Category: Siyasət

  • İlham Əliyevin birdəfəlik ödənişlərlə bağlı yeni sərəncamı neçə nəfərə şamil olunacaq?

    Prezident İlham Əliyevin yeni “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı həmin kateqoriyalara aid vətəndaşlara növbəti yüksək diqqət və qayğını ifadə edir.

    Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 81-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2750 manat birdəfəlik maddi yardım ödəniləcək.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 1500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

    Sərəncamın ümumilikdə 2 minə yaxın şəxsə şamil olunacağı gözlənilir ki, onlardan 13-ü İkinci Dünya müharibəsi iştirakçılarıdır.

    Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

  • Rəsmi Bakıdan Ermənistanda Türkiyə bayrağının yandırılmasına REAKSİYA

    “23 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində “məşəl yürüşü” zamanı Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik”.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Türkiyə bayrağının Ermənistanda yandırılması ilə bağlı bəyanatında bildirilib.

    Qeyd olunub ki, Ermənistan hökuməti etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyanın qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi:

    “Bu kimi qəbuledilməz aktlara demokratik normalar, sərbəst toplaşmaq və fikir azadlıqları əsas gətirilərək göz yumulması tamamilə qəbuledilməzdir.

    Ermənistanda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan faşist düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır.

    Ermənistan hökumətini bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”.

  • İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM

    1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

    Sərəncama görə, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 750 (iki min yeddi yüz əlli) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 500,0 (bir min beş yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

    Bununla bağlı Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 (üç) milyon manat vəsait ayrılıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulmuş vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

  • İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 1453.09 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna veriləcək.

  • “Euronews”da Azərbaycanın WUF13-ə hazırlığından reportaj yayımlandı – Video

    “Euronews” telekanalında Azərbaycanın 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlığına həsr olunmuş reportaj yayımlanıb.

    Telekanal Azərbaycanın nüfuzlu foruma ev sahibliyi edəcək ölkə kimi ortaq problemlərin həlli üçün qlobal dialoqa, əməkdaşlığa və bilik mübadiləsini beynəlxalq auditoriyaya çatdırmağa çalışır.

    Telekanal bildirir ki, Azərbaycanın təqdim etdiyi təşəbbüslər ölkənin şəhərlərin bərpası, münaqişədən sonrakı inkişaf, iqlim dəyişikliyinə uyğunlaşma, nəqliyyat və innovasiyalar sahəsindəki təcrübəsini bölüşməyə yönəlib və bu, forumu xüsusilə əhəmiyyətli hadisəyə çevirir.

  • Samir Şərifova yeni vəzifə verildi – SƏRƏNCAM

    Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə tərkibində dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, komissiyanın Azərbaycan tərəfdən sədri vəzifəsində Azərbaycan Respublikasının energetika nazirini Baş nazirinin müavini Samir Şərifov əvəz edib.

    Bundan başqa, energetika nazirinin müavini, ekologiya və təbii sərvətlər nazirinin müavini və Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri tərkibə daxil ediliblər.

  • Hikmət Hacıyev slovakiyalı səfirlə iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov ilə görüşüb.

    E.Qasımov bu barədə “X” sosial şəbəkə hesabında yazıb.

    “Biz Slovakiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini müsbət qiymətləndirdik. Bu, qarşıdan gələn çoxsaylı yüksəksəviyyəli səfərlərlə təsdiqlənir. Əməkdaşlığımızın daha da möhkəmləndirilməsini səbirsizliklə gözləyirəm”, – deyə o bildirib.

  • Azərbaycan Prezidenti: “Bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər”

    “Sevindirici haldır ki, bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına ünvanladığı müraciətdə bildirilib.

    Dövlətimizin başçısı qeyd edib ki, dünyada artan təhdidlər, xüsusilə də qloballaşma və sosial şəbəkə platformalarının zərərli təsirləri nəticəsində bir çox ölkələrdə milli-mənəvi və ailə dəyərlərinin deformasiyaya uğraması Azərbaycanda mövcud olan ağsaqqallıq institutunun əhəmiyyətini və rolunu daha qabarıq şəkildə vurğulayır.

    “Gənclərimizi milli vətənpərvərlik və öz köklərinə bağlı ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək ağsaqqallarımız qarşısında duran əsas vəzifələrdən biridir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

  • İlham Əliyev: “Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin inkişafına töhfə verir”

    “Keçən əsrin sonlarında yaranan və sıralarında həyatını cəmiyyətə xidmətə həsr etmiş tanınmış xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası böyük yol keçərək bu gün də ölkəmizin inkişafına töhfə verir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

    Dövlətimizin başçısı qeyd edib ki, Şura ölkənin ictimai-siyasi və humanitar inkişafında, cəmiyyət həyatının aktual məsələlərinin həllində və gənc nəslin tərbiyəsində iştirak edir.

  • Prezident: “Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir”

    “Azərbaycan xalqının qədim mənəvi-əxlaqi dəyərlərinə söykənən ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

    Dövlətimizin başçısı qeyd edib ki, ağsaqqallara hörmət həm Azərbaycan şifahi xalq ədəbiyyatında, həm də yazılı ədəbiyyatında fundamental bir dəyər kimi daim ön planda yer alır. Təsadüfi deyil ki, xalqımızın tarixi keçmişini, adət-ənənələrini əks etdirən “Kitabi-Dədə Qorqud” dastanında ağsaqqal nəsihətinə və sözünə ehtiram ən yüksək əxlaqi keyfiyyət kimi təsvir olunub.