Category: Siyasət

  • İlham Əliyev Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb

    Prezident İlham Əliyev Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.

    Median.Az President.az-a istinadən müraciətin mətnini təqdim edir:

    “Sizi Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının işə başlaması münasibətilə ürəkdən təbrik edirəm.

    Azərbaycan xalqının qədim mənəvi-əxlaqi dəyərlərinə söykənən ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir. Ağsaqqallara hörmət həm Azərbaycan şifahi xalq ədəbiyyatında, həm də yazılı ədəbiyyatında fundamental bir dəyər kimi daim ön planda yer alır. Təsadüfi deyil ki, xalqımızın tarixi keçmişini, adət-ənənələrini əks etdirən “Kitabi-Dədə Qorqud” dastanında ağsaqqal nəsihətinə və sözünə ehtiram ən yüksək əxlaqi keyfiyyət kimi təsvir olunub.

    Xalqımızın tarixi ənənələrini rəhbər tutaraq üzərilərinə düşən vacib missiyanı daim uğurla həyata keçirən ağsaqqallarımız cəmiyyətdə əxlaqi-mənəvi dəyərlərin qorunub saxlanmasının və nəsillərarası varisliyin təminatçısı olaraq çıxış edirlər. Eyni zamanda milli dövlətçilik ənənələrinin davam etdirilməsi və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində ağsaqqallarımızın müstəsna xidmətləri vardır.

    Məhz ağsaqqallarımızdan vətənpərvərlik və fədakarlıq tərbiyəsi alan gənclərimiz Vətən müharibəsində şanlı Zəfərimizin əldə olunmasında mühüm rol oynayıblar. 30 ildən çox torpaq həsrəti ilə yaşamış, müharibənin ağrı-acısını görmüş böyüklərimizin gənc nəslə aşıladığı milli qürur və Vətən sevgisi sayəsində xalqımızın müasir hərb tarixinə yeni bir səhifə yazıldı.

    Sevindirici haldır ki, bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər. Dünyada artan təhdidlər, xüsusilə də qloballaşma və sosial şəbəkə platformalarının zərərli təsirləri nəticəsində bir çox ölkələrdə milli-mənəvi və ailə dəyərlərinin deformasiyaya uğraması Azərbaycanda mövcud olan ağsaqqallıq institutunun əhəmiyyətini və rolunu daha qabarıq şəkildə vurğulayır. Gənclərimizi milli vətənpərvərlik və öz köklərinə bağlı ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək ağsaqqallarımız qarşısında duran əsas vəzifələrdən biridir.

    Keçən əsrin sonlarında yaranan və sıralarında həyatını cəmiyyətə xidmətə həsr etmiş tanınmış xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası böyük yol keçərək bu gün də ölkəmizin inkişafına töhfə verir. Şura ölkənin ictimai-siyasi və humanitar inkişafında, cəmiyyət həyatının aktual məsələlərinin həllində və gənc nəslin tərbiyəsində iştirak edir.

    İnanıram ki, IX Qurultayda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar Ağsaqqallar Şurasının fəaliyyətinin təkmilləşdirilməsinə, ölkənin ictimai-siyasi həyatında təşkilatın rolunun daha da güclənməsinə xidmət edəcəkdir.

    Qurultayın işinə uğurlar, hər birinizə isə möhkəm cansağlığı, uzun ömür, dəyərli ictimai fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.

  • Latviya prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb – FOTO

    Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 23-də başa çatıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Latviya Prezidenti Edqars Rinkeviçsi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.

  • Qriqoryan: Bakı ilə sülh İrəvanın xarici çağırışlara qarşı durma qabiliyyətini artırıb

    2025-ci ildə Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanması İrəvanın regiondakı münaqişələr kimi çağırışlara və mənfi nəticələrə qarşı durma qabiliyyətini artırıb.

    “Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bunu həmin ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yunanıstanda keçirilən Delfi İqtisadi Forumunda deyib.

    Onun sözlərinə görə, Ermənistan Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinin Cənubi Qafqaza mənfi təsiri fonunda qəti sülhün bərqərar olması üzərində fəal işləyir.

    “İrəvan Bakı ilə sülh sazişinin imzalanmasına yaxınlaşıb. Azərbaycanla imzalanan Vaşinqton sülh Bəyannaməsi regionumuza real sülh gətirdi. Bu, həm də bizə mənfi təsir göstərən regional münaqişələrin yaratdığı çətinliklərlə üzləşmək imkanlarımızı artırdı”, – A.Qriqoryan bildirib.

    O, həmçinin Ermənistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın Hörmüz boğazının bağlanması səbəbindən dünyada neftin qiymətinin artmasına baxmayaraq, ölkənin enerji bazarındakı vəziyyəti sabitləşdirməyə imkan verdiyini vurğulayıb.

  • İlham Əliyev: “Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır”

    “Təbii qaza hər zaman ehtiyac olub, son bir neçə ildə ehtiyac artmışdı, son bir neçə ayda isə daha da artmış oldu. Planımız istehsalı və mütləq şəkildə ixracı artırmaqdır. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayı 16-dır və bu göstərici üzrə biz dünyada birinci yerdəyik.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı deyib.

    “Biz ən böyük hasilatçı və ixracatçı deyilik, bizdən daha böyük oyunçular var. Lakin boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə biz birinciyik”, – deyə Azərbaycan Prezidenti əlavə edib.

  • İlham Əliyevin sosial şəbəkə hesablarında Latviya prezidenti ilə görüşündən görüntülər paylaşılıb – Video

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Latviya prezidenti ilə görüşündən görüntülər paylaşılıb.

    Paylaşımda deyilir:

    “Prezident İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs ilə görüşüb”.

  • Suriyadan beş Azərbaycan vətəndaşı ölkəyə gətirildi

    Suriya Ərəb Respublikasının münaqişə bölgəsindən 21 aprel 2026-cı il tarixində iki qadın və üç uşaq olmaqla, ümumilikdə beş Azərbaycan vətəndaşının Türkiyə üzərindən ölkəmizə repatriasiyası həyata keçirilib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

    Qeyd olunub ki, proses Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Azərbaycan Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”nın müvafiq müddəalarına uyğun baş tutub.

    İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə ərazisinə keçidi təşkil olunub.

    “İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyənin İstanbul şəhərinə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

    Azərbaycanın Türkiyədəki Səfirliyi və İstanbuldakı Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız ölkəmizə qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib.

    21 aprel 2026-cı ildə nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.

    Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

    Xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək”, – məlumatda qeyd olunub.

  • Edqars Rinkeviçs İlham Əliyevə təşəkkür etdi – FOTO

    Azərbaycanda səfərdə olan Latviya dövlət başçısı Edqars Rinkeviçs Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

    Latviya rəhbəri bununla bağlı özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

    “Azərbaycan Prezidenti İlham Əliyevlə olduqca səmimi və əhəmiyyətli danışıqlar həyata keçirdik. Görüş zamanı ikitərəfli əlaqələr, regional təhlükəsizlik və enerji sahəsindəki məsələlər diqqət mərkəzində oldu. Biz strateji tərəfdaş kimi iqtisadi və siyasi əməkdaşlığımızı bundan sonra da genişləndirəcəyik. Cənab Prezident, isti qarşılanmaya görə sizə təşəkkürümü bildirirəm”, – deyə o vurğulayıb.

  • İlham Əliyev və Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər (Yenilənib)

    Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə geniş tərkibdə görüşü keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqları salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:

    “Cənab Prezident.

    Nümayəndə heyətinin üzvləri.

    Əziz qonaqlar.

    Bir daha xoş gəlmisiniz. Cənab Prezidentlə müxtəlif məsələlər ətrafında əla müzakirəmiz oldu və işimizi nümayəndə heyətləri ilə birgə davam etdiririk. Bilirəm ki, səfərdən əvvəl çox işlər görülmüşdür, o cümlədən Hökumətlərarası Komissiyanın iclası çox uğurla keçirilmişdir. Həmçinin əminəm ki, bu gün keçiriləcək biznes-forum birgə işin aparılmasına olan qarşılıqlı maraq əsasında yaxşı nəticələr verəcək.

    Təbii ki, aramızda çox yaxşı siyasi əlaqələr mövcuddur. Bu gün onlar bir daha təsdiqləndi. Ticarəti və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşma və burada Azərbaycanda fəal şəkildə təşviq etdiyimiz bütün sahələrə aid olan məsələləri həll etmək məqsədilə əməkdaşlığımıza dair praktiki məsələləri nəzərdən keçirməliyik.

    Əlbəttə, biz regionumuzda siyasi hadisələri geniş şəkildə müzakirə etdik və həmin müzakirəni cənab Prezidentlə davam etdirəcəyik. Əminəm ki, nümayəndə heyətlərinin üzvləri də bu vaxtdan istifadə edərək, ikitərəfli tərəfdaşlığımızın ən mühüm məsələlərini müzakirə edəcəklər. Mən dəvətimi qəbul etdiyinə görə cənab Prezidentə olduqca minnətdaram, onu yenidən görməyimə çox şadam. O, əvvəlki vəzifəsində olarkən Bakıda dəfələrlə olub. Mən hər zaman görüşlərimizdən məmnun qalmışam. Sizə bu dəfə də Azərbaycanda xoş səfər arzu edirəm. Bir daha xoş gəlmişiniz”.

    Sonra Latviya Prezidenti Edqars Rinkeviçs çıxış edərək deyib:

    “Çox sağ olun, cənab Prezident. Dəvətə və çox səmimi qonaqpərvərliyə görə olduqca minnətdaram.

    Görüşümüz əsnasında Sizə söylədiyim kimi, Bakıya sonuncu səfərimdən, demək olar ki, 9 il ötür. O, 2017-ci ildə baş tutmuşdu. Şəhəri tanımaq olmur. Düşünürəm ki, bu vaxta qədər şahidi olduğumuz inkişaf böyük təəssürat bağışlayır. Mən Sizi və Azərbaycan xalqını həm siyasi, həm iqtisadi inkişaf, həmçinin uzun çəkən məsələnin həlli münasibətilə təbrik etmək istəyirəm.

    Haqlı olaraq qeyd etdiyiniz kimi, təkbətək görüşümüzdə Yaxın Şərqdə və Avropada siyasi hadisələrə, regional təhlükəsizliyə aid bir sıra məsələləri artıq müzakirə etdik. Təsdiqləmək və bir daha vurğulamaq istədiyim məqam odur ki, Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir. Siyasi və iqtisadi əməkdaşlığımızın real dəyərini görürük. Nümayəndə heyətimdən gördüyünüz kimi, hətta ikinci cərgədə də çox təmsilçilərimiz var. Nümayəndə heyətini ixtisar edə bilmirdim, çünki hamı burada olmağa, çox praktiki məsələləri müzakirə etməyə maraq göstərir. Mən, həmçinin Hökumətlərarası Komissiyanın işini alqışlamaq istəyirəm”.

    * * * * *

    Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış edirlər.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

  • Latviya Prezidenti: “Sülh sazişinin imzalanması təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq”

    “Cənab Prezident, Sizi və Azərbaycan xalqını artıq paraflanmış sülh sazişi ilə bağlı təbrik edirəm. Ümid edirik ki, sülh sazişi tezliklə imzalanacaq. Bu, təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

    Latviya prezidenti bugünkü görüşdə regional proseslərin ətraflı müzakirə edildiyini də vurğulayıb.

    “Azərbaycanın Trans-Xəzər nəqliyyat dəhlizi və enerji dəhlizində rolunu xüsusilə qeyd etmək istərdik. Bu, həm Latviya, həm də Avropa İttifaqı üçün əhəmiyyətli məsələdir”, – deyə Latviya prezidenti qeyd edib.

  • Prezident: “Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir”

    “O vaxtdan (Ağ Evdə Birgə Bəyannamənin imzalanması – red.) bəri bir çox irəliləyiş olub. Ticarət edilir, xüsusilə də Azərbaycandan Ermənistana yanacaq məhsulları ixrac olunmağa başlayıb”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında səsləndirib.

    Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətinin, media nümayəndələrinin qarşılıqlı səfərlərinin və görüşlərinin olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bunun normal mühitin bərqərar edilməsinə töhfə verdiyini vurğulayıb.