Category: Siyasət

  • Ombudsmanın maaşı artırılır

    Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) maaşı artırılır.

    Median.Az-ın Modern.az-a istinadən məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” qanunun 16-cı maddəsinə (Müvəkkilin sosial, maliyyə və digər təminatları) dəyişiklik edilir.

    Dəyişikliyə görə, Müvəkkil 2230 manat məbləğində aylıq əməkhaqqı alacaq.

    Hazırkı qanunvericiliyə əsasən isə, müvəkkil 2025 manat məbləğində aylıq əməkhaqqı alır.

    Ombudsmanla bağlı qanuna dəyişiklik layihəsi Milli Məclisin noyabrın 27 və 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

    Hazırda Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) 81 yaşlı Elmira Süleymanovadır.

    Ombudsman Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Lakin yeni Ombudsman seçilmədiyindən o, fəaliyyətini davam etdirir.

  • Nazir müavini vəzifəsindən azad edildi

    Prezident İlham Əliyevin 20 noyabr 2018-ci il tarixli sərəncamı ilə Natiq Balaş oğlu Abbasov energetika nazirinin müavini vəzifəsindən azad edilib.

    Bu barədə Energetika Nazirliyindən bildirilib.

    Xatırladaq ki, Natiq Abbasov 2009-cu ildən bu vəzifədə çalışırdı.

  • Azərbaycanda növbəti Prezident seçkiləri bu tarixdə keçiriləcək

    Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişiklik təklif edilir.

    Modern.az-ın əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan qanunvericilik layihəsində qeyd edilir ki, Konstutisiyanın 101-ci maddəsinin I hissəsi, 105-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 178.1-ci maddəsi arasında ziddiyyət mövcuddur.

    Belə ki, növbədənkənar Prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, 7 il əvvəl Prezident seçildiyi ayda (yəni növbədənkənar seçkilərin keçirildiyi 11 aprelə) bitir.

    Ziddiyyətin aradan qaldırılması məqsədi ilə Seçki Məcəlləsində 178.1-ci maddənin yeni redaksiyada verilməsi təklif edilir.

    Təklifə əsasən, Seçki Məcəlləsinin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, 7 il əvvəl keçirilən Prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur (indiki halda növbəti Prezident seçkiləri 9 aprel 2025-ci ildə təyin olunmalıdır).

    Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə təyin edilir.

    Seçki Məcəlləsinə təklif edilən dəyişikliyin noyabrın 27-də Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılacağı bildirilir.

  • İlham Əliyev ədliyyə işçilərini təbrik etdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının ədliyyə işçilərini və hakimləri təbrik edib.

    Təbrik mətnində deyilir:

    “Hörmətli ədliyyə işçiləri və hakimlər!

    Sizi Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təbrik edirəm.

    Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi 1918-ci ildə təsis edilmiş Azərbaycan ədliyyəsi bir əsrlik mürəkkəb və şanlı inkişaf yolu keçmişdir.

    Azərbaycanda ədliyyə sisteminin intibahı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, bir neçə dəfə ləğv edilmiş Ədliyyə Nazirliyinin fəaliyyəti məhz Ulu Öndər tərəfindən 1970-ci ildə bərpa edilmiş, zəruri normativ sənədlər qəbul olunmuş və milli kadr hazırlığına xüsusi diqqət yetirilmişdir.

    Azərbaycan Respublikası müstəqilliyini qazandıqdan sonra Ümummilli Liderin rəhbərliyi ilə Ədliyyə Nazirliyinin cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, müasir məhkəmə sistemi yaradılmış, məhkəmələrin müstəqilliyinin təmin olunması üçün mühüm addımlar atılmışdır.

    Azərbaycanda ədliyyə orqanları və məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər bu gün də davam etdirilməkdədir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın təmin edilməsi məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncam imzalanmış, test üsulu ilə şəffaf prosedurlar əsasında yeni hakim korpusu formalaşdırılmış, ədliyyə orqanlarının işi və göstərdiyi hüquqi xidmətlər yeni tələblər səviyyəsində qurulmuşdur. Son illərdə hakimlərin sayı əhəmiyyətli dərəcədə artırılmış, müasir məhkəmə kompleksləri inşa edilmiş, ədliyyə orqanları və məhkəmələrin maddi-texniki bazası gücləndirilmişdir.

    Əminəm ki, ədliyyə və məhkəmə işçiləri qanunun aliliyinin, hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunması, vətəndaşlarının hüquqlarının qorunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində səylərini bundan sonra da davam etdirərək Azərbaycan ədliyyəsinin inkişafına öz töhfəsini verəcəklər”.

  • Prezident Türkmənistanda danışıqlardadır – FOTO + YENİLƏNİB

    Noyabrın 22-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mətbuata birgə bəyanatla çıxış ediblər.





    * * * * *

    Noyabrın 22-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.



    * * * * *

    Noyabrın 22-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

    Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri davam edir.



    * * * * *

    Noyabrın 22-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.

    Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri davam edir.




    * * * * *

    Noyabrın 22-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Aşqabaddakı Müstəqillik Meydanında rəsmi qarşılanma mərasimi olub.

    Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı meydanda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib. Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirilib.

    Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan əsgərlərini salamlayıb. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Türkmənistanın dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Aşqabadda akkreditə olunmuş səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim edilib.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

    Sonra prezidentlər rəsmi foto çəkdiriblər.











  • Türkiyənin ədliyyə naziri Azərbaycana gəlib

    Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül Azərbaycana gəlib.

    O, səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə görüşəcək, iki ölkə arasındakı əməkdaşlığın mövcud vəziyyətini və gələcək perspektivlərini müzakirə edəcək.

    Ə.Gül Azərbaycanın ədliyyə orqanlarının yaradılmasının 100 illiyi münasibətilə keçirilən tədbirlərə qatılacaq.

  • İlham Əliyev Türkmənistana rəsmi səfərə gedib

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 21-də Türkmənistana rəsmi səfərə gedib.

    Azərbaycanın və Türkmənistanın dövlət bayraqlarının dalğalandığı Aşqabad beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Prezident İlham Əliyevi Türkmənistanın baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək vəzifəli şəxslər qarşılayıblar.

  • Prezident Baba Salayevə YÜKSƏK VƏZİFƏ VERDİ (YENİLƏNDİ)

    Prezident İlham Əliyev Pənah Süleymanovun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamda qeyd edilir ki, Pənah Hüseyn oğlu Süleymanov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilsin.

    Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Dövlət başçısının digər sərəncamı ilə Baba Hacı-Baba oğlu Salayev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilib.

    **

    İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli 45 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli 108 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

    Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1217; 2012, № 12, maddə 1322; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 3, maddə 353) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 3.1-ci bəndinin üçüncü abzasına “Daxili İşlər,” sözlərindən sonra “Vergilər,” sözü əlavə edilsin.

    ***

    Fərmanlar:

    “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 15 noyabr tarixli 1334-VQD nömrəli Qanununun tətbiqi haqqında;

    “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 noyabr tarixli 21 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə;

    ***

    Azərbaycan Respublikası Prezidentinin “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2012-ci il 24 aprel tarixli 613 nömrəli, “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 538-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 19 aprel tarixli 1339 nömrəli və “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1180-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 18 iyul tarixli 211 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə;

    Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2002-ci il 12 dekabr tarixli 823 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 23 aprel tarixli 53 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1181-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 18 iyul tarixli 212 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə;

    “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1312-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında;

    ***

    “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 667 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında;

    Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə;

  • Prezident onlara general rütbəsi verdi – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Əkbər oğlu Həsənova ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilsin.

    Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilir:

    Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Fazil oğlu Əbilova

    Bələdiyyələrlə iş mərkəzinin rəisi Zahir Məmməd oğlu Əlizadəyə

    İcra baş idarəsinin rəisi Nurəddin Yusif oğlu Mustafayevə.

    Ədliyyə Nazirliyinin Penitensiar xidməti rəisinin müavinləri Məhərrəm Allahverdi oğlu Qafarova və Oqtay İlyas oğlu Məmmədova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilir.

  • Belarus Azərbaycana hərbi texnika tədarük edəcək

    Belarus və Azərbaycan arasında Belarus hərbi texnikasının növbəti partiyasının tədarükü üzrə müqavilə imzalanacaq.

    Median.Az “Belta” nəşrinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Aleksandr Lukaşenko ilə danışıqların yekunu barədə jurnalistlərə məlumat verərkən deyib.

    Bu gün iki ölkə rəhbərinin danışıqlarının yekunu əsasında Belarus Dövlət Hərbi Sənaye Komitəsi və Azərbaycan Müdafiə Nazirliyi arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Memorandum hava hücumundan müdafiə üzrə silah və texnikanın tədarükü sahəsində qarşılıqlı səmərəli və ikitərəfli əlaqələrin inkişafını nəzərdə tutur.

    “Ən yaxın zamanda bu sənəd Belarusdan hərbi texnikanın növbəti partiyasının tədarük edilməsinə dair müqavilədə öz əksini tapacaq”,- deyə İlham Əliyev bildirib.