Category: Siyasət

  • Azərbaycan və Gürcüstan prezidentləri görüşüb – YENİLƏNİB + FOTO

    Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti xanım Salome Zurabişvilinin təkbətək görüşü olub.

    AZƏRTAC xəbər verir ki, prezidentlər görüşdə çıxış ediblər.

    Azərbaycan prezidenti İlham Əliyev ali qonağı salamlayıb və onu Gürcüstanın prezidenti seçilməsi münasibətilə təbrik edib:

    “Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. İlk növbədə, bu yaxınlarda prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm, Sizə uğurlar arzulayıram.

    Əminəm ki, Sizin səfəriniz Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin inkişafı üçün çox önəmli addım olacaq. Əminəm, aparacağımız müzakirələr bir daha təsdiqləyəcək ki, Gürcüstan və Azərbaycan bir-birinə çox yaxın ölkələrdir və birgə apardığımız işlər böyük nəticələr verir.

    Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq gündən-günə dərinləşir. Siyasət, iqtisadiyyat, mədəniyyət, nəqliyyat, energetika sahələrində çox gözəl nəticələr var. Əslində elə bir sahə tapmaq çətindir ki, biz o sahədə əməkdaşlıq etməyək.

    Əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bizim çox aydın fikirlərimiz var. Əminəm ki, səfər zamanı biz gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edəcəyik”.

    Gürcüstan prezidenti Salome Zubarişvili bildirib ki, regiona ilk səfərini dost və qardaş ölkə olan Azərbaycana edir:

    “Mən Azərbaycana dost ölkənin Prezidenti kimi səfərə gəlmişəm. Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm. Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli əlaqələrimiz var.

    Bizim region üçün və dünya üçün yeni perspektivlər açılır. Bu baxımdan əlaqələrimizi dərinləşdirmək daha da böyük əhəmiyyət kəsb edir. Əminəm ki, biz perspektivlərlə bağlı yeni təşəbbüsləri müzakirə edəcəyik. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirəm”.

    * * * * * *

    Fevralın 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti xanım Salome Zurabişvilinin təkbətək görüşü olub.

    Bu barədə AZƏRTAC məlumat yayıb.


    * * * * * *

    Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım Salome Zurabişvilinin fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Gürcüstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişvilini qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verib.

    Prezident İlham Əliyev və Prezident Salome Zurabişvili fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

    Gürcüstanın və Azərbaycanın dövlət himnləri səslənib.

    Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Salome Zurabişviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Salome Zurabişvilinin qarşısından keçib.

    Prezidentlər rəsmi foto çəkdirdiriblər.

    * * * * *

    Gürcüstanın prezidenti xanım Salome Zurabişvili fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Gürcüstanın prezidenti Salome Zurabişvilini Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.


  • “Rossiya 24” kanalı Xocalı soyqırımı barədə süjet təqdim edib – VİDEO

    Rusiyanın “Rossiya 24” telekanalı Xocalı Soyqırımının 27-ci ildönümü münasibəti ilə Bakıda keçirilən anım mərasimindən süjet hazırlayıb.

    Süjetdə Azadlıq Meydanından Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “Ana fəryadı” abidəsinə qədər keçirilən yürüşdən bəhs edilib.

    Ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilənn yürüşə yüz minlərlə insanın qatılması barədə məlumat verilib.

    “Bu gün Azərbaycanın paytaxtında və bütün rayonlarında 27 il öncə Xocalı şəhərində baş vermiş qətliamın qurbanları dərin hüznlə anılıb. Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və digər dövlət rəsmiləri “Ana Fəryadı” abidəsinin önünə çiçək dəstələri qoyublar.

    Bu gün ölkənin müsəlman və xristian dini icmaları ölənlərin ruhuna dualar oxuyublar. Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsi ərzində baş vermiş ən qanlı hadisədir”, – deyə məlumatda bildirilir.

    “Rossiya24” kanalına açıqlama verən dövlət başçısı İlham Əliyev deyib:

    “Bu faciədə günahsız insanlar, qocalar, qadınlar, körpələr həlak olublar. Azərbaycan xalqı bu faciəni unutmayacaq. Mən bir daha qeyd edirəm, biz çalışmalıyıq ki, insanlıq tarixində bir daha belə faciələr yaşanmasın”.

    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə isə bildirib ki, hazırda Azərbaycanda 40 minə yaxın erməni yaşayır. Erməni Katolik Kilsəsi təmir edilib və qorunur. Bu məhz tolerantlığın göstəricisidir. Biz bu münaqişənin ədalətlə və sülh yolu ilə həllini tapmasını istəyirik.

  • Leyla Əliyeva Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə – tarixin səhifələri” adlı sərgisi ilə tanış olub – FOTO

    Fevralın 26-da Müasir İncəsənət Muzeyində Xalq rəssamı, professor Arif Hüseynovun Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Qarabağnamə – tarixin səhifələri” adlı sənədli-bədii qrafika sərgisi açılıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan sərgidə rəssamın 50-dən çox sənədli-bədii qrafika əsəri nümayiş olunur.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyev sərgi ilə tanış olub.

    Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov deyib ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar müxtəlif anım tədbirləri keçirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə və xaricdə təşkil edilən bu cür tədbirlər sayəsində dünya ictimaiyyətinin Xocalıya olan diqqəti daha da artır. Xalq rəssamı Arif Hüseynovun Qarabağ mövzusunda əsərlərindən ibarət bugünkü sərgi də Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilib və buna görə Fondun rəhbərliyinə təşəkkür edirik.

    Sərginin əhəmiyyətindən danışan X.Abdinov deyib ki, ekspozisiyada nümayiş olunan əsərlər tarixi materiallara əsaslanır. Bu əsərlərdə Alban kilsəsi, tarixi yerlərin mənzərələri və tarixi şəxsiyyətlərin portretləri təsvir olunub. Əsərlərdə Türkmənçay müqaviləsi, Alban kilsələrinin dəyişdirilməsi, Xocalıya aid kompozisiyalar əks etdirilir.

    Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vurğulayıb ki, xalqımızın tarixində yaşanan kədərli və fərəhli hadisələrə hər zaman sənətkarlarımız tərəfindən bədii münasibət göstərilib. Xocalı soyqırımı xalqımızın tarixində elə dəhşətli hadisələrdəndir ki, ona münasibət göstərməmək qeyri-mümkündür.

    “Xalq rəssamı Xanlar Əhmədov, tanınmış kinorəssam Nazim Məmmədov və digər fırça ustaları bu hadisələri öz əsərlərində təsvir ediblər. Arif Hüseynovun əsərlərində tarixə, yaşanılan hadisələrə sənədli münasibət mövcuddur. Düşünürəm ki, belə əsərlərin ölkəmizin hüdudlarından kənarda da nümayişi vacibdir. Bu əsərlər Xocalı faciəsinin dünyaya tanıdılması və təbliğində yardımçı ola bilər. Sərginin təşkil olunmasına verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığımızı bildiririk”, – deyə Ziyadxan Əliyev bildirib.

    Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov söyləyib ki, sərgidəki əsərlərdə xalqımızın ağrı-acıları əks olunub. Belə sərgilər mütəmadi olaraq təşkil edilməlidir.

    Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səhlab Məmmədov, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov çıxış edərək sərginin əhəmiyyətini vurğulayıb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

    Sonra tədbirin iştirakçıları sərgi ilə tanış olublar.

    Xalq rəssamının sərgidə nümayiş etdirilən “I Pyotrun məktubu”, “Türkmənçay müqaviləsi”, “Güllələnmiş heykəllər”, “Qarabağ müharibəsi”, “Pənahəli xan”, “Xalq musiqiçiləri” kimi əsərlərində tarixi həqiqətlərin rəssam təxəyyülü ilə ərsəyə gətirdiyi təsvirlər kifayət qədər cəlbedici və yaddaqalandır. Sərgidəki bütün əsərlər qravüra janrında işlənilib. Sərgi bütövlükdə tarixi faktlar əsasında qurulub və maarifləndirici xarakter daşıyır.

    Uzun illərdir ki, rəssam vaxtının bir hissəsini gənc nəslin nümayəndələri, uşaq və yeniyetmələrlə işləməyə sərf edir. Azərbaycan təsviri incəsənətinin gələcəyi üçün yeni rəssamlar hazırlayır. Rəssam öz əsərləri ilə Azərbaycan xalqının zəngin daxili dünyasını və xüsusiyyətlərini təsvir edir. Əsərlər tarixi materiallara əsaslanır. Silsiləyə daxil olan əsərlərdə Alban kilsəsi, tarixi faktlar, tarixi yerlərin mənzərələri və tarixi şəxsiyyətlərin portretləri təsvir olunur.

  • “Erməni rəsmiləri ucuz bəyanatlarla Azərbaycanı qorxuda bilməz” – XİN

    Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan müdafiə nazirinin bu ölkənin ictimai televiziyasına verdiyi müsahibəsi ilə bağlı bəyanat yayıb.

    Median.Az xəbər verir ki, bəyanatda deyilir:

    “Ermənistan rəsmilərinin bu kimi ucuz təbliğat xarakterli bəyanatları ilə Azərbaycanı qorxutmaq mümkün deyil. Ermənistan nazirinin fikri 1990-cı illərin əvvəllərində başı daxili çəkişmələrə qarışan və bu fürsətdən istifadə edərək torpaqlarını zəbt etdikləri Azərbaycan müstəqilliyinin ilk illərinə getməsin. Bu gün Azərbaycan ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında kifayət qədər güclü, peşəkar və işğal olunmuş torpaqarı azad etmək əzmində və iqtidarında olan vətənpərvər Silahlı Qüvvələrə sahibdir. Azərbaycanın güclü iqtisadiyyatı, uğurlu daxili və xarici siyasəti onu bölgədə danılmaz liderə çevirmişdir.

    Ermənistan müdafiə nazirinin ölkəsinin 27 il öncə işğal etdiyi Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərin soyqırımının ildönümü günü Ermənistanın hücum silahları alması ilə əlaqədar bəyanatla çıxış etməsi Ermənistanın açıq təcavüzkar siyasətinin bariz göstəricisidir.

    Xatırlatmaq istərdik ki, 2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə edildiyi halda, məhz Ermənistan tərəfinin hücum xarakterli yeni hərbi doktrina qəbul etməsi və aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutması, məlum aprel hadisələrinin baş verməsinə gətirmişdir.

    Erməni müdafiə nazirinin bu bəyanatı kimin sülh istədiyini, kimin isə işğalçılıq siyasəti yürüdərək hücum xarakterli silahlar əldə etdiyini beynəlxalq ictimaiyyətə aydın şəkildə nümayiş etdirir”.

  • Elmar Məmmədyarov belçikalı həmkarına Xocalı soyqırımı haqqında danışıb – FOTO

    Xarici işlər naziri Elmar Məmmədyarov Cenevrəyə işgüzar səfəri çərçivəsində Belçika Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Didye Reynders ilə görüşüb.

    Median.Az bildirir ki, görüş zamanı Azərbaycan və Belçika arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyəti haqda fikir mübadiləsi aparılıb.

    Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin cari vəziyyəti haqqında həmsöhbətinə məlumat verib və bu gün 27-ci ildönümü anılan, Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımından bəhs edib.

    Daha sonra tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • Elmar Məmmədyarov Şimali Makedoniyanın XİN başçısının müavini ilə görüşdü – FOTO

    Cenevrəyə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Şimali Makedoniyanın xarici işlər nazirinin müavini Andrey Zernovski ilə görüşüb.

    Nazirlikdən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Şimali Makedoniya arasında əlaqələrin cari vəziyyəti haqqında fikir mübadiləsi aparıblar.

    Münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfər mübadiləsinin əhəmiyyəti vurğulanıb.

    Həmçinin tərəflər iqtisadi əməkdaşlığı və sərmayə qoyuluşunu artırmaq məqsədilə biznes forumlarının keçirilməsinin zəruriliyini bildiriblər.

    Görüş zamanı, habelə tərəflər enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.//milli.az

  • Azərbaycanda bir dəqiqəlik sükut – FOTO

    Azərbaycanda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Bakı vaxtilə saat 17:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal, gəmilər, metro və yerüstü qatarlar fit veriblər.

    Eyni zamanda, Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib.











  • İlham Əliyev Ərdoğana zəng etdi

    Prezident İlham Əliyev fevralın 26-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

    Bu barədə məlumatı AZƏRTAC dərc edib.

    Dövlətimizin başçısı prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyənin inkişafı naminə ona yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

    Türkiyə prezidenti göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə təşəkkür edib.

    Eyni zamanda, prezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı zamanı ermənilərin günahsız insanların qətlə yetirilməsini bir daha pisləyərək, bu faciə ilə bağlı Azərbaycan prezidentinə və xalqımıza başsağlığı verib.

    Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirib.

    Prezident İlham Əliyev və prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

  • Prezident: Xocalı xalqımızın sağalmaz dərdidir

    Xocalı xalqımızın sağalmaz dərdidir, xalqımıza qarşı törədilən soyqırımıdır, ötən əsrin ən böyük cinayətidir. Yalnız Azərbaycan millətinə mənsub olduqlarına görə günahsız insanlar – qocalar, qadınlar və uşaqlar həlak olub, zərər çəkiblər.

    Median.Az xəbər verir ki, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib.

    Ölkə başçısı bildirib: “Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq, həmişə xatırlayacaq. Bu, bizim yaddaşımızda həmişəlik qalacaq. Əsas odur ki, belə faciələr daha heç vaxt təkrar olunmasın. Daha heç vaxt heç bir xalqa qarşı belə dəhşətli soyqırımı hadisəsi, milli əlamətə görə qırğın törədilməsin. Azərbaycan dövləti, xalqı həlak olanların xatirəsini əziz tutur, yad edir və onların xatirəsi bizim üçün müqəddəsdir. Həmin faciəli gecədə xilas olanlar həmişə bizim üçün fiziki zədələr, mənəvi yaralar alan, həmin qətliamı yaşayan insanlar kimi qalacaqlar. Biz bu adamların aqibətini yüngülləşdirmək üçün əlimizdən gələni edirik, dövlət onlara kömək edir və edəcək. Bir daha demək istəyirəm, biz hamımız çalışmalıyıq ki, belə faciələr bəşəriyyət tarixində bir daha olmasın”.

  • Ərdoğanın müşaviri: Azərbaycan bayrağı Qarabağda dalğalanacaq

    Xocalı şəhidlərinə veriləcək ən böyük ərmağan üç rəngli və ay-ulduzlu Azərbaycan bayrağının Qarabağda dalğalanmasıdır.

    “Yenisöz”ün məlumatına görə, bunu Türkiyə prezidentinin müşaviri Yalçın Topçu Ankarada Xocalı qətliamının 27-ci ildönümü və Xocalı şəhidlərinin anım mərasimi ilə bağlı keçirilən tədbirdə deyib.

    Y.Topçu qeyd edib ki, Xocalıda yaşananlar Azərbaycan türklərinin soyqırımıdır:

    “Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. “İzvestiya” qəzetinin xəbərində meyitlər üzərində aparılan araşdırmalar zamanı bir çoxunun yandırıldığı, gözlərinin oyulduğu, hamilə qadınların qarınlarının yarıldığı vəhşəti dünya mediasına çatdırılıb. Bu, ermənilərin törətdikləri insanlığa sığmayan qətliamdır”.

    Türkiyə prezidentinin müşaviri bildirib ki, Qarabağ məsələsində Türkiyə də Azərbaycan kimi, işğalın tez bir zamanda başa çatmalı olduğunu hər fürsətdə dilə gətirir.

    “Əminəm ki, bu vətən torpaqları yaxın zamanda azad ediləcək, üç rəngli və ay-ulduzlu Azərbaycan bayrağı Qarabağ səmalarında dalğalanacaq. Xocalı şəhidlərinə veriləcək ən böyük ərmağan da bu olacaq”, – Y.Topçu qeyd edib.