Category: Siyasət

  • İlham Əliyev İran xalqını təbrik etdi

    Hörmətli cənab Prezident,

    Ölkənizin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

    Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Əminəm ki, ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir.

    Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

    Hörmətlə,

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 7 fevral 2019-cu il.

  • Prezident Administrasiyası: “Vətəndaşların şikayətinin bir səbəbi də biganəlikdir”

    “Vətəndaşların şikayətinin bir səbəbi də biganəlikdir”, Prezidenti Administrasiyasının şöbə müdiri Süleyman İsmayılov vətəndaşların şikayətlərini təhlil edərkən bildirib.

    O, AZƏRTAC-da dərc edilən məqaləsində yazır ki, 2018-ci ildə ölkə vətəndaşları müxtəlif mövzularda və müxtəlif dövlət qurumlarından, o cümlədən, tikinti şirkətlərindən prezidentə şikayət ediblər.

    Ən çox şikayətlər hüquq mühafizə orqanlarının və məhkəmələrin, icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyətindən olub.

    Həmçinin vətəndaşlar müalicə və dərman təminatı, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyətindən də şikayət ediblər.

    2018-ci ildə Prezident Administrasiyasına göndərilən müraciətlər arasında şəhərsalma, çoxmərtəbəli binaların və kommersiya-istehsalat obyektlərinin tikintisi, söküntüsü və kompensasiyaların verilməsi kimi məsələlər də üstünlük təşkil edib, Süleyman İsmayılov öz məqaləsində göstərib.

    O bildirib ki, 2018-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 69 faizi ərizə, 30,7 faizi şikayət, 0,3 faizi təklifdir.

    Administrasiya rəsmisi 2017-ci illə müqayisədə şikayətlərin azaldığını vurğulayır. Ötən il Prezident Adminstrasiyasına edilən müraciətlərin 33,2 faizi şikayət olub”

    Əlillik təyinatı mübahisələri

    Məqalədə göstərilir ki, əlillik dərəcələrinin təyin edilməsi və tibbi-sosial ekspert komissiyalarının fəaliyyəti mövzusunda müraciətlərin sayı əvvəlki illə müqayisədə 2018-ci ildə xeyli artıb.

    Süleyman İsmayılov yazır ki, bu artımın səbəbi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan struktur dəyişikliyi olub.

    Yaradılan işçi qrupu ötən il verilən əlillik təyinatlarını araşdırıb və araşdırma nəticəsində 1000-dən artıq təyinat ləğv edilib, həmin şəxslərə aylıq pensiya, müavinət və təqaüdlər üzrə ödənişlərin aparılması dayandırılıb, ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası istiqamətində tədbirlərə başlanıb, – məqalədə deyilir.


    2018-ci ildə vətəndaşlar Prezident Administrasiyasına 100-dən çox tikinti şirkətindən şikayət ediblər.

    Tikinti şirkətlərindən şikayətlər azalmır

    2018-ci ildə vətəndaşlar Prezident Administrasiyasına 100-dən çox tikinti şirkətindən şikayət ediblər.

    Onlar çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından şikayətçi olublar.

    Vətəndaşların şikayətlərində razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanması, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsi kimi məqamlar da yer alıb.

    Müraciətlərin təhlili göstərib ki, 2017-ci illə müqayisədə şikayətlərin sayı Bakı şəhərinin Xəzər, Sabunçu rayonlarından, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağstafa, Ağsu, Astara, Beyləqan, Cəbrayıl, Gədəbəy, İmişli, Kürdəmir, Qobustan, Neftçala, Salyan, Şamaxı, Şəmkir və digər şəhər və rayonlardan artıb.

    Vətəndaşa əsaslı və konkret cavab verilərsə…

    Süleyman İsmayılov qeyd edir ki, şikayətlər, “əsasən biganəliyin, süründürməçiliyin” nəticəsidir və vətəndaşların yerlərdə həll olunmalı problemlərinə “laqeyd yanaşıldıqda”, onlar, “təbiidir ki, yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına” müraciət etməli olurlar.

    Şöbə müdirinin sözlərinə görə, vətəndaşa ilk instansiyada cavab verilməməsi onları daha yuxarı instansiyaya üz tutmağa məcbur edir.

    “Vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyada əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət edərək müxtəlif idarələrin qapısını döyməz”.

    Süleyman İsmayılov vurğulayır ki, daha çox təkrar müraciətlər Bakının rayonlarının, Gəncə, Mingəçevir, Şəki, Ağcabədi, Ağsu, Astara, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Gədəbəy, Göygöl, İmişli, Kürdəmir, Laçın, Neftçala, Salyan, Samux, Siyəzən, Şamaxı, Şəmkir, Tovuz, Ucar, Zəngilan və digər şəhər və rayonların payına düşür.

    Qəbul otağında qəbul edilənlər nədən şikayətçi olublar?

    Prezident Administrasiyasının qəbul otağına il ərzində 15 minədək vətəndaş müraciət edib.

    Onlar daha çox sosial müdafiə, işlə təmin olunma, əmək mübahisələri, hüquq mühafizə və məhkəmə orqanlarının, şəhər, rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, yerli idarə, müəssisə və təşkilatların fəaliyyəti ilə bağlı müraciət ediblər.

    Bir çox vətəndaşın müraciətində xaricdə müalicə və dərman təminatına kömək göstərilməsi, təhsil haqqını ödəməkdən azad olunma, xaricdə alınmış diplomların tanınması və sair məsələlər də yer alıb.

  • Prezident Yaqub Mahmudova orden verdi

    Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib.

    AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Yaqub Mikayıl oğlu Mahmudov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

    Yaqub Mikayıl oğlu Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə professor elmi adı alıb.

    Yaqub Mahmudov 1991-ci ildən BDU-nun Tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir.

    O, 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik edib. Onun təqdimatı ilə Milli Məclisdə qəbul olunan qanun əsasında ölkədə müasir təhsil sisteminə keçilib.

    Y.Mahmudov ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın (Bakı-2004) baş redaktoru və “Naxçıvan Ensiklopediyası” (Bakı-2005) redaksiya heyətinin üzvüdür. Həmin ensiklopediyalarda, həmçinin, “Azərbaycan Sovet Ensiklopediyası”nda çoxsaylı məqalələri dərc olunub. Azərbaycan tarixinin mühüm problemləri üzrə bir çox monoqrafiya və kitabların müəllifidir.

  • İlham Əliyev Naxçıvanın vergilər nazirinə ali rütbə verdi

    Prezident İlham Əliyev Vergilər Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının vergilər naziri Azər İslam oğlu Nağıyevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

    Bundan başqa, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin baş direktoru Xəqani Qara oğlu İsgəndərova 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsi verilib.

  • Mikayıl Cabbarova xüsusi rütbə verildi

    Azərbaycan Prezidenti İlham Əliyev vergilər naziri Mikayıl Cabbarova xüsusi rütbənin verilməsi ilə bağlı sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

  • İlham Əliyev rusiyalı naziri qəbul edib – YENİLƏNİB

    Prezident İlham Əliyev fevralın 9-da Rusiyanın iqtisadi İnkişaf naziri, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Dövlət başçısı Maksim Oreşkinlə bu yaxınlarda Davosda keçirilən görüşü xatırladıb və onun ölkəmizə bu səfərinin əlaqələrimizin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

    Prezident İlham Əliyev səfər zamanı ölkələrimiz arasında ticarət dövriyyəsi, nəqliyyat, birgə müəssisələrin yaradılması və digər sahələrdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.

    Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı iki ölkənin prezidentləri arasında əldə edilmiş razılaşmaların və eləcə də ötən ilin sentyabrında Rusiyaya rəsmi səfəri zamanı imzalanmış sənədlərin icrası ilə bağlı artıq konkret işlərin həyata keçirildiyini bildirib, bunun əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricisi olduğunu deyib.

    Prezident İlham Əliyev bu il Samur çayı üzərində körpünün istifadəyə veriləcəyini qeyd edərək bunun hər iki ölkə vətəndaşlarının gediş-gəlişi üçün yaxşı imkanlar yaradacağına və əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyini bildirib. Dövlət başçısı bu gün Hacıqabulda “QAZ” avtomobillərinin istehsalı zavodunun təməlinin qoyulacağının əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev Maksim Oreşkinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı iqtisadi sahədə əməkdaşlıqla bağlı yol xəritəsi çərçivəsində əlaqələrin perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılacağına əmin olduğunu vurğulayıb.

    Azərbaycana səfərindən məmnunluğunu bildirən Rusiya Federasiyasının iqtisadi İnkişaf naziri, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədri Maksim Oreşkin ölkəmizə hər gəlişi zamanı Azərbaycanın ayrı-ayrı bölgə və şəhərləri, çoxlu sayda gözəl rəngarəng yerləri ilə tanış olduqlarını bildirib.

    Maksim Oreşkin Azərbaycan Prezidentinin ötən il Rusiyaya rəsmi səfəri zamanı təsdiq olunmuş yol xəritəsi üzrə Azərbaycanla fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edərək ticarət dövriyyəsi, investisiya və birgə layihələrin reallaşdırılması ilə bağlı müsbət dinamikanın mövcud olduğunu vurğulayıb. Rusiyalı nazir Azərbaycan-Rusiya sərhədinə səfər etdiklərini və Samur çayı üzərində körpünün inşası ilə bağlı işlərin gedişi ilə tanış olduqlarını qeyd edib.

    O, Azərbaycanla Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Qonaq bildirib ki, hazırda sərhəd boyu 3 buraxılış məntəqəsinin təkmilləşdirilməsi ilə bağlı gedən işlər Azərbaycanla Rusiyanın qarşılıqlı nəqliyyat bağlantısının inkişafına kompleks yanaşmanın tətbiq olunduğunu göstərir.

    Söhbət zamanı infrastruktur, investisiya, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, birgə hökumətlərarası komissiyanın səmərəli fəaliyyət göstərdiyi qeyd olunub.

    * * * * *

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 9-da Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi yaradılır

    Prezident İlham Əliyev Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.

    Mərkəzin yaradılmasında əsas məqsəd ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirməkdir.

    Fərmana əsasən, Sosial Tədqiqatlar Mərkəzi publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək və ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini aparacaq, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirəcək və dəyişiklikləri proqnozlaşdıracaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıracaq, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edəcək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edəcək.

    Fərmanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

  • Xəzər məsələləri üzrə İşçi qrupunun Bakıda keçiriləcək ilk iclasının vaxtı bilindi

    Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupunun ilk iclası fevralın 19-20-də Bakıda keçiriləcək.

    Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Nazirlikdən bildirilib ki, 2018-ci ilin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” imzalanıb və Beşinci Xəzər Zirvə Toplantısının Kommünikesi qəbul edilib:

    “Bu sənədlərə əsasən, Konvensiyanın səmərəli yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın nəzərdən keçirilməsi məqsədilə Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrindən ibarət müntəzəm beştərəfli məsləhətləşmələr mexanizmi – Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrup yaradılıb.

    Azərbaycan tərəfi 2019-cu ilin favralın 19-20-də Bakı şəhərində adıçəkilən İşçi qrupun Xəzəryanı dövlətlərin nümayəndələrinin iştirakı ilə keçiriləcək birinci iclasına ev sahibliyi edəcək.

    İclasda Konvensiyadan irəli gələn bir sıra məsələlər üzrə, eləcə də, Aktau şəhərində baş tutmuş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısının nəticələrinə dair müzakirələrin aparılması nəzərdə tutulur”.

    İclasda Azərbaycanı Nazirlər Kabineti Aparatının rəhbəri, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupda Azərbaycanın səlahiyyətli nümayəndəsi Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.

  • ADA Universiteti orta ixtisas üzrə də kadr hazırlayacaq

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

    Fərmanda qeyd olunur ki, “ADA” Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

    1.1. 1.3-cü bəndə “səviyyələri” sözündən sonra “və orta ixtisas təhsili” sözləri, ikinci halda “ali” sözündən sonra “, orta ixtisas” sözləri əlavə edilsin;

    1.2. 2.1-ci bəndin ikinci cümləsinə “institutlar” sözündən sonra “, kolleclər“ sözü əlavə edilsin;

    1.3. 5.1.2-ci yarımbəndə “ali” sözündən sonra “və orta ixtisas” sözləri əlavə edilsin;

    1.4. 5.2.1-ci yarımbənddən “üzrə üç səviyyədən ibarət” sözləri çıxarılsın və həmin bəndə “doktorantura” sözündən sonra “, habelə orta ixtisas təhsili üzrə” sözləri əlavə edilsin;

    1.5. 5.5-ci bəndin birinci cümləsinə “magistratura” sözündən sonra “, habelə orta ixtisas” sözləri əlavə edilsin.

    Dəyişikliyə əsasən ADA Universiteti ali təhsilin bütün səviyyələri və orta ixtisas təhsili üzrə kadr hazırlığını, ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan dövlət ali təhsil müəssisəsi olacaq.

  • İlham Əliyevdən plastik qablarla bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılır:

    – bu sərəncamla təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;

    – Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat versin.

    Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

    Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.