Category: Siyasət

  • Azərbaycan İndoneziyaya 50 min dollarlıq yardım etdi

    Avqustun 5-də İndoneziyada baş verən 6,9 şiddətində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim edilib.

    Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Xatırladaq ki, avqust ayında İndoneziyada baş verən təbii fəlakət nəticəsində ölkənin xüsusilə Lombok adası zərər çəkib, ümumilikdə isə 70 minədək ev, 600-dən çox məktəb, 3 xəstəxana, 65 məscid, 5-dən artıq körpü dağılıb.

    Təbii fəlakət yərində fəaliyyət göstərən beynəlxalq humanitar yardım təşkilatları və beynəlxalq kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən zəlzələ zamanı 2000 yaxın şəxs həlak olub, 390 minədək əhali evsiz qalıb.

  • Rəsmi Bakıdan Paşinyanın arvadına – CAVAB

    Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın Rusiyadan olan bir qrup qadın ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri barədə açıqlama yayıb.

    Açıqlamada deyilir:

    “Qadınlar sülh naminə” təşəbbüsü barədə artıq səsləndirilmiş mövqeyimizə əlavə olaraq təkrar edirik ki, sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər.

    Azərbaycan Respublikasının qanunlarını ciddi pozaraq ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər edən əcnəbi vətəndaşlara gəldikdə isə, hazırda onlarla bağlı məlumat araşdırılır və bu şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul olunacaq”.

  • İlham Əliyev və Mehriban Əliyeva Dənizkənarı Milli Parkda

    Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya sərgisindəki milli pavilyonu sökülərək Bakıya gətirilib və Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulub.

    Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva pavilyonla tanış olublar.

    Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yenidən qurulan pavilyondakı şərait barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi.

    Qeyd edək ki, bu bina Dənizkənarı Milli Parkın ərazisində bütün fəsillərdə daimi istifadəyə uyğunlaşdırılıb. Burada Azərbaycan mətbəxini, musiqisini və mədəniyyətini təbliğ edən instalyasiyalar quraşdırılıb, müxtəlif iaşə xidməti göstərmək üçün binada müvafiq şərait yaradılıb, terras qurulub.

    Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan ilk dəfə “Milan Ekspo 2015” Ümumdünya sərgisində milli pavilyonla iştirak edib. Bu layihə Azərbaycanın tarixinin və mədəni irsinin, ölkənin zəngin ekoloji, enerji potensialı və nadir biomüxtəlifliyinin beynəlxalq miqyasda tanıdılması istiqamətində böyük rol oynayıb. 2015-ci il mayın 31-dən oktyabrın 31-dək davam edən “Milan Ekspo 2015” sərgisini 23 milyondan çox insan ziyarət edib. Bu müddətdə Azərbaycanın milli pavilyonunda isə 3 milyon 250 mindən çox izləyici olub. “Azərbaycan: biomüxtəlifliyin xəzinəsi” adlandırılan dördmərtəbəli milli pavilyon Milanda 1800 kvadratmetr ərazidə təşkil olunmuşdu. Azərbaycan “Milan Ekspo 2015” Ümumdünya sərgisinin bütün mərhələlərində seçilən dövlətlər sırasında olub. Xarici mətbuat, o cümlədən İtaliyanın aparıcı kütləvi informasiya vasitələri milli pavilyonun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu qeyd ediblər və milli pavilyonumuz “Milan Ekspo” sərgisinin incisi adlandırılıb. Milli pavilyonun əsas özəlliyindən biri onun 3 biosferdən təşkil olunması idi. Diametri 10 metr olan xüsusi şüşə konstruksiyalarından hazırlanmış biosferlər ətraf mühiti və qədim mədəniyyəti daim harmoniyada saxlamağı və qorumağı bacaran Azərbaycanı təcəssüm etdirib.

    Sərgi müddətində pavilyonun dördüncü mərtəbəsində restoran fəaliyyət göstərib. Burada Azərbaycan milli mətbəxinin nümunələri və konsert proqramları təqdim olunub. Pavilyondakı monitorlarda Azərbaycanın musiqi və kinematoqrafiya incilərinə, adət və ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar nümayiş etdirilib. Ziyarətçilər, həmçinin Azərbaycanın müxtəlif regionlarında mövcud olan zəngin biomüxtəlifliyi, nadir landşaftları, təbii ehtiyat və tarixi abidələri əks etdirən videoçarxları izləyiblər. Sərginin keçirildiyi müddətdə Azərbaycanın milli pavilyonu “Milan Ekspo 2015” Təşkilat Komitəsi tərəfindən “Dizayn və materiallar” nominasiyası üzrə qalib elan olunub. Təşkilat Komitəsi Azərbaycan pavilyonunun tərtibatında günəş şüalarını azaldan şüşə, metal və taxta sistemlərinin innovativ qaydada işlənilməsinin ekoloji baxımdan əhəmiyyətli olduğunu və dizayn elementlərinin seçildiyini qeyd edib. Bir sözlə, pavilyonumuz ekoloji təmiz, asan emal edilən materiallardan inşa olunub.

    Burada “Dubay Ekspo 2020” sərgisində qurulacaq Azərbaycan milli pavilyonunun layihəsi Prezident İlham Əliyevə təqdim olundu. Layihə ilə tanış olan dövlətimizin başçısı “Dubay Ekspo 2020” sərgisindəkı milli pavilyonun tikintisinə başlanılmasına dair müvafiq tapşırıqlar verdi. Eyni zamanda, dövlətimizin başçısı “Dubay Ekspo 2020” sərgisindəkı milli pavilyonun da sərgidən sonra sökülərək ölkəmizə gətirilməsi məsələsinə baxılmasına dair tapşırıq verdi.

    Qeyd edək ki, “Milan Ekspo 2015” Ümumdünya sərgisindən sonra sökülərək Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulan milli pavilyonumuzun inzibati binası 4 mərtəbədən ibarətdir və 6 min kvadratmetr ərazisi var. Burada, eyni zamanda, sakinlər, eləcə də şəhərimizin qonaqlarının istirahəti üçün əlavə olaraq 4 min kvadratmetrə yaxın ərazidə müxtəlif ağac və bitki növlərindən ibarət yaşıllıq zolaqları da salınıb, istirahət üçün sahələr yaradılıb. Ərazidəki torpaq münbitləşdirilib, müasir işıqlandırma sistemi quraşdırılıb, meydançalar yaradılıb, avtomobil və velosipedlərin parklanması üçün dayanacaq sahəsi ayrılıb. Pavilyon sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin bir hissəsidir.

    “Milan Ekspo 2015” Ümumdünya sərgisindəki Azərbaycanın milli pavilyonu Şimal və Cənub, Şərq və Qərb arasında körpü rolunu oynayan, qədim tarixi, zəngin mədəniyyəti ilə seçilən ölkəmizin bənzərsiz təbii və mədəni xəzinəsini əks etdirib. Onun yaradılmasında hər bir detala xüsusi diqqət yetirilib. Pavilyonun dalğavari taxta divarları Azərbaycana xas olan küləyi, həmişə burada dövr edən mədəni və yaradıcı axını simvolizə edib.

  • Deputat işdən çıxarılan məmuru yıxıb-sürüdü

    Maliyyə Bazarlarına Nəzarət Palatası ilə məsələləri qaldıranda bəzi həmkarlarımız bizim əleyhimizə danışmağa başladılar. Hansı ki, mən də, Əli Məsimli də bunu görürdük, bilirdik ki, o Palatada hansı oyunlar gedir, nə oyunlardan çıxılır.

    Bunu parlamentin komitə iclasında millət vəkili Vahid Əhmədov deyib.

    “Harada görülüb ki, çaxır buraxasan, üstünə də adını yazdırasan. Və ya harada görülüb ki, özünə 65 min manat maaş yazdırasan… Bu, harada görülüb? Dünyanın heç bir yerində belə bir şey yoxdur. İndi Rüfət Aslanlı oradan, Direktorlar Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb, artıq qurumun fəaliyyətində normallaşma gedir.

    Hansı ki, iki il ərzində bu qurum gözləntiləri doğrultmadı, oyunlarla məşğul oldu. Odur ki, cənab prezidentin Palata ilə bağlı son addımı çox təqdirəlayiqdir. Bu, həmin qurumun fəaliyyətində dönüş yaradacaq bir addımdır”, – deyə millət vəkili əlavə edib.

  • İlham Əliyev Mark Şnayeri qəbul edib – YENİLƏNİB

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 8-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.

    Mark Şnayer prezident İlham Əliyevlə Bakıda və ABŞ-da keçirdikləri görüşləri məmnunluqla xatırlayıb.

    Söhbət zamanı Azərbaycanda müxtəlif xalqların və etnik qrupların, o cümlədən yəhudi icması nümayəndələrinin dinc yanaşı və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığı qeyd olunub., onların Azərbaycanın ictimai həyatında fəal iştirak etdiyi vurğulanıb.

    Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, ABŞ Etnik Anlaşma Fondunun bu işə töhfə verdiyi qeyd olunub.

    * * * * *

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 8-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.

    Median.Az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

  • Prezident sərəncam imzaladı

    Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 23 may tarixli 2834 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

                                          Komissiyanın həmsədri

    Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

                                          Komissiyanın üzvləri

    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
    Azərbaycan Respublikası energetika nazirinin müavini
    Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
    Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
    Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
    Azərbaycan Respublikası təhsil nazirinin müavini
    Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
    Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
    Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
    Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri.
    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Rumıniya tərəfinə bildiriş göndərmək tapşırılıb. 

  • İlham Əliyev icra başçısını işdən çıxardı

    Vaqif İdris oğlu Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Bu barədə müvafiq sərəncamı Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.

  • Prezident döyüş bayraqları ilə bağlı fərman verdi

    Prezident İlham Əliyev Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında fərman imzalayıb.

    Fərmanla “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Əsasnamə”, “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri” və “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd hərbi dəniz bayraqlarının təsviri” təsdiq edilib.

    Nazirlər Kabinetinə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamənin və onun təsvirinin layihələrini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.

    “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidməti – Sərhəd Qoşunlarının və hərbi hissələrinin Döyüş Bayrağı haqqında” Əsasnamənin və “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının və hərbi hissələrinin Döyüş Bayrağının təsviri”nin təsdiq edilməsi barədə” Azərbayсan Respublikası prezidentinin 2004-сü il 14 yanvar tarixli 14 nömrəli fərmanı ləğv edilib.

    Əsasnamədə qeyd olunur ki, Dövlət Sərhəd Xidmətinin döyüş bayrağı Dövlət Sərhəd Xidməti rəisinin iş otağında və Xidmətin Hərbi Şurasının zalında, hərbi birləşmələrin (Sərhəd Qoşunları, Çevik Hərəkət Qüvvələri, Sahil Mühafizəsi, Sərhəd Nəzarəti) və hərbi birləşmələr tərkibinə daxil edilməyən hərbi hissələrin döyüş bayraqları isə Azərbaycan Silahlı Qüvvələrinin hərbi nizamnamələrinə uyğun olaraq təyin edilmiş yerlərdə, Azərbayсan Respublikasının Dövlət Bayrağı ilə birlikdə, “Azərbayсan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunun tələblərinə müvafiq olaraq daimi yerləşdirilir.

    Hərbi hissənin döyüş bayrağı daim hərbi hissədə, döyüş meydanında isə həmin hərbi hissənin döyüş əməliyyatları bölgəsində olmalıdır. Hərbi hissənin adının və nömrəsinin dəyişməsindən asılı olmayaraq, döyüş bayrağı hərbi hissədə həmişəlik qalır. Hərbi hissənin adının və nömrəsinin dəyişməsi döyüş bayrağı ilə birlikdə verilən təqdimatda qeyd olunur.

    Hərbi hissənin bütün şəxsi heyəti döyüş bayrağını fədakarlıq və mərdliklə qorumalı, onun düşmənin əlinə keçməsinə yol verməməlidir. Döyüş bayrağı itirildikdə, hərbi hissənin komandiri və məsul hərbi qulluqçular qanunla müəyyən edilmiş qaydada məsuliyyətə сəlb olunmalı, hərbi hissə isə ləğv edilməlidir.

    Döyüş bayrağı rəsmi tədbirlərdə, matəm günlərində və matəm mərasimlərində Azərbayсan Respublikasının Dövlət Bayrağı ilə birlikdə, “Azərbayсan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunla müəyyən edilmiş qaydada qaldırılır (asılır) və endirilir.

    Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi və köməkçi gəmiləri (katerləri) sərhəd hərbi dəniz bayrağı daşıyırlar. Sərhəd hərbi dəniz bayrağı gəmilərin (katerlərin) dövlət mənsubiyyətini və toxunulmazlığını, onların dəniz hüdudlarında Azərbayсan Respublikasının dövlət mənafeyini qorumağa hazır olduğunu bildirir.

    Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi gəmiləri (katerləri) heç bir halda öz bayraqlarını düşmən qarşısında endirməməli, məhv olmağı düşmənə təslim olmaqdan üstün tutmalıdırlar. Bayraq döyüşdə vurulduğu halda dərhal yenisi ilə əvəz olunmalıdır. Sərhəd hərbi dəniz bayrağı gəmi (kater) hərəkətdə ikən qafeldə, dayanaсaqda olduqda isə arxa flaqştokda qaldırılır.

    Vımpel sərhəd hərbi dəniz bayraqları verilmiş gəmilərin (katerlərin) qrot-stenqində (təkdorludursa – for-stenqində) qaldırılır, gəminin (katerin) dəniz kampaniyasında olduğunu və komandanlığının hər hansı tapşırığını yerinə yetirməyə hazır olduğunu bildirir.

    Vımpel daim, geсə-gündüz, hər сür havada, hərəkət zamanı və lövbər (çəllək, buraz) dayanaсağında daşınır və endirilmir. Vımpel, yalnız gəmi (kater) dorlarından birinin stenqində vəzifəli şəxsin bayrağı və ya breyd-vımpeli qaldırılıqda və gəmi (kater) dəniz kampaniyasından çıxarıldıqda endirilir.

    Dövlət Sərhəd Xidməti rəisinin, DSX Sahil Mühafizəsi rəisinin, DSX Sahil Mühafizəsi qərargah rəisinin müvafiq hərbi dəniz bayrağı, gəmilər birləşməsi komandirinin isə breyd-vımpeli olur. Vəzifəli şəxslərin bayraqları və breyd-vımpelləri bu şəxslərin olduqları gəmilərdə onların olduğu müddətdə qaldırılır.

  • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

    Ölkə prezidenti İlham Əliyevin fərmanı ilə Səhiyyə Nazirliyinin səlahiyyətləri artırılıb.

    Bununla bağlı “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalanıb.

    Dəyişikliklə Əsasnamənin III (Nazirliyin vəzifələri) hissəsinə yeni 8.10-3 bəndi əlavə edilib.

    Əlavəyə əsasən, Səhiyyə Nazirliyi həm də tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək.

  • Azərbaycanda yüksək vəzifəyə yeni təyinat

    Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.

    Median.Az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Leyla Yaşar qızı Abdullayeva təyin edilib.

    L. Abdullayeva 2002-ci ildən XİN-də çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycanın NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.