Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 14-ü axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, 13-dən 14-nə keçən gecə və 14-də ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.
Azərbaycanın rayonlarında yanvarın 13-ü günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 15-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.
Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.
