Category: Siyasət

  • Əli Həsənov Volonte ilə bağlı məhkəmə qərarını şərh etdi

    Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan, AŞ PA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə İtaliyanın Milan məhkəməsinin bəraət qərarını şərh edib.

    Əli Həsənov bildirib ki, Milan məhkəməsinin 2018-ci il 13 fevral tarixli qərarı ötən ilin ortalarında məlum anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurum vasitəsilə yayılmış məlumatların əsassız, qərəzli olduğunu və Azərbaycanın sağlam beynəlxalq imicini ləkələmək məqsədi güddüyünü təsdiqlədi:

    “Qeyd edim ki, anti-Azərbaycan mərkəzlər və şəbəkələr bu kimi çoxsaylı feyk-məlumatlarla həm Azərbaycan dövlətini, həm də ölkəmizə dost münasibəti bəsləyən, onunla bağlı pozitiv fikirlər bildirən tanınmış şəxsləri – ictimai-siyasi xadimləri, ekspertləri, jurnalistləri və s. hədəfə götürmək və qınaq obyektinə çevirmək istəyirdilər.

    Təsadüfi deyil ki, həmin vaxt OCCRP-nin “Azərbaycanın pulyuyan maşını” adlı qondarma materialı dünya mediasında sürətlə tirajlandı, məsələ ilə ayrı-ayrı ölkələrin rəsmi instansiyaları maraqlandı və orada adları keçən şəxslər, o cümlədən də guya Azərbaycandan 2 milyon 640 min dollar almış AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə xüsusi araşdırma başladıldı.

    Xatırladım ki, həmin dövrdə də biz açıqlama yayaraq OCCRP-nin imzası ilə dövriyyəyə buraxılmış bu iddiaların qərəzli, əsassız, təxribat xarakteri daşıdığını və Azərbaycana qarşı bəlli dairələr tərəfindən təşkil edilmiş çirkin qarayaxma kampaniyasının tərkib hissəsi olduğunu bildirmişdik.

    Göründüyü kimi, Milan məhkəməsinin obyektiv araşdırması da bunu bilavasitə təsdiqlədi”.

    Əli Həsənov deyib ki, Azərbaycan hakimiyyəti dövlətin və onun tərəfdaşlarının imicini ləkələmək məqsədilə həyata keçirilən belə qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları haqqında kifayət qədər məlumatlıdır və yalnız Milan məhkəməsinin qərarı ilə kifayətlənmək niyyətində deyil:

    “Biz bu çirkin əməldə əli olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlamaq niyyətindəyik. Məsələ ilə bağlı artıq Azərbaycanın aidiyyəti dövlət orqanlarına tapşırıqlar verilib.

    Hesab edirik ki, demokratiya və söz azadlığı pərdəsi altında gizlənərək beynəlxalq miqyasda ayrı-ayrı dövlətlərə, qurumlara, şəxslərə qarşı kampaniya təşkil edənlər bunun məsuliyyətini də dərk etməli və cavabdehlik daşımalıdırlar”.

  • Bu rayona Heydər Əliyevin adı verilsin – TƏKLİF

    Təklif edirəm ki, Bakının Qaradağ rayonun adı dəyişdirilərək, ulu öndər Heydər Əliyevin adı verilsin.

    Bunu Milli Məclisdə “Ələt azad iqtisadi zonası” haqqında qanunun birinci oxunuşda müzakirəsi zamanı deputat Aydın Hüseynov deyib.

    O, bildirib ki, həm eks-prezident Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Qaradağ rayonunun sosial-iqtisadi inkişafında önəmli rolu olub:

    “Ona görə də təklif edirəm ki, Heydər Əliyevin anadan olmasının 95 illiyi ələqdar Qaradağ rayonununun Heydər Əliyev rayonu adlandırılsın”.//anews.az

  • Komitə sədri çıxışdan imtina etdi — Milli Məclisdə QALMAQAL

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı spiker Oqtay Əsədovla Parlamentin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə arasında mübahisə yaranıb.

    A.Rəhimzadə ədliyyə nazirinin müavini Vilayət Zahirovun hesabatından sonra ona söz verilməli olduğunu bildirib:

    “Qaydalara görə hesabatdan sonra müvafiq komitə sədrinə çıxış üçün söz verməli idiniz. Əgər söz vermədinizsə, danışmağa ehtiyac görmürəm. Vaxtında söz vermək lazım idi”.
    Spiker O.Əsədov isə deputata cavabında bildirib ki, komitə sədri müzakirədə çıxış etmək istəyirsə, əvvəldən yazılmalı idi:
    “İstədiyiniz vaxt çıxış üçün yazılıb fikrinizi bildirə bilərsiniz”.//olke.az

  • İlham Əliyev görüşlər keçirib – YENİLƏNİB + FOTO

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 13-də Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.






    * * * * *

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 13-də Formula-1 qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

  • Millət vəkili Zahid Oruc prezident olmaq istəyir

    Milli Məclisin deputatı Zahid Oruc aprelin 11-də keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb.

    O, “Qafqazinfo”ya bildirib ki, sənədlərini 2 gün öncə MSK-ya təqdim edib. Zahid Oruc təşəbbüs qrupu tərəfindən müstəqil qaydada seçkilərə qatılıb.

    Qeyd edək ki, Z. Oruc prezidentliyə iddialı ikinci deputatdır.

    Xatırladaq ki, bu günə kimi prezident İlham Əliyev, KXCP sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Yeni AXCP-nin sədri Razi Nurullayev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Ağ Partiyanın sədri Tural Abbaslı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev və Azərbaycan Liberal Demokrat Partiyasının lideri Fuad Əliyevin namizədliyi irəli sürülüb.

  • Baş nazirin müavininin səlahiyyətləri dondurulub

    Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədov aprelin 11-də Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində hakim partiyanın səlahiyyətli nümayəndəsi təyin edilib.

    Qeyd olunub ki, Ə. Əhmədov Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2018-ci il fevralın 12-dən aprel ayının 11-dək baş nazirin müavini dövləti vəzifəsindən ödənişsiz məzuniyyətə çıxıb.

  • İlham Əliyev Putinə başsağlığı verdi

    Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə Rusiyada baş vermiş dəhşətli təyyarə qəzası ilə bağlı başsağlığı verib.

    Başsağlığında qeyd olunur:

    “Hörmətli Vladimir Vladimiroviç,

    Moskva vilayəti ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş aviasiya qəzası barədə xəbər məni dərindən sarsıtdı.

    Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm”.

  • İlham Əliyev Müqəddəs Taxt-Tacın nümayəndə heyətini qəbul etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Gallagherin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

  • İlham Əliyevin namizədliyinin qeydə alınması üçün sənədlər MSK-ya təqdim edilib

    Azərbaycan Respublikasının prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin qeydə alınması üçün tələb edilən sənədlər Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilərək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.

    Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevral ayının 8-də VI qurultayı keçirilib.

    Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib.

  • Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası başlayır

    Bu gün Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası keçiriləcək.

    Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə keçiriləcək iclasda tərəflər “Şərq Tərəfdaşlığı” və “Avropa Qonşuluq Siyasəti” çərçivəsində mövcud münasibətlərin vəziyyətini, Avropa İttifaqı-Azərbaycan ikitərəfli sazişi üzrə aparılan danışıqlar, iqtisadi və ticarət əməkdaşlığı, Azərbaycanda iqtisadi islahatlar, demokratiya, qanunun aliliyi və insan hüquqları kimi siyasi məsələləri kimi məsələlər ətrafında müzakirələr aparacaqlar.

    İclasın gündəliyində qeyd olunub ki, Əməkdaşlıq Şurasının üzvləri “Cənub Qaz Dəhlizi”nə dair məsələlərin müzakirəsi daxil olmaqla enerji əməkdaşlığını müzakirə edəcəklər.

    İclasda mülki aviasiya razılaşmasına dair danışıqlar da nəzərdə tutulub.

    Bundan başqa, E.Məmmədyarov və F.Mogerini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və bir sıra digər regional məsələlərə toxunacaqlar.