Category: Siyasət

  • Zurabişvili: Azərbaycanla münasibətlərimiz mükəmməl səviyyədədir

    Bizim münasibətlər tarixən mükəmməl səviyyədə olub. Çünki biz bu regionun oxşar tarixi olan iki ölkəsiyik. Eyni çətinliklərlə üzləşmişik, eyni münaqişələri, hətta bəzən eyni faciələri yaşamışıq, bununla belə aramızda heç vaxt problem olmayıb.

    Bunu Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili AZƏRTAC-a verdiyi müsahibədə bildirib.

    “Bizim yaxın tarix çox maraqlı olub və bu dönəm ərzində biz region üçün vacib olan bir sıra layihələr gerçəkləşdirmişik. Ancaq bu layihələr təkcə bizim regionla məhdudlaşmır”, – deyə xanım prezident qeyd edib.

    Gürcüstan liderinin sözlərinə görə, bir vaxtlar iki ölkənin Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər layihələri gerçəkləşdirə biləcəyinə heç kim inanmırdı.

    “Bu, böyük uğur hekayəsidir. Bu layihəni başa çatdırmağımız bizim əməkdaşlığın sona çatdığı anlamına gəlməməlidir. Bizim münasibətlər həm də ona görə mükəmməl səviyyədədir ki, biz bu gün yeni perspektivləri müzakirə edirik. Bu perspektivlər iki ölkə sərhədlərini də ötüb keçir”, – deyə Zurabişvili bildirib.

  • Prezident İlham Əliyevin adından Gürcüstan Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

    Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Prezidenti xanım Salome Zurabişvilinin şərəfinə rəsmi ziyafət verilib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Ukrayna Azərbaycana yeni səfir təyin edib

    Ukrayna prezidenti Petro Poroşenko Vladislav Kanevskini Azərbaycana yeni səfir təyin edib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının rəsmi saytı məlumat yayıb.

    Bildirilir ki, prezident müvafiq fərmanı çərşənbə günü imzalayıb.

    Vladislav Kanevski əvvəllər Ukrayna Xarici İşlər Nazirliyi Katibliyi Departamentinin Təhlil və Planlaşdırma şöbəsinin müdiri – Departament direktorunun müavini vəzifəsində çalışıb.

    Poroşenkonun digər fərmanları ilə Vadim Vaxruşev Ukraynanın Yəməndə, Aleksandr Mişenko isə Latviyadakı səfiri təyin olunub.

    Bundan əlavə, dövlət başçısı Ukraynanın Misirdəki səfiri Gennadi Lati və Qatardakı səfir Yevgeni Mikitenkonu tutduğu vəzifələrindən azad edib.

  • Mehriban Əliyeva Gürcüstan Prezidenti ilə görüşüb

    Fevralın 27-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

    Median.Az report-a istinadən xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvilini Azərbaycanda görməkdən məmnunluğunu bildirən Birinci-vitse prezident Mehriban Əliyeva bu səfərin dost ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

    Azərbaycana səfərindən şad olduğunu deyən Prezident Salome Zurabişvili burada keçirilən görüşlərin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini qeyd edib.

    Görüşdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

  • Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri artırılıb

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 2 avqust tarixli 441 nömrəli, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2007-ci il 6 fevral tarixli 526 nömrəli, “Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 14 iyul tarixli 293 nömrəli, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2012-ci il 17 iyul tarixli 690 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmanla “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 2 nömrəli əlavəsinə edilən dəyişikliklərə əsasən bitkilərin mühafizəsində istifadə edilən kimyəvi vasitələrin idxalı üçün Kənd Təsərrüfatı Nazirliyinin deyil, Qida Təhlükəsizliyi Agentliyinin rəyi tələb olunacaq.

    Bundan başqa, “Fitosanitar nəzarəti haqqında” qanunun 13.8-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Qida Təhlükəsizliyi Agentliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırmaqla həyata keçirəcək.

    Həmçinin “Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununa aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilir:

    “2.4-1. həmin Qanunun 5.0.6-cı maddəsində nəzərdə tutulmuş vəzifələri pambıq əkinlərində aqrotexniki və pambıq emalında texnoloji normaları müəyyən edilməsi üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, pambıq bitkisinin əkilib-becərilməsi zamanı istifadə olunan bitki mühafizə vasitələrinin tətbiqinə nəzarəti isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir.”.

    Prezident İlham Əliyev digər fərmanı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nda edilən dəyişikliyə əsasən, fitosanitar və baytarlıq tələblərinə və qaydalarına uyğunluq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanıla bilər.

  • Əmək pensiyalarının minimum məbləği artdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    “Bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”, – deyə sənəddə bildirilir.

    Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.

  • İlham Əliyev: Gürcüstan və Azərbaycan yaxın dost, qardaş ölkələrdir

    Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Mən xanım Prezidenti prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik etdim. Çox şadam ki, qısa müddətdən sonra xanım Prezident Azərbaycana səfər edir. Bu, çox gözəl göstəricidir.

    Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Bakıda Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə geniş tərkibdə görüşdə deyib.

    “Bu gün biz artıq təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik. Regional problemləri, bizim ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı müzakirə etdik. Bir daha gördük ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür”, – deyə Azərbaycan prezidenti bildirib.

    Dövlət başçısı əminliyini vurğulayıb ki, bu səfər Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli addım olacaq:

    “Biz bu günə qədər bir çox məsələləri birlikdə həll etmişik. Gürcüstan və Azərbaycan yaxın dost, qardaş ölkələrdir. Biz əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamışıq və bu gün uğurla inkişaf edirik. Bizim birgə həyata keçirdiyimiz layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir. Yəni, biz çox uğurlu əməkdaşlıq formatı yarada bildik.

    Əminəm ki, növbəti illərdə bütün sahələr üzrə əməkdaşlıq daha da dərinləşəcək və genişlənəcək. Bunu bizim siyasi iradəmiz diktə edir. Əminəm ki, biz bütün məsələlərdə hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizə dəstək göstərəcəyik, necə ki, bu günə qədər bütün məsələlərdə həmişə bir yerdə olmuşuq.

    Biz bu gün artıq həm xarici siyasət məsələlərini, həm də regiondakı vəziyyəti, bizim nəqliyyat, enerji layihələrinin icrasını müzakirə etdik. Əlbəttə ki, indi bu məsələləri geniş tərkibdə, daha geniş formada müzakirə edəcəyik. Əminəm ki, bu səfərin nəticələri çox müsbət olacaq və bizim əməkdaşlığımıza yeni töhfə verəcək”.

  • Salome Zurabişvili: Biz son illər eyni faciələri yaşadıq

    Şadam ki, Azərbaycana gəlmişəm. Bu, mənim regionda birinci səfərimdir. Bizim qonşu və dost ölkə Azərbaycanda olmaqdan məmnunluq duyuram.

    Bunu Gürcüstan prezidenti xanım Salome Zurabişvili prezident İlham Əliyevlə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündə deyib.

    Gürcüstan prezidenti deyib ki, iki ölkə arasında əməkdaşlıq çox əhəmiyyətlidir:

    “İlk növbədə, bizi böyük tarix, ənənələr birləşdirir. Biz 100 il əvvəl birlikdə müasir dövlət qurmağa başladıq. Biz müstəqilliyimizi bərpa etdik. Vaxtilə bizim kiçik federasiyamız da var idi. Biz müstəqilliyimizi birlikdə itirdik, ağır illərdən keçdik, yaşadıq”.

    Salome Zurabişvilinin sözlərinə görə, bunlar dövlət quruculuğuna da təsir edib.

    “Biz öz müstəqilliyimizi yenidən birlikdə bərpa etdik. Biz son illər eyni faciələri yaşadıq. Bu gün də biz ölkə üçün ərazilərin işğalının nə demək olduğunu yaşayırıq. Ərazi bütövlüyü hələ bərpa olunmayıb. İşğal məsələsi bizim üçün hələ də açıq yara kimi qalır.

    Bu, bir tərəfdən bizim inkişafımıza mane olur, digər tərəfdən biz bunlara, bu faciələrə baxmayaraq, dövlətimizi, iqtisadiyyatı gücləndirməyə nail olduq. Bizim yolumuz müstəqillik yoludur və belə də davam edəcəyik. Bunlar böyük uğurlardır”, – Zurabişvili vurğulayıb.

    O, ölkəmizə səfərdən məmnun olduğunu dilə gətirib:

    “Şadam ki, buradayam. Çünki bizim həm keçmiş, həm də gələcək haqqında çox söhbətlərimiz var. Bizim regionumuz çox böyük perspektivlərə malikdir”.

  • Qarabağa qanunsuz səfər edən polşalı Azərbaycandan üzr istədi

    Polşa vətəndaşı Karol Malolepşı Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

    Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məktubunda o, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də, qanun və qaydalarına tam hörmət etdiyini qeyd edib. Səfərinə görə üzr istəyən Karol Malolepşı gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.

    K.Malolepşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

  • Mehriban Əliyeva Qarabağ əlillərini protezlə təmin etdi – FOTO

    Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, yaralanmış hərbçilərin yüksək texnologiyalı protezlərlə təmin olunması proqramı çərçivəsində daha bir qrup Qarabağ müharibəsi əlili protezləşməyə cəlb edilib.

    Bu barədə Heydər Əliyev Fondundan məlumat verilib.

    Heydər Əliyev Fonduna müraciət edən 30-dək hərbçinin hər birinin fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri nəzərə alınmaqla yüksək texnologiyalı məhsullar seçilib.

    Tətbiq olunan protezlərin texniki imkanları normal həyat dinamikasına imkan yaradır, istifadəçi daha rahat, təbii və təhlükəsiz hərəkət edir.

    Protezlərlə təmin olunan Qarabağ müharibəsi əlilləri artıq aktiv həyata geri dönərək əmək fəaliyyətlərini davam etdirir. Onların sırasında hərbi xidmətlərinə davam edən, paralimpiya idman növləri ilə məşğul olanlar da var. Paralimpiyaçıların sözlərinə görə, onlar müasir protezlərlə məşq və yarışlara rahatlıqla qatıla bilirlər.

    “Bizim üçün belə bir addım tək maddi dəstək deyil, həm də böyük mənəvi dəstəkdir”, – deyən hərbçilər onlara göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Xatırladaq ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən hərbçilərin yüksək texnologiyalı protezlərlə təmin olunma proqramı çərçivəsində 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlər müasir protezlərlə təmin edilmişdi.

    Eyni zamanda, 2018-ci ildə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunmuşdu.