
Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və AFFA-nın təşkilati dəstəyi, “Qarabağ Azərbaycandır!” şüarı ilə idman jurnalistləri arasında mini-futbol turniri təşkil edəcək.
Turnirdə iştirak üçün müraciət fərdi qaydada olacaq və komandalar püşk yolu ilə müəyyənləşəcək.
Komandalara rəmzi olaraq “Cəbrayıl”, “Füzuli”, “Zəngilan”, “Qubadlı”, “Şuşa”, “Ağdam”, “Kəlbəcər” və “Laçın” adları veriləcək. Yarış hər birində dörd komanda olmaqla iki qrupda təşkil ediləcək. İlk iki yeri tutanlar pley-of mərhələsinə vəsiqə qazanacaq. Hər qrupun qalibi digər qrupun ikincisi ilə yarımfinalda qarşılaşacaq. Yarımfinal qalibləri finalda turnirin qalibi adı uğrunda, məğlublar isə üçüncü yer uğrunda qarşılaşacaq.
Qalib komanda mükafatlandırılacaq. Bundan başqa, turnirdə seçilən üç ən yaxşı jurnalist-futbolçu bu ilin avqustunda Gürcüstanın Batumi şəhərində keçiriləcək jurnalistlərin beynəlxalq futbol turnirində ölkəmizi təmsil edəcək komandanın tərkibinə cəlb ediləcək.
Yarış açıq havada, ADBTİA-nın stadionunda keçiriləcək. Turnirin tarixi daha sonra müəyyənləşəcək.




