AFFA Region Liqasında çıxış edən üç komandanın apellyasiya şikayətləri təmin edilib.
Bu barədə milli assosiasiyanın Apellyasiya Arbitraj Tribunalı qərar çıxarıb.
Araşdırmalara əsasən, İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə “Ağsu Siti” klubunun təqsiri olmadığı müəyyən edilib. Ötən ilin oktyabrında keçirilməli olan “Ağsu Siti” – “Ağcabədi” qarşılaşmasında təhlükəsizlik (polis) təmin olunmadığı üçün İntizam Komitəsi (İK) meydan sahiblərinə texniki məğlubiyyət verib. İK-nın qərarı ləğv edilib, qarşılaşma isə yenidən keçiriləcək.
“Hacıqabul” klubu tərəfindən verilən apellyasiya şikayəti də təmin edilib. İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə bölgə təmsilçisinin təqsirsiz olduğu üzə çıxıb. Ötən ilin dekabrında “Ucar”la görüşdə həkim təyin olunmadığından “Hacıqabul” texniki məğlubiyyətlə üzləşmişdi. İK-nın bu qərarı da ləğv olunub və matç yenidən baş tutacaq.
Bu turnirdə çıxış edən “Lokomotiv Baku” da müsbət cavab alıb. İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə paytaxt komandasının təqsiri olmadığı müəyyən edilib. İK “Lokomotiv Baku”ya “Crystal”la qarşılaşmaya görə texniki məğlubiyyət vermişdi. Bu qərar da ləğv edilib və oyun yenidən keçiriləcək.
