Category: Siyasət

  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Balaca şahzadə” tamaşasının premyerasında iştirak edib – FOTO

    Bu gün Azərbaycan Dövlət Musiqili Teatrında məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan tamaşanın premyerası olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premyerasına baxıb.

    Premyeradan əvvəl tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova səhnə əsəri ilə bağlı təəssüratlarını bölüşüb. Antuan de Sent-Ekzüperinin kitablarının dünyada hər zaman yüksək tirajla satıldığını deyən rejissor bildirib ki, belə böyük yazıçıların əsərlərinin tərcümə olunub Azərbaycan teatrlarında səhnələşdirilməsi sevindirici haldır. “Tamaşanın ərsəyə gətirilməsi bizim üçün texnoloji baxımdan çətin idi. Lakin yaradıcı heyət bunun öhdəsindən məharətlə gələ bildi. Nəhayət, iki il sonra tamaşanın premyerası reallaşdı. Şadam ki, bu gün belə möhtəşəm tamaşanın premyerasına toplaşmışıq”, – deyə o qeyd edib.

    Səhnə əsərinin süjet xəttində balaca şahzadənin müxtəlif planetlərə səyahətləri obrazlı şəkildə təsvir olunur. Onun qarşılaşdığı personajlarla ünsiyyəti tamaşaçıya fəlsəfi mesajlar verir, böyüklərin dünyası, düşüncələri, həyat fəlsəfəsi, sevgi mövzusu balaca bir uşağın gözü ilə və ibrətamiz kəlamlarla anladılır.

    Tamaşanın qeyri-adi səhnə tərtibatı var. Arxa fonda iri monitorlarda göstərilən animasiyalarla aktyorların və balet artistlərinin sinxron şəkildə canlandırdıqları gözəl ifalar, dolğun və cəlbedici rəqs hərəkətləri, ifaçıların oyunu ilə ekrandakı hadisələrin möhtəşəm sintezi, həm də sənət ocağının səhnəsində daha bir yenilikdir.

    Maraqla qarşılanan tamaşanın səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmaları isə Bakı Media Mərkəzinə məxsusdur.

    Balaca şahzadə obrazını Musiqili Teatrın azyaşlı iki aktyoru – adı “Qızıl kitab”a yazılan Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədzadə canlandırıblar. Digər rolları Əməkdar artistlər Ələkbər Əliyev, Şövqi Hüseynov, aktyorlar Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Əliməmməd Novruzov, Məhərrəm Qurbanov, Hüseyn Əlili, Rauf Babayev, Emil Heydərov, İbrahim Əlizadə ifa ediblər. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.

  • Orta məktəbdə oldu, kilsədə şam yandırdı – Gürcüstan prezidenti Qaxda

    Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 28-də Qax rayonuna səfər edib.

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Zurabişvilinin Zaqatala Beynəlxalq Hava Limanında Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və digər rəsmi şəxslər qarşılayıblar.

    Sonra ali qonaq və onu müşayiət edən nümayəndə heyəti Qax rayonuna yola düşüb.

    Gürcüstan Prezidenti Qax rayonunun Qaxingiloy kənd tam orta məktəbi ilə tanış olub. Salome Zurabişvili məktəbin sinif otaqlarını gəzib, müəllim və şagirdlərlə söhbət edib. Məktəbin şagirdləri Azərbaycan və gürcü dillərində şeirlər söyləyiblər.

    Zurabişvili daha sonra Qax rayonunun Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini ziyarət edib.

    Prezident kilsədə şam yandırıb. Burada dini ayin icra olunub.

    Zurabişvili, həmçinin Qax şəhərinin qədim tarixi hissəsi – “İçəribazar” tarix-mədəniyyət kompleksi ilə tanış olub.

  • Səudiyyə Ərəbistanı şahzadəsi Bakıya gəlir

    Səudiyyə Ərəbistanı şahzadəsi Turki əl-Faysal mart ayında Bakıya gələcək.

    Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən verilən məlumata görə, o, VII Qlobal Bakı Forumunda iştirak edəcək.

    Türki əl-Faysal Səudiyyə Ərəbistanı Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədridir. O, Səudiyyə Ərəbistanının Amerika Birləşmiş Ştatları və Böyük Britaniyada səfiri vəzifəsində də çalışıb. Turki əl-Faysal 2017-ci ildə Bakıda keçirilmiş V Qlobal Forumda da iştirak edib.

    Xatırladaq ki, mart ayının 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunun əsas mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. 450-dək qonağın iştirak edəcəyi Forumda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamli inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları olacaq.//yenicag.az

  • Nazirlər Kabinetinin növbəti iclası keçirilib

    Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

    Median.Az report-a istinadən xəbər verir ki, iclasın gündəliyinə “İcbari tibbi sığortanın tətbiqi üzrə pilot layihənin icrasının yekunları və qarşıda duran vəzifələr”, “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi və vergilər sahəsində şəffaflığın təmin edilməsi, vergi mədəniyyətinin formalaşdırılması, real vergi potensialının müəyyən edilməsi və münbit vergi mühitinin yaradılması istiqamətində qarşıya çıxan problemlər” və “Təbii, iqlim və digər xüsusiyyətləri nəzərə alınmaqla, iqtisadi rayonların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşdırılması məsələləri” ilə bağlı mövzular daxil edilib.

    Gündəlikdəki birinci məsələ barədə danışan Baş nazir Novruz Məmmədov qeyd edib ki, son illər ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də geniş islahatlar aparılıb. Bu islahatların mühüm istiqamətlərindən biri də icbari tibbi sığortanın tətbiqi üzrə görülən işlərdir. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığortanın tətbiqinin xüsusi əhəmiyyət daşıdığını bildirən Novruz Məmmədov deyib ki, bununla bağlı artıq qanunvericilik bazası da yaradılıb. Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanları ilə Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq həyata keçirilməkdədir.

    Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidentinin vergi və gömrük sahələrində şəffaflığın təmin edilməsi və səmərəliliyin artırılması, eləcədə iqtisadi rayonların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşdırılması barədə qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində hökumətin gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verib.

    Sonra gündəlikdəki məsələlərə dair İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin, vergilər naziri Mikayıl Cabbarovun, kənd təsərrüfatı naziri İnam Kərimovun məruzələri dinlənilib.

  • Prezident Sədaqət Qəhrəmanovanı təltif etdi

    Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Median.Az xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Sədaqət Məmmədyar qızı Qəhrəmanovanı 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib.

    Qeyd edək ki, Sədaqət Qəhrəmanova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavinidir. Sabah onun 70 yaşı tamam olur.

  • Zaxarova rus deputatların Xocalı yürüşündə iştirakından danışdı

    Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında erməni jurnalistin rusiyalı deputatlardan ibarət nümayəndə heyətinin fevralın 26-da Bakıda keçirilən Xocalı yürüşündə iştirakı ilə bağlı sualını cavablandırıb.

    O, Rusiyanın Qarabağ münaqişəsini böyük faciə hesab etdiyini deyib.

    “İlk növbədə demək istərdim ki, dəhşətli Qarabağ münaqişəsi bir çox insana əzablar yaşadıb. Rusiya bu hadisəni böyük faciə hesab edib və edir. Mənə elə gəlir ki, bu, aydın mövqedir və bunu bir daha təkrar etdim. Rusiya münaqişənin sülh yolu ilə həllinin axtarışı istiqamətində çox böyük səylər təklif edir.

    Dediniz ki, deputatlar bu yürüşdə iştirak ediblər. Bu iştirakın kim tərəfindən və necə təşkil olunması ilə bağlı sualı onların özlərinə vermənizi məsləhət görürəm. Rusiyanın rəsmi mövqeyi hər kəsə məlumdur”, – Zaxarova bildirib.

  • Gürcüstan prezidenti Qaxdadır – FOTO

    Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 28-də Qax rayonuna gedib.

    AZƏRTAC xəbər verir ki, Gürcüstan prezidentini Zaqatala Beynəlxalq Hava Limanında Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və digər rəsmi şəxslər qarşılayıblar.

    Sonra ali qonaq və onu müşayiət edən nümayəndə heyəti Qax rayonuna yola düşüb.

  • İlham Əliyevdən problemli kreditlərlə bağlı – FƏRMAN

    Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

    Sənədə əsasən, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək:

    1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;

    1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;

    1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

    2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.

    3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:

    3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin;

    3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.

    4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.

    5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:

    5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin;

    5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin;

    5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

    6. Banklara tövsiyə edilsin ki:

    6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər;

    6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər;

    6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

    7. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:

    7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin;

    7.2. bu Fərmanın 1-ci və 2-ci hissələrinin banklar tərəfindən icrasını nəzarətdə saxlasın və həmin hissələr icra edildikcə, bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etsin;

    7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

    8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün:

    8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;

    8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ;

    8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;

    8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);

    8.5. ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);

    8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar;

    8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi;

    8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər;

    8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi;

    8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.

    9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

    9.1. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan dövlət zəmanətinin rəsmiləşdirilməsi üçün zəruri tədbirlər görsün;

    9.2. bu Fərmandan irəli gələn digər tədbirlər görsün.

    10. Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilsin ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər.

    11. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

  • İlham Əliyev Andres Pastrananı qəbul edib – FOTO

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 28-də Mərkəzçi Demokrat İnternasionalının prezidenti Andres Pastrananı qəbul edib.

    Bununla bağlı AZƏRTAC məıumat yayıb.


  • Rəsmi Bakı Hindistan-Pakistan münaqişəsində kimin tərəfindədir? – AÇIQLAMA

    Azərbaycan Cənubi Asiyada sülh və təhlükəsizlik üçün zəruri olan Cəmmu və Kəşmir mübahisəsinin sülh yolu ilə həllini dəstəkləyir.

    Bunu oxu.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

    XİN rəsmisi bildirib ki, Azərbaycan Hindistan və Pakistanı vəziyyətin daha da gərginləşməsindən çəkinməyə çağıran ölkələrin səsinə qoşulur.

    “Azərbaycan Cəmmu və Kəşmir mübahisəsinin sülh yolu ilə həllini dəstəkləyir. Ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bölgədə zorakılığa son qoyulması, eləcə də, sülh, təhlükəsizlik və rifahın təmin olunmasına yönələn bütün səyləri dəstəkləyir”, – deyə Leyla Abdullayeva qeyd edib.

    Qeyd edək ki, Pakistanla Hindistan arasında gərginlik yaranıb. Buna səbəb Hindistan təyyarəsinin Pakistanın hava məkanını pozması olub. Pakistan Hindistanın nəzarətində olan mübahisəli Kəşmir bölgəsinin hava məkanında uçan Hindistan hava qüvvələrinə aid iki qırıcını vurub. Cavab olaraq isə Hindistan Pakistan qırıcısını vurub.