Üzünü it parçalayan uşağın vəziyyəti necədir? – Nazirlikdən açıqlama

Ötən gün Bakıda – Sulutəpə ərazisində itin hücumuna məruz qalan azyaşlının vəziyyəti yaxşıdır.

Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən uşağın səhhəti qənaətbəxşdir.

“Uşağa vaksinlər vurulub. Hazırda normal palatada müalicəsi davam edir”.

Xatırladaq ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. Ərazidəki it 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edərək yanağını parçalayıb. Həkimlər onun yanağının parçalanmış hissəsini tikərək bərpa edib.