Category: Siyasət

  • İlham Əliyev Mingəçevirdədir

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevir şəhərinə səfərə gəliblər.

    Dövlət başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyublar.

    Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə görülən abadlıq-quruculuq işləri barədə prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib.

  • Səfir: Xocalıda insanlar azərbaycanlı olduqlarına görə öldürülüb

    Moskvada Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

    Oxu.az bu barədə “Vestnik Kavkaza”ya istinadən xəbər verir.

    Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) tərəfindən təşkil olunan tədbirdə tanınmış ictimai-siyasi xadimlər, Moskvada diplomatik nümayəndəliklər tərəfindən akkreditə olunmuş nümayəndələr, Azərbaycan diasporunun nümayəndələri iştirak edib.

    Tədbirdə nitqlə çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu düz 26 il əvvəl Xocalıda faciənin baş verdiyini, bunu başqa sözlə ifadə etməyin çətin olduğunu qeyd edib:

    “1992-ci il fevralın 25-dən 26-na keçən gecə rrməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum edib. Şəhər yer üzündən silinib. Açılan güllələrdən qurtulmağa çalışan yerli sakinlər dağlara qaçmaq məcburiyyətində qalıb.

    Erməni silahlı dəstələri yolda silahsız insanları güllələyib. Uşaqlar, qocalar soyuqdan donub. Bir çoxları itkin, çox sayda qız və qadın əsir düşüb. Qurbanların dəqiq sayı indiyə kimi heç kimə məlum deyil.

    Əlbəttə ki, elan olunan rəsmi rəqəmlərdən xeyli çoxdur: Rəsmi rəqəmlərə görə, Xocalıda 613 nəfər öldürülüb, 487 nəfər əlil olub, 1275 dinc sakin, o cümlədən qocalar, qadınlar, uşaqlar əsir düşüb. 150-dən çox insanın taleyi barədə indiyə kimi heç bir məlumat yoxdur”.

    “…Bu insanları yalnız azərbaycanlı olduqlarına görə, Xocalıda yaşadıqlarına görə, Qarabağda yaşadıqlarına görə öldürüblər”, – deyə Polad Bülbüloğlu vurğulayıb.

    Ardınca səfir tədbirdə iştirak edənlərə ABŞ-da çəkilmiş və Xocalı faciəsinə həsr olunmuş “Kölgədən qaçan” filmi haqqında danışıb.

    “Kölgədən qaçan filmi həmin faciəni yaşamış şahid ifadələri və Amerika ictimaiyyəti nümayəndələrinin, Azərbaycanda yaşayan müxtəlif dinlərə etiqad edən insanların hüquqi-ictimai rəyi əsasında çəkilib. Bu filmdə siz Xocalı faciəsi haqqında fikir yürüdən erməni hüquq müdafiəçisinin etirafları ilə tanış olacaqsız.

    Yeri gəlmişkən, erməni cəmiyyətində Xocalının dəhşətli faciə olduğunu, onun ovaxtkı Dağlıq Qarabağ və Ermənistan hakimiyyətinin yol verdiyi qorxulu səhv olduğunu və Azərbaycan xalqına qarşı soyqırım kimi tanındığını anlayan insanların sayı gündən-günə artır”.

    “Şəxsən mən bu filmi Xocalı faciəsinin dünya ictimaiyyətinə tanıtımı istiqamətinə atılmış vacib addım olduğunu hesab edirəm. Epiqraf onun məğzi və məqsədini çox dəqiq şəkildə ifadə edir: “Şərin zəfər çalması üçün tələb olunan yeganə şey yaxşı insanların fəaliyyətsizliyidir”.

    Bu epiqraf mənə daha geniş yayılan bir ifadəni xatırlatdı: “Ən çox biganə insanlardan qorxmaq lazımdır, çünki onların lal-dinməz razılığı ucbatından bu gün dünyada müxtəlif bəlalar baş verir”.

    Xocalı faciəsini qiymətləndirən zaman ona biganə qalmaq mümkünsüzdür. Bunlar barədə susmaq mümkünsüzdür, ən çox ona görə ki, törədilən şər və ya vəhşilik beynəlxalq ictimaiyyət tərəfindən pislənməsə, mütləq təkrarlanacaq. Bugünədək 16 dünya ölkəsi, ABŞ-ın 19 ştatı Xocalıda baş verənləri soyqırım aktı olaraq pisləyib”, – deyə Polad Bülbüloğlu bildirib.

    “Bu gün toplaşdığımız Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin rəhbərliyinə təşəkkür etmək istəyirəm. Mənə elə gəlir ki, digər xalqlarla müqayisədə, yəhudi xalqı bizim dərdimizi daha çox anlayır və bölüşür, çünki öz tarixində bu xalq çoxlu faciəvi hadisələrlə üzləşib.

    Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu filmin Los-Anceles şəhərində baş tutan premyerası da dünyanın ən iri Holokost muzeylərindən birində, Tolerantlıq Muzeyində keçirilib”, – deyə diplomat bildirib.

    Tədbirdə Rusiya Dövlət Dumasının deputatı, “Rusiya-Azərbaycan” parlamentlərarası qrupunun rəhbəri Dmitri Savelyev, “Avrasiya günləri emalatxanası” elmi tədqiqatlara dəstək fondunun ekspert şurasının sədri Qriqori Trofimçuk, Rusiya Elmlər Akademiyasının Slavyanşünaslıq İnstitutuun baş elmi işçisi, tarix elmləri namizədi İlqar Məmmədov, rejissor-dramaturq Əfraim Abramov, “Azərbaycan-İsrail” Beynəlxalq Dostluq Assosiasiyasını (Azİz) təmsil edən, Milli Məclis aparatının hüquq şöbəsinin rəhbəri, BMT-nin cinayətlər üzrə Vyana idarəsinin eksperti, hüquq elmləri doktoru Nizami Səfərov da iştirak edib.

  • İlham Əliyev “Xocalı” abidəsini ziyarət edib

    Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib.

    Prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

    Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.

  • Seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

    Fevralın 25-dən Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində seçicilərə müvafiq dairə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılır.

    Bu, barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.

    Belə ki, Təqvim Planına əsasən, qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi dairə seçki komissiyaları tərəfindən səsvermə gününə 45-25 gün qalanadək, yəni 2018-ci il fevralın 25-dən martın 17-dək verilir.

    Qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi məntəqə seçki komissiyaları tərəfindən isə səsvermə gününə 24-3 gün qalanadək, yəni 2018-ci il martın 18-dən aprelin 8-dək verilir.

    Xatırladaq ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

  • Mehriban Əliyeva Abuzər İbrahimi Türkamanı ilə görüşüb

    Birinci vitse-prezident Mehriban Əliyeva fevralın 23-də görüş keçirib.

    Birinci xanım İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkaman ilə görüşüb.

  • Gələn il Azərbaycanda daha bir seçki keçiriləcək – ŞOK İDDİA

    Azərbaycanda prezident seçkilərindən sonra parlament seçkiləri də irəli çəkilə bilər.

    Median.Az xəbər verir ki, mötəbər mənbələrdən “Yeni Müsavat”a verilən məlumata görə, Milli Məclis üzvlərinin yeni seçimi 2019-cu ildə baş tutacaq. Növbədənkənar parlament seçkilərinin gələn il keçirilməsi gözlənilən bələdiyyə seçkiləri ilə eyni vaxta salınması nəzərdə tutulur. Bununla həm də seçki prosesinə çəkilən xərclərin azaldılmasının hədəfləndiyi bildirilir.

    Azərbaycan müxalifəti üçün parlament seçkilərinin irəli çəkiləcəyi gözlənilən variantdır. ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərdən sonra Milli Məclisin yenidən formalaşdırılması bir zərurətə çevrilib: “Yeni konstitusiyaya uyğun olaraq yeni parlament seçilməlidir. Çünki indiki parlamentin fəaliyyəti ilə yeni konstitusiya arasında ziddiyyət var. Yəni Milli Məclis indi qeyri-qanuni fəaliyyət göstərir”.

    Partiya sədrinin fikrincə, yeni parlament seçkiləri növbədənkənar prezident seçkiləri ilə eyni vaxtda keçirilsə, daha yaxşı olardı: “2019-cu ilədək gözləməyə ehtiyac yoxdur, yeni parlamen seçkiləri ən qısa müddətdə keçirilməliydi. Daha yaxşı olardı ki, prezident seçkiləri ilə eyni vaxtda salınsın. Amma salınmadı, heç olmasa prezident seçkilərindən dərhal sonraya təyin olunmalıdır”.

    Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də hesab edir ki, növbədənkənar parlament seçkiləri gələn ilə saxlanmamalıdır: “Düşünürəm ki, bələdiyyə seçkilərinə qədər gözlənməyəcək, elə bu ilin payızında yeni parlament seçkiləri keçiriləcək. Əslində Milli Məclisin indiki tərkibi tamamilə yenilənməlidir. Milli Məcliz üzvlərinin mütləq əksəriyyəti seçilmiş deyil, təyin olunmuş, xalqdan uzaq adamlardır. Son vaxtlar deputatın ailə üzvlərinin pensiya təminatı deyilən bir məsələnin ortaya atılması bir daha göstərir ki, onlar xalqın deyil, hakimiyyətin mövqeyindən çıxış edirlər. Ona görə ki, böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləridir”.

    Ə.Əliyev deyir ki, Milli Məclis Azərbaycan siyasi palitrasını qismən də olsa əks etdirməlidir: “Amma bu gün Azərbaycan parlamentində xalqın güzəranı ilə ayaqlaşan bir deputat yoxdur. Sanki Azərbaycan parlamenti virtual aləmdə yaşayır: orada baş verənlər Azərbaycan cəmiyyətində baş verənləri qismən də olsa əks etdirmir”.

    Partiya sədrinin sözlərinə görə, bir qisim partiyalar prezident seçkilərində prosesdən kənarlaşmağa üstünlük veriblər: “Mən bunu hazırlığın olmaması ilə əlaqələndirirəm. Düzdür, rəsmi versiyalar fərqlidir, amma resurslar, insanların əhval-ruhiyyəsi, hakimiyyətin yürütdüyü siyasət, qanunvericilik – bunların hamısının çulğalaşması bu gün Azərbaycan müxalifətinin psixoloji durumuna təsir göstərir. Hesab edirəm ki, bir qisim müxalifətçilərin prezident seçkilərinə qatılmamaq qərarı bu hazırlıqsızlıqdan irəli gəlir. Amma düşünürəm ki, parlament seçkiləri daha maraqlı, çoxcəhətli seçkilərdir. Müxalifət toparlanaraq orada iştirakı özünə borc hesab etməlidir”.

    Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu isə hesab edir ki, parlament seçkilərinin irəli çəkilməsi üçün zərurət yaradacaq əsas yoxdur: “Düzdür, belə bir qərarın olacağını istisna etmirəm. Ola bilər, çoxluğun iradəsi ilə belə qərar qəbul olunsun. Amma hesab edirəm ki, bu, zəruri addım olmayacaq. Bir məsələ vardı – 2025-ci ildə prezident seçkiləri ilə eyni vaxta düşəcəkdi, o da həll olundu. Bələdiyyə seçkiləri ilə eyni vaxtda keçirilməsi isə hüquqların məhdudlaşması baxımından mümkün deyil. Ən azı bunun üçün qanunverici əsas formalaşdırılmalıdır. Çünki həm parlament, həm də bələdiyyə seçkilərində iştirak etmək istəyən bir şəxs bu hüququn birindən istifadə edə bilməyəcək”.

    F.Mustafanın sözlərinə görə, ötən konstitusiya dəyişiklikləri Milli Məclisin fəaliyyəti ilə bağlı hansısa konspetual yenilik gətirməyib: “Parlamentlə bağlı hər hansı dəyişiklik olmayıb: ili artırılmayıb, strukturu dəyişməyib, qanunverici orqan olaraq səlahiyyətləri artırılmayıb, heç bir əlavə funksiya verilməyib ki, yenidən seçimə ehtiyac olsun. Prezidentliklə bağlı belə dəyişikliklər vardı deyə seçkilər irəli çəkildi”.

  • Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediləcək

    Milli Məclisin bu gün keçirilən iclasında Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlanacaq.

    Bu barədə spiker Oqtay Əsədov plenar iclasda məlumat verib.

    O qeyd edib ki, hazırda parlamentin 20-yə yaxın üzvü Xocalı faciəsinin ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlərdə iştirak edir:

    “Başqa bir neçə millət vəkilinin xarici ölkələrdəki tədbirlərə qatılması gözlənilir.

    Parlament adından beynəlxalq təşkilatlara bəyanat ünvanlanması nəzərdə tutulur”.

  • İlham Əliyev “Boeing” şirkətinin nümayəndə heyətini qəbul edib

    Azərbaycan prezidenti İlham Əliyev fevralın 23-də “Boeing Commmercial Airplane” şirkətinin prezidenti və baş icraçı direktoru Kevin Mak Alisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə prezidentin mətbuat xidməti məlumata yayıb.

  • Prezidentdən əhalini sevindirəcək qərar – aylıq müavinətlər artırıldı

    Prezident İlham Əliyev Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılsın”.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

    Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

    Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

    Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

  • İlham Əliyev deputata orden verdi

    Azərbaycan prezidenti İlham Əliyev fevralın 22-də Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərova “İstiqlal” ordenini təqdim edib.

    Məlumatı Azərbaycan prezidentinin mətbuat xidməti yayıb.