında olması gözlənilir.

    Şounun qalibinə təqdim ediləcək bahalı maşının markası isə hələ bəlli deyil.

    Qeyd edək ki, əməkdar artist, tanınmış şoumen Murad Dadaşovun “Maşın” realiti şousu 2005-ci ildən efirdədir. Sonuncu şou ötən ilin oktyabrında keçirilib və müğənni Talıb Tale “Nissan Altima” avtomobilinə sahib olub.

  • Maral Tahirqızının imicini dəyişdilər – Video

    Müğənni Maral Tahirqızı imicinə əl gəzdirib.

    Lent.az-ın məlumatına görə, ifaçı bunun üçün stilist Natiq Cavadovun yanına yollanıb. İmic ustası M.Tahirqızının makiyajını və saç düzümünü fərqli üslubda bəzəyib.

  • Space TV-də Natəvan Həbibi davası: Jurnalistin iradı qalmaqalla bitdi – VİDEO

    Əməkdar artist Çingiz Əhmədovun Space TV-dəaparıcısı olduğu “Yerimdəyəm” verilişində qonaqlar arasında gərginlik yaşanıb.

    Jurnalist Zülfiyyə Qurbanova müğənni Əminə Şirin ifasına irad bildirib.

    Jurnalist müğənnini Natəvan Həbibini yamsılamaqda, təkrarlamaqda günahlandırıb. Əminə jurnalistin iradını əsəblə qarşılayıb. Tərəflər arasında kiçik mübahisənin ardından ifaçı iraqları qismən qəbul edib, hətta özünü Natəvan Həbibidən üstün ifaçı olduğunu deyib:

    “Əvvəla, bu mənim özümdən asılı olan bir şey deyil. Bəlkə də haradasa tembrimiz oxşaya bilər. Natəvanin özü ilə də münasibətimiz çox gözəldir, yaxşı oxuyandır. Amma bu bənzətmə mənim əlimdə olan bir şey deyil. Sadəcə bir fərq var, Nata sırf estrada oxuyur və çox gözəl alınır. Mən isə həm bütün janrlarda oxuya bilirəm. Yenə də deyirəm, tembr haradasa bənzəyə bilər. Həbibi mənim kimi muğam, xalq mahnıları, Qrup dövründə mən birinci tanınsaydım (Qeyd: Natəvan Həbibi və Əminə Şirin “W-Trio”nun eks üzvləridir), o zaman deyəcəkdilər ki, Natəvanın səsi Əminənin səsinə oxşayır”.

    Tamaşaçılar da müğənnini fonaqram oxumaqda qınayıblar və canlı ifa tələb ediblər.

    Jurnalistlə-müğənni arasında yaşanan gərginlik, daha doğrusu mübahisə efirə ixtisarla verilib./baku.ws

  • Aysel Məmmədova: Qalib olmağa gücüm yox idi

    “Eurovision 2018” mahnı müsabiqəsində uğursuzluqla qarşılaşan Aysel Məmmədova finala keçə bilməməsi ilə bağlı açıqlama verib.

    28 yaşlı ifaçı sosial media hesabından ona dəstək olan hər kəsə təşəkkür edib:

    “Xoş sözlərinizə görə çox təşəkkür edirəm. Bu, sizin kimi bizə də böyük sürpriz oldu. Çünki neçə aydır ki, bütün ruhumuzu və gücümüzü bu işə qoymuşduq…

    Təəssüflər olsun ki, “Eurovision” alqoritmi haqqında əvvəlcədən nə isə söyləmək çətindir. İlk gündən bizimlə olan, bizi izləyən, bizə dəstək olan və bu layihədə ən kiçik əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Heç nəyə baxmayaraq, müsabiqədən misilsiz təcrübə, böyük emosiya və çox müsbət təəssüratlar topladım.

    Çoxlu istedadlı musiqiçilər və yaxşı insanlarla tanış oldum, onlarla maraqlı anlar yaşadım.

    Musiqiçi kimi mənim üçün əsas və başlıca məqsəd ondan ibarət idi ki, ölkəmi layiqincə təmsil edim və mən bunu 100% bacardım. Biz bunu etdik, amma vəziyyətin gedişinə təsir göstərmək üçün gücüm yox idi.

    Yekun olaraq, lakin heç də az önəmli olmayan detalı vurğulamaq istəyirəm ki, hər şey daha yaxşı nəticə naminə baş verir. Tezliklə görüşənədək”.

    Qeyd edək ki, Azərbaycan 10 ildir iştirak etdiyi “Eurovision”da ilk dəfə finala keçə bilməyib.