Category: Siyasət

  • Prezident hərbçilərin maaşlarını artırdı

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.

  • İlham Əliyev mərakeşli naziri qəbul etdi

    Azərbaycan prezidenti İlham Əliyev Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bouritanı qəbul edib.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

  • Prezident bitkiçiliyin inkişafı ilə bağlı sərəncam verdi

    Prezident İlham Əliyev “Bitkiçilikdə intensiv inkişafın təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmaq və bitkiçiliyin intensiv inkişafını təmin etmək məqsədi ilə qərara alıram:

    Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin və ölkədə sənaye üsulu ilə istehsal olunan biohumusun satış qiymətinə genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinin və çoxillik əkmələrin hər hektarına görə tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddinin 50 faiz, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddinin isə 5 dəfə artırılmasını təmin etsin;

    2. bu Sərəncamın 1-ci hissəsi ilə bağlı tədbirlərin 2018-ci ildə maliyyələşdirilməsinin “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.10.1.6-cı yarımbəndində “Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər” üzrə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini, növbəti illərdə tələb olunacaq vəsaitin isə hər il dövlət büdcəsində müvafiq qaydada nəzərə alınmasını təmin etsin;

    3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

  • Prezident yanğında ölənlərin ailələri ilə bağlı TAPŞIRIQ VERDİ

    Azərbaycan Prezidenti İlham Əliyev Respublika Narkoloji Mərkəzində baş verən yanğının nəticələrinin tez bir zamanda aradan qaldırılması və yanğının səbəblərinin araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

    Dövlət başçısı Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verib.

    Həyata keçirilən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir.

    Qeyd edək ki, 2018-ci il martın 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.

    Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.

    Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

    Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

    Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

    Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

    İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.

  • İlham Əliyev yanğın baş verən ərazidə

    Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verən əraziyə gəlib.

    Bu barədə oxu.az-ın ərazidə olan əməkdaşı məlumat verib.

    Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib. Yanğın söndürülüb. Yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (“morq”) 24 nəfərin meyiti gətirilib.

    Daha üç nəfər isə tüstüdən zəhərlənib.

  • İlham Əliyev həkimlərin maaşını artırdı

    Azərbaycan prezidenti İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

    Dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Prezident İlham Əliyev yeni nazir müavini təyin etdi – SƏRƏNCAM

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ölkə başçısının sərəncamı ilə bu vəzifədən azad olunub.

    Median.Az xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumatı Gənclər Fondundan təsdiqləyiblər.

    Saytımıza bildirilib ki, dövlət başçısının digər sərəncamı ilə Fərhad Hacıyev gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, Fərhad Hacıyev 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Universitetini və Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib. Fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi var. Harvard Kennedi Məktəbinin məzunudur.

    Əmək fəaliyyətinə 1998-ci ildən Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasında departament müdiri vəzifəsində başlayıb. 1999-cu ildə bu təşkilkatın Məclis sədri, 2000-ci ildə isə baş katibi seçilib. 2001-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri vəzifəsinə təyin olunub.
    2001-2002-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2002-ci ilin noyabr ayında Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

    2006-2009-cu illərdə Avropa Şurasının Gənclərlə iş üzrə Proqram Komitəsinin sədri vəzifəsində çalışıb.

    2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

    2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib. 2015-ci ildə Birinci Avropa Oyunlarının təşkilində iştirak etdiyinə görə Azərbaycan Prezidentinin “Fəxri Diplomu” ilə təltif edilib.

    F.Hacıyev bu gündən gənclər və idman nazirinin müavini postunda fəaliyyət göstərir.

    Ailəlidir.

  • İlham Əliyev müəllimlərin maaşını artırdı – SƏRƏNCAM

    Azərbaycan prezidenti İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

    Sənədə əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Azərbaycanda seçicilərin dəqiq sayı məlum oldu

    Azərbaycanda vahid seçici siyahısı dəqiqləşdirilərək yenidən tərtib edilib.

    Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, komissiya üzvləri və KİV nümayəndələri ölkə üzrə vahid seçici siyahısının yenidən tərtib olunmuş variantı ilə tanış olublar.

    Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bildirib ki, Azərbaycanda səsvermə hüququ olan 5 milyon 192 min 42 şəxs var.

    Onun sözlərinə görə, MSK 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsi cari il martın 3-nə qədər başa çatdırılması qərara alınıb.

    Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.//oxu.az

  • İlham Əliyev Misir səfirinin etimadnaməsini qəbul edib – FOTO

    Azərbaycan prezidenti İlham Əliyev Misirin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimin etimadnaməsini qəbul edib.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.