Category: Siyasət

  • İlham Əliyevin namizədliyinin qeydə alınması üçün sənədlər MSK-ya təqdim edilib

    Azərbaycan Respublikasının prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin qeydə alınması üçün tələb edilən sənədlər Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilərək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.

    Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevral ayının 8-də VI qurultayı keçirilib.

    Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib.

  • Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası başlayır

    Bu gün Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası keçiriləcək.

    Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə keçiriləcək iclasda tərəflər “Şərq Tərəfdaşlığı” və “Avropa Qonşuluq Siyasəti” çərçivəsində mövcud münasibətlərin vəziyyətini, Avropa İttifaqı-Azərbaycan ikitərəfli sazişi üzrə aparılan danışıqlar, iqtisadi və ticarət əməkdaşlığı, Azərbaycanda iqtisadi islahatlar, demokratiya, qanunun aliliyi və insan hüquqları kimi siyasi məsələləri kimi məsələlər ətrafında müzakirələr aparacaqlar.

    İclasın gündəliyində qeyd olunub ki, Əməkdaşlıq Şurasının üzvləri “Cənub Qaz Dəhlizi”nə dair məsələlərin müzakirəsi daxil olmaqla enerji əməkdaşlığını müzakirə edəcəklər.

    İclasda mülki aviasiya razılaşmasına dair danışıqlar da nəzərdə tutulub.

    Bundan başqa, E.Məmmədyarov və F.Mogerini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və bir sıra digər regional məsələlərə toxunacaqlar.

  • “Bütün hökumət qurumları elə işləməlidir ki…” – Prezidentdən məmurlara TAPŞIRIQ

    “Bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımızı gücləndirməliyik. Növbəti illərdə bu istiqamətdə əlavə addımlar atılacaq”.

    APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

    O qeyd edib ki, son iki il ərzində çox ciddi iqtisadi islahatlar aparılıb. “Əvvəlki illərdə də aparılıb. Ancaq son iki il ərzində daha fəal və daha səmərəli islahatlar aparılıb. Bu islahatlar imkan verdi ki, biz ağır vəziyyətdən, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində yaranmış vəziyyətdən çıxa bilək və çıxmışıq da. Bu gün ölkə iqtisadiyyatı öz templərini artırır. Növbəti illərdə islahatlar mütləq davam etdiriləcək. İndi bəzi suallar səslənir və hətta beynəlxalq ekspertlər maraqlanırlar ki, indi neftin qiyməti bir qədər qalxıb, bəs bu, apardığımız islahatlara təsir edəcək, ya etməyəcək? Bəlkə siz indi islahatları o qədər fəallıqla aparmayacaqsınız. Qətiyyən belə deyil. Mən bir daha demək istəyirəm ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük. Neft sektoru, sadəcə olaraq, bizə əlavə maliyyə resursu yaradacaq ki, bu da öz növbəsində, bizim siyasi resurslarımızı da gücləndirir. Bu da təbiidir. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu amillər – qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək. Ona görə iqtisadiyyatın şaxələndirilməsi, mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, maliyyə, fiskal siyasətində ən qabaqcıl texnologiyalardan istifadə etməyimiz inkişafımız üçün əsas amillər olacaq”.

    Dövlət başçısı bildirib ki, bu siyasət artıq öz nəticəsini verib: “Keçən ilin iqtisadi göstəriciləri göstərdi və sübut etdi ki, biz düzgün yoldayıq. Qeyri-neft sektorumuz, iqtisadiyyatın qeyri-neft sektoru 2,7 faiz, sənayedə qeyri-neft sektorunun artımı 3,7 faiz, kənd təsərrüfatı 4,1 faiz, valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bu ilin yanvar ayının nəticələri də mənə məruzə edildi. Bu barədə də demək istəyirəm. Bu, göstərir ki, mən əvvəlki aylarda dediyim kimi, 2018-ci il sürətli inkişaf ili olacaq. Beləliklə, yanvar ayında Azərbaycanda ümumi daxili məhsul 2 faiz, qeyri-neft iqtisadiyyatımız təxminən 4 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. İnflyasiya birinci ayda 5,5 faizdir, əhalinin pul gəlirləri 11 faizdən çoxdur. Yəni, əhalinin gəlirləri inflyasiyanı iki dəfə üstələyir. Bu ilin yanvar ayında bizim valyuta ehtiyatlarımız 2 milyard dollar artıb və bu gün valyuta ehtiyatlarımız 44 milyard dollar təşkil edir. İlin əvvəlidir. Mən əminəm ki, 2018-ci il sürətli inkişaf ili olacaq və ondan sonrakı bütün illərə çox güclü təkan verəcək. Kənd təsərrüfatında, sənaye sahəsində indi həyata keçirilən layihələr tezliklə, bir-iki il ərzində öz bəhrəsini verəcək”.

    Prezident qeyd edib ki, Azərbaycan indi nəhəng enerji layihələri icra edir: “Bu da qarşıda duran əsas vəzifələrdən biridir. Biz Cənub Qaz Dəhlizini vaxtında təhvil verməliyik, bunu edəcəyik. Bütün maliyyə resursları təmin edilib, həm Azərbaycan, həm beynəlxalq banklar tərəfindən. Müəyyən yubanmalar olub, onlar da aradan götürüldü. Çünki Cənub Qaz Dəhlizi həm bizim üçün, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bir layihədir. Azərbaycan öz liderlik missiyasını uğurla icra edir. Biz bu tarixi layihəni – 7 ölkəni, qitələri birləşdirən, 3500 kilometr məsafəsi olan və dənizin altından, dağların başından keçən qaz kəmərini uğurla həyata keçiririk. “Şahdəniz-2” layihəsindən yaxın zamanlarda qaz çıxarılacaq. Onu da deməliyəm ki, Cənub Qaz Dəhlizi, yəni, qaz kəməri artıq qazla təmin edilir. Bu, tarixi layihədir və ölkəmizin uğurlu, dayanıqlı inkişafı üçün əsas resurs bazasıdır. Qeyd etdiyim kimi, “Azəri-Çıraq” yatağının istismarının uzadılması haqqında da tarixi qərar qəbul edilib. Ona görə bundan sonra da neft-qaz sektorunda Azərbaycan uğurla inkişaf edəcək. Ancaq yenə də deyirəm, gələcək fəaliyyətimiz üçün bu, bizdə bir rahatlıq hissi yaratmamalıdır. Biz fəal işləməliyik, qeyd etdiyim kimi, bu, sadəcə olaraq, bizim üçün əlavə maliyyə və siyasi resursdur. Bu gün biz beynəlxalq arenada bütün məsələlərlə bağlı öz sözümüzü deyirik. Nəyə görə? Əlbəttə ki, güclü siyasi iradəyə görə, cəsarətli siyasətə görə, amma, eyni zamanda, maliyyə imkanlarımıza görə. Əgər bu imkanlar olmasaydı, əgər biz bəzi ölkələr kimi, xarici donorlardan asılı olsaydıq, əgər biz yoxsul, səfil Ermənistan kimi ona-buna dilənsəydik, onda əlbəttə ki, bizim müstəqil siyasət aparmaq imkanımız da olmaya bilər, yaxud da ki, bu imkanlar məhdud ola bilərdi. Ona görə iqtisadi güc, maliyyə resurslarımız siyasi müstəqilliyimizi də möhkəmləndirir”.

  • Daha bir şəxs prezidentliyə namizəd olduğunu açıqladı

    Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə daha bir namizəd adını açıqlayıb.

    Median.Az-in “Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, Müsavat partiyasından ayrılaraq özlərini “Ağ partiya” adlandıran bir qrup gənc Tural Abbaslının namizədliyini irəli sürüblər.

    Prosedur üçün tələb edilən rəsmi sənədlər fevralın 7-də Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

  • İlham Əliyev YAP-ın namizədi oldu

    Yeni Azərbaycan Partiyasının VI qurultayında 2018-ci ilin aprelində keçiriləcək prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin namizədliyi irəli sürülüb.

    Bu barədə “İrəli” sədri Mirhəsən Seyidov sosial şəbəkədə məlumat verib.

    Qeyd edək ki, qurultayda YAP-ın 700 mindən çox üzvünü təmsil edən nümayəndələr iştirak edib.

  • Prezidentliyə daha bir namizəd məlum oldu

    Yeni AXCP-nin sədri Razi Nurullayev prezidentliyə namizəd olub.

    Bubarədə qərar partiyanın bu gün keçirilən iclasında verilib.

    R. Nurullayevin namizədliyi partiya tərəfindən irəli sürülüb və seçkilərdə iştirakına qərar verilib.

    Qeyd edək ki, aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək./oxu.az

  • İlham Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərini qəbul edib

    Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan həmsədri Endrü Şeferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

  • İlham Əliyev yeni icra başçı təyin etdi

    Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

  • Mətbuat Şurasından İlham Əliyevə – DƏSTƏK

    2018-ci il ölkəmizdə Prezident seçkiləri ilidir: cənab prezidentin bu gün imzaladığı Sərəncam dövlətimiz və xalqımız üçün son dərəcə mühüm əhəmiyyət daşıyan bu prosesi altı ay tezləşdirir.

    Bunu millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov deyib.

    O hesab edir, bu tezləşdirmə Azərbaycan naminə görüləcək işlərin sürətləndirilməsinin vacibliyi mesajıdır:

    “Mesajın müəllifi olan cənab İlham Əliyevin 11 aprel seçkisində qələbə qazanaraq qarşıdakı yeddi il müddətində Azərbaycana rəhbərlik edəcəyinə əminəm. Ona da əminəm ki, Azərbaycan jurnalistləri hər zaman olduğu kimi, yenə də cənab İlham Əliyevi dəstəkləyəcəklər”.

  • Prezident seçkilərinə rəsmi hazırlığa fevralın 10-da start verilə bilər

    Mərkəzi Seçki Komissiyası (MSK) bir həftədən gec olmayaraq, növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək.

    Seçki Məcəlləsinin 179-cu (Növbədənkənar Prezident seçkilərinin keçirilməsi) maddəsinə əsasən, növbədənkənar prezident seçkiləri ilə bağlı qərar qəbul edildiyi gündən başlayaraq, bir həftədən gec olmayaraq seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və iki ay ərzində keçirilir.

    Bu baxımdan, Azərbaycanda Prezident seçkilərinə rəsmi hazırlığa seçki gününə 60 gün qalmış, yəni, fevralın 10-da start verilə bilər.

    Qeyd edək ki, prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.