Category: Ordu

  • Hərbi xidmətə yollanan diplomatlara üçaylıq məvacib həcmində müavinət veriləcək

    Diplomatik xidmətə vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə maddəsi ilə xitam verildikdə əməkdaşın vərəsələrinə ortaaylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.

    Sözügedən məsələ “Diplomatik xidmət haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Həmçinin diplomatik xidmətə müddətli həqiqi hərbi xidmət və ya alternativ xidmətə çağırıldıqda maddəsi ilə xitam verildikdə diplomatik xidmət əməkdaşına ortaaylıq dövlət məvacibinin üç misli miqdarında müavinət ödəniləcək.

    Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.

  • 33 ildən sonra Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edilib – FOTO

    Uzun illər itkin kimi qeydiyyatda olan Füzuli rayon sakinlərinin taleyinə aydınlıq gətirilib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində 33 il əvvəl itkin düşmüş üç nəfərin nəşinin qalıqları müəyyən edilib.

    Məlumata görə, Zaur İmamqulu oğlu Sadıqov 1973-cü ildə Füzuli rayonunun İşıqlı kəndində anadan olub. O, 1993-cü il iyulun 22-də itkin düşmüşdü.

    Digər itkin şəxs, Ələddin Həzi oğlu Həziyev də 1973-cü ildə İşıqlı kəndində anadan olub. Onun 1993-cü il iyulun 2-də itkin düşdüyü bildirilir.

    Rafiq Şakir oğlu Cəfərov isə 1973-cü ildə rayonun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. O, 1993-cü il avqustun 23-də itkin düşmüşdü.

    Bildirilir ki, hər üç şəxsin nəşinin qalıqları 15 may tarixində dəfn olunacaq.

    Qeyd edək ki, itkin düşmüş şəxslərin taleyinin araşdırılması istiqamətində müvafiq qurumlar tərəfindən işlər davam etdirilir.


  • Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər

    Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər.

    Sözügüdən məsələ Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Layihəyə əsasən, onlar hərbi xidmət keçdikləri dövlət orqanları, onların strukturuna daxil olan qurumlar tərəfindən şəxsi jetonla təmin ediləcəklər.

    Bildirilir ki, şəxsi jeton həlak olmuş, ölmüş, xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişandır. Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları (dövlət orqanının strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi jetonla təmin edilirlər. Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

    Sənəddə vurğulanır ki, hərbi qulluqçular xidmət vəzifələrini yerinə yetirərkən müxtəlif risklərlə üzləşirlər. Xidməti fəaliyyəti ilə əlaqədar olaraq döyüş əməliyyatları və digər fövqəladə hallarda onların həlak olması və ya xəsarət alması (yaralanma, travma, kontuziya, tanınmaz hala düşməsi v. sair) halları baş verə bilir. Belə vəziyyətlərdə hərbi qulluqçuların şəxsiyyətinin operativ qaydada müəyyən edilməsi və onlara tibbi yardımın vaxtında və düzgün göstərilməsi (xüsusilə qan qrupu barədə məlumatların mövcudluğu baxımından) həyati əhəmiyyət daşıyır. Bu baxımdan, hərbi qulluqçuların beynəlxalq təcrübədə geniş tətbiq edilən və effektivliyini sübut etmiş mexanizmdən – fərdi identifikasiya ilə təmin olunma üsulundan istifadəsinə zərurəti vardır. Bu məsələnin həlli üçün qanunvericiliyə “Şəxsi jeton” anlayışı və istifadə qaydalarının əlavə edilməsi təklif edilir.

  • Hərbi Hava Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

    Hava Hücumundan Müdafiə ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu elan edilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, sənəd qəbulu 15 may tarixinədək elektron qaydada (bayram və qeyri-iş günləri daxil), eyni zamanda Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) və Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində (Ünvan: Naxçıvan şəhəri, “Naxçıvan-1” hərbi şəhərciyi) saat 09:00-dan 17:00-dək həyata keçiriləcək (şənbə, bazar və bayram günləri istisna olmaqla). Namizədlərin yuxarıdakı üsullardan hər hansı biri vasitəsilə sənədlərini təqdim etmələri yetərli hesab olunur.

    “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək kişi cinsli hərbi vəzifəlilər (zabit, gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla), eləcə də Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş (“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə), “q” bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyata buraxılmış) 40 yaşınadək kişi cinsli hərbi vəzifəlilər qəbul edilir.

    Elektron qaydada müraciət etmək istəyən namizədlər mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Çavuş hazırlığı (MAHHXHQ)” hissəsinə keçid edərək elektron sənəd qəbulu portalından müvafiq sənədlərlə tanış ola və müraciət edə bilər.

    Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə qəbul komissiyası tərəfindən Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə buraxılırlar.

    Namizədlər müsabiqə mərhələsində fərdi-psixoloji və fiziki hazırlığı, ümumi bilik səviyyəsi, hərbi uçot və mülki ixtisası (olduğu halda), peşə səriştəsi nəzərə alınmaqla ixtisas seçimi imkanı yaradılaraq kursa qəbul edilirlər.

    Xidmət yerləri:

    – Bakı şəhəri;

    – Sumqayıt şəhəri;

    – Gəncə şəhəri;

    – ⁠⁠Naxçıvan MR;

    – ⁠Mingəçevir şəhəri;

    – ⁠Kürdəmir rayonu.

    Tələb olunan sənədlər:

    – ⁠kursa qəbul olunmaq barədə ərizə;

    – ⁠anket forması;

    – ⁠tərcümeyi-hal (1 nüsxədə);

    – ⁠təhsil haqqında sənədin surəti (1 nüsxədə);

    – ⁠doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);

    – ⁠yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə);

    – ⁠əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.);

    – ⁠şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə);

    – ⁠sürücülük vəsiqəsinin surəti (əgər varsa, 1 nüsxədə);

    – ⁠nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə);

    – ⁠həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə);

    – ⁠rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3×4 sm, 2 ədəd 4.5×6 sm və 3 ədəd 9×12 sm);

    – ⁠hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş, 1 nüsxədə);

    – ⁠psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.

    Qeyd edək ki, namizədlər ərizə və anket formasını, həmçinin tərcümeyi-hal nümunəsini Milli Müdafiə Universitetinin rəsmi saytının (mmu.edu.az) “Təhsil müəssisələrinə qəbul” bölməsindən “Çavuş hazırlığı” seçimini etdikdən sonra “Sənədlər” bölməsinə daxil olaraq əldə edə bilərlər.

    İmtiyazlar:

    Kurs müddətində:

    – Əşya, ərzaq, tibbi, yaşayış yeri (yataqxana) həmçinin aylıq pul təminatı.

    Xidmət müddətində:

    – ⁠kiçik çavuş, çavuş, baş çavuş rütbəsinin verilməsi;

    – ⁠xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi;

    – ⁠il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı;

    – ⁠ailə üzvləri üçün güzəştli tibbi təminat;

    – ⁠güzəştli ipoteka krediti;

    – ⁠Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması;

    – ⁠karyerada inkişaf.

    Bildirilib ki, müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

  • Azərbaycanlı hərbçilərin Türkiyədəki təlimindən GÖRÜNTÜLƏR (Video)

    Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian Phoenix – 2026” (“Anadolu Ankası – 2026”) beynəlxalq axtarış-xilasetmə təlimi uğurla davam edir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, təlim planına uyğun olaraq keçirilən brifinqlərdə iştirakçılara təhlükəsizlik qaydaları, icra olunacaq tapşırıqların mərhələləri, həmçinin əməliyyatların aparılacağı ərazinin relyefi və iqlim xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

    Tapşırığa əsasən, şərti qəzaya uğramış pilotun aşkarlanması və xilas edilməsi məqsədilə paraşüt-desant və axtarış-xilasetmə bölmələri tərəfindən kompleks əməliyyat icra olunub. Helikopter vasitəsilə əraziyə cəlb edilən paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri “fast rope” üsulu ilə eniş edərək binada mövqe tutmuş şərti terrorçu qrupunu zərərsizləşdirib və qrup rəhbərini ələ keçiriblər.

    Əməliyyatın növbəti mərhələsində ərazi üzərində tam nəzarət təmin edilib, pilot təhlükəsiz şəkildə təxliyə olunub. Tapşırığın uğurla icrasından sonra şəxsi heyət helikopter vasitəsilə ərazini tərk edib.

    Eyni zamanda, əməliyyata cəlb olunan aviasiya vasitələri qruplara havadan mühafizə və atəş dəstəyi göstərərək tapşırıqların effektiv icrasına köməklik göstərib.

    İcra olunan fəaliyyətlər zamanı şəxsi heyətin yüksək peşəkarlığı, eləcə də bölmələr arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın yüksək səviyyədə olduğu nümayiş etdirilib.

    Qeyd edək ki, beynəlxalq təlim aprelin 17-dək davam edəcək.

  • Zakir Həsənov “N” saylı hərbi hissədə döyüş hazırlığını yoxladı

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun döyüş hazırlığı və şəxsi heyətin peşəkarlığı gündən-günə daha da artırılır.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Müdafiə Nazirliyinin rəhbərliyi və digər vəzifəli şəxslər “N” saylı hərbi hissəsində keçirilən döyüş atışlı taktiki təlimin gedişatını yoxlayıb.

    Müdafiə naziri general-polkovnik Zakir Həsənova xəritə üzərində təlimin mövzusu, mərhələləri və icra olunma ardıcıllığı məruzə edilib.

    Qeyd olunub ki, cari ilin hazırlıq planına uyğun olaraq müasir döyüş üsulları nəzərə alınmaqla keçirilən taktiki təlimin əsas məqsədi yeni əməliyyat konsepsiyasına uyğun komandirlərin çevik qərar qəbuletmə qabiliyyətinin artırılması, qarşılıqlı uzlaşma şəraitində bölmələrin idarə edilməsi, eləcə də şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

    Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin taktiki fəaliyyətlərini və şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

  • Daha bir tiktoker həbs olundu

    Sosial şəbəkədə qeyri-etik və əxlaqsız ifadələr işlədən daha bir nəfər tutulub.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində “TikTok” platformasında canlı yayım açaraq ictimai əxlaq normalarına zidd ifadələr işlədən və nalayiq davranışlar sərgiləyən Sənur Əzizov müəyyən edilərək saxlanılıb.

    Araşdırma zamanı məlum olub ki, o, sosial şəbəkədə açdığı canlı yayım zamanı izləyicilərə qarşı təhqiredici və etik çərçivədən kənar ifadələr işlədib. Bu səbəbdən onun barəsində müvafiq inzibati tədbir görülüb.

    Faktla bağlı toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə S.Əzizov inzibati məsuliyyətə cəlb olunaraq, 15 sutka müddətinə həbs edilib.

  • Azərbaycanda yeni hərbi obyektlər istifadəyə verilib

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, bölmələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Müdafiə Nazirliyinin rəhbər heyəti Mühəndis Qoşunlarının Mühəndis-İstehkam Mərkəzinin, Psixoloji Təminat İdarəsi və Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzinin, eləcə də Hüquq İdarəsinin inzibati binalarının açılışında iştirak edib. Həmçinin Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecində və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Təcili tibbi yardım bölməsində görülən işlərlə tanış olub.

    Yeni istifadəyə verilən Mühəndis-İstehkam Mərkəzində kiçik mütəxəssislərin hazırlanması və ərazinin minalardan təmizlənməsi üçün müasir standartlara cavab verən simulyator sistemləri quraşdırılıb.

    Mərkəzin ərazisində yaradılan şəraitlə tanış olan heyət yanğınsöndürmə deposuna, qarovul otağına, avtomobil parkına, mühəndis döyüş sursatları, hərbi-texniki əmlak, raket-artilleriya silahları, sursat və əşya anbarlarına, eləcə də Mühəndis Qoşunlarının poliqonunda döyüş hazırlığı prosesində istifadə olunan təlim yerlərinə baxış keçirib.

    Əlavə olaraq, rəhbər heyətə mərkəzin maddi-texniki təminatının gücləndirilməsi məqsədilə yeni alınmış mühəndis silahlandırma vasitələri və müasir mexaniki minatəmizləmə avadanlıqları nümayiş etdirilib, onların taktiki-texniki xüsusiyyətləri və tətbiq imkanları barədə ətraflı məlumat verilib.

    Azərbaycan Ordusunun şəxsi heyətinin psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə aparılan ştat-struktur islahatları çərçivəsində yeni yaradılan Psixoloji Təminat İdarəsinin və Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzinin əsaslı təmir olunmuş inzibati binaları istifadəyə verilib.

    Burada psixoloji xidmətin spesifik tələbləri əsas götürülərək şəxsi heyətin psixoloji dözümlülüyünün artırılması və posttravmatik vəziyyətin bərpası məqsədilə xüsusi terapiya otaqları, eləcə də hərbi psixoloqların hazırlığı və metodiki sənədləşmənin aparılması üçün iş otaqları yaradılıb.

    Regionda ilkin təcrübəyə malik olan, hərbi və mülki psixoloqların birgə fəaliyyət göstərəcəyi mərkəz Azərbaycan Ordusunun hərbi qulluqçularının və onların ailə üzvlərinin psixoloji rifahının qorunması və inkişaf etdirilməsinə xidmət edəcək.

    Yeni təsis edilmiş mərkəzdə fərdi və qrup psixoterapiyası, psixoloji diaqnostika, konsultasiya, stres və travma sonrası psixoloji reabilitasiya, həmçinin uşaq və yeniyetmələrin psixoloji inkişafının dəstəklənməsi məqsədilə zəruri xidmətlərin göstərilməsi də nəzərdə tutulub.

    Sonra Müdafiə Nazirliyinin rəhbərliyi Hüquq İdarəsinin yeni istifadəyə verilmiş inzibati binasının açılışında olub. Burada rəhbər heyətə məlumat verilib ki, Hüquq İdarəsi müxtəlif hərbi hüquqi məsələləri tənzimləyən və müdafiə sahəsindəki qanunvericiliyə uyğun fəaliyyət göstərən bir qurumdur.

    İdarə Azərbaycan Ordusunun şəxsi heyətinə hüquqi məsləhətlərin verilməsi, hərbi cinayətlərə qarşı mübarizə, eləcə də beynəlxalq hüquq məsələlərini tənzimləyir. Hüquq İdarəsinin fəaliyyətinin əsas məqsədi Müdafiə Nazirliyinin tabeliyində olan qoşun və qüvvələrin fəaliyyətini hüquqi baxımdan dəstəkləmək və mövcud qanunlara riayət olunmasını təmin etməkdir.

  • Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub

    Martın 24-də Müdafiə Nazirliyinin rəhbər heyəti nazirliyin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçuları ziyarət edib.

    Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, müalicə alan şəxsi heyətin səhhəti ilə maraqlanan nazirliyin rəhbər heyəti onların ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.

    Hərbi qulluqçulara yüksək peşəkarlıq və qayğı ilə xidmətin göstərildiyinə görə tibbi personala təşəkkür edilib.

  • Qadın hərbçilərlə bağlı YENİLİK – Milli Məclis TƏSDİQLƏDİ

    Milli Məclisi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişiklik layihələrini üçüncü oxunuşda qəbul edib.

    Təklif edilən dəyişikliyə əsasən, qadın hərbçilərlə bağlanan ilkin müqavilənin müddəti 3 ildən 6 ayadək azaldılır.

    Qeyd olunub ki, təqdim edilən qanun layihələrinin əsas məqsədi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadın hərbi qulluqçuların xidmətə uyğunlaşma prosesinin daha səmərəli təşkili və bu sahədə mövcud praktiki çətinliklərin aradan qaldırılmasıdır.

    Bildirilib ki, qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun müvafiq maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlaşma müddəti müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən edilib.

    Həmin müddəa “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 12-ci maddəsinin “b” bəndində də nəzərdə tutulub.

    Praktikada kişi cinsli vətəndaşlar müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmazdan əvvəl müddətli həqiqi hərbi xidmət keçdiklərinə görə hərbi xidmətə uyğunlaşma mərhələsini artıq başa vurmuş olurlar. Qadınlar isə müddətli həqiqi hərbi xidmət keçmədən birbaşa müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiklərinə görə ilkin mərhələdə hərbi xidmət şəraitinə uyğunlaşmada çətinliklərlə üzləşirlər.

    Vurğulanır ki, qadınlarla dərhal 3 illik ilkin bağlaşmanın bağlanması onların uyğunlaşma dövrünü keçmədən uzunmüddətli öhdəlik götürməsinə səbəb olur ki, bu da sonradan əsasən ailə vəziyyəti və digər obyektiv səbəblərlə hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılmaları ilə nəticələnir və kadr sabitliyinə mənfi təsir göstərir.

    Qeyd olunanları nəzərə alaraq, qanun layihələrində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılmasını nəzərdə tutan müddəanın əlavə edilməsi təklif olunub.

    Bu dəyişiklik qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.
    //oxu.az