Regionlarda evlərdən oğurluq edən 8 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, DİN Baş Cinayət Axtarışı İdarəsi və Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən pul və qızıl əşyalar oğurlayan Samur qəsəbə sakinləri R.Butayev, E.Xammədov, M.Çobanov və M.Məhsimov saxlanılıblar.

Bundan başqa, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 535 manat pul və qızıl-zinət əşyası oğurlayan ev sahibinin oğlu, əvvəllər məhkum olunmuş İ.Quliyev saxlanılıb.

Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən, içərisində 317 dollar olan seyfi oğurlayan, orada kirayənişin qalan Gəncə şəhər sakini S.Məmmədov saxlanılıb.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən 720 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəhər sakini olan yeniyetmə saxlanılıb.

Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki evdən su mühərriki, elektrik mişarı və təmir-tikinti aləti oğurlayan Yeni Həyat kənd sakini İ.Qarayev saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.