Category: Siyasət

  • İlham Əliyev latviyalı həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb

    Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında bildirib.

    Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülhün olduğunu, hər iki ölkənin liderinin ötən il Ağ Evə dəvət edildiyini, Birgə Bəyannamənin imzalandığını, xarici işlər nazirləri tərəfindən sənədin paraflandığını diqqətə çatdırıb.

  • İlham Əliyev: “Əminəm ki, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq”

    “Əminəm ki, Latviya prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında bildirib.

    Dövlətimizin başçısı latviyalı həmkarı ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin müxtəlif aspektlərini müzakirə etdiklərini, eyni zamanda, beynəlxalq məsələləri nəzərdən keçirdiklərini vurğulayıb.

  • Alyona Əliyeva Dövlət Uşaq Filarmoniyasının solo konsertindən paylaşım edib – FOTO

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial şəbəkə hesabında Beynəlxalq Rəqs Gününə həsr olunmuş Dövlət Uşaq Filarmoniyasının solo konsertindən paylaşım edib.

    Paylaşımda deyilir:

    “Gözəl anlara və nümayiş olunan istedada görə ansamblın hər bir üzvünə təşəkkür edirəm”.

    Həmin paylaşımı təqdim edirik:

  • İlham Əliyevin Latviya prezidenti ilə təkbətək görüşü olub – FOTO

    Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə təkbətək görüşü olub.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.



  • Latviya prezidentinin rəsmi qarşılanma mərasimi olub – FOTO

    Aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin rəsmi qarşılanma mərasimi olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Latviya prezidentinə raport verib.

    Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

    Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Edqars Rinkeviçsə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunublar.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Edqars Rinkeviçsin qarşısından keçib.

    Dövlət başçıları rəsmi foto çəkdiriblər.












  • Latviya Prezidenti Azərbaycana gəldi

    Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs aprelin 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Latviya Prezidenti Edqars Rinkeviçsi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

  • Güzəştli ipoteka ala biləcək şəxslərin SİYAHISI genişləndirildi – FƏRMAN

    “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Dəyişikliyə əsasən, 3 il stajı olan məhkəmə hakimləri də güzəştli ipoteka krediti ala biləcəklər.

  • Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

    Ukraynanın Azərbaycandakı səfirliyində Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı ilə görüş keçirilib.

    Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev “X” sosial şəbəkə hesabında yazıb.

    “Keçən il Tokioda keçirilmiş UMAC (Ukraine Mine Action Conference 2025) zamanı imzalanmış Anlaşma Memorandumuna əsasən ANAMA (Azərbaycan Minatəmizləmə Agentliyi) ilə əməkdaşlıq davam edir”, – o bildirib.

    Y.Qusevin sözlərinə görə, təlim, təcrübə mübadiləsi və minatəmizləmə fəaliyyətində konkret addımlar atılır:

    “Həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarıq”, – səfir qeyd edib.

  • “Türkiyə quru sərhədini Azərbaycana görə açmır” – Simonyan

    Ermənistan Parlamentinin sədri Alen Simonyan Ermənistan-Türkiyə quru sərhədinin açılmamasının səbəblərini açıqlayıb.

    Simonyan İstanbulda Ermənistan mətbuatının nümayəndələri ilə görüş zamanı sərhədin niyə açılmaması sualına cavab verib.

    “Əlbəttə ki, nə gözləməli olduğumu deyə bilmərəm. Əvvəlcə deyilirdi ki, Dağlıq Qarabağ məsələsi həll olunmazsa, sərhəd açılmayacaq. Sonra Qarabağ məsələsinin həll olunduğunu elan etdilər. Bundan sonra Ermənistan-Azərbaycan sülh müqaviləsi irəli sürüldü. Biz bu müqaviləni müzakirə etdik. Bu, mürəkkəb və uzun bir proses idi, amma 17 bənd üzrə razılığa gəldik. İmzalanma üçün görüşdük, əl sıxdıq, amma yenə də proses başa çatmadı”, – Simonyan bildirib.

    Simonyan həmçinin Azərbaycanın bu prosesdəki roluna da toxunub: “Lobbiçilik və təsir gücü ilə deyə bilərəm ki, hazırda Azərbaycan prosesə mane olur, çünki bir tərəfdən bizimlə danışıqlar aparır, digər tərəfdən isə Türkiyənin bizimlə danışıqlar aparmasına imkan vermir. Bu, qəribə bir vəziyyətdir. Görünür, Türkiyə bu münasibətlərin əsirinə çevrilib”.
    //unikal.az

  • Milli Məclisdən Belçika və Niderlandın qərəzli qərarlarına etiraz

    Belçika və Niderlandın Nümayəndələr Palataları 2026-cı il aprelin 16-da Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlara zərbə vurmaq məqsədi daşıyan qətnamələr qəbul etmişdir. Azərbaycan Respublikasının Milli Məclisi ölkəmizin suveren ərazisinə təhrif edilmiş formada istinad edən, saxta iddialar və əsassız ittihamlar üzərində qurulmuş bu birtərəfli və qərəzli sənədləri kəskin şəkildə qınayır və qətiyyətlə rədd edir.

    Bu fikirlər Milli Məclisin məsələ ilə bağlı açıqlamasında yer alıb.

    Açıqlamada, həmçinin qeyd olunur: “Azərbaycan ilə Ermənistan arasında mövcud olmuş münaqişənin tarixini və nəticələrini təhrif edən, ənənəvi anti-Azərbaycan, islamofob dairələrin qeyri-sağlam və irqçi təxəyyülündən irəli gələn bu sənədlər beynəlxalq hüququn və qanunun aliliyinin kobud şəkildə pozulması, regionda davam edən və həssas mərhələdən keçən sülh prosesinə qarşı təxribatdır.

    Bu sənədlərin xüsusilə Azərbaycan və Ermənistanın parlament sədrlərinin növbəti görüşünün keçirildiyi bir vaxtda qəbul edilməsi onların “təşəbbüskarları”nın regiondakı reallıqlardan uzaq olduqlarını, əsl niyyətlərinin sülh və dialoqu təşviq etmək deyil, məhz düşmənçiliyi və qisasçılığı qızışdırmaq olduğunu bariz şəkildə göstərir.

    Belçika Nümayəndələr Palatasının qəbul etdiyi sənəddə tarixi Vaşinqton Sülh Sammitinə heç bir istinadın olmaması, Sammitin nəticələrinin, o cümlədən “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”in paraflanmasının qeyd edilməməsi sənədin müəllifləri və onun lehinə səs verənlərin mövzu ilə bağlı “savadlılığı”nın və xroniki hal almış qərəzliliyinin daha bir əyani nümunəsidir.

    Azərbaycan-Ermənistan sərhədində vəziyyəti hərbi baxımdan riskli hesab edən və bunu Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının davamlı fəaliyyəti üçün əsas kimi qələmə verən sənəd müəlliflərinin qiymətləndirmələri, ilk növbədə, Ermənistanın rəsmi şəxslərinin ictimaiyyətə açıqlanan mövqeyi ilə ziddiyyət təşkil edir. Məhz Azərbaycan tərəfinin sülhə yönəlmiş addımları və məsuliyyətli davranışı nəticəsində son iki il sərhəddə hər hansı hərbi insidentin baş vermədiyi ən sakit dövr kimi xarakterizə olunur və bu, Ermənistan tərəfindən də təsdiq edilir.

    Müharibə və insanlıq əleyhinə cinayətlər törətdiyi şəffaf və açıq hüquqi proses yolu ilə sübuta yetirilmiş şəxsləri “müharibə əsiri” kimi qələmə vermək və onların azadlığa buraxılmasını tələb etmək, hər şeydən əvvəl, sözügedən sənədlərdə istinad olunan beynəlxalq hüquq normalarına, insan hüquqlarına və qanunun aliliyinə qarşı qəsddir.

    Məhkum edilmiş həmin şəxslərin istintaq və mühakimə prosesində bütün hüquqlarının qorunduğu, onlar üzərində məhkəmə prosesinin qanuniliyi müvafiq bitərəf beynəlxalq mexanizmlər tərəfindən təsbit edilmişdir. Bu kontekstdə, həmin şəxslərin azad edilməsi, habelə onların mühakimə prosesi ilə əlaqədar Azərbaycana qarşı tədbirlərin görülməsi ilə bağlı Ermənistan tərəfindən edilmiş müraciətlərin vaxtilə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən bir neçə dəfə rədd edilməsi xüsusilə qeyd olunmalıdır.

    Eyni qaydada, BMT İnsan Hüquqları Şurasının Əsassız həbslər üzrə İşçi Qrupunun 2025-ci il 13 mart tarixli müvafiq rəyində qeyd olunan şəxslərin Azərbaycan tərəfindən həbsinin və mühakiməsinin qanuniliyi təsbit edilmiş, həmin şəxslərin hüquqlarının pozulmasına dair iddialar təmin edilməmişdir.

    Biz qeyd olunan əsassız çağırışların ünvanlandığı aidiyyəti dövlətlərin və Avropa İttifaqının ikitərəfli dialoq vasitəsilə qətiyyətlə irəlilədilən sülh prosesinə pozucu müdaxilədən çəkinəcəyini gözləyir, onları belə təxribatçı addımların təkrarlanmaması üçün zəruri tədbirlər görməyə dəvət edirik”.

    Milli Məclis Belçika və Niderland parlamentlərindən Azərbaycana qarşı nifrət kampaniyasına və regionda sülhün möhkəmləndirilməsi səylərinə zərbə vuran addımlara son qoymağı tələb edib. Bildirilib ki, bu addımlar hazırkı həssas mərhələdə yalnız sülh əleyhinə fəaliyyət göstərən revanşist qüvvələrin həvəsləndirilməsinə deyil, həm də Avropa İttifaqının regionla bağlı bəyan edilmiş təhlükəsizlik və iqtisadi maraqlarına xələl gətirilməsinə xidmət edir.