Category: Siyasət

  • Gürcüstan prezidentinin Bakı səfərinin gündəliyi açıqlandı

    Gürcüstan prezidenti Salome Zurabişvilinin fevralın 27-də Azərbaycana səfərinin gündəliyi açıqlanıb.

    Bununla bağlı məlumatı Gürcüstan Prezident Administrasiyası yayıb.

    Səfər çərçivəsində Zurabişvili azərbaycanlı həmkarı İlham Əliyevlə təkbətək və geniş tərkibli görüşlər keçirəcək. Görüşdən sonra Zurabişvili və Əliyev birgə mətbuat konfransı keçirəcək.

    “Siyasi, iqtisadi və ticarət əlaqələrinin dərinləşməsi ilə yanaşı, Gürcüstan və Azərbaycan xalqları arasında yaxşı qonşuluq və dostluq münasibətlərinə söykənən mədəni əlaqələrin inkişafı da prioritet məsələ olacaq”, – məlumatda qeyd edilib.

    İlham Əliyevdən başqa, Zurabişvili Bakıda Azərbaycan baş naziri Novruz Məmmədov və parlamentin spikeri Oqtay Əsədovla görüşəcək.

    Səfər zamanı Gürcüstan prezidentinin Azərbaycanda yaşayan gürcü tələbələr və biznes nümayəndələri ilə də görüşü planlaşdırılıb.

    Gürcüstan nümayəndə heyətinin tərkibinə Prezident Administrasiyasının əməkdaşları, eləcə də, qanunverici və icraedici hakimiyyət nümayəndələri daxil olacaq.

    Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də qurulub.

  • İlham Əliyev Xocalı yürüşündə iştirak edib – YENİLƏNİB + VİDEO

    Xocalı soyqırımı qurbanlarının abidəsinin ətrafında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülüb.

    AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

    Birinci vitse-prezident xanım Mehriban Əliyeva, baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva abidənin önünə tər güllər qoyublar.

    Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzüblər.

    Yürüş davam edir.

    * * * * *

    Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilir.

    AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yürüşdə iştirak edirlər.

    Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

    Ön sırada prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduqları ümumxalq yürüşünün iştirakçıları və onların keçdikləri prospekt və küçələr boyu düzülmüş minlərlə gənc əllərində qanlı qırğının günahsız qurbanlarının – xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretlərini, 27 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adlarının, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis dillərində plakatlar və transparantlar tutublar.

    Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və eyvanlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 27 il”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Xocalı, sözün bitdiyi yer” və s. çağırışlar və şüarlar nümayiş etdirilir.

  • Elmar Məmmədyarov Cenevrəyə yola düşdü

    Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 40-cı sessiyasında iştirak etmək məqsədi ilə Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.

    Bununla bağlı XİN-in mətbuat xidməti məlumat yayıb.

    Səfər çərçivəsində Elmar Məmmədyarovun BMT İHŞ-nin 40-cı sessiyasının yüksək səviyyəli seqmentində çıxışı, habelə bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

  • XİN sözçüsü: “Riçard Hoqland danışıqların detallarından xəbərsizdir”

    “Riçard Hoqland münaqişənin həlli üzrə danışıqlardan artıq bir müddətdir ki, uzaqdır və aparılan son danışıqların detallarından xəbəri yoxdur”.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, bunu XİN-in mətbuat katibi Leyla Abdullayeva ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqlandın “Amerikanın Səsi”nə müsahibəsinə münasibət bildirərkən deyib. XİN sözçüsü bildirib ki, müsahibəyə bu baxımdan yanaşmaq lazımdır: “Onun verdiyi şərhlər, böyük ehtimalla, bölgəyə, xüsusilə də Ermənistana sülh və tərəqqinin gətirilməsində maraqlı olmayanların şəxsi fikirlərinə əsaslanır. Çox təəssüf ki, bu insanlar müxtəlif səbəblərdən bölgəni xaos və qeyri-müəyyənliyə sürükləməyə çalışırlar. Qeyd etmək istərdik ki, Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında da qeyd edildiyi kimi, hər iki əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinə dair razılıq mövcuddur”.

    Qeyd edək ki, ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland “Amerikanın səsi”nə müsahibəsində deyib ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində radikal addımlardan çəkinməlidir.

    Xatırladaq ki, ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland deyib: “Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasından sonra münaqişənin həllində müsbət irəliləyiş olacaq”.

    Onun fikrincə, ətraf rayonların qaytarılması münaqişə tərəflərini münaqişənin həllinə diqqətini daha da artıracaq: “Tərəflərdən biri bu ərazilərə nəzarət etməkdə davam edərkən, bu məsələ haqda son qərar qəbul etməlidir. Əgər bu məsələ həll olunarsa, bu, müsbət inkişafa yol açacaq”.

  • İstanbulda Xocalı faciəsinin 27-ci ildönümü yad edilib – FOTO

    Türkiyənin İstanbul şəhərində, Bahçeşehir Univeristetində Xocalı faciəsinin 27-ci ildönümü anılıb.

    “Report”un Türkiyə bürosu xəbər verir ki, tədbir Azərbaycan və Türkiyənin dövlət himinlərinin səsləndirilməsi və Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

    Anım mərasimini ali təhsil müəssisəsinin professoru, rektor müavini Tunç Bozburan açaraq Xocalıda yaşananları yaxın keçmişin ən böyük dəhşətli hadisəsi adlandırıb. O, işgəncələrlə öldürülən xocalıların və bir gecədə yer üzündən silinən Xocalının səsi olmaq üçün bütün türk gəncliyini birliyə çağırıb. Professor Bahçeşehir Universitetinin radiosunun iki gün ərzində Xocalıda yaşananlardan bəhs edən proqramlar verəcəyini də söyləyib.

    Ali təhsil müəssisəsinin professoru Mehmet Çelik çıxışında Xocalını unutmamaq və unutdurmamaq üçün zəruri tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov çıxışında Dağlıq Qarabağ münaqişəsindən bəhs edib, tələbələri bu ərəfədə sosial şəbəkələr üzərindən daha aktiv olmağa və Xocalı həqiqətlərini paylaşmağa çağırıb.

    Xocalı rayonunun sabiq içra başçısı, Milli Məclisin deputatı Elman Məmmədov isə Xocalı soyqırımını törədənlərin ədalətli mühakimə ediləcəyi günün yaxın olduğunu bildirib.

  • Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfərinin proqramı açıqlandı

    Gürcüstan Prezidenti Salome Zurabişvilinin fevralın 27-də Bakıya edəcəyi rəsmi səfəri qonşu Azərbaycanla strateji tərəfdaşlığın davam və inkişaf etdirilməsi məqsədi daşıyır.

    “Report” xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyasının Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, siyasi, iqtisadi, ticari münasibətlərin dərinləşdirilməsi ilə yanaşı, mədəni əlaqələrin də inkişaf etdirilməsi prioritet olacaq. Bu da illər boyu gürcü və Azərbaycan xalqları arasında mövcud olan mehriban qonşuluq və dostluq əlaqələrinə əsaslanır.

    Məlumatda S.Zurabişvilinin səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirəcəyi, həmçinin Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsəsdov, Azərbaycanda yaşayan gürcüstanlı tələbələr və biznes sektorun nümayəndələri ilə də görüşlərinin nəzərdə tutulduğu vurğulanıb.

    Dövlət başçısının başçılıq etdiyi nümayəndə heyətinə Gürcüstanın Prezident Administrasiyasının üzvləri və digər rəsmi şəxslər daxil olacaq.

  • İki rayonun polis rəisi dəyişdirilib, biri təqaüdə göndərilib

    Daxili işlər orqanlarında yeni təyinatlar olub.

    Median.Az ONA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Ağcabədi rayon Polis Şöbəsinin rəisi Məhəmməd İbrahimov tutduğu vəzifədən azad edilərək Şabran rayon Polis Şöbəsinin rəisi, Zəngilan rayon Polis Şöbəsinin rəisi Ənvər Həsənov tutduğu vəzifədən azad edilərək Ağcabədi rayon Polis Şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.

    Şabran rayon Polis Şöbəsinin rəisi Əli Mərdanov isə təqaüdə göndərilib.

    Qeyd edək ki, Ə. Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.

  • Prezident: Sosial müavinətlər əhəmiyyətli dərəcədə artırılacaq

    Artıq bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır. Minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq. Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq.

    Median.Az xəbər verir ki, bunu iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə Prezident İlham Əliyev bildirib.

    “Bu çox böyük proqram 500 mindən çox əhalini əhatə edəcək. Sadaladığım bütün bu təşəbbüsləri əgər biz təhlil etsək, o cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını müəyyən etsək, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq.

    Bu, çox ciddi sosial paketdir. Bir daha demək istəyirəm ki, bu paketin reallaşması, ilk növbədə, bizim güclü siyasi iradəmizə söykənir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Eyni zamanda, bizim maliyyə imkanlarımız buna imkan verir. Maliyyə imkanlarımızı biz əldə etmişik, biz yaratmışıq. Məhz aparılan islahatlar nəticəsində bizim gəlirlərimiz, büdcə gəlirlərimiz artır, artacaq və artmalıdır.

    Ona görə bir daha demək istəyirəm ki, bizim iqtisadi inkişafımız sosial məsələlərin həlli ilə nə qədər bağlıdır. Bu da təbiidir. Bizdə güclü iradə, güclü sosial siyasət var. Eyni zamanda, elan edilmiş və icra edilən ciddi iqtisadi və sosial islahatlar bizə imkan verir ki, əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək.

    Əminəm ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaq. Azərbaycan 2019-cu ildə uğurlar və inkişaf yolu ilə gedəcək”.

  • İlham Əliyev müşavirə keçirdi

    Fevralın 25-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib.

    AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev müşavirədə çıxış edib.

    Sonra müşavirədə müzakirələr aparılıb.

  • Gürcüstanın yeni prezidenti Azərbaycana gəlir

    Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 27-də Azərbaycana rəsmi səfər edəcək.

    Bu barədə “Report”a Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

    İkigünlük səfər zamanı S.Zurabişvili ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək.

    Qeyd edək ki, bu, onun ölkə Prezidenti seçilməsindən sonra ilk regional səfəridir.